03 Fevral 2021 00:47
861
Səhiyyə
A- A+

Koronavirusdan qlobal səviyyədə ümidverici xəbər

 

Dünyanın başbəlasına çevrilmiş koronavirus infeksiyası hər gün statistikanı “yeniləməkdə” davam edir. Bu təhlükəli virusa yeni yoluxma və ölüm faktları qeydə alınır. 

Ancaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesusun koronavirusla bağlı növbəti proqnozu ümidvericidir.

Təşkilat rəhbəri açıqlayıb: “Ardıcıl olaraq üçüncü həftədir ki, bütün dünyada “COVID-19”a yeni yoluxma hallarının sayı azalır. İndiyədək halların artdığı çox ölkə var, lakin qlobal səviyyədə bu ümidverici xəbərdir.

Bu o deməkdir ki, hətta yeni variantların yaranması ilə belə virusa nəzarət etmək olar”.

Tedros Adhanom Gebreyesus vurğulayıb ki, bu, pandemiyaya görə bütün dünyada həyata keçirilən tədbirlərin səmərəliliyini nümayiş etdirib.

 

Sevinmək hələ tezdir

 

Proqnoz ümidverici olsa da, elə ÜST-ün hər gün verdiyi yeni statistika göstərir ki, sevinmək hələ tezdir. Adıçəkilən təşkilatın məlumatına görə, dünyada son bir gündə 444 mindən çox insanda koronavirus aşkarlanıb. 10 885 pasiyent vəfat edib. Beləliklə, dünyada “COVID-19”a yoluxma hallarının ümumi sayı 102 milyonu ötüb, 2,2 milyondan çox insan bu virusun qurbanı olub. Dünyada yoluxma sayına görə ön sırada ABŞ-dır. Bu ölkədə 25 milyondan çox insan koronavirusa yoluxub. Təhlükəli virusa ən çox yoluxma sayına görə ikinci yerdə Hindistan (10,7 milyondan çox) dayanır. Daha sonra Braziliya (9 milyondan çox), Rusiya (3,8 milyondan çox), Böyük Britaniya (3,7 milyondan çox), Fransa (3 milyondan çox) gəlir.

Ölkəmizdə koronavirusa yoluxma və ölüm hallarının azalması davam edir. Pandemiyanın yayılması və aşkarlanması ilə bağlı son statistikaya əsasən, ölkə üzrə koronavirusa ən çox yoluxma 52.2 faiz olmaqla yenə də Bakıda qeydə alınıb. Sonrakı sıraları Aran rayonları (13.3 faiz), Abşeron (12.9 faiz), Gəncə-Qazax (8.1 faiz), Şəki-Zaqatala (3.2 faiz), Quba-Xaçmaz (3.0 faiz), Lənkəran (2.9 faiz), Dağlıq Şirvan (2.5 faiz), Yuxarı Qarabağ (1.4 faiz) və Naxçıvan (0.04 faiz) tutur. Ölkəxarici yoluxma isə 0.4 faiz təşkil edir.

Paytaxt rayonları üzrə bu dəfə də ən çox yoluxma Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonda yoluxma 15.1 faiz təşkil edir. Yoluxma sayı Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.8 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.8 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.9 faiz, Qaradağda 5.3 faiz, Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.

Məlumata görə, ümumi yoluxanların 54 faizi qadınlar, 46 faizi isə kişilərdir.

Təcrübə göstərir ki, bu təhlükəli virusa yoluxma və ölüm hallarının azalması stabil olmaya bilər. Arxayınlaşmaq, müəyyən olunmuş qaydalara etinasız yanaşmaq koronavirusun yenidən güclənməsinə şərait yarada bilər. Bu baxımdan COVID-19 pandemiyası ilə mübarizə sahəsində Azərbaycanda həyata keçirilən tədbirlərin davamlı olması təqdirəlayiqdir. Elə buna görə də bu istiqamətdə görülən işlər və əldə olunan nəticələr ölkə əhalisi tərəfindən məmnunluqla qarşılanır. Vətəndaşların onların təhlükəsizliyi və sağlamlığı istiqamətində görülən kompleks tədbirləri yüksək qiymətləndirdikləri bir sıra nüfuzlu təşkilatlar tərəfindən keçirilən sosioloji tədqiqatlarda əksini tapıb.

2010-cu ildən Oksford Universitetinin nəzdində fəaliyyət göstərən “Blavatnik School of Government” da bu istiqamətdə sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində 2020-ci ilin martından başlayaraq dünyanın 180-dən çox ölkəsinin COVID-19-la bağlı siyasətinə dair xüsusi indeks hazırlanır və gündəlik olaraq yenilənir.

Bu il yanvarın 1-nə olan nəticələrə görə, Azərbaycan xüsusi indeks üzrə 84,26 bal toplayaraq Gürcüstan, Yunanıstan, Honduras, İtaliya, Liviya, Hollandiya və Venesuela ilə birlikdə 4-11-ci yerləri bölüşür. Ölkəmizin bu indeksdə ən yüksək reytinqi 2020-ci ilin avqustunda Honduras və Omandan sonra 93,52 bal ilə 3-cü yerdə qərarlaşması olub.

 

Vaksinasiya sahəsində səmərəli işin təzahürü

 

Dünya koronavirusu dəf etməyin yollarını aramaqda davam edir.  Mütəxəssislər hazırda bu təhlükəli virusdan qorunmağın ən effektiv yolunun vaksinasiya olduğu qənaətindədirlər. Dünyanın əksər ölkələrində artıq koronavirus əleyhinə peyvənd edilir. Azərbaycanda da vaksinasiya prosesinə start verilib. Vaksinasiya prosesi genişləndikdən sonra ölkədə vəziyyətin daha da yaxşılaşacağına ümid edilir.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində ölkədə aparılan vaksinləmə prosesindən də danışıb. Həyata keçirilən işlərin müsbət qiymətləndirildiyini bildirən dövlət başçısı Azərbaycanın Cənubi Qafqazda vaksinasiyaya start verən ilk ölkə olduğunu qeyd edib: “Eyni zamanda yerləşdiyimiz bölgədə Azərbaycan birincilər sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın ilk günlərindən işlər düzgün qurulmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Biz COVAKS təşəbbüsünün üzvüyük və

COVAKS xətti ilə müxtəlif vaksinləri ölkəmizə gətirəcəyik. Eyni zamanda biz bir neçə şirkətlə vaksinlərin ölkəmizə gətirilməsi ilə bağlı müqavilələr bağlamışıq. Amma onların bəzilərinin icrası indi yubanır, yəqin ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda biz artıq 4 milyon doz vaksin sifariş etmişik və onların artıq Azərbaycana gəlməsi təmin edilib, Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır. Müqayisə üçün deyə bilərəm ki, Avropa İttifaqında bu, keçən il dekabrın 18-də başlamışdır. Yəni bir aydan sonra artıq Azərbaycan vətəndaşları bu vaksinləri alırlar, peyvənd olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də bizim səmərəli işimizin təzahürüdür”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video