31 Dekabr 2011 01:12
393
SİYASƏT
A- A+

Milli həmrəylik xalqımızın ən ali mənəvi dəyərlərindən biridir

 

Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər.

İlham ƏLİYEV

 

Dövlət və tarix üçün 20 il böyük dövr deyil. Ancaq 20 il əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə çox böyük inkişaf yolu keçib. Müstəqilliyimiz və dövlətçiliyimiz möhkəmlənib, mütərəqqi dövlət quruculuğunun, cəmiyyət həyatının bütün sahələrində mükəmməl islahatlar həyata keçirilib. Bu gün beynəlxalq aləmdə özünün layiqli yerini tutan Azərbaycan bir çox ölkəyə örnəkdir.

Amma müstəqilliyin bərpasından ötən 20 ilin heç də bütün dövrləri Azərbaycanın tarixinə xalqımızın və respublikamızın maraqlarına xidmət edən mütərəqqi siyasi və iqtisadi proseslərlə həkk olunmayıb. 1991-1993-cü illərdə baş verən hadisələr proseslərdə bir daha göstərdi ki, müstəqilliyi qoruyub saxlamaq, möhkəmləndirmək onu qazanmaqdan qat-qat çətindir. Yalnız 1993-cü ilin iyun ayında ulu öndər Heydər Əliyevin xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdışından ölkədə formalaşan yeni siyasi kurs Azərbaycanın dövlət müstəqilliyini məhvolmaqdan xilas etdi və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız misilsiz uğurların bünövrəsini yaratdı.

Dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasının qarşısında duran başlıca və aktual vəzifələrdən biri dünya azərbaycanlılarının vahid bir ideya ətrafında birləşdirilməsi idi. Çünki Ermənistanın ölkəmizə qarşı təcavüzünün açıq müstəviyə qədəm qoyduğu, ermənilərin dünyada anti-Azərbaycan təbliğatı apardıqları bir vaxtda müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın həmrəyliyinin və diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi olduqca mühüm əhəmiyyət kəsb edirdi. Digər tərəfdən tarixin müxtəlif mərhələlərində düçar olduqları məhrumiyyətlər, haqsızlıqlar və dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların təşkilatlanmasının müstəqilliyinə yenidən nail olmuş respublikamızın beynəlxalq birlikdəki yerinin möhkəmləndirilməsi işinə böyük töhfələr verəcəyi şübhəsiz idi.

Dünya azərbaycanlılarının müstəqil dövlətimiz və vahid məqsəd ətrafında birləşdirilməsi ideyasının müəllifi XX əsrin sonlarına doğru Azərbaycan dövlətçiliyinin şərəfli tarixini yaradan Heydər Əliyev olmuşdur. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi "Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" 1991-ci il 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. 20 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoydu. Lakin 1991-1993-cü illərdə ölkəyə rəhbərlik edənlər bu məsələdə maraqlı olmadılar. Nəticədə birlik və həmrəylik ideyalarının özünə yer tapmaması özünü ciddi problem kimi göstərərək milli inkişafı əngəlləyən amilə çevrildi. Diaspor quruculuğuna maraq göstərilməməsi xarici ölkələrdə azərbaycanlıların yeni və güclü cəmiyyətlərinin yaradılmasına mənfi  təsir göstərməklə bərabər, soydaşlarımızın vətənlə əlaqələrinin genişlənməsinə, azərbaycançılıq ideyasının inkişaf etdirilməsinə, dünyaya səpələnmiş azərbaycanlıların həmrəyliyinin əldə olunmasına imkan vermədi.

Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə dönüşündən sonra ölkədə davamlı sabitliyin və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.

2001-ci il noyabrın 9-10-da Bakıda keçirilən dünya azərbaycanlılarının birinci qurultayı milli həmrəyliyimizin nümayişinə çevrildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratdı. I qurultaydakı çıxışı zamanı ulu öndər Heydər Əliyev azərbaycançılığın nə qədər önəmli olduğunu, bu ideyanı daşıyanların bundan sonra daha aktiv fəaliyyət göstərmələrinin vacibliyini, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının nə qədər zəruri olduğunu bir daha vurğulamışdı: "Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir".

Bu qurultayın keçirilməsi milli idealların, azərbaycançılıq ideyalarının gerçəkləşəsi yolunda mühüm addım idi. Qurultay həm də müstəqil Azərbaycanın və eləcə də bütün dünya azərbaycanlılarının həyatında tarixi ictimai-siyasi hadisə kimi yadda qaldı. Qurultaydan sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, soydaşlarımızın cəmləşdiyi cəmiyyətlər dünyanın hər yerində daha aktiv fəaliyyət göstərməyə başladılar. Diaspor hərəkatı səhəsində dövlət siyasətini daha səmərəli həyata keçirmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (indiki Diasporla İş üzrə Dövlət Komitəsi) yaradıldı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar verdi. Milli Məclis "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul etdi.

Bu gün Heydər Əliyev yolunu çox böyük uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Cənubi Qafqaz bölgəsinin lider dövlətinə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrilib. Fərəhli haldır ki, Heydər Əliyevin milli həmrəyliklə bağlı əsasını qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən layiqincə yaşadılır. Dövlət başçısı diaspor quruculuğu işini daim xüsusi diqqət mərkəzində saxlayaraq müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla müntəzəm görüşlər keçirib, milli həmrəyliyimizin möhkəmlənməsinə öz töhfələrini verib, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirib. Büdcə zərfində diaspor quruculuğuna ayrılan vəsaitlərin ildən-ilə artırılması da milli həmrəyliyə yüksək diqqət və qayğının bariz nümunəsi kimi diqqət çəkir. Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir.

Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə və milli həmrəyliyimizin möhkəmlənməsinə yeni təkan verməklə ötən illərin əlamətdar hadisələrindən biri kimi yadda qalıb. Dövlət başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb.

II Qurultaydan keçən 5 il ərzində xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, doğma Vətənimizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunması, həmvətənlərimizin hüquq və azadlıqlarının müdafiəsi, mədəni irsimizin təbliği sahəsində mühüm işlər görülmüşdür. 2008-ci ildə Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının Bakıda keçirilən iclasında qəbul olunmuş "Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası" həmvətənlərimiz qarşısında qoyulan vəzifələrin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində əhəmiyyətli rol oynamışdır. Artıq azərbaycanlıların müxtəlif ölkələrdə fəaliyyət göstərən icma və qurumları vahid mərkəzlərdə birləşmiş, soydaşlarımızın qitələr üzrə təşkilatlanması prosesi, demək olar, başa çatmışdır.

Prezident İlham Əliyevin 2011-ci il yanvarın 21-də imzaladığı "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" sərəncamı ilə bu il iyulun 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının III Qurultayı keçirildi. Bu qurultayda xaricdə yaşayan soydaşlarımızın, Azərbaycan icmalarının qarşısına yeni vəzifələr qoymaqla bərabər azərbaycanlıların milli birliyi və diaspor quruculuğu istiqamətində yeni səhifələr açır. Prezident İlham Əliyevin hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində soydaşlarımıza ünvanladığı təbriklər ümummilli lider Heydər Əliyevin siyasi ideyalarına əsaslanan milli həmrəylik siyasətinin dövlət səviyyəsində və çox böyük uğurla həyata keçirildiyini nümayiş etdirir. Həmrəylik Günü münasibətilə Azərbaycan xalqına budəfəki təbrikində Prezident İlham Əliyev bu bayramın roluna toxunaraq deyib: "Ümummilli liderimiz Heydər Əliyevin 20 il əvvəl irəli sürdüyü təşəbbüs nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır".

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu gün Azərbaycanın dirçəlişi və inkişafı yolunda əvəzsiz xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə əziz bayrama çevrilmişdir. Xalqımız bu bayramı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan ən xoş amal və duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alaraq ürəklərdə vətən eşqi, milli və mənəvi birlik, həmrəylik hissləri bəsləyən hər bir soydaşımız tərəfindən güclü dəstək alır.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video