24 Oktyabr 2021 00:16
1221
CƏMİYYƏT
A- A+

Koronavirusun yeni variantı hücuma keçir

 

“Delta”nın AY.4.2 ştamı nə qədər təhlükəlidir?

 

İndiyədək tibb elmində insana zərər verən 7 koronavirus haqqında məlumat mövcuddur. Bunlar 1960-cı illərin ortalarında ilk dəfə müəyyən olunmuş HCoV-229E alfa koronavirusu, 2004-cü ildə Niderlandda tapılmış HCoV-NL63 alfakoronavirusu, 1967-ci ildə aşkar edilmiş HCoV-OC43 A betakoronavirusu, 2005-ci ildə Honkonqda tapılan HCoV-HKU-1 A betakoronavirusu, 2002-ci ildə qeydə alınmış SARS-CoV-betakoronavirusu, 2015-ci ildə aşkarlanmış MERS-CoV-C betakoronavirusu və 2019-cu ilin axırlarında yeni tip pnevmoniyaya səbəb olmuş COVID-19 tipli SARS-CoV-2 betakoronavirusudur. Sonuncu koronavirus ümumdünya probleminə çevrilərək hələ də davam edir. Bunun nəticəsində bir çox sərhədlər bağlanıb, təcili təhlükəsizlik tədbirləri tətbiq olunub. 

“Koronavirus” sözü latın mənşəlidir və mənası “tac”dır. Bu adı ilk dəfə insanda koronavirusları aşkar edib öyrənmiş Cuna Almeyda və Devid Tirrell fikirləşmişlər. “Koronavirus” sözündən ilk dəfə mətbuatda 1968-ci ildə “Nature” jurnalında istifadə olunmuşdur. Artıq koronavirusun 45-dən çox növü tapılmışdır. 
Son məlumata görə, bu günlərdə Böyük Britaniyada “Delta” ştamının yeni növü - AY.4.2 variantı aşkar edilmişdir. Böyük Britaniyanın “Financial Times” qəzeti Kembricdəki Senger İnstitutunun və Londondakı Genetika İnstitutunun ekspertlərinə istinadən xəbər verir ki, bu mutasiya Hindistan ştamından 10-15 faiz daha yoluxucu ola bilər.
“Mutasiya” sözünə gəldikdə isə, bu ifadədən ilk dəfə 1901-ci ildə niderlandlı botanik Huqo De Friz istifadə etmişdir. Genetikanın banilərindən biri bu qənaətə gəlmişdir ki, bir növ müxtəlif növlərə parçalana bilər. De Friz bu əlaməti mutasiyalar adlandırmışdır. O hesab edirdi ki, bioloji növlər vaxtaşırı mutasiya fazasında olurlar. De Friz sübut etmişdir ki, yeni növlər darvinçilərin düşündüyü fasiləsiz fluktuasion (hərəkətlər) dəyişikliklərin tədricən toplanması vasitəsilə deyil, bir növü digərinə çevirən və dərhal əmələ gələn kəskin dəyişikliklər yolu ilə yaranır. 
Ekspertlərin dediyinə görə, Böyük Britaniyada yoluxmaların təqribən 10 faizi yeni variantla bağlıdır. O, fəal şəkildə yayılır. Ötən ayın ortalarından ölkədə koronavirusa yoluxan xəstələrin sayı artır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Böyük Britaniyada COVID-19-a yoluxma hallarının ümumi sayı 8,4 milyon nəfərə çatmış, 139 minə yaxın insan dünyasını dəyişmişdir. 
Son məlumata görə, AY.4.2 yeni ştamı İsraildə tapılmışdır. Onu yaxınlarda Moldovadan qayıtmış 11 yaşlı uşaqda aşkar etmişlər.
Bu virusa həmçinin ABŞ-da və Danimarkada da rast gəlinmişdir.
Moskva Dövlət Universitetinin professoru Aleksey Aqranovski deyir ki, “hazırda “Delta” variantlarından 50-yə yaxın ştam əmələ gəlmişdir. Lakin onlardan heç biri hansısa xüsusiyyətlərinin dəyişməsi hesabına daha rəqabətqabiliyyətli olmamışdır. AY.4.2 variantı isə özünə daha çox diqqət tələb edir. Əgər İngiltərədə COVID-19 xəstəliyinə yoluxma hallarının təxminən 10 faizi bu variantla əlaqəlidirsə, demək, o, yayılmaq üçün potensiala malikdir”. 
Lakin AY.4.2-nin “Delta”dan nə qədər daha yoluxucu olması hələ müəyyənləşdirilməlidir. Əgər o, əslində 10-15 faiz daha yoluxdurucudursa, bu, böyük artım deyil. Məsələn, “Delta” ştamı Uhan ştamı ilə müqayisədə 100 faiz (2 dəfə) daha yoluxucudur.
Rusiyalı tibb elmləri doktoru Nikolay Malışev RBK telekanalına bildirib ki, yeni ştamlar adətən insan orqanizminə daha yaxşı uyğunlaşırlar. Bəzən isə belə də olur ki, onlar insana daha az ziyan vururlar. Eyni zamanda yeni variant çox yayılanda daha çox adam xəstələnir, lakin ölüm hadisələri azalır. 
“Biz tez-tez viruslar barədə ağıllı məxluqlar kimi danışırıq. Lakin ağıllı virus öldürmək istəmir, bu, ona lazım deyil. Buna görə də demək olmaz ki, sürətlə yayılan virus daha təhlükəlidir”, - deyə ekspert bildirir.
Onu da qeyd edək ki, bu il koronavirusa yoluxan uşaqların sayı artmışdır. Əgər ötən payız uşaqların təxminən 5 faizi xəstələnmişdirsə, hazırda bu rəqəm 10-12 faiz təşkil edir və onun formaları daha aqressivdir. Qarşıdan isə qış fəsli gəlir... 
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər qış fəslində dünyada on milyonlarla insan qripə yoluxur. Yoluxan insanların çoxu bir həftə ərzində iş və ya təhsildən kənarda qalırlar. Lakin yuxarı yaş qrupuna aid insanlar xəstəlik nəticəsində ölüm riski ilə üzləşə bilərlər. Məlumdur ki, hər il dünyada yüz minlərlə insan bu xəstəlik nəticəsində dünyasını dəyişir. Lakin hətta inkişaf etmiş ölkələrdə belə ölən insanların qripdən, yaxud qripə bənzər digər xəstəlikdən vəfat etdiyinə dair dəqiq statistika aparılmır.

Rizvan CƏFƏROV,
“Azərbaycan” 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video