17 Aprel 2021 00:23
875
Mədəniyyət
A- A+

“Kinəlim”in qızları

 

Mədəniyyət müəssisələri arasında elələri var ki,  xalqa göstərdiyi xidmət haqqında geniş ictimaiyyətin xəbəri yoxdur. Necə deyərlər, “kölgə”də qalmağa, öz işləri, fəaliyyətləri ilə məşğul olmağa daha çox səy göstərirlər, nəinki saxta təbliğata. Belə mədəniyyət ocaqlarından biri də folklorumuzun təbliği ilə məşğul olan Lənkəran rayonunun Boladi-1 kəndində fəaliyyəti ilə diqqəti cəlb edən, üç dərnəkdən ibarət klubdur. Bu klubu digərlərindən fərqləndirən onun təbliğat və təşviqat formasıdır, tarixi də az deyil. 1938-ci ildə Boladidə kolxoz quruluşu yaradılandan fəaliyyət göstərir. Yəni kolxoz klubu adı ilə fəaliyyətə başlayan bu mədəniyyət ocağı kəndin istedadlılarını ətrafına cəlb edib.

Sonralar kənd inkişaf etdikcə onun mədəni-məişət xidmətinin də şəbəkələri genişlənib, klub da çevrilib olub mədəniyyət evi. Cəmi beş nəfər işçi ilə kənd camaatına mədəni-kütləvi tədbirləri ilə xidmət göstərən mədəniyyət evinin sovetlər dönəmində bəxti o qədər də gətirməyib. Mədəniyyət Nazirliyi onun yalnız klub kimi, yəni yığcam formada fəaliyyətini davam etdirməkdən başqa yol görməyib. Beləliklə, işçiləri ixtisar olunaraq, mədəniyyət evi kluba çevrilib.

Klubda hazırda 3 dərnək  fəaliyyət göstərir: “Kinəlim”, “Səadət” və “Natiq” adlı. “Kinəlim”  (Azərbaycanca “Qızlar” deməkdir) rəqs dərnəyinin bədii rəhbəri Samirə Ağayevadır. Əsasən məktəbyaşlı qızlardan ibarət olan rəqs dərnəyinin 15 nəfər üzvü var. Burada əsasən milli, etnik rəqslər və folklor nümunələri öyrədilir.

“Səadət” dərnəyinin də 10 nəfərlik üzvü əsasən qızlardan ibarət olur. Evdarlıq (biçmə-tikmə, xalçaçılıq, aşpazlıq və s.) işlərini qızlara öyrədənlər yaşlı nəslin nümayəndələri, el ağbirçəkləridir.

Beş nəfərlik “Natiq” bədii qiraət dərnəyi isə kəndin natiqlik qabiliyyətinə malik oğlan və qızlarını ətrafına cəm edib. Burada bədii qiraət öyrədilir ki, bunun da müqabilində kənddə neçə-neçə istedadlı, qabiliyyətli uşaq və gənclər yetişiblər. İndi həmin istedadlıların səs-sorağı kənddən xeyli uzaqlardan, rayon və respublika səviyyəli tədbirlərdən, konsert və tamaşa salonlarından gəlir.

Klubun müdiri Şahnaz Rzayeva deyir ki, 2004-cü ildən mədəni təşkilatçı, “Kinəlim” rəqs dərnəyinin bədii rəhbəri Samirə Ağayeva da məhz həmin istedadlı tapıntılardan biridir: “Ona görə bu gün o nəinki kənd, rayon miqyaslı tədbirlərin təşkilatçısı və aparıcı kimi də sevilir. Xalq və bəstəkar mahnılarını məharətlə ifa edən, həm də yaxşı bədii qiraətçisi kimi tanınan Samirə Ağayeva klubumuzun dərnəklərinin təşkil etdiyi tədbirlərdə  həmişə fəallığı ilə seçilir. Klubda folklor nümunələri, el nəğmələri, xalq mahnıları ilə yanaşı, vətənpərvərlik mövzusunda olan şeirlərin səsləndərilməsində də məharətini göstərir. Belə dərnək üzvlərimiz az deyil...”

Kənd klubunun müdiri onu da deyir ki, əsas fəaliyyət istiqaməti, adından da göründüyü kimi, ilk növbədə, folklorumuzu toplamaq, Boladinin yaşlı nümayəndələrindən unudulan, yaddan çıxan el nəğmələrini, bayatıları qısa şəkildə video-süjet halında toplamaq və təbliğ etməkdir.

Demək olar ki, klubda bütün sahələrə müraciət olunur. Kəndin ziyalıları, tanınmış sənət adamları ilə keçirilən görüşlər video-reportaj halına salınaraq həm arxivləşdirilir, həm də sosial şəbəkələrdə paylaşılır ki, bu da müasir dövrdə təbliğatın müəyyən bir onlayn, virtual formasıdır.

Ötən ilin sentyabrın 27-dən başlayıb 44 gün davam edərək, müzəffər  ordumuzun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi iştirakçılarının, şəhid və qazilərimizin ailələrində olub, onların dərd-səri və problemləri ilə maraqlanıb, əlaqədar ünvanlara müraciət  etmək klub fəallarının borcuna çevrilib.  Klubun təbliğatçıları müharibədən qayıdan, döyüşlərdə təltif olunan, fəxri ad alan qazi əsgər və zabitlərimizlə görüşür, şəhid ailələrində olur, onların sosial-məişət qayğıları ilə maraqlanırlar.

“Bütün bu kimi tədbirlərin təşkilatçılığında, təbii ki, klubun müdiri Şahnaz Rzayevanın və dərnək rəhbəri Samirə Ağayevanın əməyi daha çox olub”. Bunu söyləyən  Boladi kənd sakini Zaur Qafarzadə fikrinə onu da əlavə edir ki, Lənkəran Regional Mədəniyyət İdarəsi Lənkəran şəhər Q.Vəliyev adına Mədəniyyət Mərkəzinin filialı olan Boladi-1 kənd klubu “2019-2020-ci ilin ən yaxşı klubu” adına layiq görülüb: “Onu da deyək ki, Lənkəranın 50-dək klubu arasında yalnız bu ada layiq görülən bizim kəndin  mədəniyyət ocağı olub. Bu klub istedadlılar məskənidir. 1998-ci ildən kluba rəhbərlik edən Şahnaz Rzayeva özü də istedadlı olduğu üçün keçirilən bütün tədbirlər yüksək səviyyədə olur.

Klubun Humay və Anaxanım Rəcəbovalar, Nigar Qulamova, Bənazir Rzayev, Əli Əliyev, Xalidə Dadaşova, Qızqayıt Ağayeva, Şanənə İsrafilova, Gülşən Tahirova, Aytən və Arifə Babayeva bacıları kimi fəal dərnək üzvləri var. Onların arasında nənə-nəvə yaşlılara da rast gəlmək olur. Hər birinin də istedadı və qabiliyyəti özünəməxsusdur.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video