26 Avqust 2019 21:48
2804
Birinci vitse-prezident
A- A+

Mehriban Əliyevadan körpələrə növbəti hədiyyə


Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Sabunçu rayonunda 260 saylı, Binəqədi rayonunda 141 saylı körpələr evi-uşaq bağçalarının açılışlarında, həmçinin valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Heydər Əliyev Fondunun "Dalğa Beach” istirahət mərkəzində təşkil etdiyi növbəti əyləncə və istirahət proqramında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva əvvəlcə paytaxtın Sabunçu rayonunda 260 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Bu körpələr evi-uşaq bağçası 1937-ci ildən fəaliyyət göstərir. Bağçanın köhnə binası ötən ilin noyabrında sökülüb, yerində Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa olunub. Yeni bina 140 yerlik olmaqla, 7 qrupdan, musiqi-idman zalından, mətbəx, tibb otağı, camaşırxana və digər köməkçi otaqlardan ibarətdir. Bağça zəruri inventarla, mebel dəstləri ilə təchiz edilib. Ümumi sahəsi 2000 kvadratmetrdən çox olan bina havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Gələcəyimiz olan uşaqların xoşbəxt böyümələri, onların həm fiziki, həm də mənəvi cəhətdən sağlam olmaları işinə Azərbaycan dövləti xüsusi diqqət göstərir. Dövlət səviyyəsində bu istiqamətdə icra olunan layihələrə Heydər Əliyev Fondunun töhfələri də böyük əhəmiyyətə malikdir. Fondun təşəbbüsü və dəstəyi ilə indiyədək paytaxtla yanaşı, bölgələrimizdə də çoxsaylı körpələr evi-uşaq bağçası inşa edilib, təmirə ehtiyacı olanlar isə müasir səviyyədə yenidən qurulub.

260 saylı körpələr evi-uşaq bağçasının ərazisində geniş abadlıq-quruculuq işləri aparılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

X X X

Sonra Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva paytaxtın Binəqədi rayonundakı 141 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak etdilər.

Körpələr evi-uşaq bağçası üçün bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir edilib. Bina bağça kimi 1980-ci ildə ilk dəfə fəaliyyətə başlayıb və indiyədək təmir edilməmişdi. Beş min kvadratmetrdən çox ərazisi olan 3 korpusdan ibarət körpələr evi-uşaq bağçası təmirdən əvvəl 8 qrupda 150 uşağa xidmət göstərirdi. Yeni binada isə 210 yerlik körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Burada komplektləşdirilmiş qrup otaqları, mətbəx və yeməkxana, idman və musiqi zalları və digər otaqlar var. İkimərtəbəli məktəbəqədər təhsil müəssisəsinin otaqları və dəhlizləri uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib, qrup otaqları zəruri inventarlarla, mebel dəstləri ilə təchiz edilib. Məktəbəqədər təhsil müəssisəsində yeddisı Azərbaycan, dördü isə rusdilli bölmə olmaqla, ümumilikdə, 11 qrup fəaliyyət göstərəcək. Körpələr evi-uşaq bağçasında 2 yaşdan 6 yaşadək uşaqların təlim-tərbiyəsi ilə 42 nəfərdən ibarət peşəkar heyət məşğul olacaq. Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıqlar salınıb, işıqlandırma sistemi quraşdırılıb. Burada balacaların istirahəti üçün oyun və idman avadanlıqları da var. Bir sözlə, bu müəssisədə uşaqların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək, həmçinin onların bacarıq və istedadlarını aşkara çıxarmaq üçün hərtərəfli lazımi şərait yaradılıb.

X X X

"Dalğa Beach” istirahət mərkəzində Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan tədbirə xüsusi avtobuslarla gətirilən uşaqları nağıl qəhrəmanları qarşıladılar. Nizami, Suraxanı, Xətai rayonlarının uşaq evlərinin, Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinin və 11 saylı inteqrasiya təlimli internat məktəbinin sakinləri bu məkanda unudulmaz anlar yaşadılar.

Şənliyə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da qoşuldular.

Balacalara xas olan hədsiz səmimiyyət və sevinclə əylənən uşaq evlərinin sakinləri və xüsusi qayğıya ehtiyacı olan uşaqlar müxtəlif oyunlarda, attraksionlarda iştirak etdilər, isti yay günündə hovuzda üzdülər, onlar üçün hazırlanmış müxtəlif əyləncəli proqramlarla maraqlı vaxt keçirdilər, ətrafdakılarla sevinclərini bölüşdülər.

Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını fəaliyyətinin prioritet istiqamətləri kimi müəyyən edən Heydər Əliyev Fondu növbəti dəfə balacalara unudulmaz anlar yaşatdı. Hər bir uşağa Heydər Əliyev Fondunun hədiyyələri təqdim olundu. Şənlikdə, ümumilikdə, 200-dən çox uşaq iştirak etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video