20:47 17 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:24 17.10.2021

17-18 oktyabr


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Koronavirusdan qorxmaq yox, qorunmaq lazımdır

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:27 01.05.2021

 

Vaksinasiya ilə yanaşı, ictimai təhlikəsizlik qaydaları da unudulmamalıdır

 

Dünyanı çənginə alan, qarşısının alınması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsinə baxmayaraq, hələ də “meydan sulayan” koronavirusa Azərbaycanda ilk yoluxma halı ötən il  fevralın 28-də  baş verdi. Pandemiyanın qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarla martın 24-dən qüvvədə olan xüsusi karantin rejimi qismən yumşaldılmaqla avqustun 1-dək uzadılmışdı.

İyun ayında isə qurumun koronavirusun qarşısının alınması məqsədilə həftəsonları ev təcridi rejimi tətbiq etməyə başladığını da unutmamışıq. İyunun 19-da xüsusi karantin rejimi də avqustun 1-dək uzadılmış, bəzi şəhər və rayonlarda xüsusi rejimə keçmək barədə qərar verilmişdi.

Bütün bunlar ötən il, əslində, insanların, o cümlədən, səhiyyə sistemində çalışanların da bu istiqamətdə təcrübəsiz olduğu bir vaxtda tətbiq edilən qərar və tövsiyələr idi. Ötən müddət ərzində koronavirusa yoluxma halları artıb-azalmaqla davam etdi. Ona qarşı mübarizə isə, bildiyimiz kimi, müəyyən müddətə təcridolma rejimi hesab edilirdi. Səmərəsi az olmayan həmin üsul və vasitələr dünyada, o cümlədən Avropa dövlətlərində də tətbiq olunurdu. Bu, indi də davam edir.

Artıq vaksinasiya prosesi də genişlənir. Amma virusun həyati təhlükəsinə qarşı olan vaksinlərin əldə edilməsi, deyəsən, insanlar tərəfindən bir qədər arxayınçılıq yaratdı:  bəzən nə qayda-qanunlara əməl olundu (söhbət dünyadan gedir, yalnız bizim ölkədən deyil), nə də ciddi karantin rejiminə dözümlülük nümayiş etdirildi. İctimai yerlərdə lazım olan ara məsafəsi saxlanılmadı, kütləviliyin təhlükəliliyi unuduldu, hüzr yerləri - yas mərasimləri, gizli şəkildə olsa da, toy-nişan kimi el adətləri bərpa edildi. Tətbiq edilən cərimələrin də təsiri özünü istənilən səviyyədə göstərmədi. Ona görə də son dövrlərdə virusun yayılma şəbəkəsi, arealı genişləndi, qarşılayıcı tədbirlərin səmərəsi zəiflədi. Yoluxmalar və ölüm hallarının, hətta kəskin şəkildə artması fövqəladə rejimin geri qaytarılması zərurətini yaradır.

İnsanlarda COVID-19-a inam sanki azalmağa başlayıb. Digər respirator xəstəlikləri ilə səhv saldıqları üçün insanlar laqeydlik girdabından çıxa bilmirlər.

Ailə həkimi Kifayət Nəsibova bizimlə söhbətində qeyd etdi ki, bir neçə dalğada özünü göstərən koronanavirus, sadəcə, tənəffüs yollarının infeksiyası deyil. Araşdırmalar göstərir ki, koronavirusa yoluxanların böyük qismində həm də sinir sistemi zədələnir. Virusun sinir hüceyrələrinə təsirinə gəlincə, hələ də bu barədə birmənalı fikir söyləmək olmur. Ancaq alimlər onların arasında hansısa formada əlaqə olduğuna şübhə etmirlər: dad və iy bilmək hisslərinin itməsi hələ ötən ilin mart ayının ortalarından COVID-19-un əlamətlərindən hesab olunur.

Bundan başqa, virus gənzikdən birbaşa beyinə də keçə bilir ki, bunun da nəticəsində bütün orqanların fəaliyyətinə təsir edən fəsadların yaranmasına gətirib çıxarır. Bu zaman yarana biləcək yan xəstəliklərin siyahısı isə  uzun olur: həzm problemindən və damar tıxanmalarından tutmuş, ürək çatışmazlığına və  beyin iltihabına qədər gedib çıxır.

Kifayət xanım onu da bildirdi ki, yoluxmaya səbəb olan amillərdən biri də insanların kütləvi tədbirlərdə iştirakıdır: “Ümumdünya Səhiyyə Təşkilatının müsəlmanlar yaşayan ölkələrdə Ramazan ayı boyu sosial və dini davranışlarla bağlı riayət edilməsi vacib olan tədbirlərin siyahısında göstərilir ki, ibadət yerlərinin təmizliyi də daxil olmaqla, oruc tutmağın virusa yoluxma riskini artırıb-artırmamasına qədər bir çox məsələ diqqətdən kənarda qalmamalıdır”.

Belə bir sual da aktuallığı ilə seçilir: Oruc tutmaq xəstəlik riskini artırırmı? Bununla bağlı ÜST-dən bildirilib ki, oruc tutmaqla COVID-19 arasındakı əlaqə ilə bağlı hər hansı elmi araşdırma aparılmayıb. Sağlam insanların oruc tutmalarının problem yaratmamalı olduğunu bildirən təşkilat digər xəstələr kimi, virusa yoluxanların da həkimə müraciət etmələrini tövsiyə edib.

ÜST-ün tövsiyələri arasında təzə qidalardan istifadə etmək və bol su içmək də yer alıb. Riskləri dəyərləndirdikdən sonra mütəxəssislər sosial və dini məzmunlu yığıncaqların təxirə salınmasını ciddi şəkildə gözdən keçirməlidirlər.

Təşkilatın sosial məsafəylə bağlı tövsiyələri isə  artıq çoxdan məlumdur: insanlar arasında ən azı bir metr məsafə saxlanması, əl yelləməklə, baş tərpətməklə və ya əli sinəyə qoymaqla salamlaşmaq variantlarından birini seçməklə fiziki təmasdan yayınmaq çox vacibdir. Ramazan tədbirləri zamanı əyləncə yerlərində, bazarlarda və mağazalarda çox sayda insanın toplanmasına imkan verilməməlidir.

Ailə həkimlərinin üzərinə düşən məsuliyyəti unutmağın nə qədər təhlükəli olduğunu vurğulayan Kifayət Nəsibova bildirir ki, yüksək risk qrupuna aid olan şəxslərlə bağlı tövsiyələrə gəlincə, özünü pis hiss edən və ya COVID-19 əlaməti olanlar tədbirlərə qatılmamalıdırlar. Yaşlı şəxslər və xroniki xəstəlikləri olanlar (ürək, nəfəs yolu və xərçəng xəstəlikləri) yığıncaqlardan tamamilə uzaq olmalıdırlar: “Ramazan ayında zəkatların paylanması zamanı da sosial məsafə gözlənilməlidir. İftar yerlərində qələbəlik olmaması üçün süfrələr əvvəldən açılmalıdır. Yeməklərin hazırlanması, paylanması və süfrələrin yığışdırılması zamanı da qoruyucu tədbirləri yaddan çıxarmaq olmaz, çünki bu məqamlarda da yoluxmaq mümkündür.

 Daha bir mühüm məsələ də pandemiyanın tüğyan etdiyi bir vaxtda siqaretdən uzaq durmağın vacibliyidir. Siqaret çəkəndə barmaqlar (və yəqin ki, virus bulaşmış siqaretlər) dodaqlara toxunur. Bu, virusun nəfəs yollarına keçmə ehtimalını daha çox artırır. Qəlyanların çox adam tərəfindən istifadə edilən başlıqları və xortumları da virusun yayılmasına münbit şərait yaradır”.

Tövsiyələrin “Ağıl və psixoloji sağlamlıq” bölümündə inanclı şəxslərdə təhlükəsiz  məsafəni qoruyaraq dua edə biləcəklərinə inam yaratmağın vacibliyi vurğulanır. Ümid və təsəlli mesajları ilə yanaşı, xəstələr üçün dualar etmək Ramazanın ictimai sağlamlığı qorumaq tələbini yerinə yetirmək vasitəsidir.

Koronavirusdan asanlıqla can qurtarmağın yollarından biri, əslində, ən vacibi immunitetin qorunmasıdır ki, mütəxəssislər bunun üçün də tövsiyələri unutmağı ölümə bərabər hesab edirlər. Britaniyanın Səhiyyə İdarəsi ötən il karantin bitənədək yaz və yay aylarında hər gün D vitamininin qəbulunu vacib sayırdı. Biz isə, adətən, bu vitamini açıq havada gəzərkən günəş şüalarının bədənimizin açıq hissələrinə dəyməsi ilə qəbul edirik.

D vitaminini həm də “günəş vitamin”i adlandırırlar. O, digər vitaminlərlə yanaşı,  infeksiyalarla mübarizə aparır. Bu, xüsusilə pandemiya dövründə vacibdir.

Bilmək vacibdir: D vitaminini qəbul etmək kimlər üçün xeyirlidir? D vitamini dişləri, sümükləri və əzələləri də möhkəmləndirir.

Körpələrdə bu vitaminin çatışmazlığı raxit-sümüklərin inkişaf etməməsi və skeleton deformasiyası xəstəliyinə, böyüklərdə isə osteomalasiyaya - sümüklərin mineral çatışmazlığından yumşalmasına gətirib çıxara bilər.

Bəzi araşdırmalar göstərib ki, bu vitamin bizə adi soyuqdəymə və qriplə mübarizə  aparmağa kömək edir. Bəzi araşdırmalar D vitamininin aşağı səviyyəsini və mövsümi depressiya ilə əlaqələndirirlər. Bu vitaminin çatışmazlığının hətta əsəb sisteminin fəaliyyətinə və psixi sağlamlığa təsir edə biləcəyi barədə də məlumatlar var. Demək, D vitamininin də koronavirusla mübarizədə özünəməxsus təsiri var.

Nəhayət, tibbi mütəxəssislərin gəldiyi qənaətdən biri budur ki, koronavirusdan qorxmaq yox, qorunmaq lazımdır. Vaksinasiya genişləndikcə isə ictimai təhlükəsizlik qaydaları unudulmamalıdır.

 

Məhəmməd

NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM