23 Iyun 2020 00:30
1536
Səhiyyə
A- A+

Koronavirus “qriplər ailəsi”nin ən təhlükəlisidir


Azərbaycan dövlətinin qabaqlayıcı tədbirlərlə pandemiyadan az itki ilə çıxacağına Ümumdünya Səhiyyə Təşkilatı da şübhə etmir


Kütləvi qırğına səbəb olan pandemiya heç də təsadüfi yaranmır və yayılmır. Qarşısının alınması isə dövlətlərə heç də asan başa gəlmir. İnsanlara psixoloji sarsıntılarla zərbə vuran virus ölkələrin iqtisadiyyatını da iflic edir.

Bu gün də dünyanı belə bir sual çaş-baş qoymaqdadır: nədir bu COVID-19?! Onun yayılması necə baş verir və bunun üçün dövlət tərəfindən hansı tədbirlər görülür, insanlar ondan necə qorunmalı, infeksiyanın yayılmaması üçün nələrə fikir verməlidir?

Ümumiyyətlə, COVID-19 yeni bir virus deyil, o, ötən əsrin 70-80-ci illərindən tibbə məlumdur. Əvvəllər bu virus heyvanlarda, xüsusən də yarasalarda və ilanlarda yayılmışdı. Və belə deyək, heç insana yoluxmurdu. Sonra bu virusda bir mutasiya baş verdi. Bunun nəticəsində virus insana da asanlıqla nüfuz etdi və mütəxəssislər tərəfindən COVID-19 adlandırıldı. O, hava-damcı yolu ilə yayılır.

Ümumiyyətlə, viruslar yayılmasına və insana göstərdiyi təsirə görə bir-birindən fərqlənir. Qan, qida, hava-damcı yolu ilə yoluxan viruslar var. Bunların sırasında ən qorxulusu hava-damcı yolu ilə yayılanlardır. Çünki qısa müddət ərzində geniş diametri əhatə edir. Qanla yoluxan viruslardan hepatiti misal çəkmək olar. Hepatiti olan insanlar ya daşıyıcı, ya da xəstə olurlar. Buna baxmayaraq həmin xəstələrin yoluxma faizi çox azdır. Hepatit virusu daşıyan insanların onu digərlərinə yoluxdurması yalnız qan vasitəsilə baş verir (məsələn, stomatoloji prosedur zamanı hər hansı tibbi ləvazimatın, həmçinin şprislərin düzgün dezinfeksiya edilməməsindən).

Qida ilə keçən viruslar da var ki, bunlar əhəmiyyət kəsb edən qədər yoluxdurmaya malik deyillər. Bu xəstəliyi daşıyan insanın yemək zamanı istifadə etdiyi əşyalar, məsələn, qab-qacaqlar xüsusi xlorlu məhlullarla yuyulduqda bu virus ölmüş sayılır və başqa birinə yoluxdurma qabiliyyəti itmiş hesab olunur. Lakin hava-damcı vasitəsilə keçən viruslar çox qorxuludur. Yəni bunlarda təmas, münasibət çox mühümdür. Belə olduğu təqdirdə yoluxma və yoluxdurma çoxalır. Virusun diametri geniş ərazini əhatə edir. Əlbəttə, qarşısı alınmazsa, çox ciddi fəsadlara səbəb ola bilir.

Bəs qorunmaq üçün nə etməli?! Virusdan qorunmaq üçün izolyasiya tədbirlərinə xüsusi diqqət verilməli və buna ciddi şəkildə riayət edilməlidir. Öncə ara məsafəsi saxlanmalıdır. Unutmayaq ki, yoluxmuş bir şəxs yanımızda asqırarsa, virus asanlıqla bizə də keçə bilər. İkincisi, şəxsi gigiyena qaydalarına mütləq şəkildə əməl etməliyik. Yəni səthlərlə təmas zamanı əllər bir saatdan bir sabun tərkibli maye ilə yuyulmalı, dezinfeksiyaedici və ya spirtli məhlulla təmizlənməlidir. Virus daşıyan biri asqırdığı zaman əli ilə ağzını tutmalıdır. Amma digər tərəfdən bildiyimiz kimi, bu zaman virus onun əlinə hopur. Buna görə də o, başqa bir şəxslə əllə görüşdüyü təqdirdə, qapının dəstəyini tutduğu halda, liftin düyməsini basanda, pulla təmasda da yoluxma ehtimalı çox olur. Həmin şəxs əlini ağzına, burnuna, gözünə vurduğu halda virus çox asanlıqla ona keçə bilir.

Bu virus oturaq vəziyyətdə (yəni səthlər üzərində bir neçə saat müddətində qala bilir) olarkən, təmasla və yaxın əlaqə zamanı keçdiyi üçün mütləq şəkildə şəxsi gigiyena və məsafə saxlama qaydalarına əməl etmək əsas şərtlərdəndir. Virus bir neçə saat ərzində yenicə yoluxmuş insanın burun, udlaq hissəsində qalır. Bunun qarşısını almaq üçün isə bolluca maye içmək, burun və udlağı davamlı şəkildə qarqara etmək mütləqdir. Həmçinin burun damcılarından istifadə də lazımdır.

Adətən deyirlər ki, bu virusa yaşlı insanlar çox yoluxur. Çünki burada əsas rol oynayan immun sistemidir. Yaşlı insanlarda digər xəstəliklər, məsələn, şəkərli diabet, arterial hipertenziya, ürək, böyrək çatışmazlığı olduğu üçün müqavimətləri düşür. Ona görə də bu insanlar infeksiyaya asanlıqla yoluxa bilir.

Lakin son vaxtlar pandemiyanın tüğyanı nəticəsində yoluxmaların yaş müqayisəsi göstərdi ki, əslində, koronavirus hər kəsi bu bəlaya sala bilmək gücünə malikdir. Hətta yoluxanların və ölənlərin arasında iki-üç yaşlılara da təsadüf edilir. Ona görə də bəzi valideynlər uşaqların vaxtında peyvənd edilməsinə laqeyd qalmamalıdırlar. Dünya statistikası göstərir ki, vaxtında vərəm əleyhinə istifadə olunmuş vaksinlər vurulan ölkələrdə bu virusun daha geniş yayılma riskləri azdır.

Başqa bir sual da bu gün aktuallığı ilə diqqəti cəlb edir: spirtli içkilərdən müəyyən dozada istifadə virusu məhv edirmi? Tam məsuliyyətlə deyilməlidir ki, əksinə, heç bir dozada spirtli içkilər virusu məhvetmə qabiliyyətinə malik deyil, üstəlik, o, müqaviməti aşağı salır ki, bu da immun sisteminin zəifliyinə, virusun daha güclü təsir göstərməsinə münbit şərait yaradır.

Buradan belə nəticəyə gəlmək olur ki, virus istənilən yaş qrupuna aid insanlara keçə bilər. Lakin 100 yoluxanın 20-si bu pandemiyanı ağır keçirir, simptomları çox olur və ölümlə nəticələnir. Statistika onu da göstərdi ki, virusun əhalisi daha çox və sıx olan yaşayış məntəqələrində yayılma ehtimalı güclüdür. Paytaxt Bakı əhalisi sıx olan şəhərlər sırasındadır. Ona görə də Azərbaycan hökuməti, ilk növbədə, izolyasiya, yəni özünütəcridi vacib hesab edərək respublikada müvəqqəti karantin rejiminin tətbiqinə keçdi. Yoluxanlarla sağlam insanların təmasına qadağa qoyuldu. Ölkə vətəndaşlarının hətta karantin rejiminə ciddi əməl etmələri üçün müəyyən təsir vasitələrindən istifadəyə keçildi.

Bu günlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahının mətbuat üçün keçirdiyi növbəti brifinqdə elan edildi ki, pandemiyanın ölkənin digər ərazilərində də yayılması və insanların yoluxma hallarının kəskin şəkildə artması vətəndaşların məsuliyyətsizliyi, ondan qorunmaq üçün verilən tövsiyələri saymamazlıq səviyyəsində unutması deməkdir ki, bu da vəziyyəti ciddi həddə gətirib çıxarır. Buna görə də hər kəs bu məsələdə öz məsuliyyətini dərk etməlidir. Sərtləşdirilmiş rejim şəraitində müvəqqəti yaşamaq, dözmək, sosial izolyasiyanı qəbul etmək, sabahkı təhlükədən uzaqlaşmaq anlamını verməlidir. Bunun üçün panikaya uymaq, əsassız informasiyalara meyil etmək daha təhlükəlidir. Paytaxt Bakıya və buradan rayonlara gizli-aşkar hərəkət etməyə çalışmaq, bir sözlə, qəbul edilmiş karantin qaydalarını pozmaq yalnız cərimələnməklə bitmir, ondan daha vahiməlisi yoluxmaya münbit şərait yaratmaqdır. Vətəndaşlarımız özlərini müvəqqəti təcrid şəraitinə uyğunlaşdırmalıdırlar.

Bütün bunlar dövlətin yürütdüyü sosial siyasətdir. Hər kəs bu sahədə mütəxəssis olmaya, vəziyyəti dərk etməyə bilər. Lakin bilərəkdən qayda-qanunlara əməl etməyib, üstəlik, səni qoruyan polisi açıq-aşkar təhqir etmək heç bir məntiqə sığmır.

Bir sözlə, bütün dünyanı bürüyən qlobal pandemiya şəraitində ölkəmizin vətəndaşları təmkin nümayiş etdirməli, ölkədaxili karantin tədbirlərinə dəstək olmalı və özünütəcrid qaydalarına riayət etməlidirlər.

Qardaşxan MƏMMƏDOV,

"Stimul” hospitalının direktoru, həkim-cərrah

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video