22 Sentyabr 2021 21:43
1445
PARLAMENT
A- A+

Milli Məclisdə idmançılar və Vətən müharibəsində iştirak etmiş gənclərlə görüş keçirilib

 

Sentyabrın 22-də Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edən idmançılar Nəriman Abbasov, Rəsul Çunayev, məşqçi Şəhriyar Abbasov, habelə Vətən müharibəsinin iştirakçısı olmuş və fəal gənclərlə görüş keçirib.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Adil Əliyev görüş iştirakçılarını salamlayaraq, onlarla Milli Məclisdə görüşməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən çox böyük uğurla davam etdirilməsi nəticəsində hər il ölkəmizin gənclərinin istər elmi, istərsə də idman olimpiadalarında qazandıqları uğurlar hər kəsi qürurlandırır. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə ölkəmizə rəhbərlik etdiyi dönəmdə ilk dəfə olaraq gənclər və idman sahəsinə xüsusi diqqət yetirilib. Bu gün də ölkəmizdə idmanın inkişaf perspektivləri diqqət mərkəzində saxlanılır, idmanda kütləvilik təmin edilir.

1991-1993-cü illərdə dövlət idarəetməsində səriştəsiz rəhbərlərin atdığı addımlar nəticəsində bütün sahələrdə ölkəmiz ciddi böhranla üzləşdi, həmin dövrdə hakimiyyətdəkilərin apardıqları ciddi siyasi intriqaların, xəyanətlərin nəticəsində ərazilərimizin 20 faizi işğal edildi. Xalqımızın ən ağır günündə Ulu Öndərin 1993-cü ilin iyunun 15-də hakimiyyətə qayıdışından sonra ölkəmizdə bütün sahələrdə tərəqqi başladı. Heydər Əliyevin gənclər və idman sahəsini daim diqqət mərkəzində saxlaması bu sahənin yenidən dirçəlməsi ilə nəticələndi. Hər zaman özü qədər inandığı İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinə Prezident təyin edilməsi idman sahəsinin daha dinamik, hərtərəfli inkişafını təmin etdi.

Qeyd olunub ki, bu gün ölkəmizdə sağlam Azərbaycan gəncliyinin formalaşması Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlu nəticəsidir. Məhz bu gəncliyimizin təmsil olunduğu Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından həmişəlik azad edərək, bizə tarixi qələbəni yaşadıb.

Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində və qazanılmış tarixi Qələbədə Azərbaycan gəncliyinin xüsusi rolu olub. Gənclərimiz həm döyüş meydanında şücaət göstərib, həm də erməni təcavüzünün dünyaya çatdırılmasında üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəliblər. İdmançılarımız bundan sonra da qazandıqları qələbələrin, göstərdikləri yüksək nəticələrin davamlı olması üçün səylərini davam etdirməlidirlər. Təqdirəlayiqdir ki, bu gün ölkəmiz beynəlxalq yarışların yüksək səviyyədə təşkilatçılığı sahəsində dünyada idman brendi olaraq tanınır. Ölkəmizdə idmanla məşğul olmaq istəyənlər üçün geniş imkanlar var.

Səmimi görüşə görə təşəkkürlərini bildirən iştirakçılar bu tədbiri həm də təmsil etdikləri sahələrə göstərilən diqqətin nümunəsi kimi dəyərləndiriblər. Söhbət zamanı gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsində hər bir gəncin, hər bir idmançının səfərbər olmasının vacibliyi vurğulanıb.

Adil Əliyev idmançı Nəriman Abbasovun qazandığı qələbənin digər idmançılarımız üçün də stimul olacağını və onların da beynəlxalq yarışlarda hər zaman uğurla iştirak edəcəklərinə əminliyini bildirib.

Sonda iştirakçılara Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanları təqdim edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video