05 Mart 2021 00:44
608
Səhiyyə
A- A+

Koronavirusun həyatımızda olduğunu unutmamalıyıq

 

Təhlükəli koronavirus infeksiyasının başa çatması barədə dünyada ümidlə gözlənilən məlumat hələ də verilmir. Əvəzində hər gün əksər ölkələrdə qlobal pandemiyaya yoluxma və ölüm sayının artması haqqında yenilənmiş statistika açıqlanır. Artıq dünyada koronavirusdan həyatını itirənlərin sayı iki milyon yarımı ötüb.

Təəssüf ki, son günlər ölkəmizdə də COVID-19-a yoluxma sayında artım müşahidə edilməyə başlayıb. Bu səbəbdən Bakıda daha bir məktəb bağlanıb. Belə ki, 106 saylı tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin COVID-19 testi pozitiv çıxıb. Məlumata görə, Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. Bakı Şəhər Təhsil İdarəsindən verilən açıqlamada bildirilib ki,  yaranmış vəziyyətlə əlaqədar olaraq məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Bakı Şəhər Təhsil İdarəsindən verilən məlumatda qeyd olunub ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması uçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır. BŞTİ rəhbərliyi və idarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.

Ölkəmizdə koronavirusa yoluxma sayının daha da yüksələ biləcəyi, hətta karantin rejiminin yenidən sərtləşdiriləcəyi, qapanmaların olacağı ilə əlaqədar son günlər rəsmi olmasa da, müxtəlif məlumatlar yayılır. Qeyd edək ki, bu barədə qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Qərargahın isə hələ ki, belə bir açıqlaması yoxdur.

Məlumdur ki, karantin rejiminin sərtləşdirilməsinin müsbət tərəfləri ilə yanaşı, problemləri də var. İnsanlar həm psixoloji gərginlik keçirir, həm də bu, iqtisadiyyatın inkişafına mənfi təsir göstərir. İnsanlarda narahatlıq doğuran səbəblərdən biri də qarşıdan Novruz bayramının gəlməsidir. Məlumdur ki, Novruz Azərbaycan xalqının ən qədim, ən gözəl bayramlarındandır. Bayram günlərində bir-birinin evinə qonaq getmək, birlikdə mərasimlər keçirmək xalqımızın qədim adət-ənənələrindəndir. Ancaq COVID-19 bəlasının meydanı genişləndirə bilməməsi üçün bu ilin Novruz bayramı tədbirlərində əhalinin ehtiyatlı davranması, ayıq-sayıqlığı vacibdir. Unutmamalıyıq ki, koronavirus bizim yaşadığımız dünyanı və ölkəni tərk etməyib, hələ ki, həyatımızı təhdid etməkdə davam edir.

Azərbaycan dövləti öz vətəndaşlarının sağlamlığının qorunması üçün lazımi tədbirləri həyata keçirir. Karantin rejimində bəzi yumşaldılmalar olsa da, tamamilə aradan qaldırılmayıb. Digər tərəfdən vaksinasiya tədbirləri davam edir. Səhiyyə işçiləri bu bəladan qurtulmaq üçün yeganə çıxış yolunun vaksinasiya olduğunu bildirirlər. Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksin vurduran şəxslərin sayı 300 mini keçib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyətinin vaksinasiya prosesinə də başlanılıb. Bu barədə Təhsil Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaydığı birgə məlumatda qeyd edilib. İlkin olaraq yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyasına start verilib. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb.

Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video