17 Oktyabr 2021 00:22
891
Səhiyyə
A- A+

Koronavirusa yoluxma riski artıb

 

Dünyada koronavirusa yoluxanların ümumi sayı 240 milyonu ötüb. Bu təhlükəli virus səbəbindən 4 897 375 insan isə dünyasını dəyişib. Koronavirusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ, Hindistan, Braziliya, Böyük Britaniya və Rusiyadır.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya, İran və Türkiyədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemiya ilə bağlı həftəlik bülletenindən bildirilib ki, son bir həftə ərzində dünyada 2,8 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 46 mindən çox insan isə həyatını itirib. Yeni yoluxma hallarının sayı yeddi gündə 7 faiz, ölüm halları isə 10 faiz azalıb. Təşkilatın təqdim etdiyi statistik məlumatlara görə, yeddi gün ərzində 2 885 011 yoluxma halı və 46 789 ölüm halı qeydə alınıb.

Yoluxma səviyyəsində bir həftə ərzində xüsusilə əhəmiyyətli azalma Afrikada (32 faiz) və Qərbi Sakit Okean regionunda (26 faiz) qeydə alınıb. Avropa yoluxma hallarının sayının artdığı yeganə bölgədir (7 faiz). Ölüm halları da yalnız Avropada (11 faiz) artıb. Bir həftə ərzində yoluxanların ən çox sayı barədə təşkilata Birləşmiş Ştatlar tərəfindən bildirilib (653 837). Ondan sonra Böyük Britaniya (249 699), Türkiyə (205 266), Rusiya (188 829) və Hindistan (139 572) yer alıblar.

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən “narahatlıq doğuran variantlar” kateqoriyasına aid edilən koronavirusun “alfa”, “beta”, “qamma” və “delta” ştamları bir həftə ərzində yayılmasını genişləndirməyib. İlk dəfə 2020-ci ilin sentyabr ayında Böyük Britaniyada aşkar edilən “alfa” ştamı indi 195 ölkə və ərazidə mövcuddur. Ötən ilin avqust ayında Cənubi Afrika Respublikasında aşkar edilən “beta” variantı 145 dövlətdə dövr edir. 2020-ci ilin sentyabr ayında Braziliyada aşkar edilən “qamma” ştamı 99 ölkədə mövcuddur. “Delta” variantının mövcudluğu barədə məlumatlar 191 ölkədən daxil olub. Bu ştam Hindistanda aşkar ediləndən sonra 2020-ci ilin oktyabrından bəri mütəxəssislərə məlumdur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus da son zamanlarda bütün dünyada ümumilikdə COVID-19-dan ölüm hallarının sayının azalmaqda olduğunu qeyd edib. İndi ölüm halları son il ərzində ən aşağı səviyyədədir, baxmayaraq ki, hələ də qəbuledilməz dərəcədə yüksəkdir. Ölüm hallarının həqiqi sayı daha yüksək olduğu da mümkündür. Eyni zamanda, xəstəliyin və ölüm hallarının yeni dalğası ilə üzləşən Avropa istisna olmaqla, bütün bölgələrdə ölüm nisbəti azalmaqdadır.

ÜST rəhbəri COVID-19 pandemıyasının davam etdiyini və həftədə 50 min insanın həlak olmasına səbəb olduğunu xatırladıb. Tedros Qebreyesusun sözlərinə görə, koronavirus səbəbi ilə ən yüksək ölüm nisbəti vaksinasiyanın aşağı səviyyədə olduğu ölkələrdə müşahidə edilir. Bugünə qədər dünyanın 56 ölkəsi bu ilin sentyabr ayının sonuna qədər əhalinin 10 faizinin vaksinasiya olunması hədəfinə çata bilməyib. Onların əksəriyyəti Afrika ölkələridir. Ehtimal olunur ki, sayca bundan daha çox ölkə ikinci hədəfi - ilin sonuna qədər əhalinin

40 faizinin vaksinasiya olunmasını yerinə yetirə bilməyəcək. Burundi, Eritreya və KXDR kimi ölkələr ümumiyyətlə immunizasiya kampaniyasına start verməyiblər.

Tedros Qebreyesus bu məsələdə qlobal əməkdaşlığın gücləndirilməsinin çox vacib olduğunu nəzərə çatdırıb. Bir daha zəngin ölkələri gücləndirici dozalardan istifadə etməyə tələsməməyə və inkişaf etməkdə olan ölkələrə əhalinin ən həssas qruplarını peyvənd etməkdə yardımçı olmağa çağırıb.

Azərbaycanda vaksinasiya prosesi uğurla davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, olkədə vurulan vaksinlərin ümumi sayı 9 milyonu ötüb. Belə ki, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyona yaxınlaşır. İkinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyondan çoxdur.

Səhiyyə Nazirliyinin məlumatına görə, vaksinasiyada artıq 357 yeniyetmə də iştirak edib. Onlar arasında hər hansı ağırlaşmanın, yaxud fəsadın qeydə alınmadığı açıqlanıb.

Məlumata görə, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideynin razılığı ilə peyvənd oluna bilərlər.

Qeyd edək ki, yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır.

Həyata keçirilən zəruri tədbirlərə baxmayaraq, dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də COVID-19 pandemiyasının hələ ki sonu görünmür. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, ötən gün Azərbaycanda koronavirus infeksiyasına 1850 yeni yoluxma faktı qeydə alınıb, 735 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bildirilib ki, son sutkada 14 nəfər COVID-19-dan dünyasını dəyişib.

Təəssüf doğuran xəbərlərdən biri isə budur ki, Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb. Bu barədə Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən məlumat verib. O, hər yaş qrupunda COVID-19-a yoluxma olduğunu vurğulayıb: “Onlar arasında virusu ağır keçirənlər də var. Böyüklərin əksəriyyətinin vaksinli olması səbəbindən son vaxtlar uşaqlar arasında virusa yoluxmanın artması mənzərəsi yaranır. Həmçinin məktəblər açıldığı üçün uşaqlar arasında ünsiyyət də artıb və bu, koronavirusa yoluxma riskini artırıb. Təkcə Azərbaycanda deyil, dünya ölkələrində də uşaqlar arasında COVID-19-a yoluxma ehtimalı və faktı artmaqdadır. Onu da qeyd edim ki, ölkədə yenidoğulmuşlar arasında da COVID-19-a yoluxanlar var. Hər yaş qrupunda, o cümlədən kiçik yaşlı uşaqlarda koronavirus infeksiyasını ağır keçirənlər mövcuddur”.

O bildirib ki, yenidoğulmuşlar, yəni yaşı birdən aşağı olanlar COVID-19-a qarşı risk qrupuna daxildir. Erkin Rəhimovun sözlərinə görə, koronavirusa yoluxan uşaqlarda daha çox tənəffüs çatışmazlığı problemləri olur: “Bəzən bu problem elə çox olur ki, süni tənəffüs aparatına qoşulmaq riski ortaya çıxır. Bəzən də uşaqlarda iltihabi proses başlayır. Bu, COVID-19-un fəsadı ilə əlaqəlidir”.

Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rəhimov canlı yayımda sualları cavablandırarkən bildirib ki, bizdə övladına peyvənd vurdurmayan ailələr var O deyib ki, bununla bağlı bir çox şayiə səslənir, lakin valideynlər onlara çox inanmayıb rəsmi qaynaqlara etimad etməlidirlər.

Erkin Rəhimov diqqətə çatdırıb ki, vaksin istehsal edən ölkələr ÜST-ə müraciət edir: “Heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının, idxal edilən ölkənin icazəsi olmadan insanlara vurula bilməz. Bununla əlaqəli komitə var, onlar həmin peyvəndləri təsdiqləyirlər. Hər ölkənin sanepidemstansiyası bu prosesə nəzarət edir. Ümumiyyətlə, bütün peyvəndlər vurulmalıdır. Bəşəriyyətin yaşamasında, uşaqların böyüməsində peyvəndlər mühüm rol oynayır”.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video