09 Yanvar 2021 00:26
733
Mədəniyyət
A- A+

Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtisaslaşmış qurumları arasında əməkdaşlıq  istiqamətləri barədə müzakirələr aparılıb

 

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident nümayəndəsi Qulam İsakzai arasında sonuncunun xahişi ilə onlayn formatda görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Mədəniyyət Nazirliyi ilə BMT və BMT-nin ixtsaslaşmış qurumları arasında əməkdaşlıq istiqamətləri barədə müzakirələr aparılıb.

Görüşdə Qulam İsakzai Azərbaycan ilə BMT arasında sıx əməkdaşlığın mövcud olduğunu, ölkəmizin BMT-nin müxtəlif fəaliyyətlərinə dəstək verdiyini vurğulayıb, gələcəkdə bu əməkdaşlığın eyni ruhda davam edəcəyinə əminliyini ifadə edib.

Nazir Anar Kərimov Azərbaycan ilə BMT arasında Mədəniyyət Nazirliyinin fəaliyyət sahələrində sıx əməkdaşlıq münasibətlərinin mövcudluğunu diqqətə çatdırıb. BMT-nin ixtisaslaşmış qurumu olan UNESCO ilə münasibətlərin inkişafı üçün dövlət başçısı İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olduğunu, ölkəmizin təşkilatın prinsip və dəyərlərinə daim sadiq olduğunu bildirərək, bu məsələdə təşkilatdan da adekvat yanaşmanın, ədalətli mövqenin gözlənildiyini ifadə edib. Lakin son dövrlərdə UNESCO-nun erməni işğalından azad edilmiş ərazilərə missiya göndərilməsi ilə bağlı təşkilatın anlaşılmaz açıqlamalarının Azərbaycan tərəfində məyusluq yaratdığını bildirib: “Halbuki bizim tərəfimizdən ilkin mərhələdə missiyanın həyata keçirilməsi üçün işğaldan azad edilən ərazilərdə təhlükəsizlik məsələlərinin həll edilməsinin vacibliyi, xüsusilə ərazilərin minalardan təmizlənməsi prosesinin və iqlim vəziyyətinin əlverişli olmadığı diqqətə çatdırılmışdır”.

 Q.İsakzai UNESCO tərəfindən onunla da müəyyən təmasların olduğunu bildirərək missiya ilə bağlı Azərbaycan tərəfinin mövqeyinə aydınlıq gətirilməsini xahiş edib.

Nazir A.Kərimov bildirdi ki, son  30 ildə işğal altında qalan ərazilərdəki mədəni irsin monitorinqi üçün missiyanın həyata keçirilməsi ilə bağlı Azərbaycan UNESCO-ya dəfələrlə müraciətlər ünvanlayıb, lakin təəssüf ki, bu müraciətlər cavabsız qalıb. Bu missiyaya imkan verilməməsinə görə UNESCO tərəfindən Ermənistana bir çağırış və ya bu haqda bir bəyanat verilməyib.

Təəssüflə qeyd edilməlidir ki, hazırkı müzakirələr fonunda UNESCO tərəfindən Azərbaycanı əsassız olaraq günahlandıran açıqlamaların verilməsi təşkilatın qərəzsizliyini və öz nizamnaməsinə uyğun tərəfsiz yanaşmasını kölgə altına salır.

A.Kərimov Azərbaycan tərəfinin həmin ərazilərə monitorinq missiyasının göndərilməsində hamıdan daha çox maraqlı olduğunu, lakin həmin missiyanın ölkəmizin ərazi bütövlüyü, suverenliyi və sərhəd toxunulmazlığına, eləcə də beynəlxalq hüququn digər prinsiplərinə hörmət çərçivəsində, mənşəyinə və dini xarakterinə heç bir ayrı-seçkilik qoyulmadan bütün abidələrin və mədəniyyət obyektləri üzərində təşkilini dəstəkləyir: “UNESCO tərəfindən bu kimi açıqlamaların verilməsi bizim cəmiyyətimizdə ciddi narazılıq yaradır ki, bu da təəssüflər olsun, təşkilatın imicini zədələyir. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi missiyanın parametrlərini əhatə edən sənədin layihəsinə dair öz təkliflərini hazırlayıb və bu sənəd çox yaxın zamanda UNESCO Katibliyinə təqdim ediləcəkdir”.

A.Kərimov Q.İsakzainin BMT Rezident Əlaqələndiricisi qismində fəaliyyətinin Azərbaycan-BMT münasibətləri kontekstində önəmli olduğunu qeyd edib və onun azad edilmiş ərazilərdə vəziyyəti qiymətləndirərək BMT qurumlarına olduğu kimi çatdırılmasında böyük rol oynadığını söyləyib.   

Q.İsakzai ölkəmizin mövqeyini anlayışla qarşıladığını və 44 günlük müharibə ərzində  baş verən hadisələr və azad edilmiş ərazilərdə real vəziyyət haqqında BMT qurumlarına obyektiv məlumatlar çatdıracağına davam edəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video