05 Aprel 2021 19:14
589
PARLAMENT
A- A+

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

 

Aprelin 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda qanunvericilikdə dəyişikliklərlə bağlı 4 qanun layihəsinə baxılıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) məsələlərin bir-biri ilə bağlı olduğunu bildirib.

Hər iki qanun layihəsini təqdim edən Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova dəyişikliklərin ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. O bildirib ki, qanunlara ediləcək bu dəyişikliklər prokurorluq orqanlarının maddi-texniki bazasının artırılmasına, işçilərin maddi təminatının yaxşılaşdırılmasına, peşəkarlığının yüksəldilməsinə yönəldilib. A.Osmanova layihələrdə irəli sürülən stimullaşdırıcı tədbirlərin həm beynəlxalq, həm də Azərbaycan təcrübəsində mövcud olduğunu, hazırda qəbul edilmiş dövlət proqramı və strategiyalarında nəzərdə tutulduğunu qeyd edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov və Elşən Musayev qanun layihələri ilə bağlı fikirlərini səsləndiriblər. Müzakirələrin sonunda hər iki məsələ birinci oxunuşda Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Sonra “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi barədə (ikinci oxunuş) məsələyə baxılıb. Komitə üzvü Kamal Cəfərov məlumat verib ki, qanun layihəsi kənd təsərrüfatı sahəsində subsidiyaların verilməsi sahəsində korrupsiya hallarının və dövlət tərəfindən aqrar sektora əvəzsiz olaraq ayrılan maliyyə vəsaitlərinin təyinatına uyğun istifadə edilməməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Komitə qanun layihəsini ikinci oxunuşda parlamentin plenar iclasına tövsiyə edib.

Gündəliyin dördüncü məsələsi - “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) komitə sədri Əli Hüseynli məlumat verib. Təqdim olunan qanun layihəsinin 2019-cu il noyabrın 29-da Vergi Məcəlləsində edilən dəyişikliyə uyğunlaşdırma xarakteri daşıdığını deyən komitə sədri bununla qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borclarını ödəyə bilməyən sahibkarlara dövlətin maliyyə amnistiyası verdiyini bildirib. Sonra qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitə sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Fəzail Ağamalı, Əminə Ağazadə, Sabir Hacıyev, Nurlan Həsənov, Vüqar İskəndərov, Erkin Qədirli, Azay Quliyev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov, Madər Musayev və digər rəsmi şəxslər də iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video