02:53 16 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Mehmandarovların partizan qızı

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:41 08.05.2021

 

Babası ermənilərə, özü isə almanlara qan udduran Aliyə Rüstəmbəyovanın qəhrəmanlıq salnaməsi

 

Ölümün amansız hökmünü pozan,

Mən cərrah bıçaqlı döyüşçü qızam.

Sülhəm, azadlığam, nur, işığam mən,

Günəşlə, şəfəqlə qarışığam mən...

 

...Ağcaqayın ağaclarının enli yarpaqları arasından süzülən günəş şüaları meşənin vahiməli qaranlığına işıq salır, iyunun ilıq mehi bu nur zərrələrindən cəsarətlənərək torpaqdan boy atmış yaşıl çəmənliyə sığal çəkirdi.

Yaxınlıqdan həzin-həzin axan çayın şırıltısı gəlir, küləyin aram-aram oynatdığı yarpaqlar ahəngdar bir xışıltı ilə budaqlarda sağa-sola süzülür, bu coşqudan vəcdə gələn quşların şən avazı meşəni bürüyürdü...

Sanki təbiət də az sonra yaşanacaq dəhşətdən duyuq düşərək son dəfə bütün qəmzəsi, gözəlliyi ilə onun gözlərinə, qəlbinə köçmək istəyirdi...

Və elə bu an yer də, göy də birdən qəzəbləndi, dəhşətli uğultu qopdu, üzərlərinə bomba yağışı yağmağa başladı. Qəfil açılan mərmilər ölüm nəriltisi ilə üzərlərinə gəlməyə, lap yaxınlarında partlayaraq torpağın, cəmi bir neçə dəqiqə əvvəl kölgəsində oturduqları ağcaqayın ağaclarının külünü göyə sovurmağa başladı...

Bombalar, mərmilər, pulemyotlardan açılan atəşlər səngimək bilmirdi. Səs-küydən az qalırdı qulaq kar olsun. Yaralıların iniltisi isə ərşə dirənmişdi...

Havaya yüksələn qatı toz-dumanından göz-gözü görmürdü, amma Aliyə həkim düşmənin dolu kimi yağan güllələri altında heç nəyə fikir vermədən yaralı döyüş yoldaşlarının hayına yetməyə tələsirdi... Beləcə, neçə dəqiqə, saat keçdiyini bilmədən var gücü ilə daha çox insan həyatını xilas etmək üçün ölümlə mübarizə aparırdı...

***

Səngərdən-səngərə sürünürdü qız,

Tüstüyə, dumana bürünürdü qız,

Çovutma güllədən onun bədəni,

Qara qəlpələrdən çiçək-çiçəkdi.

Bu anlarda ona tamaşa edən

Görərdi, o indi necə göyçəkdir.

O necə qoçaqdır, necə qəhrəman!..

***

Cəsur həkim heç ağlına da gətirmirdi ki, indi elə özü də ölümlə burun-burunadır. Lakin ölüm haqqında düşünmək üçün zamanı yox idi, yaxınlıqda toz-dumanın içində daha bir yaralı əsgərin zarıdığını duymuşdu... Tez sürünərək özünü onun yanına yetirdi, qan itirməkdən taqəti getdikcə kəsilən və qurtuluş ümidini ona bağlayan bu yaralıya da kömək etmək, onu da ölümün zalım əllərindən almaq istədi, amma...

Elə bu vaxt sanki köksünə iynə sancıldı, dünya başına fırlandı və səntirləyərək kürəyini yanındakı ağcaqayın ağacına söykədi...

Bundan sonra isə hər şey lal sükuta büründü...

Yaman üşüyürdü, alışıb-yanan ürəyi isə dəlicəsinə su istəyirdi, bir damcı su...

Amma getdikcə susuzluq hissi də keçirdi və daha heç nə istəmirdi, sadəcə qanad açıb uçmaq, özünün Vətəni olan odlar yurduna, Şuşaya, doğmalarına yetirmək, yenə o anlara, aylara, ən bəxtəvər illərinə qayıtmaq istəyirdi...

Beləcə, ömrünün bu son anlarında ağcaqayın yarpaqları arasından süzülərək meşənin zülmətinə işıq tutan ayın nurlu çöhrəsini seyr edə-edə bir qərinəlik ömür yolu pərdə-pərdə gözlərinin önündən axıb keçməyə başladı İkinci dünya müharibəsi qəhrəmanı, partizan, həkim Aliyə Fətulla qızı Rüstəmbəyovanın...

Zaman sürətlə onu geriyə, uşaqlığına qaytardı, Şuşaya baş çəkdi, baba mülklərindən qalxan uşaq hay-küyü arasında öz səsini axtardı...

Babası Əbdülkərim bəyin həlim səsi gəldi qulaqlarına...

Qızının yolunu gözləyən bir ağsaçlı ana keçdi gözləri önündən...

Bir ağxalatlı qız gülümsədi...

Bir əsgər çəkməli partizan qız uzaqdan əl yellədi ona...

Qəhərləndi, keçənlərə heyhat, ötənlərə heyif dedi... Amma al-qanı ilə suvardığı müqəddəs torpaqdan, ürəyindəki Vətən eşqindən güc alaraq son dəfə qürurla pıçıldadı: “hər şey Vətən üçün”...

***

- Aliyə, dilləri yaxşı bilirsən,

Təmiz danışırsan, hardandır əslin?

Yəqin ki, ziyalı olubdur nəslin.

- Atam mühəndisdir, babam həkimmiş...

***

Şanlı və qürurverici nəsil şəcərəsi olan Aliyə Rüstəmbəyova 1907-ci ildə Şuşada anadan olmuşdu. Atası Fətulla Rüstəmbəyov ilk azərbaycanlı mühəndis-texnoloq, Azərbaycanda neft sənayesinin bərpasının və texniki cəhətdən yenidən qurulmasının təşkilatçılarından biri olmuşdur. O, Azərneftin Dəniz Komitəsinə başçılıq edərək sualtı neft sahələrinin işlənilməsində, dəniz neft mədənlərinin inkişafında böyük əmək sərf etmişdir. Onu “Allahdan vergili neftçi” adlandırmaları da bu nailiyyətlərinə görə idi.

Aliyənin anası Turan xanım isə Azərbaycanın ən qədim, köklü, tanınmış soylarından olan Mehmandarovlardan idi, Leninqrad Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, “Difai” təşkilatının rəhbərlərindən olan Əbdülkərim bəy Mirzə Müstafa bəy oğlu Mehmandarovun qızı idi.

Və elə Aliyə Rüstəmbəyovanın cəsarətli, qürurverici həyat hekayəsi ilə tanış olduqda görürsən ki, həkimliklə yanaşı, o, bütün digər xarakterik xüsusiyyətləri ilə babasına çəkib, onun şərəfli yolunu izləyib...

Uzun illər həkimlik etmiş ictimai xadim, xeyriyyəçi insan, torpağı uğrunda silaha sarılıb döyüşən vətənpərvər oğul kimi Azərbaycan xalqının qəlbində özünə şərəfli və əbədiyaşar taxt ucaltmış Əbdülkərim bəy Mehmandarov ömrü boyu xalqının tərəqqisi və rifahı üçün çalışıb vuruşmuşdur. Əbdülkərim bəyin 1905-1906-cı ildə ermənilərin Qarabağda müsəlmanlara qarşı başladıqları qırğınların qarşısını almaqda müstəsna xidmətləri olub. Belə ki, o, bu qırğınların qarşısını almaq üçün yaradılan “Difai” təşkilatının liderlərindən olmuş, Şuşa şöbəsini yaratmışdı. Məhz Əbdülkərim bəyin cəsur səyləri nəticəsində erməni daşnaklarının dəfələrlə Şuşa əhalisinə qarşı planlaşdırdıqları qırğınların qarşısı alınır, onların burnu ovularaq yerlərinə otuzdurulur...

Əbdülkərim bəy həm də böyük xeyriyyəçi idi. O, 1905-ci il hadisələrindən sonra Şuşada evində xəstəxana və yetim qalmış uşaqlar üçün məktəb, qiraətxana açır. 1911-ci ildə onun təşəbbüsü ilə Şuşada ilk dəfə qız məktəbi açılır...

Aliyə Rüstəmbəyovanın mənsub olduğu Mehmandarovlar soyu Əbdülkərim bəylə yanaşı, xalqımızın həyatında müstəsna rol oynayan onlarca tanınmış nümayəndələr yetişdirib: Teymur bəy Mehmandarov, Sadıq bəy Mehmandarov, Mirzə Mustafa bəy Mehmandarov, Nağı bəy Mehmandarov, Səməd bəy Mehmandarov, Mixail Tuşinski, Məhbubə xanım Mehmandarova - Mahmudbəyova...

Və adlarını çəkmədiyimiz neçə-neçə görkəmli şəxsiyyətlər...

Aliyənin qardaşı Əsəd bəy Rüstəmbəyov da görkəmli alim, Azərbaycan SSR Əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi olmuşdur. 1911-ci ildə Şuşada anadan olan Əsəd bəy Azərbaycan Neft və Kimya İnstitutunu bitirmiş, dərin və çox dərin qazımanın texnologiya məsələlərinə dair tədqiqat işləri aparmışdır. Azərbaycanda, Başqırdıstanda yüksək məhsuldar yeni yataqların kəşfində və işə salınmasında fəal iştirak etmişdir.

***

Kim deyir ki, dünyada

Həkim adi insandır?

O ölümlə çarpışan

yenilməz qəhrəmandır.

***

Belə bir möhtəşəm şəcərədən kök ataraq pöhrələnən balaca Aliyə də Bakıdakı 3 saylı orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra həkim olmaq arzusunu reallaşdırmaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olur və az sonra təhsilini 1-ci Leninqrad Tibb İnstitutunda davam etdirir. Həmin institutu fərqlənmə diplomu ilə bitirən Aliyə Rüstəmbəyova öz istəyi ilə 3 il Özbəkistanda Çirçiktikinti idarəsinin xəstəxanasında həkim işləyir. 1938-ci ildə isə onu təcrübəli həkim-terapevt kimi Moskvaya göndərirlər.

Lakin 1939-cu il noyabrın 30-da SSRİ-nin Finlandiyaya qarşı başladığı müharibə zamanı Aliyə də həkim kimi cəbhəyə yollanmalı olur. Ən şiddətli döyüşlərin getdiyi Kareliya bərzəxində öz həyatını ağır təhlükələrə atmaqdan çəkinməyərək, yaralı döyüşçüləri ölümün pəncəsindən xilas edir. Müharibə 1940-cı il martın 12-də Sovet İttifaqının qələbəsi ilə başa çatdıqdan sonra o, Moskvaya qayıdıb, öz işini S.P.Botkin adına daxili xəstəliklər klinikasında davam etdirir. Lakin bu da uzun çəkmir və Aliyəni qarşıda yenidən qanlı-qadalı müharibə günləri gözləyir. Belə ki, 1941-ci il iyunun 22-də alman faşistlərinin Sovet İttifaqı üzərinə xaincəsinə hücumu Aliyənin elmi işinə, dinc həkimlik fəaliyyətinə də son qoyur...

Həmin vaxt hər kəs kimi tibb işçiləri də cəbhəyə yola düşürlər və Aliyə Rüstəmbəyova da müharibənin ikinci günü, iyunun 23-də səfərbərliyə alınaraq, Vətən uğrunda vuruşan igid döyüşçülərimizə tibbi yardım etmək üçün hərbi həkim kimi müharibə meydanına atılır.

Aylarla Moskva uğrunda şiddətli döyüşlərdə iştirak edir. 1941-ci ilin noyabrında faşist diviziyaları Moskvaya ikinci əsas hücuma başlayır. Belə şiddətli hücim şəraitində tibb işçilərinin də işi qat-qat çətinləşmişdi. Elə olurdu ki, bəzən Aliyə həkim bir gecədə 20-30 kilometr yolu piyada qət edərək yaralıların imdadına yetişməyə çalışırdı. Bu cür çətin şəraitdə yaralılara qulluq etmək də çətin idi, amma bütün bunlara baxmayaraq, Azərbaycan xalqının cəsur qızı gecə-gündüz yorulmadan çalışır, ən ağır dəqiqələrdə belə yaralı komandir və döyüşçülərə hər cür kömək edirdi.

Beləliklə, Aliyə Rüstəmbəyova düşmənin güllə yağışı altında sərasər 6 ay yorulmadan əvvəlcə Moskva altında, sonra Smolensk - Bryansk meşələrində tibb sanitar batalyonunda xidmət edərək mübarizə aparır...

***

Əynində yıpranmış kətandan köynək,

Köhnəlmiş yubkası dizindən gödək.

Əlində patronu qurtarmış tüfəng

Aliyə qoşuldu partizanlara,

O cəsur, yenilməz mərd insanlara...

***

1941-ci ilin dekabrında düşmən atəşi altında döyüşçülərə tibbi kömək göstərən Aliyə yaralı halda əsir düşür. Alman komandanlığı Aliyənin həkim olduğunu bilib, ondan istifadə etməyi qərara alır. Aliyə fürsət düşən kimi qaçıb partizanlara qoşulmaq niyyətilə bir müddət işləyir. 1942-ci il fevralın əvvəllərində isə bir qrup əsir döyüşçü ilə birlikdə “Deduşka” partizan dəstəsinin köməyilə əsirlikdən qaçır.

“Deduşka”nı yaşı altmışı haqlamış inşaatçı-mühəndis Vasili İsayeviç Voronçenko hitlerçilərin Sovet İttifaqı üzərinə xaincəsinə hücumunun elə ilk aylarında xalq qisasçılarından təşkil etmiş, ehtiyat qoşun diviziyasına daxil olmuşdu. O, düşmənlə cəsarətlə döyüşür, lakin Kaluqa vilayətinin Spas - Demensk şəhəri yaxınlığında mühasirəyə alınaraq əsir düşür. Sonra əsirlikdən qaçaraq, alayın komissarı Pyotr Fyodoroviç Silantyevlə birlikdə özü kimi vətənpərvərlərdən ibarət partizan dəstəsi yaradır. Dəstənin komandirini V.İ. Voronçenko kimi çox az adam tanıyırdı və hamı onu Deduşka çağırırdı. Gündən-günə artan dəstə də komandiri kimi “Deduşka” adını almışdı.

“Deduşka” Smolensk vilayətinin Droqobujsk rayonunda fəaliyyət göstərirdi. Partizanlar kiçik dəstələrlə hərəkət edir, düşmənin gözləmədiyi yerlərdən qəfil hücuma keçir, körpüləri partladır, dəmir yolu qatarlarını aşırır, bir sözlə, onlara sarsıdıcı zərbələr vururdular. Fevral-mart aylarında isə partizanlar yerli əhalinin də fəal köməyi nəticəsində bütün Droqobujsk rayonunu faşist işğalçılarından azad etmişdilər. Cəsurlar düşməni kənd və qəsəbələrdən sürətlə qovur, onları böyük tələfata uğradırdılar...

Amma Droqobujskin azad edilməsi partizanlara da böyük itkilər hesabına başa gəlmişdi. Xəstəxanaya hər gün saysız yaralı gətirilirdi. Aliyə həkim var gücü ilə gecə-gündüz çalışır, yaralı partizanların həyatını xilas edirdi.

Eyni zamanda Aliyə Rüstəmbəyova tibbi xidməti ilə yanaşı, lazım gəldikdə partizanlıq da edir, risk tələb edən kəşfiyyatlara gedir, “Deduşka” üçün zəruri məlumatlar toplayırdı...

Partizanların faşistlər üçün yaratdıqları təhlükə reyxin yüksək dairələrinin onlara qarşı daha mütəşəkkil qüvvələr göndərməsinə səbəb olmuşdu...

Belə ki, 1942-ci ilin martın 22-də düşmən müxtəlif istiqamətlərdən tanklarla Droqobujsk üzərinə hücuma keçmiş, Smolensk meşələrinə təyyarələrdən saysız bombalar yağdırmış, partizan birləşməsinin qərargahı yerləşən Fyodorovka kəndi uzaqvuran toplardan atəşə tutulmuşdu. Döyüşlərin mərkəzində fəaliyyət göstərməyə məcbur qalan Aliyə tibb bacıları və sanitar təlimatçıları ilə birlikdə cəsarətlə özlərini yaralı döyüşçülərə çatdırır, onlara elə buradaca ilk tibbi yardım göstərir, yaralarını təmizləyir, sarıyır, tikir, döyüş meydanından çıxartmağa kömək göstərirdi. Bu döyüşlər zamanı martın 23-də “Deduşka” - Vasiliy Voronçenko ağır yaralanır və Aliyə başda olmaqla həkimlər, tibb bacıları çox çətinliklə onun həyatını xilas edə bilirlər. Bir neçə gün sonra isə V.Voronçenkonu və digər yaralıları “Duqlas” təyyarəsi ilə Moskvaya göndərirlər. Və həmin təyyarə Aliyənin son məktubunu, rəfiqəsi Tereza Merqulovaya yazdığı məktubunu da götürərək havaya qalxır...

 Partizan qızın bu son məktubunun bir hissəsində ürək ağrısı ilə yazılmışdı: “Əgər soruşsan ki, mən bu beş ayda harada olmuşam, cəsarətlə deyərəm ki, cəhənnəmdəydim və indi də cəhənnəmdəyəm. Başıma gələnləri saymaqla qurtarmaz! Bu müddətdə mən işğal edilmiş vilayətdə idim. İndi isə özümüzünkilərin- partizanların arasındayam. Bilirəm ki, buradan sağ-salamat qurtarmayacağam. Buna görə də imkan olsa da, anamgilə məktub yazmıram. Onlar artıq elə bilirlər ki, mən həyatda yoxam. İstəmirəm mənim sağ olduğumdan xəbər tutub, yenidən həyəcan keçirməyə başlasınlar. Çünki buradan sağ-salamat qurtula bilməyəcəyimə yüz faiz əminəm. Əgər bir ay, ay yarım məndən xəbər çıxmasa, daha məni gözləmə...”

***

Cavan Aliyənin arzulu döşü,

Qızılgüllər açdı, yarpağı qanlı...

Durdu ayaq üstə, köksü nişanlı,

Qızıl şeh damladı barmaqlarından,

Qara saçlarından, yanaqlarından,

Dizləri titrədi, o yıxılmadı,

Ölümün hökmünə təslim olmadı.

***

Partizanlar “Deduşka”nın yoxluğunda da ruh yüksəkliyi ilə düşmənə qarşı mübarizə aparırdılar. Tibb-sanitar batalyonunun rəisi təyin edilmiş Aliyə Rüstəmbəyova vəzifəsinin öhdəsindən layiqincə gəlir, yaralı döyüşçüləri ölümün pəncəsindən xilas etmək üçün çox zaman öz həyatını təhlükəyə atmaqdan belə çəkinmirdi.

1942-ci ilin yayında isə faşist ordusu “Deduşka” partizan dəstəsi üzərinə yeni qüvvələr yönəltdi. Düşmən toplarla, tanklarla və təyyarələrlə hücuma keçdi. İyunun 9-da isə vəziyyət daha da ağırlaşdı, hətta həmin gün “Deduşka” qərargahının başqa partizan hissələri ilə əlaqəsi tamamilə kəsildi. Partizanlar pərakəndə halda, bir-birindən xəbərsiz Fyodorovka və Kuzimsk meşələrində düşmənə qarşı vuruşları davam etdirdilər, qərargahın tibb-sanitar batalyonu isə Kuçerovsk meşəsində idi. Onun yerindən xəbər tutan düşmən meşəni gecə-gündüz fasiləsiz olaraq gülləbaran edirdi. Çətin mühasirə şəraitində döyüşlər gedirdi, tibb-sanitar batalyonunun işçiləri Aliyənin rəhbərliyi ilə düşmənin dolu kimi yağan pulemyot güllələri altında rahatlıq, dinclik bilmədən yaralı igidlərə tibbi yardım göstərirdilər.

1942-ci il iyunun axırlarında həmin qanlı döyüşlərin birində saysız yaralıya yardım edərək onlara həyat verən Aliyə Rüstəmbəyova özü qəhrəmancasına həlak olur...

“Deduşka” partizan hərəkatında “partizan həkimi” kimi tanınan bu şuşalı cəsur qız haqqında 1943-cü il martın 7-də “Bakinskiy raboçi” qəzetində yazılmışdı: “Düşmənin işğal etdiyi, ancaq ona tabe olmaq istəməyən meşədə faşist işğalçıları ilə Azərbaycan xalqının şanlı qızı partizan Aliyə də döyüşüb. O, döyüş dostları ilə partizan həyatının sərt məhrumiyyətləri və təhlükələrini bölüşürdü. Hitlerçilərdən dinc əhaliyə törətdikləri qanlı vəhşiliklərə görə intiqam alırdı”.

***

- Aliyə, hardasan, qəhrəman bacım?

- Sağam, ölməmişəm, mənim qan bacım!

Mən əsgər paltarlı partizan qızam,

Sizin sevinciniz, şadlığınızam!

***

İyun ayından etibarən Aliyədən heç bir xəbər, məktub ala bilməyən yaxınları ondan çox nigaran qalmışdılar. Onların bu narahatlığının yazılı təzahürü, 5 qiymətli məktub AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fondunda saxlanılır. Belə ki, Pavlov adına Leninqrad Tibb İnstitutunun Pronedevtika-Terapevtika Klinikasının direktoru, SSRİ Tibb Elmlər Akademiyasının həqiqi üzvü, həmin dövrdə Leninqrad şəhərinin baş terapevti işləmiş Aliyənin dayısı Mixail Tuşinskinin (Mixail bəy Kərim bəy oğlu Mehmandarov-Tuşinski) Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin dosenti, tibb elmləri namizədi Məhbubə xanım Mehmandarova-Mahmudbəyovaya (Aliyənin xalası) göndərdiyi beş məktubu var. Yeri gəlmişkən qeyd edək ki, Əbdülkərim bəyin qızı Məhbubə xanım 1933-70-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun (ATU) Mama-ginekologiya kafedrasının dosenti, sonra professoru, sonra isə müdirəsi olmuşdur. Məhbubə xanım 1968-74-cü illərdə respublikanın Mama-Ginekoloqları Elmi Cəmiyyətinin sədri olmuşdur.

14 iyun 1942-ci ildə Məhbubə xanıma göndərilmiş ilk məktubda yazılıb: “Aliyədən xəbər yoxdur. Ecazkar, mehriban Aliyə fikrimdən çıxmır”.

İkinci məktub da nigarançılıqla yazılıb: “Aliyədən heç bir xəbər yoxdur. Məlumat bürosunun xəbərlərində oxudum ki, almanlar Smolensk vilayətində bir neçə kəndi büsbütün dağıtmışlar, dəhşətə gəldim”.

Üçüncü məktubda belə bir qeyd var:  “”Pravda” qəzetində Azərbaycan haqqında məqalə vardı. Orada Smolenskdə işləyən “R” soyadlı azərbaycanlı barədə yazı yazılmışdı. Ola bilsin ki, bu bizim Aliyədir”.

Dördüncü məktubda “Bizə, Leninqrada Moskvanın baş terapevti gəlmişdi. Onun sözlərinə görə, gəlişindən iki həftə qabaq Aliyədən məktub alıb. Aliyə Smolensk - Bryansk meşələrində partizan dəstəsinin tibb-sanitar batalyonunun rəisi işləyir. Sağ-salamatdır. Mümkün olsaydı, onu Moskvaya çağırardım. Biz mütəmadi olaraq belə şəraitdə yerləşən həkimlərimizi dəyişirik” deyilirdi.

1943-cü ilin mayında Aliyənin xalası Məhbubə xanıma yazılan məktub dayı Mixail Tuşinskinin tam ümidsizliyə qapıldığını göstərir: “Aliyədən heç bir xəbər yoxdur. Onun salamat qalmasına, demək olar ki, ümidim qalmayıb. Mən moskvalı dostlarımdan Aliyə barədə öyrənməyi xahiş etmişəm. Hələ ki, heç bir xəbər yoxdur”.

Aliyənin taleyi ilə bağlı doğmalarının bilmədiyi, fikirlərindən qovduğu dəhşətli həqiqət isə Smolensk partiya arxivindəki sənəddə gizli idi: “Aliyə Rüstəmbəyova - ehtiyatda olan həkim, bitərəf, 1941-ci il iyulun 23-də səfərbərliyə alınıb. 1942-ci il fevralın əvvəllərində “Deduşka”nın partizan birləşməsində olub. Droqobujskda Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsində işləyib. 1942-ci ilin iyununda həlak olub”.

Şərəfli Azərbaycan qızının qəhrəmanlığı Ulu Öndər Heydər Əliyevin də diqqətindən yayınmamış və o, 1972-ci il “Oktyabr” jurnalının 6-cı sayında Aliyə Rüstəmbəyova haqqında yüksək fikirlər söyləmişdir: “Mən Smolensk vilayətində partizan dəstələrindən birində döyüşən şərəfli azərbaycanlı qızı, hərbi həkim Aliyə Rüstəmbəyovanın igidliyini yüksək dərəcədə səciyyəvi hesab edirəm”.

Azərbaycanın vətənpərvər qızının igidliyi və hünəri ədəbiyyat və incəsənətdə də təzahürünü tapıb. Şairə Mirvarid Dilbazi onun haqqında “Partizan Aliyə” poemasını yazıb. Elə yazı boyu istifadə etdiyimiz şeirlər də dəyərli şairəmizin həmin poemasındandır.

Heykəltəraş Aslan Rüstəmov Aliyənin büst-portretini hazırlayaraq onu əbədiyaşar edib. Aliyə Rüstəmbəyovanın həyatı yolu barədə tədqiqat işini böyük elmi işçi Rəna Səfərova aparıb.

Bu gün Aliyə Rüstəmbəyova ilə bağlı fotoşəkillər, sənədlər, məktublar, onun mürəkkəbqabısı və gümüş qələmi Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın cəsur həkim qızından əziz xatirə kimi böyük qayğı ilə mühafizə olunur.

Bu, Azərbaycanın peşəkar həkim, cəsur partizan qızı şuşalı Aliyənin başdan-başa qəhrəmanlıqlarla zəngin taleyindən qısa hekayət idi.

Necə ki illər əvvəl babası Əbdülkərim bəy Mehmandarov erməni faşizminə qan uddurmuşdu, həkim-partizan Aliyə Rüstəmbəyova da bu izlə gedərək hitlerçilərə qarşı vuruşmuş, alman faşizminin kökünün kəsilməsi üçün canını belə fəda etməkdən çəkinməmişdi.

Əminik ki, bu gün fədakar həkim, cəsur partizan Aliyə Rüstəmbəyovanın ruhu ikiqat qürurlu və şaddır, çünki artıq doğma Şuşası da faşist xislətlilərin əlindən qurtularaq azadlığına qovuşubdur...

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM