08:55 27 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 26.09.2021

Qüdrətin nümayişi


00:48 26.09.2021

27 sentyabr saat 06:00...


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

ANA SƏHİFƏ / İQTİSADİYYAT
21:44 30.07.2021

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov iyulun 30-da keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov qeyd edib ki, uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb. Uçot dərəcəsinə dair qərar inflyasiyanın mövcud dinamikası, ötən iclasdan bəri inflyasiyanın risklər balansında baş vermiş dəyişikliklər, inflyasiyanın ortamüddətli proqnozu və gözləntiləri nəzərə alınmaqla verilib.

Cari ildə inflyasiya səviyyəsi əsasən dünya əmtəə qiymətləri, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, tərəfdaş ölkələrdə inflyasiya kimi qeyri-monetar xərc amillərinin təsiri altında formalaşır. Məcmu tələb amillərində canlanma olsa da, bu amillərin inflyasiya yaratma potensialının davamlığı ilə bağlı tam əminlik yoxdur. Profisitli tədiyə balansı, mövcud makroiqtisadi çərçivə və dedollarlaşma meyilləri qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə monetar şərait antiinflyasyon xarakterini qoruyur. Bütün bunlar uçot dərəcəsinin dəyişimi ilə bağlı növbəti fasilənin götürülməsinə əsas verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar yenilənmiş makroiqtisadi proqnozlar, xarici inflyasiyanın daxili bazara transmissiyası, mövsümi faktorların təsir müddəti, inflyasiya gözləntiləri və risk balansının dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.

İnflyasiya prosesləri

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə illik inflyasiya tempi azalıb. Rəsmi statistikaya görə iyunda 0.5 faizlik deflyasiya olub, 12 aylıq inflyasiya 4.7 faiz təşkil edib. Aylıq deflyasiya ərzaq məhsullarının mövsümi ucuzlaşması hesabına baş verib. İyunda ərzaq məhsulları üzrə qiymət indeksi 1.4 faiz aşağı düşməklə inflyasiyaya azaldıcı təsir edib. İllik ərzaq inflyasiyası 5.3 faiz təşkil edib. Ərzaq inflyasiyasına dünya ərzaq qiymətlərinin yüksəlməsi mühüm təsir göstərir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə dünya ərzaq qiymətləri ilin əvvəlindən 15 faiz, son bir ildə isə 34 faiz yüksəlib.

Ertələnmiş tələbin fəallaşması və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin artımı şəraitində qiymətlər qeyri-ərzaq məhsulları üzrə iyunda aylıq olaraq 0.3 faiz, xidmətlər üzrə 0.1 faiz yüksəlməklə illik əsasda inflyasiya uyğun olaraq 4.6 faiz və 4 faiz təşkil edib. Qiymətlərin qeyri-ərzaq məhsulları üzrə artımında ticarət tərəfdaşı ölkələrində müşahidə olunan yüksək inflyasiya, dünya xammal və aralıq istehlak malları bazarlarında qiymət artımları da mühüm rol oynayır.

Dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər, həmçinin mövsümə həssas kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2021-ci ilin yanvar-iyun aylarında 2,7 faiz təşkil edib.

İnflyasiya gözləntilərində yüksəlmə müşahidə edilmir. İyunda ev təsərrüfatları arasında aparılmış sorğuya görə növbəti 12 ayda inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin xüsusi çəkisi 25 faiz təşkil edib ki, bu da mart ayında olduğundan fərqlənmir. Real sektor üzrə monitorinqə görə inflyasiya gözləntiləri iyun ayında əvvəlki aya nəzərən qeyri-neft sənayesində və ticarətdə artmış, tikinti və xidmətdə isə azalıb.

Əsasən xərc amillərinin birbaşa və dolayı təsiri nəzərə alınmaqla iyulda 2021-ci ilin sonuna illik inflyasiya proqnozu yüksəlmə istiqamətində təshih edilib. Cari ildə illik inflyasiyanın elan edilmiş hədəf diapazonun (4±2 faiz) yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılır.

Xarici sektor

E.Rüstəmov qeyd edib ki, ötən iclasdan sonrakı dövrdə qlobal iqtisadiyyatın bərpasının sürətlənməsi və xarici mühitdə yaxşılaşma ölkədə qiymətlər sabitliyini dəstəkləyən amillərdən olub. COVID-19 əleyhinə peyvəndləmənin sürətlənməsi, ayrı-ayrı ölkələrdə karantin məhdudiyyətlərinin mərhələli yumşaldılması şəraitində qlobal iqtisadiyyatın bərpa prosesi gözləntiləri üstələyir. Beynəlxalq Valyuta Fondunun (BVF) iyulda açıqladığı yenilənmiş proqnozlara görə qlobal iqtisadi artımın 2021-ci ildə 6 faiz olacağı gözlənilir. BVF 2022-ci ilə qlobal iqtisadi artım proqnozunu 0,5 faiz bəndi yuxarıya doğru təshih edərək 4,9 faizə yüksəldib.

Qlobal enerji bazarında qiymətlər də gözləniləndən daha sürətlə artır. Neftə qlobal tələbin 2022-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağı gözlənilir. Yanacaq məhsullarına tələbdəki yüksək artımla müqayisədə “OPEC+” razılaşması çərçivəsində təklifin konservativ artırılması neftin qiymətinə artırıcı təsir etdir. “Brent” markalı neftin orta qiyməti 2021-ci ilin ötən dövründə 66 ABŞ dollarını, iyulda isə 74 ABŞ dollarını üstələyib.

Son meyillər nəzərə alınmaqla iyulda 2021-ci il üçün cari əməliyyatlar hesabının profisitinə dair illik proqnoz yenidən yüksəlmə istiqamətində təshih edilib. Əlverişli neft qiymətləri ilə yanaşı qeyri-neft ixracının da yüksək sürətlə artması tədiyə balansına müsbət təsir edir. Strateji valyuta ehtiyatları ilin əvvəlindən bəri 2,7 faiz (1,4 milyard ABŞ dolları) artaraq 52,2 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. Bu dövrdə Mərkəzi Bankın ehtiyatları 2 faiz artaraq 6,5 milyard ABŞ dollarına çatıb.

Profisitli tədiyə balansı valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində təklifin artması və tələbin azalması ilə müşayiət olunur. Bu da qiymətlər sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini dəstəkləyir. Bütövlükdə cari ilin ötən dövründə 55 valyuta hərracında 3,2 milyard ABŞ dolları satılıb ki, bu da orta hesabla hər hərraca 58,7 milyon ABŞ dolları deməkdir. Hərracların 87 faizinə təklif tələbi üstələyib. Cari ilin 30 iyul tarixinə Dövlət Neft Fondunun qrafikə uyğun satılmayan vəsaiti 539 milyon ABŞ dollarıdır.

Valyuta bazarında sabitlik şəraitində bank sektorunda depozit və kredit portfelinin dedollarlaşma tendensiyası davam edir. Belə ki, depozit portfelinin xarici valyutada olan hissəsi 6 ayda 4,1 faiz bəndi azalaraq 49,1 faiz təşkil edib. Kredit portfelinin xarici valyuta hissəsi isə 2,9 faiz bəndi azalaraq 27,3 faiz təşkil edib.

Monetar şərait

Mərkəzi Bankın sədri vurğulayıb ki, monetar şərait ötən iclasdan bəri əhəmiyyətli dəyişməyib və uçot dərəcəsi neytrala yaxın qalıb ki, bu da inflyasiyanın monetar amillərinə nəzarət etməyə imkan verir.

Maliyyə bazarlarının müxtəlif seqmentlərində faizlər fərqli istiqamətlərdə dəyişir. Maliyyə sektorunda yüksək likvidlik şəraitində dövlət qiymətli kağızlarının gəlirliyi və banklararası bazarda faiz dərəcələri azalma meyilini saxlayır. Kredit və depozitlər üzrə nominal faizlərdə əhəmiyyətli dəyişiklik baş verməsə də, real faizlər azalır. Pul bazası ilin əvvəlindən 4 faiz artıb. İlin qalan dövründə pul təklifinin dəyişimi başlıca olaraq dövlət büdcəsinin xərclərinin dinamikasından asılı olacaq.

Kredit aktivliyi inflyasiya təzyiqi yaratmayacaq templərlə yüksəlməkdə davam edir. 6 ayda bank sistemi üzrə kredit portfeli 5 faiz, o cümlədən biznes kreditləri 3 faiz, ipoteka kreditləri 8.4 faiz, istehlak kreditləri 7.6 faiz artıb. İstehlak kreditləri üzrə aktivlik əhalinin istehlak optimizmi və ertələnmiş tələbin realizasiyası, banklar tərəfindən isə böhran öncəsi portfelin bərpasına çalışması ilə əlaqədardır. 2021-ci ilin yanvar ayından etibarən Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin məhdudlaşdırılmasına yönələn requlyativ tələblər tətbiq olunur.

İqtisadi fəallıq

Bildirilib ki, milli iqtisadiyyatda bərpa prosesləri sürətlənir. İqtisadi artım prosesi xarici mühitin yaxşılaşması və stimullaşdırıcı makroiqtisadi çərçivənin həyata keçirilməsi ilə dəstəklənir. Eyni zamanda, sosial təcrid tədbirlərinin mərhələli yumşaldılması təxirə salınmış tələbi aktivləşdirir. Pərakəndə ticarət dövriyyəsi və ödənişli xidmətlərin istehlakının illik dəyişimi müsbət zonaya daxil olub. Məcmu tələbin bərpası məcmu təklifin də yüksəlməsi ilə müşayiət olunur. 2021-ci ilin 6 ayında Ümumi Daxili Məhsul real ifadədə 2,1 faiz, o cümlədən qeyri neft-qaz sektoru üzrə 5,1 faiz artıb. O cümlədən, qeyri neft-qaz sənayesində 16,8 faiz, kənd təsərrüfatında 5,7 faizlik artım baş verib. Daxili istehsalın artımı şəraitində qeyri-neft ixracı cari ilin 6 ayında 27,5 faiz artıb.

Keçirilmiş sorğular iqtisadi aktivliyin artmaqda olduğunu göstərir. Real sektorun monitorinqinə görə iyunda biznes inam indeksi qeyri-neft sənayesi və ticarətdə artıb, xidmət və tikinti sektorlarında isə pozitiv zonada qalmaqla demək olar ki, dəyişməyib. Ticarətdə satış gözləntisi, xidmətdə isə tələb gözləntisi yaxşılaşıb. Bununla belə qeyri-neft sənaye müəssisələrində istehsal güclərinin yüklənmə səviyyəsi öz maksimum potensialına çatmayıb.

Risklər balansı

“İnflyasiya üzrə risk balansında artırıcı amillərin rolu artsa da, onların dayanıqlığı ilə bağlı qeyri-müəyyənliklər mövcuddur. İnflyasiya idxalı və dövlət tənzimlənməsi tətbiq edilən qiymətlər kimi xərc amilləri qısamüddətli risk balansında əsas artırıcı amillər hesab edilir. Effektivlik baxımından monetar siyasət və onun transmissiya imkanları daha çox məcmu tələbin inflyasiyaya qalıcı təsirlərinin tənzimlənməsi məqsədini daşıyır. Epidemioloji risklərin reallaşma ehtimalının qalması məcmu tələbin inflyasiyaya təsirinin müvəqqəti və ya davamlı olması ilə bağlı birmənalı fikir söyləməyə imkan vermir. Qiymətləndirmələrə görə ilin ikinci yarısında monetar amillərin inflyasiyaya artırıcı təsiri məhdud olaraq qalacaq. Tədiyə balansının yaxşılaşması və valyuta bazarında təklifin genişlənməsi pul siyasətinin başlıca lövbərini – məzənnənə sabitliyini dayanıqlı etməklə qiymətlərə artırıcı təsir edən amilləri əhəmiyyətli neytrallaşdırır. Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiya riskləri, bazar iştirakçılarının qiymətqoyma davranışları, inflyasiya gözləntiləri, məcmu tələbin artım tempi nəzərə alınmaqla qəbul ediləcək”, - deyə E.Rüstəmov qeyd edib.

Bu qərar iyulun 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı sentyabrın 17-də ictimaiyyətə açıqlanacaq.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM