27 Sentyabr 2011 12:09
568
Təhsil
A- A+

Məktəblilər üçün töhfə

 

Ümumtəhsil məktəblərin IV sinifləri üçün də "Musiqi-4" dərslik dəsti (Azərbaycan və rus dillərində), nəhayət, işıq üzü gördü. Bu nəşrlər ondan əvvəlki dərsliklərdən həm məzmun, həm forma, həm də dizayn cəhətdən tamamilə fərqlidir. Əvvəlki üç ildə olduğu kimi, "Musiqi" dərslik dəsti üç kitabdan ibarətdir: dördüncülər üçün "Musiqi-4" dərsliyi, müəllim üçün "Metodik vəsait" və yenə də məktəblilər üçün "İş dəftəri".

"Musiqi-4" dərsliyi Təhsil Nazirliyinin qəbul etdiyi "Musiqi kurrikulumunun məzmun standartlarına tam uyğun gəlir. Dərslikdə ilboyu keçiriləcək 32 dərs (həftədə 1 saat olmaqla) mövzululuq prinsipinə əsaslanmışdır. Yəni, hər bir dərsin öz mövzusu vardır. Dərslik ümumilikdə 4 bölmədən ibarətdir və ora daxil olan dərslər bölmənin əsas mövzusunun açıqlanmasına xidmət edir. Dörd bölmənin əsas mövzularının adı belədir: "Azərbaycan xalq musiqisi", "Azərbaycan və dünya xalqlarının musiqisi", "Dünya xalqlarının musiqisi arasında keçilməz sərhədlər yoxdur", "Bəstəkar, ifaçı, dinləyici". "Azərbaycan xalq musiqisi" bölməsi 8 dərsdən ibarətdir. Bu dərslərdə şagirdlər Azərbaycan xalq musiqisinin janrları, xalq mahnıları, milli rəqslər, aşıq musiqisi, Azərbaycan muğamları və zərb-muğamları haqqında IV siniflərin yaş xüsusiyyətlərinə və səviyyəsinə uyğun qısa, dolğun bilgilər alırlar. Bu bilgilərlə bərabər, məktəblilər, eyni zamanda, xalq musiqimizi dünyada tanıtdıran məşhur musiqiçilərimiz, xanəndə və müğənnilərimiz, aşıqlarımız, rəqs sənətinin məşhur ustaları ilə də tanış olurlar. Onlar haqqında verilən qısa məlumatlarla yanaşı, dərslikdə bu sənətkarların şəkilləri də öz əksini tapmışdır.

"Azərbaycan və dünya xalqlarının musiqisi" adlanan bölmə də 6 dərsdən ibarətdir. Bu bölmədə Azərbaycan və Şimali Qafqaz xalqlarının rəqsləri arasındakı oxşar cəhətlər, bizim musiqidən rus bəstəkarlarının yaradıcılığında istifadə olunması, Azərbaycan bəstəkarlarının yaradıcılığında ərəb musiqisindən bəhrələnmə, Orta Asiya səhralarının təsviri, Azərbaycan bəstəkarının yaradıcılığında "Çin Ladi"dan təsiri və s. sadə şəkildə məktəblilərə çatdırılır.

III və IV bölmələr də 9 dərsdən ibarətdir.

"Musiqi-4" "İş dəftəri" adlanan nəşr isə məktəblilərin dərs prosesində əldə etdikləri bilikləri tətbiq etmək üçün nəzərdə tutulmuşdur. Bunun üçün müəlliflər müxtəlif testlərdən, krasvordlardan yetərincə istifadə ediblər. "Musiqi-4" "Müəllim üçün metodik vəsait"də hər bir dərsin müəllim tərəfindən həyata keçirilməsi üçün müxtəlif metod, forma və üsullardan istifadə etmək yolları çox maraqlı şəkildə öz əksini tapmışdır.

Bütün sivil ölkələrdə "Musiqi" fənni üçün qeyd etdiyimiz vəsaitlərdən əlavə, içərisində musiqi materialı yazılmış disklər də, yəni "fonomüntəxəbat" müəllimlərə verilir. "Musiqi" dərslərində musiqi dinlənilməli, mahnılar oxunmalı, musiqili-ritmik hərəkətlər həyata keçirilməlidir. Yəni, musiqisiz musiqi dərsləri ola bilməz. Təəssüflər olsun ki, son üç ildə "Musiqi" fənninin bu sahədə hazırlığı olmayan ibtidai sinif müəllimlərinə tapşırılması, musiqi materialları yazılmış disklərdən istifadə edilməməsi ona gətirib çıxarıb ki, ibtidai siniflərdə bu fənn demək olar ki, tədris olunmur və çox halda başqa fənlərlə əvəzlənir. Yəni, məktəblilərimiz musiqi mədəniyyətindən kənarlaşdırılır.

Güman edirik ki, bu sahədə qeyd olunan qüsurlar tezliklə aradan qaldırılacaq və məktəblərimizdə "Musiqi" fənni mükəmməl tədris olunacaq. Əldə dərsliklər də var. Bu gözəl "Musiqi" dəsti "Təhsil" nəşriyyatı tərəfindən çap olunmuşdur. Onu da qeyd etmək yerinə düşər ki, dərs vəsaitlərinin müəllifləri bəstəkar, professor Oqtay Rəcəbov, professorlar Kazım Kazımov, Yeganə Axundova və respublika İncəsənət Gimnaziyasının müəllimi Ofelya İmanova milli dəyərlərimizə və Avropa standartlarına tam uyğun gələn kitablar yaratmışlar.

 

F.XƏLİLZADƏ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video