23:11 26 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusdan xilas yolları mümkündür
ANA SƏHİFƏ / SƏHIYYƏ
00:26 27.12.2020


Pandemiya ilə mübarizə həkimlərin peşə, əhalinin isə vətəndaşlıq borcudur


Koronavirusa qarşı xüsusi müalicə vasitəsi və ya vaksinin (peyvəndin) hələ ki, olmaması heç də faciə hesab olunmamalı, panika yaratmamalıdır. Mütəxəssislərin fikrincə, bu virusa yoluxmuş əksər insanlar özləri sağalır, yalnız bir şərtlə: onlar vaxt itirmədən həkimə müraciət edib müalicə olunmalıdırlar. Bununla yanaşı, koronavirus yoluxmasının qarşısını almaq üçün soyuqdan qorunmalı, qabaqlayıcı tədbirlərə riayət olunmalıdır.

Bir çox hallarda COVID-19-a yoluxmuş insanlarda xəstəlik simptomları olmur və onlar sadəcə daşıyıcı rolu oynayırlar. Ona görə də hər bir insanın sanitar, dezinfeksiya qaydalarına riayət etməsi olduqca vacibdir.

Dar dəhlizlərdə hava axınının dinamikası koronavirusa yoluxma riskini artırır. Amerikalı alimlərin bu barədə araşdırmaları da var. Amerika Fizika İnstitutunun mütəxəssisləri simulyasiyalardan istifadə edərək insanı əhatə edən məkanın gəzinti zamanı virus hissəciklərinin yayılmasına necə təsir etdiyini öyrəniblər. Əvvəlcə hava axını sxemlərini təyin edib, sonra asqıranda və ya öskürəndə insanın ağzından atılan damcı buludunun dağılmasını proqnozlaşdıran bir proqram yaradıblar.

Alimlər iki dispersiya rejimini tapıb. Birincisində açıq sahələrə xas olan və meydana gələn damcı buludu insanın ətrafında qalıb və tədricən dağılıb. İkincisində dar dəhlizlərə xas olan bulud hərəkət edən şəxsdən ayrılıb və çox geridə qalaraq köpük əmələ gətirib. Mütəxəssislər ikinci vəziyyətdə yoluxma riskinin daha yüksək olduğu qənaətinə gəlib.


Risklər, özünümüdafiə, profilaktika və cərimələr


Azərbaycanda koronavirus infeksiyasına yeni yoluxanların və müalicə olunub sağalanların sayı nə panika yaratmağa, nə də vəziyyəti başlı-başına buraxmağa səbəb ola bilməz. Riskləri, özünümüdafiə və profilaktikanı da unutmağa dəyməz. Yoluxmaların çoxalmasına baxmayaraq, sağalanların sayının gündən-günə artması pandemiyanın ikinci dalğasının tezliklə ötüb-keçməsi proqnozunu verməyə əsas yaradır.

İndiyədək ölkəmizdə ümumilikdə 2 yüz min nəfərdən çox insanın koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 160 mindən çoxu müalicə olunaraq sağalıb, 2 mindən çox vətəndaşımız vəfat edib, aktiv xəstələrin sayı 45 mindən artıq olub.

Rusiyanın Qamaleya Araşdırma Mərkəzinin direktoru Aleksandr Qinçburqun mətbuata verdiyi məlumatdan aydın olur ki, koronavirusa qarşı yüngül peyvənd tətbiq edildikdən sonra immunitetin müdafiə gücü üç-dörd aya formalaşacaq. Peyvəndin effektivliyi isə 85 faiz olacaq. Yüngül peyvənddən ölüm dərəcəsi yüksək olan ölkələrdə istifadə ediləcək.

Həkimlər koronavirusdan qurtulan xəstələrin təxminən 20 faizinin postkovid sindromu yaşadığına inanırlar. Onun əlamətləri arasında ürək, ağ ciyər və digər orqanlarda fəsadlara rast gəlinir. Bu barədə immunoloq Nikolay Kryuçkov deyib: "ABŞ-dan alınan məlumatlara görə, sağaldıqdan sonra gənclər də daxil olmaqla, xəstələrin təxminən 20 faizində postkovid sindromu əlamətləri özünü göstərir və ya davam edir. Bu, fərqli formalarda olur, ümumiyyətlə, ciddi təzahürlər deyil, lakin yenə də insanların əhəmiyyətli bir hissəsində rast gəlinir. Xüsusilə yaşlı və xroniki xəstəlikləri olan insanların müəyyən pozğunluqlara məruz qalması ehtimalı daha çoxdur”.

Həkim postkovid sindromunun təzahürlərinin zəif konsentrasiya, yaddaş, yuxusuzluq, depressiya, ürək və ağ ciyər, həzm sistemi və baş ağrısı problemləri olduğunu da bildirib. Ümumi əzələ və baş ağrıları da ola bilər.

Bütün bunlara görə də koronavirusa yoluxmadan uzaq durmaq daha yaxşıdır. Bunun üçün müəyyən tədbirlər var.


Ciddi karantin rejiminə əməl olunmalı, istirahət etməli, çoxlu maye içməli...


Tibb üzrə fəlsəfə doktoru Ramil Nadirov virusun insan orqanizminə hansı şəraitdə daxil olması, orada törətdikləri, xüsusən ağ ciyərləri necə sıradan çıxarması barədə fikirlərini bölüşərkən bildirdi ki, koronavirus yoluxması zamanı və simptomları yüngülləşdirmək üçün soyuqdəyməyə qarşı edilən müalicəni unutmaq olmaz. Yəni bolluca istirahət, çoxlu maye qəbul etməli, dehidrasiyadan yayınmalıyıq.

Bu gün tüğyan edən koronavirus bir sıra digər xəstəliklərə oxşadığı üçün bəzən insanlar onu dəyişik salır. Buna görə də onların qarşılıqlı təhlilini aparmaq olduqca vacibdir. "Bu gün koronavirus pandemiyası dünyanı əsarət altına alıb. Pandemiyanın zərərlərini yaşamayan ölkə demək olar ki, yoxdur. Pandemiya bir və bir neçə ölkəni hansısa bir infeksion xəstəliyin bürüməsi anlamını verir. İnfeksion xəstəliklərin yaranması üçün isə müəyyən şərtlər lazımdır. Həmin şərtlərdən biri törədicinin olmasıdır. Törədici var - koronavirus. Törədicinin orqanizmə giriş qapısı olmalıdır. Bu da var: göz, burun və ağız boşluğumuz. Törədicinin virulentliyi də lazımdır. Virulentlik dedikdə bakteriya və ya virusların xəstəliktörətmə qabiliyyəti nəzərdə tutulur. Virulentlik qabiliyyəti nə qədər yüksəkdirsə, xəstəliktörətmə ehtimalı da bir o qədər artıq olur. Bakteriya və ya virusa qarşı orqanizmin immun sisteminin cavabından asılı olaraq, xəstəliyin yaranma dərəcəsi də müxtəlif ola bilər: bir insanda xəstəlik ağır, digərində isə daha yüngül keçə bilər. Bu, orqanizmin ümmun sisteminin gücü ilə əlaqəlidir”, - deyə R.Nadirov bildirib.

Həkim onu da xüsusi vurğuladı ki, əgər biz özümüzü qorumasaq, qayda-qanunlara əməl etməsək, o virus bizim orqanizmimizə daxil olmağa imkan tapacaq, bunun sonu da fəlakət deməkdir! Hələ pandemiyanın ölkəmizə yenicə "ayaq açdığı” ilk vaxtlardan başlayan "evdəqal” kampaniyası elə-belə yerə tələb kimi qarşıya qoyulmadı. Təəssüf ki, bir müddətdən sonra sanki heç nə olmayıbmış kimi, ölkə vətəndaşları Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın və TƏBİB-in təkliflərini qulaqardına vurdu. Bu az imiş kimi, tətbiq edilən qaydalar və karantin rejiminin qadağaları belə unuduldu. Buna görə cərimələrin artırılması baş verdi. Çoxsaylı yoluxmaya baxmayaraq, məsuliyyətsiz insanların qaydaları hələ də kobud şəkildə pozmasına rast gəlinir. Xəstə olduğunu bilənlərin evdən çıxması, ətrafdakıları yoluxdurması başadüşülən deyil. Əgər özümüzü qorusaq, bu, gələcəkdə də belə xəstəliklərdən sığortalanmağımız demək olar. Ağciyərə zədə sala bilərsə, bu virus lap sağalsaq belə yaxın-uzaq gələcəkdə orqanizmimizdə yenidən baş qaldıra və bizi məhv edə bilər. Evdə qalmaq, sadə gigiyenik qaydalara əməl etmək, immun sistemini gücləndirən təbii qidalardan istifadə bütün bu sadaladıqlarımıza əməl etmək deməkdir.


Orqanizmimizi qoruyan əsas immun sistemimizdir


Digər tərəfdən risk faktorları olan amillərə də nəzər salmaq yerinə düşərdi. Bura ilk növbədə yaş, köklük, yanaşı xəstəlik - şəkərli diabet, onkoloji, eləcə də hər hansı xroniki xəstəliklər daxildir. Həkim deyib: "Qeyd etdiyimiz kimi, orqanizmimizi qoruyan əsasən immun sistemimizdir. Bu gün şəkərli diabet, yaxud hər hansı digər xroniki iltihabdan əziyyət çəkən insanların immun sistemi nə haldadır! Orqanizmimiz bir ahəng formasında çalışır. Bu ahəng pozulduqda orqanizmin müqaviməti qırılır, həmin xəstəlik qarşısında aciz qalır və məhv olur. Ölkəmizin vətəndaşlarına bolluca səbir, təmkin arzulayır və inanıram ki, biz birlikdə qalib olmağı bu pandemiya üzərində qələbədən təsdiqləyəcəyik!”

Bunları deməkdə həkimin məqsədi odur ki, insanların bu kimi problemləri varsa, özünü və evdəki, eləcə də ətrafındakı yaxınlarını düşünsün. "Evdəqal” kampaniyası ümumxalq hərəkatına, ona əməl etmək isə hər kəsin borcuna çevrilməlidir. Bu, ilk növbədə, özümüzün, sonra isə ətrafımızdakıların sağlamlığı üçün zəruridir.

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM