28 Oktyabr 2021 02:31
996
CƏMİYYƏT
A- A+

“Mən özümün və şəhid dostlarımın qisasını almışam”

 

“...Ailənin sonbeşiyi idi Azər Əli oğlu İsayev. Əlamətdar bir gündə - 1972-ci il yanvar ayının 1-də Gədəbəy rayonunun axarlı-baxarlı bir guşəsində, Alnabat (Əli-İsmayıl) kəndində dünyaya göz açmışdı. Yaşıdları arasında uca boyu və idmançı cüssəsi ilə seçilirdi. Həyatını futbolsuz təsəvvür etmirdi. Rəssamlıq istedadı var idi. Ara-sıra klassik üslubda şeirlər də yazırdı...

Söhbət Birinci Qarabağ savaşı başlayanda Qazaxıstanın Karaqanda vilayətinin Temirtau şəhərində tankçı kimi həqiqi hərbi xidmət keçən Azər İsayevdən gedir.

SSRİ-nin süqutu ərəfəsində hərbi xidmətini davam etdirmək üçün vətənə dönür. Şair-publisist Sahib Camal illər öncə qələmə aldığı xatirə yazısında Azərin qısa, lakin şərəfli ömür və döyüş yolundan bəhs edib: “...Azər həqiqi hərbi xidmət müddəti qurtarandan sonra da evdə qərar tuta bilmədi. Milli Ordunun Gədəbəyin Başkənd yaşayış məntəqəsini azad etməsindən dərhal sonra rayon hərbi komissarlığına müraciət edərək Qarabağa yollananda “Əsl müharibə orada gedir, bütün bu oyunlar Qarabağın başındadır, onu xilas etməliyik”, - demişdi.

Anası iki il ərzində odun-alovun içindən çıxan Azəri heç olmasa bircə ay yanında saxlamaq istəyirdi. Mümkün olmurdu. Müharibənin nə olduğunu yaxşı bilən Azər anasına təskinlik vermədən həqiqəti söylədi: “Ana, indi Vətənə vuruşan oğullar gərəkdir. Mən evdə otura bilmərəm. Hesab elə ki, məni bu Vətənə qurban demisən”.

Bəlkə elə onu qarşıda gözləyən şəhidlik taleyini fəhmlə duyduğundan bu sözləri söyləmişdi və anasını da bu dərdi çəkməyə hazırlayırdı? Milli Ordunun “Başkənd əməlliyyatı”ndan dərhal sonra Azər İsayev hərbi komissarlığa müraciət edərək Qarabağa yollanıb. Bundan sonra o, Lənkəran batalyonunun tərkibində Qarabağ cəbhəsində döyüşlərə qatılıb. 1992-ci ilin avqust ayında Sərsəng su anbarı ətrafındakı Drombon, Artunaqomer, Mehmanə, Sırxavənd, Çıldıran kəndləri uğrunda aparılan ağır döyüşlərdə iştirak edib: “...Artıq Azərgil Xankəndi yolunda sonuncu strateji əhəmiyyətli Vəngli kəndinə çıxmışdılar. Mahir nişançı olduğuna və texnikadan başı yaxşı çıxdığına görə yoldaşları arasında xüsusilə fərqlənirdi. O, həmin kəndlərin azad olunmasında qəhrəmanlıq nümunələri göstərdi...

Ancaq o zaman cəbhədəki intizamsızlıq, başıpozuqluq Azəri də ciddi narahat edirdi. Çox çətinliklərlə alınan mövqelərin əldən verilməsinin və itkilərimizin də böyük hissəsinin adi intizamsızlıqdan, yaxud təcrübəsizlikdən baş verdiyini yaxşı görür və çıxış yolu tapmağa çalışırdı. Buna görə də yaxın silahdaşları ilə birlikdə “Qızılbaşlar” dəstəsində birləşmişdilər. And içmişdilər ki, düşmənə arxa çevirməyəcək, silahdaşlarını döyüş meydanında qoyub qaçmayacaqlar. Tezliklə bu dəstənin qəhrəmanlıqları barədə xəbərlər bütün bölgəyə yayıldı. Çıldıran ətrafındakı qanlı döyüşlər isə yenidən bərpa olundu. “Qızılbaşlar” böyük iradə və inamla döyüşür, düşmənə ciddi zərbələr vururdular...”

O günləri xatırlayan qardaşı İlqar İsayev deyir ki, 1992-ci il sentyabrın 2-də Azər dörd yoldaşı ilə kəşfiyyata çıxıb: “Yoldaşlarından biri müşahidə aparmaq üçün yaxınlıqdakı aşırıma gedibmiş. Müəyyən edilmiş vaxt keçsə də, o, hələ geri qayıtmadığından axtarışlar müsbət nəticə verməyib. Kəşfiyyat vaxtı qurtardığına görə yoldaşları geri qayıtmağı təkid etsələr də, Azər razılaşmayıb. Deyib ki, biz and içmişik, yoldaşlarımızı axtarıb tapmalıyıq. Qəfildən iki tərəfdən güclü atəşə tutulublar. Mühasirədə olan üç qeyrətli oğul 50-yə yaxın erməni qulduru ilə qeyri-bərabər döyüşdə bir neçə saat öz mövqelərini qoruyub, həm də xeyli sayda düşmən qüvvəsini məhv etmişdilər. Ancaq bu, Azər üçün sonuncu döyüş oldu. Döyüş yoldaşları ağır yaralanan Azəri mühasirəni yararaq atəş altından çıxarmışdılar. Ağır güllə və qəlpə yaraları alan Azər hospitalda bütün ağrılara dözür, doğma və yaxınlarının çəkdiyi sıxıntını hiss edir, onlara ürək-dirək verirdi: “Fikir eləməyin, mən özümün və dostlarımın qisasını, ən azı, onqat almışam...”

O, heç düşünmədi ki, öz vəziyyəti ağırdır. Elə hey döyüş yoldaşlarını xatırlayır, “onlardan yaman nigaranam”, - deyirdi. Həkimlər onun həyatı uğrunda mübarizə aparsalar da, bu qəhrəman oğulu xilas etmək mümkün olmadı.

Bu da ömrü və döyüş yolu qısa olan şəhid Azər İsayevin “həyat hekayəsi...”

1992-ci il oktyabrın 6-da Azər doğmaları ilə son dəfə vidalaşaraq əbədiyyətə qovuşdu. Oktyabrın 8-də Gədəbəyin Şəhidlər xiyabanında böyük izdahamla ana qədər sevdiyi və uğrunda candan keçdiyi torpağa tapşırıldı.

Deyirlər ki, Azərin vətənpərvərliyi, döyüşkənliyi, mərdliyi, igidliyi, Vətənə sevgisi, qorxmazlığı, həm də qeyri-adi istedadı ilə bağlı söz demək istəyənlərin gözlərində yaş donmuşdu o gün. O payız Gədəbəyin dağlarına özgə bir ruzigar əsmişdi - ümidlər, gümanlar kəsilmişdi. Düşmən öz havadarları ilə bizə güc gəlmişdi. Ona görə də Azər İsayev kimi igidlərin narahat ruhları dolaşan Vətən göylərini qara buludlar zülmətə döndərmişdi. Lakin Gədəbəyin Başkəndinin düşməndən azad edilməsi tarixi qələbə idi. Bu gün isə Azər İsayev kimi ölməz şəhidlərimizin ruhları şaddır, axı uğrunda canlarından, qanlarından keçdikləri, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin hərbi-diplomatik siyasəti və “dəmir yumruq”la qazandığımız şanlı Qələbədən sonra ziyarət etdiyimiz hər addım torpaqda eşidilir -”Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır!”...

 

Məhəmməd NƏRİMANOĞLU,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video