18 Fevral 2021 16:51
724
PARLAMENT
A- A+

Milli Məclis komitələrinin birgə iclası keçirilib  

 

Fevralın 18-də Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə onlayn iclası keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov iclası açaraq, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Sadiq Qurbanov və iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə məlumat veriblər. Diqqətə çatdırılıb ki, təklif olunan dəyişikliklər sahibkarlıq sahələrinə xidmət edən inhisarçı dövlət şirkətlərinin fəaliyyətini tənzimləyəcək, bu sahədə dövlət nəzarətini gücləndirəcək və sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələri aradan qaldıracaq. Qeyd olunub ki, bu günlərdə Milli Məclisdə sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddətinin uzadılması barədə məsələ müzakirə edilib. İndi müzakirə olunan dəyişiklikdə nəzərdə tutulur ki, su, qaz, elektrik sayğaclarına baxılması və onların oxunması prosesi yoxlama hesab edilməsin. Sayğaclara qanunsuz müdaxilə aşkar edildikdə isə onun qarşısının alınması mexanizmi dövlət reyestrindən avtomatik cavab almaqla həyata keçirilərək asanlaşdırılır.

Qanun layihəsi barədə danışan deputatlar Məşhur Məmmədov, Elnur Allahverdiyev, Asim Mollazadə, Aydın Hüseynov, İqbal Məmmədov, Rüfət Quliyev, Nəsib Məhəməliyev su, qaz, elektrik enerjisi satışı sahələrindəki vəziyyətlə bağlı fikirlərini bildiriblər, bu sahələrin idarəetməyə verilməsi, infrastrukturun yenilənməsi, sağlamlaşdırma işinin həyata keçirilməsi barədə qeyd və təkliflərini səsləndiriblər.

İclasda Tahir Mirkişili səsləndirilən fikirlərə münasibət bildirib. Komitə sədri enerji satışı sahəsində dünya təcrübəsi, dünya ölkələrində əhalinin bu xidmətlərlə bağlı borcunu ödəmə üsulları, sahibkarların hüquqlarının qorunması barədə fikirlərini diqqətə çatdırıb. Eyni zamanda, təklif edilən qanun layihəsinin bu sahədə müsbət dəyişikliklərə səbəb olacağını deputatların diqqətinə çatdırıb. Məsələ birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “İşsizlikdən sığorta haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələrini müzakirə edərək Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri isə “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsini müzakirə ediblər.

Sadiq Qurbanov bildirib ki, bu, bizim uzun illər gözlədiyimiz bir anlaşma idi. 44 günlük müharibədən sonra belə bir sənədin imzalanması Azərbaycanın növbəti uğurudur. Yəqin ki, saziş imzalananda daha geniş formatda təqdimat olacaqdır.

Daha sonra məsələ səsə qoyularaq Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Ziyad Səmədzadə, Ağalar Vəliyev, Əli Məsimli, Sadiq Qurbanov, Əliabbas Salahzadə, Məzahir Əfəndiyev, İltizam Yusifov, Fatma Yıldırım, Mahir Abbaszadə və Naqif Həmzəyev iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video