23 May 2012 04:05
440
PARLAMENT
A- A+

Milli Məclis antiazərbaycan təbliğatı aparan qüvvələrə xəbərdarlıq etdi

 

Mayın 22-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açıq elan edəndən sonra deputatlar cari məsələlərlə bağlı çıxışlar etdilər.

İlk söz alan deputat Mübariz Qurbanlı Bakıda keçirilən "Eurovision" mahnı müsabiqəsinə toxunaraq İrandakı bəzi dairələrin bunun əleyhinə çıxış etmələrini tənqid etdi. İranda antiazərbaycan xarakterli mitinqləri təşkil edənlərin hərəkətlərini  qətiyyətlə pisləyən Mübariz Qurbanlının sözlərinə görə, islam adını daşıyan bir ölkə xristian, işğalçı Ermənistanla həmrəylik nümayiş etdirməməli idi. Erməni lobbisi ilə həmrəylik nümayiş etdirərək Azərbaycana qarşı təxribatlara yol vermək qəbuledilməzdir: "Hesab edirəm ki, Azərbaycanın vətənpərvər gənclərinin İranda törədilən hərəkətlərə qarşı İran səfirliyi qarşısındakı keçirdikləri tədbirlərdə böyük məntiq vardır. Çünki Azərbaycana qarşı bu təxribatlara cavab verilməli idi və gənclərimiz də bunu etdilər. Amma çox təəssüf ki, bu gün işğalçı Ermənistanla sinxron fəaliyyət göstərən İran hakim dairələri Azərbaycan-İran münasibətlərinə zərər vurmaqla, eyni zamanda bölgədə sülh və təhlükəsizlik üçün böyük qorxu törətməkdədirlər. İranda bəzi din xadimlərinin həm Təbrizdə, həm Ərdəbildə, həm də Tehranda antiazərbaycan çağırışlar etməsi və bu istiqamətdə hərəkətlərə yol verməsi, İran-Azərbaycan anlaşmasına, imzaladığımız sənədlərə zidd olmaqla bərabər, bütövlükdə İran xalqının da maraqlarına uyğun deyildir. Ona görə də bizim bu məsələlərlə bağlı etirazımız mətbuat vasitəsilə İran ictimaiyyətinin də diqqətinə çatdırılmalıdır. Ermənistan bölgədə təcavüzkar dövlətdir, Azərbaycanın 20 faiz torpaqlarını işğal edib. İslam Əməkdaşlıq Təşkilatının üzvü olan İran müxtəlif vaxtlarda bu məsələ ilə bağlı mövqeyini nümayiş etdirib. Amma çox təəssüf ki, son zamanlar biz bu istiqamətdə əks hərəkətləri görməkdəyik".

Mübariz Qurbanlı daha sonra dedi ki, mətbuatda yayılan məlumatlara görə, İranın Azərbaycandakı səfiri məsləhətləşmə üçün geri çağırılıb: "Əlbəttə, bu da yolverilməzdir. Çünki Azərbaycanla İran arasındakı əlaqələrə bu cür hərəkətlər  ziyan vurmaqdadır. İşğalçı Ermənistanı müdafiə edən dairələrə dəstək vermək islam ideyalarına ziddir".

Deputat Qənirə Paşayeva qeyd etdi ki, biz susduqca, İranla normal qonşuluq münasibətlərinin davam etməsini istədikcə, İranda bəzi dairələr, media orqanları Azərbaycanın daxili işlərinə qarışmaqla münasibətlərə xələl gətirirlər: "İranın media orqanları Azərbaycan dövlətçiliyi və onun simvolları əleyhinə artıq təhqirlərə və həqarətlərə keçiblər ki, bu da yolverilməzdir. Buna nə Azərbaycan dövləti, nə xalqımız icazə verər".

Qənirə Paşayevanın sözlərinə görə, İranda "Eurovision" mahnı müsabiqəsinin islam dini əleyhinə olmasını deyənlər Şuşanın ermənilər tərəfindən işğal edilməsinin 20 illiyi ilə bağlı heç reaksiya bildirmədilər: "Din pərdəsi arxasında bəyanat verənlər Şuşada müsəlmanların qətlə yetirilməsi, islam mədəniyyətinin məhv edilməsi haqda heç bir bəyanat vermədilər. Heç bir dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur". İranda iki gənc azərbaycanlı şairin həbs olunmasına münasibət bildirən deputat bu kimi halların əxlaq normalarına sığmadığını da vurğuladı.

"Yazıqlar olsun ki, İran öz halına yanmaq əvəzinə Azərbaycanı hədəf seçib". Bunu deyən deputat Azay Quliyev bildirdi ki, İran rejimi Təbrizdə yaşayan azərbaycanlılardan ölkəmizin əleyhinə istifadə etmək istəyir. "Mən bütün Təbrizdəki bacı və qardaşlarıma səslənirəm ki, İranın bu rejiminin əlində alətə çevrilməsinlər" - deyən Azay Quliyev təəssüflə qeyd etdi ki, Azərbaycanın daxilində də İranın təxribatçı hərəkətlərinə dəstək verənlər  tapılır. Onun sözlərinə görə, "İctimai palata" adlanan qurumun "Eurovision" günlərində Bakı şəhərində keçirməyə cəhd etdiyi aksiyalar İranda Azərbaycan əleyhinə keçirilən aksiyalardan fərqlənmir.

İran inqilabının lideri Xomeyninin bir vaxtlar məhz Fransada siyasi sığınacaq tapdığını xatırladan deputat Qüdrət Həsənquliyev Azərbaycana kiminsə əxlaq dərsi keçməyə haqqının olmadığını dedi. ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə vəsaiti ayırmasına münasibət bildirən Qüdrət Həsənquliyev bunu riyakar siyasət kimi xarakterizə etdi.

Həmkarlarının fikirlərini bölüşən deputat İlham Məmmədov bildirdi ki, "İctimai palata" adlanan qurumun "Eurovision" mahnı müsabiqəsi günlərində Bakıda aksiya keçirmək cəhdi ictimaiyyətin dərin hiddətinə səbəb olub. Onun sözlərinə görə, belələri Azərbaycanın inkişafını və gələcəyini görmək istəməyənlərdir.

Deputat Zahid Oruc isə ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırması ilə bağlı tənqidi fikirlərini bildirdi.

Deputat Siyavuş Novruzov isə dedi ki, Azərbaycana qarşı ciddi təzyiqlərin olmasına baxmayaraq ölkə Prezidenti İlham Əliyev bütün beynəlxalq toplantılarda dəfələrlə dövlətimizin ərazisindən İrana qarşı hər hansı bir kənar müdaxiləyə imkan verilməyəcəyini bəyan edib. Bununla da Azərbaycan İrana dəstək olduğunu nümayiş etdirib: "Ancaq bunun müqabilində İran Azərbaycana qarşı öz çirkin əməllərindən geri çəkilmir. Azərbaycanla ədavət aparır. Bu ölkənin Bakıdakı səfirliyi qarşısına vurulan lövhədə Azərbaycan sözü belə yazılmır. Onlar qısqanclıqdan bu cür hərəkətlərə yol verirlər".

Siyavuş Novruzov daha sonra "İctimai palata"nın keçirdiyi aksiyaya münasibət bildirərək, müxalifətin erməni lobbisi ilə əlaqəsinin olduğunu vurğuladı. Deputatın sözlərinə görə, Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq istəyən qüvvələr var və "İctimai palata" da bundan istifadə etməyə çalışır: "Eurovizion" müsabiqəsi keçirilən məkanın 30 metrliyində onlara yer verildi. Amma orada aksiya keçirmək istəmədilər. Görünür onlara erməni lobbisi göstəriş verib ki, Azərbaycanda mümkün qədər asayişi pozsunlar. Onlar birdəfəlik bilməlidirlər ki, istədiklərinə nail ola bilməyəcəklər".

Deputat Fazil Mustafa isə diqqətə çatdırdı ki, ölkəmizdə "Eurovizion" kimi mötəbər yarışma keçirilir və bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Ona görə də paytaxt Bakıda hər hansısa bir xoşagəlməz hadisənin baş verməsi ölkəmizin imicinə xələl gətirir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova çıxış edərək diqqətə çatdırdı ki, Azərbaycanın uğurlu nailiyyətləri fonunda hər hansı bir nöqsan axtarmağa yönəlik cəhdlərin davam etdiyi bir məqamda bəhanələrdən danışmaq sadəlövhlükdür: "Bəhanə axtaran istənilən halda o bəhanəni tapacaq. Biz Azərbaycan dövlətini qurmaq, vətəndaşlarının sosial rifahını yaxşılaşdırmaq üçün çalışırıq. Eyni zamanda qonşularımızla normal münasibətləri saxlamaq istəyirik. Bu, Azərbaycanın yeritdiyi siyasətin əsas istiqamətlərindən biridir. Bu da digər maraqlara görə dəyişdirilə bilməz. Biz beynəlxalq hüququn əsas prinsipləri üzrə münasibətlərimizi qururuq. Əgər bu gün İranın hakim dairələri, bu ölkədə söz sahibi olan qurumlar Azərbaycan Respublikası deməyə dilləri gəlmirsə, onu Bakı hökuməti adlandırırsa, bizim onlara cavabımız olmalıdır. Azərbaycan müstəqil siyasət yeridir, ölkəmiz  təbii sərvətlərindən öz iradəsinə uyğun istifadə edir və bu, bir çoxlarının xoşuna gəlmir. Bu nailiyyətlər bir çoxlarını qane etmir. Bunun da nəticəsində onlar müxtəlif bəhanələr axtarırlar. Dünənə qədər Gürcüstanla hər hansı bir problem yox idi. Bu gün isə dünyanın diqqəti Azərbaycana yönəlib və Azərbaycanın Gürcüstanla münasibətlərini pozmağa cəhd edirlər. İranda şaiyələr yayılır və Azərbaycanı qaralama kampaniyası aparılır. Ərazisində 30 milyondan çox azərbaycanlı yaşayan bir dövlət ölkəmizin dünyəvi inkişafını qəbul edə bilmir. Çünki bu, onların düşüncəsində vətəndaşları və ölkəsi üçün çox pis nümunədir. Bu səbəbdən də Azərbaycana qarşı təbliğat kampaniyası aparırlar. Çox təəssüf ki, bizim ölkəmizdə də buna dəstək verən insanlar tapılır və bu fürsətdən kəmfürsətlər kimi istifadə etməyi qarşılarına məqsəd qoyanlar meydana çıxırlar. Hesab edirəm ki, bütün məqamlarda səsimizi ucadan qaldırmalı və Azərbaycana qarşı çıxan qüvvələrə lazımi cavab verməliyik. Özünün mənsub olduğu millətin və dövlətin uğurlarına sevinməyən insanların acınacaqlı taleyi var. Onların sonluğu da acınacaqlı olacaq".

Bahar Muradovanın çıxışından sonra cari məsələlərin müzakirəsinə yekun vuruldu.

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycana qarşı aparılan bütün təbliğatların arxasında erməni lobbisinin dayandığını vurğuladı: "Bütün bunları erməni lobbisi hazırlayır. İranda baş verən hadisələrin ssenarisi elə bil Ermənistanda yazılır. Həmin hadisələr daha da genişləndirilmiş formada Ermənistan elektron KİV-lərində yayılır.  İran bizə qonşu bir dövlətdir. Çalışmalıyıq ki, öz sözümüzü deyək, ancaq bəzi İran dairələrinin apardığı aktiv antiazərbaycan təbliğatında onların səviyyəsinə düşməyək".    

Sonra iclasda gündəlikdə duran məsələlərin müzakirəsi başlandı. İlk olaraq "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, qanun layihəsi tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyir. Əvvəlki oxunuşlarda keçirilən müzakirələr zamanı deputatların səsləndirdikləri təkliflərin əksəriyyəti işçi qrupu tərəfindən nəzərə alınaraq qanun layihəsinə daxil edilib. Müzakirələrdə çıxış edən deputatlar Sədaqət Vəliyeva, Çingiz Qənizadə qeyd etdilər ki, bu qanunun qəbulu Azərbaycanda insan hüquqlarının qorunması sahəsinə çox böyük töhfə verər. Sənəd səsverməyə çıxarılaraq qəbul edildi.

Sonra söz alan deputat Etibar Hüseynov bildirdi ki, dəfələrlə Bakıda "gey" paradın keçirilməyəcəyi ilə bağlı elanlar verilsə də,  İran dövləti bunu dönü-dönə təkrarlayır: "Əgər İran dövləti Əli Kərimlinin öz dəstəsi ilə "torqovı"da keçirdiyi aksiyanı nəzərdə tutursa, ona Əli Kərimlinin özü açıqlama verməlidir ki, bunlar tamam başqa-başqa məsələlərdi. Çox təəssüf doğuran bir məsələ isə odur ki, bəzilərinin adlarını vicdan məhbusu qoyaraq dövlətdən onların azad edilməsi tələbini irəli sürürlər. Hamı bilir ki, Əli Kərimli öz qayınının həbsi ilə bağlı bu cür vasitələrə əl atır. Hesab edirəm ki, Azərbaycanda həbsxanada olan insanların taleyi ilə bağlı oyun oynayıblar. Həbsdə olan insanın taleyi ilə siyasi alver etmək olmaz. Aqressiv müxalifət "Eurovision" ərəfəsində Bakıda olan əcnəbi jurnalistlərə sübut etdi ki, Azərbaycan xalqına başqa düşmən lazım deyil və onlar bu xalqa istənilən pisliyi etməyə hazırdırlar".

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı isə çox maraqlı bir faktı həmkarlarının və media nümayəndələrinin  diqqətinə çatdırdı. Onun sözlərinə görə, Ermənistan mətbuatı hazırda bu ölkədə səfərdə olan azərbaycanlı deputatlar barədə yalan məlumatlar yayıblar.  Erməni media orqanları qondarma "erməni soyqırımı" abidəsini ziyarət edənlər arasında azərbaycanlı deputatların da olduğunu yazmaqla növbəti təxribata imza atıblar: "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının iclasına qatılan nümayəndə heyətləri İrəvanda qondarma "erməni soyqırımı" abidəsini ziyarət edərkən Azərbaycan deputatları onların arasında olmayıb. Çünki mən onlarla əlaqə saxlamışam və deputatlar bildiriblər ki, həmin vaxt onlar tədbirə qatılmayıblar". Deputat Azərbaycan mediasına müraciət edərək, onları ermənilərin yaydığı saxta məlumatı tirajlamamağa, təxribata uymamağa çağırdı.

Sonra iclasda üç beynəlxalq saziş layihəsi və bir bəyannamə təsdiqləndi. Bunlar "Azərbaycan Respublikası hökuməti və Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında", "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" və "Azərbaycan Respublikası hökuməti və Xorvatiya Respublikası hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında" sazişlər, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsidir. Layihələr səsverməyə qoyularaq qəbul olundu.

Sonra "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edildi. Dəyişiklik Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçilərinin maddi təminatının yaxşılaşdırılmasına xidmət edəcək. Dəyişikliyə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə ödənilən dövlət rüsumunun 30 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə xüsusi hesaba köçürüləcək.

İclasda "Prokurorluq haqqında" qanuna da dəyişiklik edildi. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırdı ki, indiyədək hərbi prokurorluq orqanları maddi-texniki vəsait, xidməti bina, nəqliyyat və rabitə vasitələri, habelə başqa növ təminatlarla Müdafiə Nazirliyi və qoşun növlərinin komandanlığı, hərbi birləşmələr tərəfindən təchiz edilirdi, həmçinin xidməti binalarının mühafizəsi təmin olunurdu. Dəyişikliyə görə,  "Prokurorluq haqqında" qanundan müvafiq bənd bütünlüklə çıxarılır. Bundan sonra qanunvericiliklə Hərbi Prokurorluq orqanlarının maliyyələşdirilməsi, o cümlədən əsaslı təmir və digər təchizat məsələləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Həmçinin xidməti binalarının mühafizəsini hərbçilər deyil, hüquq-mühafizə orqanlarının əməkdaşları təmin edəcək.

Milli Məclis Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyi ilə bağlı yaş senzi tətbiq etməsi barədə qanunvericiliyə də dəyişiklik etdi. Bununla bağlı "Konstitusiya Məhkəməsi haqqında" qanuna dəyişiklik olundu. Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakimləri üçün yaş həddi 70 olaraq müəyyənləşib. 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsinin icrasını davam etdirəcək.

İclasda Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarıldı. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə qeyd etdi ki, bundan sonra qəsəbənin adı dəyişdirilərək Natəvan adlandırılacaq. Sonra Arif Rəhimzadə gündəlikdə duran "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında", "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verdi və qeyd etdi ki, edilən əlavələr redaktə xarakterli dəyişikliklərdir.

İclasda son olaraq "Əqli mülkiyyət haqqında hüquqların təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirəyə çıxarıldı. Sənədlə bağlı məlumat verən deputat Rəfael Cəbrayılov bildirdi ki, layihə 4 fəsil və 17 maddədən ibarətdir. Qanun layihəsi əqli mülkiyyət hüquqlarının müdafiəsinin təmin edilməsi, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaları, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalı və yayımlanmasının qarşısının alınması ilə bağlı yaranan münasibətləri tənzimləyir. Layihədə bu sahədəki əsas anlayışların izahı verilib.

Müzakirələr zamanı çıxış edən deputatlar Siyavuş Novruzov, Rafiq Məmmədhəsənov, Fuad Muradov və İlyas İsmayılov bildirdilər ki, qanun layihəsi müəlliflik hüququnun qorunması sahəsində ən ciddi sənəd hesab oluna bilər. Eyni zamanda qanun piratçılığa qarşı mübarizəni daha da gücləndirəcək.

Müzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşda səsə qoyularaq qəbul edildi.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video