25 Iyun 2013 02:06
493
PARLAMENT
A- A+

Milli Məclisdə görüş

 

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

Sədr müstəqil Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bugünədək ölkələrimiz arasında 46 sənəd imzalanmış, 12 sənəd üzərində isə iş aparılır.

Spiker Yeni Azərbaycan Partiyasının dəvəti ilə Koreyanın hakim "Senuri" partiyasının deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirdi. Qeyd edildi ki, iqtidar  partiyaları arasında bu münasibət dövlətlərarası əlaqələrin də dərinləşməsinə öz müsbət təsirini göstərir.

Milli Məclisin Sədri əməkdaşlığımızın inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi.

Spiker bu gün Azərbaycanda Koreyanın Samsunq, LG, Hyunday kimi şirkətlərinin səmərəli fəaliyyət göstərdiyini söylədi. Bildirildi ki, Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Spiker Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu da söylədi. Bildirildi ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, indiyədək real nəticə yoxdur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, bu sahədə imkanlar hələ  tükənməyib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən razı qaldıqlarını ifadə etdi. Qonaq Milli Məclis Sədrinin 2007-ci ildə Koreyaya səfərini xatırladaraq parlament nümayəndə heyətlərinin bu cür görüşlərinin  təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğuladı.  O, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu dedi. Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirdi.

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun  ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu söylədi.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Asəf Hacıyev, Koreya Respublikasının ölkəmizdəki səfiri H.E.Mr. Choı Suk-inn və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin mətbuat xidməti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video