15 Aprel 2021 00:39
750
SİYASƏT
A- A+

Milli maraqları layiqincə təmin edən informasiya strategiyası

 

İlham Əliyevin bu sahədə müəyyən etdiyi yeni baxış əsl həqiqətləri  beynəlxalq auditoriyaya uğurla çatdırır

 

Dağlıq Qarabağ münaqişəsi artıq başa çatıb.  30 ilə yaxın müddətdə problemin həllində vasitəçi olanların edə bilmədiklərini Azərbaycan güc yolu ilə yoluna qoydu və 44 günlük İkinci Qarabağ müharibəsi Ermənistanın məğlubiyyəti ilə başa çatdı. İndi regionda tamamilə yeni reallıqlar yaranıb. İndi qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların dürüst şəkildə beynəlxalq auditoriyaya çatdırılmasıdır.

 

Dünya ictimaiyyəti yeni reallıqlar barədə dolğun məlumatlandırılmalıdır

 

Artıq üçtərəfli Bəyanatın bir sıra bəndləri Ermənistan tərəfindən yerinə yetirilib. Sənəddə nəzərdə tutulan yeni kommunikasiyaların yaradılması istiqamətində işlər davam edir. Həmçinin Azərbaycan işğaldan azad edilmiş ərazilərdə infrastrukturların bərpasına başlayıb. Bütün bunlara rəğmən erməni lobbisinin və Ermənistanın təəssübkeşlərinin sifarişi ilə ayrı-ayrı dövlətlərdə Azərbaycanın ədaləti bərpa etməsinə qara yaxılmasına cəhdlər müşahidə edilməkdədir.

Ermənistanın özündə isə revanş hissi ilə yaşayanlar üçtərəfli razılaşmalara qarşı çıxırlar. Tarixi təcrübə göstərir ki, bütün qanlı müharibələr yekunda sülhlə başa çatıb. Amma Qarabağda məğlub edilən, işğal siyasətinə son qoyulan Ermənistanda kimsə Azərbaycanla sülh barədə danışsa, linç edilə bilər.

Buna görə dayanmaq olmaz və dünya ictimaiyyəti regiondakı yeni reallıqlar və həqiqətlər barədə dolğun məlumatlandırılmalıdır. Bu baxımdan Prezident İlham Əliyev bu missiyanı siyasi uzaqgörənliklə həyata keçirir. Dövlət başçısı hərbi əməliyyatların başa çatmasından ötən dövrdə keçirdiyi görüşlərində, çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionun gələcəyi barədə  ətraflı bəhs edib.

Aprelin 13-də ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans da bu baxımdan mühüm əhəmiyyət kəsb etdi. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransın iştirakçılarının suallarını cavablayan İlham Əliyev bir daha əsl həqiqətləri onların diqqətinə çatdırdı, regionu gözləyən yeni çağırışların nələrdən ibarət olduğunu açıqladı.

 

Ermənistan Azərbaycan torpaqlarını azad etmək fikrində olmayıb

 

Məlumdur ki, hələ Birinci Qarabağ müharibəsindən bəri beynəlxalq təşkilatlar problemin yalnız sülh yolu ilə həlli variantını nəzərdən keçirirdilər. Azərbaycan ilk gündən bu prosesə sadiq olub və konstruktiv mövqe nümayiş etdirib. Beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına, BMT-nin müvafiq qətnamələrinin qəbuluna baxmayaraq, təəssüf ki, danışıqlar prosesində respublikamızın ədalətli mövqeyi təmin edilməyib.

Sülh prosesi isə 30 ilə yaxın davam edə bilməzdi və Ermənistanın danışıqlarda imitasiya etdiyi illər öncədən məlum idi. ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzenin sualını cavablandırarkən öncə bu barədə fikrini bildirən Prezident İlham Əliyev dedi ki, Ermənistanın danışıqlar prosesindəki taktikası torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət olub: “Danışıqlar zamanı məndə güclü bir hiss var idi və mən bunu sizlərə deyirdim ki, Ermənistan münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi”.

Ermənistanın hərbi təxribatlarından sonra əks-hücuma keçən Azərbaycan Silahlı Qüvvələrinin bölmələri ilk olaraq düşmənin yaratdığı bir neçə mərhələdən ibarət müdafiə mövqelərini, xüsusilə möhkəmləndirilmiş istehkamları keçməli oldular. Bu cür gücləndirilmiş müdafiə səddinin yaradılması göstərir ki, Ermənistan Azərbaycan torpaqlarını azad etmək fikrindən tamamilə uzaq imiş.

 

İlham ƏLİYEV: “Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar”

 

Əvvəldə qeyd edildiyi kimi, müharibə başa çatıb. Lakin bu gün Ermənistandakı bir çox siyasi qüvvələr gələcəyə baxmaq, regional əməkdaşlığı yaratmaq əvəzinə revanş hissi ilə yaşayır, üçtərəfli Bəyanatın şərtlərinin qəbulolunmaz olduğunu iddia edirlər.

Digər tərəfdən, türkofobiya Ermənistanda rəsmən ideoloji siyasətin əsasını təşkil edir. Türkiyəyə qarşı ərazi iddiaları hətta bu ölkənin konstitusiyasında təsbit olunub. Dünyada ikinci belə dövlət yoxdur ki, ana qanununda başqa bir ölkəyə qarşı ərazi iddiası yer alsın. Məğlub Ermənistan əvvəlcə bu ideoloji buxovlardan xilas olmalıdır. Bu gün onun qonşu dövlətlərlə normal münasibət qura bilməməsinin, işğal siyasətinin qurbanı olmasının da əsas səbəbi sivil və bəşəri dəyərlərdən uzaq olmasıdır. Prezident İlham Əliyevin dediyi kimi, azərbaycanofobiya, türkofobiya onların yeganə amilinə çevrilib: “Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib”.

Konfransda qeyd olunduğu kimi, Ermənistanda Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Ona görə regionda sülh və təhlükəsizliyin tam bərqərar olması üçün ilk növbədə Ermənistan  qonşulara qarşı düşmənçilik münasibətindən əl çəkməlidir. Əks təqdirdə, dövlət başçısının da dediyi kimi, müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar.

Aparıcı beyin mərkəzlərinin nümayəndələri bu konfransda bir çox həqiqətləri öyrəndilər. İlham Əliyev onların suallarını cavablandırarkən həm də mesajlarını çatdırırdı. Azərbaycan Prezidenti bir daha bəyan etdi ki, əgər xalqımıza və ya ərazi bütövlüyümüzə qarşı bir az risk təhlükəsinin olduğunu görəriksə, özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik.

Hazırda Azərbaycanın əsas prioriteti işğaldan azad olunmuş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qayıtmasıdır. Artıq ilk olaraq infrastruktur layihələrinin icrasına başlanılıb. Dövlət başçısı bu istiqamətdə görüləcək işləri də konfrans iştirakçılarının diqqətinə çatdırdı. Artıq Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə başlanılıb. Daha bir yol isə Kəlbəcərə çəkilir.

Bununla yanaşı, maksimum 2 ilə bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. Ermənistanın dağıtdığı kənd və şəhərlərin yenidən qurulmasına gəldikdə isə, ilk olaraq Zəngilanda kəndlərdən birində “ağıllı” kənd pilot layihəsinin icrasına başlanılıb. İlk şəhərsalma layihəsi isə Ağdamda həyata keçiriləcək. Məcburi köçkünlərin nə vaxt öz yurdlarına qayıtmasına gəldikdə isə, Prezident İlham Əliyev dedi: “Beləliklə, dəqiq nə vaxt olacağını demək mənim üçün çətindir. Ancaq ümidvaram ki, gələn ildən etibarən, mərhələli şəkildə köçkünlərin ilk qrupu yerləşdirilməlidir”.

 

Prezident antiazərbaycançı qüvvələrin iddialarını darmadağın etdi

 

“Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda çox məsələlərə toxunuldu, İlham Əliyev onların hər biri barədə Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Dünyanın  aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən bu konfrans həm də onu göstərdi ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir.

Eyni zamanda yeni strateji baxış və bütövlükdə İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır. Bu strategiya Azərbaycanın milli maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Təsadüfi deyil ki, xarici ekspertlər də İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və onları təmkinlə, peşəkar formada cavablandırmaq bacarığını, yüksək məntiqini, intellektini, diplomatik  məharətini, dünyada, regionda  və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə fikirlərini, elmi-politoloji biliyini yüksək qiymətləndirir və Azərbaycan Prezidentinin dünya səviyyəli siyasətçi olduğunu bildirirlər.

Birmənalı şəkildə demək olar ki, istər müharibə günlərində, istərsə də postkonflikt dövründə İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin və Azərbaycanı istəməyən xarici qüvvələrin tərk-silah edilməsində, onların arqument və iddialarının darmadağın edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında mühüm rol oynadı. Bu baxımdan “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans və bu tədbirdə iştirak edən dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin nüfuzlu analitik, siyasətçi, öz ölkələrində və dünyada politoloji fikrə, ictimai rəyə təsir edən şəxslər olmaları göstərir ki, İlham Əliyevin yeni informasiya strategiyası Azərbaycan həqiqətlərini beynəlxalq auditoriyaya uğurla çatdırır.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video