07:58 16 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kosmos ölkəsinin yeni nəsil savaşı

ANA SƏHİFƏ / SİYASƏT
00:41 15.04.2021

 

Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərdə peyk sistemimizin böyük töhfəsi oldu

 

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun nümayiş etdirdiyi yeni müharibə modeli, aparılan əməliyyatlar dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox ağıllı hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edilib.

Bir sözlə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir döyüş taktikası dünya hərb praktikasında yeni müharibə formatı kimi dəyərləndirilir.

 

Tam yeni döyüş taktikası

 

İkinci Qarabağ müharibəsi həm də Azərbaycanın qüdrətli ordusunun gücünü, potensialını, nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. XXI əsrdə döyüş əməliyyatlarının aparılmasının yeni modeli ilə Azərbaycan göstərdi ki, keçmiş hərb təcrübəsi, hücum əməliyyatları artıq səmərəsizdir. Savaş meydanında yalnız yeni döyüş növləri üstünlüyün əldə edilməsini şərtləndirir.

Şanlı Qələbəmizlə bitən müharibə zamanı həyata keçirilən döyüş əməliyyatlarında müasir silahlardan - PUA-lardan, yüksək dəqiqliklə hədəfi məhvetmə vasitələrindən bu miqyasda istifadə olunması hazırda dünyanın aparıcı ölkələrinin ordularının baş qərargahları tərəfindən diqqətlə öyrənilir.

Bir ordunun başqa silahlı birləşmə ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın başqa bir ölkəsi belə miqyasda dronlardan istifadə edib. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz-filansız öz üstünlüyünü sübut etdi. Azərbaycan PUA-larının hədəfi  düşmənin hava hücumundan müdafiə qüvvələri, zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.

30 il müddətində işğal edilmiş torpaqlarımızda müdafiə sistemləri qurub, onlar haqqında miflər yaradan Ermənistan ordusu bu yeni döyüş taktikası qarşısında aciz qaldı. Onların “Keçilməz” adlandırdıqları müdafiə sistemləri darmadağın edildi. Döyüş texnikası, hərbi obyektləri yerlə yeksan olan erməni əsgərinin yalnız bir yolu qalırdı - silahını atmaq və  Azərbaycan torpaqlarından qaçıb canını qurtarmaq...

 

Orbitdəki peykimiz böyük rol oynadı

 

Bu savaşda bir çox məsələlər, faktlar təsdiqini tapdı. İlk növbədə, bəlli oldu ki, Azərbaycan Silahlı Qüvvələrinin dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 gücü sırasında qərarlaşır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, həm də mənəvi döyüş ruhu. Əlbəttə ki, ordumuzun texniki təchizatı da çox cəhətdən uğurumuz üçün real zəmin yaratdı.

Ali Baş Komandan İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, heç şübhəsiz Zəfərimizin qazanılmasında müstəsna rol Azərbaycan əsgərinə məxsusdur. Təbii ki, texnologiyanın bizə verdiyi imkanlar da öz rolunu oynadı. Bu sırada “Azərkosmos”un uğurlarını söyləməmək olmaz.

Artıq 10 ildir ki, kosmik klubun üzvü olan Azərbaycan bu qısa müddət ərzində kosmosa 3 peyk göndərib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə XXI əsrdə böyük inkişaf yolu keçən Azərbaycanda texnoloji inkişafın təmin edilməsi üçün irimiqyaslı layihələrin reallaşması ilə müşayiət edilən bu dövr həm də ölkəmizdə kosmik sahənin qurulması və inkişafı ilə yadda qalıb. Ölkəmiz “Azerspace-1” və “Azerspace-2” telekommunikasiya, “Azersky” optik müşahidə peykləri ilə kosmik ölkələr sırasında özünəməxsus yerini tutub.

Həm Vətən müharibəsi dövründə, həm də postpandemiya dövründə peyklərimizin, xüsusilə “Azersky”  məsafədən müşahidə peykimizin imkanları bizə böyük üstünlüklər qazandırıb. Müharibənin getdiyi bir dövrdə günlük, bəzən saatlar əsasında “Azersky”dan əldə olunan təsvirlər operativ olaraq ordumuz üçün lazımi informasiyanın ötürülməsində xüsusi rol oynayıb. Məhz bu informasiyalar əsasında düşmənin hərbi obyektləri, zirehli texnikaları, hərbi anbarları darmadağın edilib.

Ümumiyyətlə, 2014-cü ildə orbitə çıxarılan “Azersky” müşahidə peyki dünyanın istənilən nöqtəsində baş verən hadisələri müntəzəm izləməyə imkan yaradır. Azərbaycanın müdafiə və hərbi potensialının gücləndirilməsi işində “Azersky”ın xüsusi rolu var.

Fəaliyyətdə olduğu bütün illər ərzində “Azersky” peyki vasitəsilə mütəmadi olaraq işğal altında olmuş torpaqlarımızda düşmən tərəfindən təbii resursların qeyri-qanuni talan edilməsi, yeni salınan qeyri-qanuni yaşayış məntəqələrinin, törədilmiş yanğınların monitorinqi və dəymiş ziyanın qiymətləndirilməsi aparılıb.

 

“Ağıllı” kənd layihələrinə dəstək

 

“Azersky”ın xidmətlərindən kənd təsərrüfatı, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi, müdafiə, təhlükəsizlik və digər sahələrdə də istifadə edilir.

2015-ci ildən etibarən “Azersky” peyki ölkənin müdafiə və təhlükəsizliyi üçün davamlı istifadə edilir. Bunlarla yanaşı, Azərbaycana qarşı müxtəlif informasiya təxribatlarının qarşısının alınmasında da “Azersky”ın imkanlarından yararlanmaq mümkün oldu.

Peyklərin orbitə çıxarılması həm də infrastruktur layihələrinin icrası və mövcud infrastrukturun qorunmasında böyük əhəmiyyətə malikdir. Ona görə də peyklərimizin post müharibə dövründə də mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq yerinə düşərdi.

Hazırda azad olunmuş ərazilərimizdə əsas məqsədlərdən biri intensiv kənd təsərrüfatı modelinin qurulmasıdır. İntensiv kənd təsərrüfatı özü-özlüyündə daha müasir həllər tələb edir. Buraya əsasən dəqiq, “ağıllı” (smart) kənd təsərrüfatı daxildir ki, bu da aqrar sektor üçün nəzərdə tutulmuş ərazilərin hər bir nöqtəsinə individual yanaşma nəzərdə tutur.

Azad olunmuş torpaqlarımızda “Azersky” peykinin təsvirlərindən və ən müasir analiz və monitorinq alətlərindən istifadə etməklə ərazilərin xüsusiyyətlərinə uyğun elektron kənd təsərrüfatının qurulması, məhsuldarlığın qiymətləndirilməsi və proqnozlaşdırılması, bitki örtüyünün dəqiq xəritəsinin hazırlanması mümkündür. Bu da bizə kənd təsərrüfatı sahəsində daha optimal nəticələr almağa imkan verir.

“Azərkosmos”dan əldə etdiyimiz məlumata görə, artıq qurum azad olunmuş ərazilərdə böyük aqroparkların salınması üçün uyğun ərazilərin seçilməsi üzrə sorğu və müraciətlər alıb. Bu müraciətlər əsasında “Azersky” peyki vasitəsilə bir çox layihələrin reallaşması mümkün olacaq.

 

2020-ci ildə 50,2 milyon dollarlıq gəlir

 

Bütün bunlar təsdiq edir ki, 2011-ci ildə “Azərkosmos”un yaradılması İlham Əliyevin ölkədə yalnız kosmik sənayenin inkişafına, informasiya texnologiyalarının yüksəlməsinə verdiyi önəm deyil, həm də Qarabağın düşmən tapdağından hərbi yolla azadlığı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərinin tərkib hissəsi idi.

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan artıq orbitdə özünün telekommunikasiya peyki olan azsaylı ölkələrdən biridir. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyalarının inkişafı uğurlu gələcəyimizin təminatıdır. Bu uğurla ölkəmiz telekommunikasiya sahəsində xarici tərəfdaşlardan asılılığını da aradan götürüb.

Dünyada geniş yayılan koronavirus pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin Azərbaycanın peyk layihələrinin icrası və ümumilikdə “Azərkosmos” üçün uğurlu keçdiyini deyə bilərik. Ötən il hər üç peykimizin xidmətlərinin göstərilməsindən 50,2 milyon ABŞ dolları gəlir əldə edilib, bu göstərici 2019-cu ilin göstəricisindən 2 faiz çoxdur.

Bu gün Azərbaycan regionun lider ölkəsi olaraq qlobal layihələrin təşəbbüskarı, həlledici halqasıdır və beynəlxalq müstəvidə özünəməxsus yer tutur. “Azərkosmos” da öz miqyasında regional və qlobal peyk xidmətləri bazarında ölkəmizin inkişaf sürəti və iddialarına uyğun olaraq fəaliyyət göstərir. Kosmik sənayedə əldə edilən uğurlar  ölkəmizin qeyri-neft sənayesinin davamlı inkişafına da böyük töhfə verir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM