28 Avqust 2011 01:08
497
Mədəniyyət
A- A+

Köhnə kişilərdən biri

 

Əsl insan, dost, çekist və vətəndaş haqqında

 

Redaksiya planlaşmalarında hamılıqla qəzetin "gününə ağlayandan" sonra Baş redaktorumuz mütləq yaradıcılıq məsələlərinə toxunur, yaxşı mövzu tapmaqla bağlı  tövsiyələrini verir, deyir ki, bir qızıl dənəsini yüzlərlə-minlərlə qum dənəsinin içindən axtarıb tapırlar. Oxunaqlı mövzu da elədir. Axtarın, ətrafınıza boylanın. Unudulmuş insanlardan yazın, yaxşı tanıdığınız adamlardan yazın. Biz yazmasaq, heç kim yazası deyil!

Bəli, jurnalistin taleyi budur - yazmaq. Və ondan tarixə yadigar qismində tək bircə kimin, yaxud nəyinsə haqqında yazdıqlarının sonluğundakı ikicə kəlmə qalır - imzası! Nə gizlədim, həm çoxdandır içimdə "kirayənişin olan" sözləri, kükrəyən duyğuları qələmə almaq, həm də tərifə umsuq jurnalist izzəti-nəfsini, təvazökarlıqdan nə qədər uzaq olsa da, "tarixə adını həkk etmək" perspektivi ilə sevindirmək üçün Bəxtiyar əmidən daha uğurlu namizəd tapa bilərdimmi? Bu yazı onun haqqındadır.

Kimdir Bəxtiyar Süleymanlı?

O, Böyük Vətən müharibəsinin və Təhlükəsizlik orqanlarının veteranıdır. Ulu öndər Heydər Əliyevin şəxsən tanıdığı, inanıb etibar göstərdiyi silahdaşlarındandır. Gördüklərini, yaşadıqlarını şirin bir təhkiyə ilə qələmə alıb neçə kitaba can verən söz xiridarı, qələm adamıdır. Azərbaycanın yaxın tarixinə "çiyin vermiş" neçə-neçə ictimai xadim, dövlət adamı, hərbi sərkərdə, namuslu-qeyrətli insan haqqında bitib-tükənməyən xatirələrini yaşadan canlı ensiklopediyadır. Bəxtiyar müəllimin həyat yolu, fəaliyyət bioqrafiyası vətənpərvərlik örnəyidir, təcrübə məktəbidir, dəyərlər məxəzidir. Məişətdə də, işdə də eyni cür olmağı, insanlarla münasibətdə səmimiyyət və saflığı qorumağı, kişilik ləyaqətini və zabit şərəfini həmişə uca tutmağı bacarıb.

Bəxtiyar Süleymanlının ömürlüyü özü kimi sadədir. Zəngilanın Bartaz kəndində dünyaya göz açıb. 17 yaşında ikən kənd poçtunun müdiri, məktəb müəllimi işləyib. 1944-1945-ci illərdə müharibədə iştirak edir. Tərxis olunduqdan sonra rayon hərbi komissarlığında bölmə rəisi kimi fəaliyyətə başlayır və 1952-ci ildən etibarən tam 35 il fasiləsiz Dövlət Təhlükəsizlik orqanlarında ən müxtəlif rəhbər vəzifələrdə çalışır. Nə gizlədim, bu orqanın tək elə adındakı ehtişam, adamı özünü yığışdırmağa, ətrafına boylanmağa vadar edən gizli amirlik və bunun səbəbləri barədə vaxtilə çox düşünmüşəm. Sonralar başa düşdüm ki, bu təşkilatı qüdrətli, nüfuzlu edən adındakı ilikləri donduran soyuq zabitə və insanların 30-cu illərlə bağlı xoflu xatirələri deyil, hər biri bir əfsanəyə, ömür yolu örnəyə çevrilmiş fədakar əməkdaşlarıdır, ulu öndər Heydər Əliyev, Ziya Yüsifzadə, Əbdül Xalıqov, Bəxtiyar Süleymanlı kimi peşəkar və fədakar, kristal nümayəndələridir.

Bəxtiyar müəllimlə illərin sınağından keçmiş bu dostluğumuz dövründə özü haqqında danışmağa xəsislik edib. Yox, söhbət onsuz da vaxtı ötmüş hansısa hadisənin üstündən "məxfi" qrifinin götürülüb-götürülmədiyindən getmir. Məgər indiyə sirmi qalar?! Təvazökarlıqdandır. Di gəl ki, ulu öndərlə bağlı xatirələrindən, "səngər" yoldaşlarından söhbət düşəndə səxavətdə dönüb olur Hacı Zeynalabdin Tağıyev.

- Ulu öndərlə ilk dəfə 1955-ci ilin payızında tanış olmuşam, - deyir Bəxtiyar kişi. - O vaxt SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Azərbaycan Dəmiryolu İdarəsinin Culfa bölməsində xidmət edirdim. Bakıdan ezamiyyətdən qayıdırdım. Bakı-İrəvan qatarının vaqonunda Culfa RPK-nın I katibi, yaxın dostum Kamil Məmmədovla qarşılaşdım. Bir nəfərlə söhbət edirdi. Görüşdük. O da öz növbəsində yanındakı gənc, hərbçi görünüşlü adamı təqdim edərək - Bəxtiyar, yoldaş Əliyevi tanımırsan? Sizin nazirliyinizdə rəhbər vəzifədə işləyir, - dedi. Tanış olduq. Heydər Əliyev harada, nə vaxtdan işlədiyimi, vəzifəmi soruşdu və uzun yol aramızda səmimi söhbətə körpü saldı. Nəqliyyat və ərazi DTK orqanları tabeçiliyinə görə fərqli strukturlar olduğuna görə 1959-cu ilə kimi Heydər Əliyevlə görüşlərim sırf təsadüfi xarakter daşıyırdı. Amma həmin ilin iyun-iyul aylarında respublika DTK-nın əks-kəşfiyyat idarəsinin rəisi və kollegiyanın üzvü kimi Füzulidə keçirilən zona seminar-müşavirəsindəki çıxışını dinləyərkən mən Heydər Əliyevi sanki yenidən kəşf etdim. O, təcrübəli çekist kimi respublikadakı mövcud əməliyyat şəraiti, qarşıda duran vəzifələrlə bağlı təklif və tapşırıqlarını verdikdən sonra öz zəngin xidməti təcrübəsindən, həyata keçirdiyi maraqlı əməliyyat tədbirlərindən söhbət açaraq müşavirəni xüsusilə gənclər üçün maraqlı və yaddaqalan tədbirə çevirdi.

Sonrakı illərdə bu cür görüşlərin sayı çoxaldı. Çünki Bəxtiyar Süleymanlı artıq DTK Zəngilan rayon şöbəsinin, sonrakı illərdə - ulu öndərin respublika partiya təşkilatına rəhbərlik etdiyi dönəmdə isə doqquz rayonun birləşdiyi Mingəçevir şöbəsinin rəisi vəzifəsində çalışırdı. Azərbaycan KP MK-nın birinci katibi il ərzində bir neçə dəfə Qarabağ və Şirvan bölgəsinə səfər edərək kənd təsərrüfatı işlərinin gedişi ilə şəxsən tanış olurdu. Və Bəxtiyar Süleymanlı rəhbərliyin göstərişi ilə bəzən onun xidmət ərazisinə daxil olmayan rayonlarda belə həmin səfərlərin təşkili işinə cəlb edilirdi.

Həmin illərlə bağlı xatirələri içində Bəxtiyar kişinin xüsusilə sevib əzizlədiyi daha bir xatirə böyük alim, qayğıkeş həkim və misilsiz insan Zərifə xanımla bağlıdır. 1964-cü ildə anası Məşədi Əzət xanımın gözündə yaranmış problemlə bağlı o vaxt DTK sədrinin birinci müavini işləyən Heydər Əliyevdən iki gün icazə istəyən Bəxtiyar Süleymanlı nəinki həmin icazəni alır, hətta rəisinin təklifi ilə anasını Zərifə xanımın yanına aparır. İnsanlardan ürəyinin və əlinin şəfqət və nur payını əsirgəməyən Zərifə xanım əlindən gələn köməyi edir və xəstəni bir neçə il nəzarətində saxlayır.

Bəxtiyar Süleymanlı 20 il ulu öndərin silahdaşı, respublikaya birinci rəhbərliyi dövründə isə 14 il ərzində onunla xidməti təmasda və keçirdiyi tədbirlərin iştirakçısı olmuşdur. Sonrakı dövrdə - 1987-ci il aprelin 17-də Moskvada görkəmli oftalmoloq-alim, akademik Zərifə xanımın dəfn mərasimindəki ani görüş nəzərə alınmazsa, onların yolu bir də kəsişməmişdir. Ancaq hamı bilir ki, Heydər Əliyev öz kadrlarını heç vaxt yaddan çıxarmırdı. Belə ki, 1995-ci ilin avqustunda Mingəçevir şəhərinin rəhbərliyi 10 ildən artıq bu şəhərdə xidmət etmiş Bəxtiyar Süleymanlının 70 illiyi qarşısında ona "Mingəçevirin fəxri vətəndaşı" adını verməyi qərara alır və həmin mərasimin şirin yerində Bakıdan dəvət edilmiş qonaqlardan biri - həmin şəhərin yetirməsi və Prezident yanında Xüsusi İdarənin rəisi, polkovnik Elman Qənbərov çıxış edərək yubilyara Prezidentin şəxsi təbrikini və xoş arzularını çatdırır. Bəli, ulu öndər belə diqqətcil, vəfalı və qədirkeş insan idi.

Bəxtiyar müəllimin ulu öndərlə bağlı isti xatirələri Heydər Əliyev haqqında  monumental bir epopeya yaratmış yazıçı-publisist Elmira Axundovanın kitablarında da yer almışdır. Və hərdən özümü belə bir fikrin "başında" tuturam ki, Bəxtiyar kişi çekist olmasa idi, mütləq bizlərdən biri ola bilərdi. Onun təhkiyəsində, dil faktında axıcılıqla yanaşı, bir səlislik, rəvanlıq, ən başlıcası isə peşəkarlıq var. Bu da təsadüfi deyil, çünki o, həmişə yazı-pozuya yaxın adam olub, öz üzərində işləyib, mütaliəsini artırıb, çevrəsindən ziyalılar əskik olmayıb. İndiyədək respublika mətbuatında 100-dən artıq publisistik məqaləsi dərc olunub, tanınmış ictimai-siyasi xadim Vahid İsmayılova həsr olunmuş "Yaşatmaq üçün yaşanmış yarımçıq ömür" və xalqımızın görkəmli oğullarından bəhs edən "Əbədiyaşarlar" kitabları işıq üzü görüb.

 Bəxtiyar Süleymanlı qəzetimizin fəal oxucularından və daimi abunəçilərindən biridir. O gün deyəndə ki, - qardaşoğlu, sənin İrandakı səfirimizlə müsahibənə baxdım, çox incə məqamlara toxunmusan - düzü, təəccübləndim. Necə deyərlər, "mən hara, proletarları hara", ha illah elədim, səfirlə söhbətin nə tarixini, nə də ki, mövzusunu yadıma sala bildim. Məndən səs çıxmadığını görüb ipucu verdi:

- "Podşivka"ları vərəqləyirdim, neçə il qabaq olub.

 Eləmədim tənbəllik, çap olunmuş yazılarımın biblioqrafiyasına baxdım və... Bəxtiyar kişinin dediyi müsahibəni tapdım. Əlbəttə, mənim üçün maraqlı olanı düz 10 il əvvəl Tehranda səfərdə ikən fürsətdən istifadə edib səfir Abbasəli Həsənovdan müsahibə götürməyim deyildi... jurnalistin işinin adı nədir ki?! Təəccüblü olan "Azərbaycan" qəzetinin 10 illik dəstinin bir oxucunun evində qorunub saxlanması idi. Qəzetimizdə maraqlı, "mismar" bir yazı çıxdımı, mütləq zəng eləyəcək, müəllifə təşəkkürünü bildirəcək, fikirlərini bölüşəcək, - adaşım necədir? - deyə Baş redaktorun kefini xəbər alacaq, axırda da zarafatla: - Sən Allah, yaxşı yazı yazmayın, gözlərim ağrıyır deyə oxuya bilmirəm. Ancaq məcburam, - deyib söhbətə "yağlı" bir nöqtə qoyacaq.

Təbii ki, oxuculuq bir tərəfə, Bəxtiyar Süleymanlı mənim üçün həm də çox əziz, qiymətli və sevimli bir insandır. Ondan əxz olunası mənəvi keyfiyyətlərin sayı birdimi, beşdimi, ondumu? Kişilik, insanlıq, comərdlik adına yaxşı nə varsa, hamısı qəribə bir harmoniya və qanunauyğunluqla şəxsiyyətində cəmləşib. Adam xoş emosiyalar bulağıdır, göz dəyməsin, enerji yumağıdır. Ovqatınız təlxdir, kefiniz yoxdur, dəryada gəmiləriniz qərq olub, bu dünya necə cansıxıcıdır, axırıncı dəfə dodağınızın haçan qaçdığı, ürəkdən bir ləzzətlə, "oxqay" deyənədək güldüyünüz yadınıza gəlmir! Bəxtiyar əminin bircə zəngi kifayətdir ki, dünya gözlərinizdə öz oxuna düşsün, kefiniz "ala bulud"lara qalxsın. Bir andaca dadlı-duzlu, şəkərli-şərbətli sözləri, incə yumoru, ağayana zarafatı ilə müsahibini yerdən götürüb qoyur göydəki buludların üstünə.

Hərdən səhhəti "buynuzlarını göstərsə" də, Bəxtiyar kişi bu gün də fəaldır. Zəngilanlıların tədbirlərində həmişə ağsaqqal kimi başdadır. Ələlxüsus da xüsusi xidmət orqanlarının peşə bayramı günlərində onu tapa bilməzsən; məktəblərdə şagirdlərlə, akademiyada kursantlarla görüşlər, sonra da ki, cənab nazirin iştirakı ilə təntənəli qəbul... İnsan unudulmadığını, əməyinin, xidmətinin qiymətləndirildiyini görəndə ötən günlər üçün təəssüflənmir.

* * *

Yazının sərlövhəsində Bəxtiyar Süleymanlı haqqında əsl insan dedim. Burda təşbih yoxdur. Sadəcə, dünyanın bunca qarğaşalı, narahat vədəsində bəşər aləmi, cəmiyyət bu cür adamlarsız ötüşə bilməz.

Dost adlandırdım. Bəlkə də həddimi aşdım. Amma məhrəm münasibətin, səmimi ünsiyyətin bir başqa adını tapa bilmədim.

İliyinə-qanına qədər vətənpərvər çekistdir, söylədim. Çünki bu işə əvvəldən axıradək vəzifə kimi deyil, insan həyatının meyarına, keyfiyyət göstəricisinə çevrilmiş məslək işi kimi baxıb.

Qeyrətli vətəndaşdır, yazdım. Bu isə artıq bir ayrı, sırf cəmiyyətlə bağlı bir məsələdir və məhək daşı tək insanın ən müxtəlif məqam və biçimlərdə əyarını aşkarlayır.

...Və bir də Bəxtiyar əmi köhnə kişilərdəndir. Lap elə yaşadığımız ən şirin günlər, tamarzısı olduğumuz qədim-qayım, abırlı-urvatlı adət-ənənələr, ağırtaxta dəyərlər qədər köhnə...

 

Xalid NİYAZOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video