01 May 2013 05:05
385
PARLAMENT
A- A+

Milli Məclis Avropa Parlamentinin bir qrup deputatının Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinə kəskin etiraz etdi

 

Aprelin 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən  Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva yeni amnistiya aktının qəbul olunması ilə bağlı parlamentə müraciət etmişdir. Həmin müraciətə Milli Məclisin mayın 7-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş iclasında baxılacaqdır.

Spiker Oqtay Əsədov daha sonra  Avropa Parlamentinin bir qrup deputatının, o cümlədən Fransadan, Cənubi Kiprdən və digər ölkələrdən olan deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlərinə münasibət bildirdi. BMT və Avropa Şurasının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, erməni işğalçılarının torpaqlarımızdan çıxması ilə bağlı qətnamələrinin olduğunu xatırladan Oqtay Əsədovun sözlərinə görə, Avropa Parlamentinin bəzi deputatlarının davranışı suallar doğurur: "Hətta Cənubi Kiprin Avropa Parlamentindəki deputatı qondarma separatçı rejimin qarşısında deyib ki, sizin xidmətçilərinizik. Bu şəxs ölkənin ərazi bütövlüyü məsələsinə baxmayaraq, xalqların müqəddəratını təyin etmə hüququnu hər bir şeydən üstün sayır. Fransız deputatı Valeri Buaye dostluq qrupu yaradıb və Dağlıq Qarabağa səfər edib. O bildirib ki, məqsədləri Dağlıq Qarabağda yaşayan xalqın müstəqilliyini təmin etməkdir. Bu, beynəlxalq hüquq prinsiplərinin kobud surətdə pozulmasıdır. Eyni zamanda, ikili standartların, Avropada islamofobiyanın göstəricisidir".

AP sədrinə bununla bağlı etiraz məktubu göndərəcəyini deyən spiker Oqtay Əsədov Azərbaycan xalqının vətənpərvər nümayəndələrini də aktiv olmağa, bu məsələyə təpki göstərməyə çağırdı. Qeyd etdi ki, bu məsələyə bütün vətənpərvər qüvvələr, deputatlar, jurnalistlər, bir sözlə, hamı öz münasibətini bildirməlidir. Tək deputatlar yox, vətəndaşlarımızın hamısı aktiv olmalıdır. Oqtay Əsədov gənclərə xüsusilə səsləndi, onları fəal olmağa, bütün sahələrdə ermənilərə qarşı iş aparmağa çağırdı.

Milli Məclisin Sədri müxalifətyönlü mətbuatın bu məsələdə heç bir təşəbbüs göstərmədiyini də dedi: "Deyin görək, hansı müxalifət yönlü saytlar, insanlar bu milli məsələ haqqında təşəbbüsləri ortaya atıblar?"

Bu məsələyə Milli Məclis Sədrinin müavinləri və deputatlar da münasibət bildirdilər. "Azərbaycan parlamenti olaraq Avropa Parlamentinin bəzi deputatlarının işğal olunmuş Dağlıq Qarabağa səfərlərini pisləyirik. Həmin deputatların səfər zamanı çıxışları və mövqeləri beynəlxalq hüquq prinsipləri ilə ziddir". Bu fikirləri isə Milli Məclisin Sədr müavini, Avropa İttifaqı - Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Valeh Ələsgərov dedi. Bildirdi ki, AP-nin Cənubi Kiprdən olan deputatının Dağlıq Qarabağda xalqların öz müqəddəratı ilə bağlı dedikləri savadsızlıqdan, ya da siyasi, fırıldaqçılıqdan irəli gəlir. Beynəlxalq hüquqda millətlərin öz müqəddəratını təyin etməsi məsələsi dəqiq göstərilib. Bu məsələ dövlətlərin ərazi bütövlüyündən heç bir halda üstün ola bilməz. Valeh Ələsgərov Cənubi Kiprdən olan deputatları ilk növbədə adadakı türklərin hüquqlarını tanımağa çağırdı. Milli Məclis Sədrinin müavini Türkiyənin Avropa İttifaqına qəbul edilməməsi barədə danışaraq bunun ikili standartların nəticəsi olduğunu bildirdi.

"Üzümü həmin deputatlara tutub deyirəm ki, siz kimsiniz?! Sizin hədəfiniz, məqsədiniz, məramınız nədir?" Bunu Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi. Onun sözlərinə görə, belə çıxır ki, beynəlxalq hüquq erməni maraqlarının müdafiəçiləri üçün heç bir məna kəsb etmir: "Həmin şəxslərə üz tuturam, sizin səfərinizdə məqsəd nədir? Siz Avropa İttifaqına daxil olan ölkələrdə sosial hüquqları pozulan insanların səslərini eşitməlisiniz. Miqrantların maraqlarını qorumalı olduğunuz halda, niyə bir qrup erməninin maraqlarının müdafiəçisinə çevrilmisiniz? Bəlkə doğrudan da, sizlər ermənilər tərəfindən ələ alınmısınız, sizə ödənişlər verilib? Bu barədə də müzakirələr açılmalıdır".

"Diplomatik çərçivələrdən çıxmamışıq, ancaq çərçivələri gözlədikcə üzərimizə gəlirlər" deyən Bahar Muradova qeyd edib ki, hansı tondan, ifadədən istifadə edirlərsə, biz də buna o tonda və o ifadə ilə cavab verməliyik: "Yüz minlərlə azərbaycanlı öz evlərinə dönə bilmirlər. Qarşıdan prezident seçkiləri gəlir. Bəzi avropalı deputatlara söyləyirəm ki, Azərbaycana qarşı fəaliyyətdə əlinizi, dilinizi saxlayın. Bu, onların bioqrafiyası üçün qara ləkədir. Bütün vətəndaşlar, siyasi partiyalar, gənclər buna münasibət bildirməlidirlər".

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, ATƏT-in 10 əsas prinsipindən 7-si Azərbaycanın ədalətli mövqeyinə uyğundur. Avropalı deputatların bunları görməməsi isə təəssüf doğurur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan parlamentinin nümayəndə heyətlərinin bu illər ərzində fəaliyyəti çoxlu uğurlarla yadda qalıb və bu uğurlar Avropa təşkilatlarının qərarlarında öz əksini tapıb. "Təhlillər göstərir ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların icra mexanizmi yoxdur. Yeganə Avropa Məhkəməsinin qərarlarının icra mexanizmi var. Avropa Məhkəməsində  Dağlıq Qarabağ problemi, işğal olunmuş ərazilərlə bağlı bizim qaçqın və məcburi köçkünlərin şikayətləri var. Çox çalışırıq ki, həmin işlərə baxılsın və biz bu işləri uda bilək. Amma eyni zamanda, Avropa strukturlarının öz qərarlarını izləmək üçün real mexanizmi yoxdur" - deyən Əli Hüseynli onu da əlavə etdi ki, əslində, Avropa strukturlarında iki narahatedici məqam güclənməyə başlayıb. Onlardan biri siyasi korrupsiya, ikincisi isə qanunsuz lobbiçilikdir. Burada məqsəd Azərbaycana təzyiq etməkdir ki, ölkəmiz bir sıra məsələlərdə güzəştə getsin. Əli Hüseynli daha sonra qeyd etdi ki, bu məsələ ilə əlaqədar Avropa Parlamentinin üzvlərinin təmsil olunduqları siyasi partiyalarla işi gücləndirmək lazımdır.

Müzakirələr zamanı çıxış edən digər deputatlar AP deputatlarının işğal olunmuş Azərbaycan ərazilərinə səfərlərinin yolverilməz olduğunu bildirdilər, bununla bağlı təkliflər irəli sürdülər.

Müzakirələri yekunlaşdıran Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Avropada mövcud olan islamofobiyanın bir istiqamətini də Azərbaycana doğru yönəldirlər. Biz özümüz özümüzü qorumalı, hücuma keçməli, həqiqətləri açıqlamalıyıq.

 Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Deputatlar ilk olaraq "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişiklik edilməsi barədə" Milli Məclisin qərar layihəsinə və  "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə müsbət münasibət bildirdilər.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Bildirdi ki, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən səsvermə günü seçki (referendum) keçirilən ərazidə iş günü hesab olunmur. Layihəyə əsasən, bu maddəyə təklif olunan ikinci cümlədə deyilir ki, "Səsvermə günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə iş günü hesab edilməyən bayram gününə düşərsə, səsvermə Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermənin keçirilməli olduğu ayın başqa iş gününə təyin edilir".

Seçki Məcəlləsinə təklif edilən yeni 211.5 maddəsində deyilir ki, "Bu Məcəllənin 211.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla keçirilən seçkilərdə seçilmiş bələdiyyələrin səlahiyyət müddəti ölkə üzrə yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır". Məcəllənin 243-cü maddəsinə edilən dəyişiklikdə isə bələdiyyələrə təkrar seçkilərin keçirilməsi üçün şərtlər açıqlanıb. Dəyişiklikdə göstərilir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanunla bələdiyyə ərazilərinin dəyişdirilməsi nəticəsində müvafiq bələdiyyələrin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların sayı 25 faizdən artıq azaldıqda və ya çoxaldıqda təkrar seçkilər keçirilir.Müzakirələr zamanı deputatlardan Əli Əhmədov, Siyavuş Novruzov, Zahid Oruc, Bəxtiyar Əliyev layihə ilə bağlı fikirlərini bildirdilər.

Deputat Bəxtiyar Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğal  olunmuş Azərbaycan ərazilərinə səfərləri ilə bağlı fikirlərini də bildirdi. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun missiyası xalqlar arasında etimadı, barışı, birgə yaşayışı təbliğ və təmin etməkdir. Minsk qrupu həmsədrləri öz fəaliyyətləri ilə hamıya göstərməlidirlər ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində əziyyət çəkən insanlar bu regionda bir yerdə yaşaya bilərlər, onlar arasında etimad var: "Həmsədrlər bunu necə edə bilərlər? Bir necə il əvvəl təklif edilmişdi ki, Minsk qrupunun həmsədrləri Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağa və işğal olunan digər rayonlara səfər edəndə Azərbaycan ərazisindən gedib-qayıtsınlar. Bu, barışa, etimada, birgə yaşayışa aparan yoldur. Ona görə də Minsk qrupunun həmsədrləri Azərbaycana gəlməlidirlər, buradan Dağlıq Qarabağa getməlidirlər. İşğal olunmuş ərazilərdə yaşayan, hələ də Azərbaycan vətəndaşı olan ermənilərlə azərbaycanlılar arasında etimad körpüsü yaratmalıdırlar, yolu açmalıdırlar. Lakin Minsk qrupunun həmsədrləri Azərbaycan ərazisinə işğalçı dövlət olan Ermənistandan gəlirlər. Buna əsas səbəb kimi qoşunların təmas xəttini keçərkən Ermənistanın onların təhlükəsizliyinə təminat verməməsini göstərirlər. Əgər işğalçı dövlət Minsk qrupu həmsədrlərinin təhlükəsizliyinə təminat vermirsə, azərbaycanlılara necə təminat veriləcək? Sülh necə əldə olunacaq. Ermənistan Dağlıq Qarabağ ərazisində, işğal olunan digər yeddi rayonda etnik təmizləmə həyata keçirib, ermənilər azərbaycanlılara işgəncə veriblər, öldürüblər. Amma bütün bunlara göz yumulur. Bunlar insanların hüquqlarının pozulmasına nə qədər göz yumacaqlar".

Deputat Bəxtiyar Əliyevin sözlərinə görə, bununla bağlı Minsk qrupu qarşısında tələb qoyulmalıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə hər səfəri zamanı onların Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçib getmələri, bu yolun açılması insanların tədricən öz doğma yerlərinə qayıtmasına ümid verərdi, bölgədə yaşayan xalqlar arasında dostluq və etimad yaradardı. Təəssüflər olsun ki, belə olmur.

İclasda "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə",  "Nəşriyyat işi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Məlumat toplularının hüquqi qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə", "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihələri təsdiq olundu.

Deputatlar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə" qanun layihələrinə də müsbət münasibət bildirdilər. İclasda "Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci illik toplantısı ilə bağlı" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun layihəsi də təsdiq olundu.

İclasda son olaraq "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi müzakirə edildi. Qanun layihəsi ilə bağlı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Belə bir qanunun qəbulunda məqsəd Azərbaycanda gömrük tarifinin formalaşdırılması və tətbiqi, həmçinin respublikamızın gömrük sərhədindən keçirilən mallardan gömrük rüsumlarının tutulması qaydalarını müəyyən etməkdir. Qanun layihəsi beş fəsil, 23 maddədən ibarətdir. Müzakirələr zamanı layihəyə konseptual münasibət bildirən deputatlar belə bir qanunun vacibliyini diqqətə çatdırdılar. Yekunda qanun layihəsi birinci oxunuşda qəbul edildi.

 

Rəşad CƏFƏRLİ,

Fərman BAĞIROV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video