21:55 15 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
14:25 15.04.2021 Onlar bizə əmanət!
 

Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mənəvi irsin varisliyi
ANA SƏHİFƏ / SİYASƏT
02:00 21.12.2019


Heydər Əliyev irsi təkcə bütün həyatını xalqının, dövlətinin yüksəlişinə həsr etmiş Ümummilli Liderin öz ömürlüyü ilə yaratdığı tarix deyil. Bu irs həm də bu günümüz və gələcəyimizdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyinə təminat yaradan, önümüzdə aydın inkişaf istiqamətləri müəyyənləşdirən yol bələdçisidir. Bu irsdən daim öyrənməyə, formalaşdırdığı dəyərləri təbliğ etməyə, gələcək nəsilləri həmin dəyərlər ruhunda yetişdirib tərbiyələndirməyə həmişə ehtiyacımız var.

Ulu Öndərin adı işığında yaradılmış Heydər Əliyev Fonduna ümumxalq rəğbəti qazandıran ən mühüm amillərdən biri də budur. Ümummilli Liderin zəngin mənəvi irsini, Azərbaycançılıq ideyalarını gənc nəsillərə aşılamaq, onun qurub-yaratdığı müstəqil Azərbaycanın hərətərəfli inkişafı proseslərində yaxından iştirak etmək, insanlara kömək əli uzatmaq, xeyirxah işlər görmək məqsədilə fəaliyyətə başlamış bu fond Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib əməllərin parlaq salnaməsini yazır.

Bu ilin mayında fəaliyyətə başlamasının 15-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondunun ötən illər ərzində gördüyü işlərin ən yüksək tarixi qiymətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vermişdir. 15 ildə Heydər Əliyev Fondunun bir çox istiqamətlərdə böyük işlər gördüyünü xatırladan dövlət rəhbəri "Yeniləşən Azərbaycana yeni məktəblər” proqramını, mədəniyyət, elm, səhiyyə sahələrində reallaşdırılan layihələri diqqətə çatdırmışdır: "...Bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün fond çox böyük işlər görür”.

Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu Öndərin siyasi irsinin təbliği sahəsində böyük xidmətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycanın mədəni irsinin beynəlxalq miqyasda təbliğinə və I Avropa Oyunlarının təşkilində apardığı genişmiqyaslı işlərinə görə ölkənin ən ali mükafatı olan "Heydər Əliyev” ordeni ilə təltif edilmişdir.

Ümummilli Lider Heydər Əliyev dövrünün xilaskar və qurucu şəxsiyyətlərindəndir. Bizlərə Azərbaycan adlı qüdrətli, müstəqil bir dövlət bəxş etmişdir. Bu əvəzolunmaz liderin fəaliyyəti Azərbaycan ətrafında cərəyan edən hadisələrin mahiyyətinə, son dərəcə mürəkkəb problemlərin həlli yollarına işıq salır. Ulu Öndərin şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi ilə ayrılmaz vəhdət təşkil edir. Bu səhifələri vərəqlədikcə bir daha aydın olur ki, Ulu Öndər milli ideyalara bağlı lider kimi siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, doğulduğu torpağa sonsuz sədaqət hissi ilə, qurub-yaratmaq amalı ilə yaşamışdır. Ulu Öndər tariximiz üçün böyük əhəmiyyət daşıyan strateji qərarlar qəbul edilən zaman əsl vətənpərvər mövqeyi tutmuş, özünün siyasi bacarığı sayəsində Azərbaycanda müstəqil dövlətçilik təfəkkürünün inkişafını və praktik dövlət modelində məntiqi sonluğa yetişməsini təmin etmişdir.

Məhz bu reallıqlar fonunda Ümummilli Liderin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali missiyanı qarşıya məqsəd qoyan, böyük rəhbərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideayalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, millətin gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən Heydər Əliyev Fondu son 15 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.


Qayə


Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyev irsinin təbliği üçün çox uğurlu bir yol seçilmişdir. Milli dövlətçiliyimiz üçün mühüm önəm kəsb edən bu irs real əməllər işığında təbliğ olunur, yaşadılır, gələcək nəsillərə ötürülür. Yəni, Heydər Əliyev irsi cəmiyyətə, dünyaya sadəcə tarix kimi çatdırılmır, bu irsə söykənən, onun davamı olan inkişaf layihələri ilə nümayiş etdirilir.

Heydər Əliyevin ömür yolu başdan-başa Azərbaycan dövlətinə, xalqına xidmət missiyasından ibarətdir. Bu, hələ sovet Azərbaycanına rəhbərlik dövründə ölkəni geridə qalmış aqrar respublikadan cəmi bir neçə il ərzində inkişaf etmiş qabaqcıl sənaye mərkəzinə çevirmiş, onun gələcək müstəqilliyi üçün zəruri əsaslar formalaşdırmış, səsini-sözünü dünyaya yetirmiş, ən gərgin dönəmlərdə dövləti parçalanma, məhvolma təhlükəsindən xilas etmiş, demokratik inkişafına nail olmuş böyük liderin irsidir.

Mehriban xanım Əliyeva da irəli sürdüyü sosial-humanitar layihələrlə bu istiqaməti davam etdirir, Azərbaycan Respublikası Prezidentinin ölkəmizə qazandırdığı tarixi nailiyyətlərə öz layiqli töhfələrini verir. Dövlətimizi vətəndaşlarımıza daha da doğmalaşdırır. Hakimiyyət-xalq vəhdətini möhkəmləndirir. Mehriban xanım daim insanların yanındadır, dəstəyə ehtiyacı olan hər kəsin köməyindədir. Onun irəli sürdüyü və yüksək təşkilatçılıq məharəti ilə, böyük həssaslıqla yerinə yetirilən layihələr xalqa sevinc bəxş edir.

Mehriban xanım Əliyevanın yükü və məsuliyyəti ağır və həm də şərəflidir. O, yaradıcı və qurucu bir iradə sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa, tərəqqiyə doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılığa çevrilir. Mehriban xanım Əliyeva tarixin miqyaslı tədbirlərinin diplomatıdır. Ölkəmizi Şərqin qədim mədəniyyətinin əsas mərkəzlərindən biri kimi tanıtmaq, musiqimizdən tutmuş idmana qədər bütün sahələrdə ənənələrimizi sevdirmək onun beynəlxalq miqyasdakı fəaliyyətinə xüsusi milli məna və çəki verir. Gördüyü işlər bəhrəli və nəticəlidir. Bu tədbirlərin ilkin nəticəsi Azərbaycanın dünyadakı dostlarının sayının artmasıdır. Həm də bu dostlar kimdir? Beynəlxalq aləmdə sözü keçən, səsi eşidilən, tanınan insanlardır. Onlar ölkəmizə gəlib bizim yaşayışımızı, həqiqətlərimizi, xalqımızın nəcibliyini və tərəqqisini gözləri ilə görür və dünyaya çatdırırlar. Bizə düşmən gözü ilə baxanlarla ideoloji mübarizədə bunun əhəmiyyəti misilsizdir. Bir çox layihələr Azərbaycan hüdudlarından uzaqlarda da insanlara fayda verir, onların sonsuz sevgisini qazanır.

Mehriban xanım Əliyeva Ümummilli Liderin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, xalqımızın maddi rifahının yaxşılaşdırılması, sağlam, təhsilli Azərbaycan cəmiyyətinin formalaşması naminə müəyyən etdiyi ideyaların reallaşmasına hər zaman böyük diqqət yetirir. Bu sahədə əlindən gələni əsirgəmir.


Maarif işığı


Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində vətəndaşlarımızın təhsili, maariflənməsi, cəmiyyətimizin bu günü və gələcəyi üçün insan kapitalının formalaşdırılması çox mühüm yer tuturdu. Ulu Öndərin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə ölkəmizdə inşa edilən yüzlərlə məktəb, açılan yeni ali və orta ixtisas təhsili müəssisəsi, sosial statusundan asılı olmayaraq təhsil almaq üçün hər kəsə bərabər imkanlar mühitinin yaradılması, ən nüfuzlu fakültələrin qapılarının imkansız uşaqların üzünə açılması daim qürur duyduğumuz şərəfli keçmişdir. Heydər Əliyevin öz şəxsi nüfuzundan istifadə edərək hər il yüzlərlə Azərbaycan gəncini təhsil ardınca keçmiş ittifaqın tanınmış ali məktəblərinə göndərməsi də bu tarixin parlaq səhifələridir. Müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövründə də təhsilin, məktəbin, müəllimin Ulu Öndər üçün xüsusi yeri vardı.

Mehriban xanım Əliyevanın bu gün Azərbaycanda və müxtəlif ölkələrdə reallaşdırdığı təhsil layihələri də məhz bu mənəvi irsdən gəlir. Ölkənin birinci xanımı təhsili, maarifi cəmiyyətimizdə ictimai bir hərəkata çevirməyi bacarıb. İnsanları bu dəyərlər ətrafında bir araya gətirib. İndi hər kəs fərqindədir ki, təhsilsiz gələcək yoxdur, təminatlı sabahın, işıqlı həyatın yeganə yolu bilikdən, təhsildən keçir. Ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun ölkəmizin ən ucqar məkanlarında da tikdirdiyi məktəblər, reallaşdırdığı genişmiqyaslı təhsil layihələri parlaq gələcəyin qapılarını insanların üzünə açır. "Təhsilə dəstək”, "Yeniləşən Azərbaycana yeni məktəblər” layihələri özünün humanist məqsədləri ilə diqqəti çəkir. Bu layihələr çərçivəsində Gürcüstanın Dmanisi rayonunda, Rusiyanın Ulyanovsk şəhərində, habelə Misir Ərəb Respublikasında yeni məktəblər tikilərək istifadəyə verilmişdir. Bir sıra xarici təşkilat və şirkətlərin fonda hədiyyə etdikləri müxtəlif adda minlərlə kitab ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evlərinə, internat məktəblərə paylanmışdır.

Azərbaycanda kimsəsiz uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrə sığınan körpələrin problemlərinin həlli hər zaman Heydər Əliyev Fondunun qarşıya qoyduğu əsas vəzifələrdən olmuşdur. "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” bilavasitə fondun prezidentinin təşəbbüsü ilə hazırlanmışdır. Bakıda və ətraf qəsəbələrdə yerləşən uşaq evlərində, internat məktəblərdə mövcud problemlər öyrənilmiş, onların aradan qaldırılması üçün konkret işlər görülmüşdür.

Təhsil sahəsində beynəlxalq əməkdaşlıq istiqamətində də çoxsaylı tədbirlər həyata keçirilir. UNESKO-nun diqqətinin ölkənin təhsil problemlərinə cəlb olunması nəticəsində təşkilatlarla münasibətlər daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr əsasən "Təhsil hamı üçün” proqramını, texniki peşə sahəsində əməkdaşlıq, inklüziv təhsil layihəsi, ali məktəblərdə UNESKO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir.

Heydər Əliyev irsində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu Öndər gənclərə xüsusi qayğı göstərir, onların müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: "Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar... məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər”.

Mehriban xanım Əliyeva da Heydər Əliyev Fondunun layihələri ilə hər zaman Azərbaycan gəncliyinin yanındadır. Bu layihələrdə gənclərimiz fəal iştirak edir. Onlara öz potensiallarını reallaşdırmaq, öyrəndiklərini həyatda tətbiq etmək, zəngin təcrübə, faydalı bacarıqlar qazanmaq, sosial çevrə formalaşdırmaq imkanı yaradılır. Fondun prezidenti gəncləri bu layihələrə cəlb etməklə ölkəmizdə gənc könüllülər hərəkatını formalaşdırıb. Xalqımızın tarixi keçmişindən gələn əlbir iş ənənələrinə, el-oba naminə təmənnasız xidmətlərə müasir dövrdə yeni məzmun qazandırıb. Bu, Azərbaycan gəncliyinin vətənpərvərlik ruhunun daha da yüksəlməsinə, onların fərdi inkişafına, öz gələcəklərini arzularındakı kimi qura bilmələrinə çox böyük dəstəkdir. Bütün bunlar, Heydər Əliyev irsinin ana xəttini təşkil edən Vətənə, xalqa təmənnasız xidmət ideyasının gənc nəslə aşılanması baxımından misilsiz əhəmiyyətə malikdir.

Müxtəlif problemlərinin həlli üçün müraciət edən minlərlə insanın pənah qapısına çevrilmiş Heydər Əliyev Fondu səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mənəvi irsinin qorunması və təbliğində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində və digər istiqamətlərdə də çoxşaxəli fəaliyyəti ilə mühüm nailiyyətlərə imza atıb.

Mehriban xanım Əliyevanın Azərbaycandan kənarda apardığı mədəniyyət diplomatiyası işinin nailiyyətləri Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əzmlə həyata keçirdiyi xarici siyasət xəttinə böyük töhfələrdir. Fondun prezidentinin təşəbbüsü ilə müxtəlif ölkələrdə həyata keçirilən sosial-humanitar layihələr Azərbaycanın ayrı-ayrı dövlətlərlə dostluq əlaqələrinin inkişafında çox böyük rol oynayır. Beynəlxalq aləmdə ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, mövqelərimizin möhkəmlənməsinə xidmət edir. Bu ilin noyabrında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri, bu ölkədə keçirdiyi yüksəksəviyyəli görüşlər, ona Rusiya Prezidenti Vladimir Putinin "Dostluq” ordenini şəxsən təqdim etməsi bunun daha bir nümunəsi oldu.


Mədəniyyətlər arasında dialoq məkanı


Ulu Öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, hər zaman bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Müstəqilliyin ilk illərində tənəzzül dövrünü yaşayan mədəniyyətimiz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra yeni inkişaf yoluna qədəm qoydu, bağlanmış teatrlar, muzeylər öz qapılarını yenidən insanların üzünə açdı, ölkəni tərk etmiş istedadlı incəsənət adamları Vətənə geri döndülər. Bu gün də Azərbaycan mədəniyyəti dövlətimizin qayğısından bəhrələnərək yeni sənət nailiyyətləri yaradır. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəniyyət layihələri ilə bu sahədə misilsiz rol oynayır. Hələ ötən əsrin 90-cı illərinin ortalarından yaratdığı "Azərbaycan Mədəniyyətinin dostları” Fondunun fəaliyyəti ilə o çətin dövrlərdə milli mədəniyyətimizin inkişafına dəstək olan Mehriban xanım Əliyeva bu gün mədəni dəyərlərimizin hamisidir. O, Azərbaycan muğamına yeni həyat verdi. Sənət adamlarımızı yaradıcılığa ruhlandırdı. Milli mədəniyyətimizi bütün dünyada tanıtdı. Dünya Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr sayəsində Azərbaycan mədəniyyətinin zənginliyini, demək olar ki, yenidən kəşf etdi. Bu istiqamətdə fəaliyyət indi də davam etdirilir.

Bu gün dövlətimizin həyata keçirdiyi siyasət, Heydər Əliyev Fondunun reallaşdırdığı humanitar layihələr sayəsində Azərbaycan mədəniyyətlər arasında dialoq məkanına çevrilib. Hər il ölkəmizin paytaxtında qlobal humanitar forumlar təşkil olunur. Dünyanın görkəmli elm, mədəniyyət, siyasət xadimlərinin iştirak etdiyi bu forumlarda bəşəriyyətə sülh, insan inkişafı, daha gözəl bir dünyanın qurulması kimi mühüm mesajlar ünvanlanır. Heydər Əliyev irsində xüsusi əhəmiyyət kəsb edən sülhsevərlik, tolerantlıq, başqa mədəniyyətlərə hörmət ruhu, multikulturalizm bu gün Azərbaycanda bir həyat tərzi kimi bütün dünya üçün örnəyə çevrilib. Belə gözəl nümunənin bəşəriyyətə çatdırılmasında Azərbaycanda keçirilən qlobal tədbirlərin təşkili işinə böyük əmək sərf edən Mehriban xanım Əliyevanın rolu müstəsnadır.

Bu ilin mayında Azərbaycanda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Bu forumun artıq ölkəmizdə beşinci dəfə keçirilməsi onu göstərir ki, Azərbaycan indi də bütün dünyada beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün son dərəcə əhəmiyyətli ölkədir. Mövzulardan da göründüyü kimi, indiyə qədər keçirilmiş ənənəvi forumların hər biri dövrümüzün ayrı-ayrı aktual problemlərinə həsr edilmişdir.

Dünyanı vahid məkan, bəşəriyyəti isə bir cəmiyyət kimi görmək istəyinin ifadəsi olan bu cür tədbirlər yeni münasibətlər qurmağa, daha mütərəqqi və aktual müzakirələr aparmağa imkan verir. Bəşər mədəniyyətinin inkişafına ənənəvi yanaşmaları dəyişərək daha səmərəli edir.

Mehriban xanım Əliyeva şəxsiyyəti, təlqin etdiyi dəyərlər etibarilə həm Qərb, həm də Şərq dünyasının mütərəqqi cəhətlərini bir araya gətirir. Ölkənin Birinci vitse-prezidenti həm Qərb dünyasına aid UNESKO-nun, həm də Şərq dünyasına mənsub ISESCO-nun xoşməramlı səfiri titulunu daşıyan yeganə şəxsiyyətdir. Bu da, Azərbaycanın Birinci vitse-prezidentinin yerinə yetirdiyi tarixi missiyanın, sivilizasiyalar arasında dialoqun əldə olunması üçün insana xas ən gözəl keyfiyyətlərin - xeyirxahlığın, şəfqətin, mərhəmətin, sevginin gücü ilə təlqin etdiyi dəyərlərin nailiyyətidir.

"Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi...” Bu, Mehriban xanım Əliyevanın Ulu Öndər haqqında xatirələrindəndir.

Bu gün ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təlqin etdiyi dəyərlər Heydər Əliyev irsində mühüm yer tutur. Heydər Əliyev şəxsiyyəti də humanizmin, barışın, ədalətin təntənəsinin, milli və ümumbəşəri dəyərlərə sadiqlik hissinin rəmzidir. Və bu gün Heydər Əliyev Fondunun fəaliyyəti ilə Mehriban xanım Əliyeva Ulu Öndərin irsinə xidmətin parlaq nümunəsini yaradır.

İradə ƏLİYEVA,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM