18:52 03 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

KİMDİR GÜNAHKAR?!
ANA SƏHİFƏ / SİYASƏT
01:07 06.12.2020


BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏN VƏTƏN MÜHARİBƏSİNƏDƏK KEÇİLƏN YOLA NƏZƏR


Sanki hər şey 30 il əvvəlki kimidir:

* Xalq həmin xalq;

* Torpaq həmin torpaq;

* Düşmən həmin düşmən;

* Havadarları və diasporu olduğu kimi qalır;

* İddialar və əməllər dəyişməyib.

Əslində isə hər şey tam dəyişərək bambaşqa olub.

* Xalq həmin olsa da, düşüncəsi və əhvali-ruhiyyəsi dəyişib, gördükləri və yaşadıqları onu 360 dərəcə çevirərək yetkinləşdirib.

* Torpaq onda bizim idi, qurulu evlər, xoş və firəvan yaşayış vardı.

İndi isə torpağı qaytarmışıq: xaraba yaşayış məntəqələri, minalanmış sahələr, təhqir edilərək dağıdılmış müqəddəs məbədgahlar yiyəsi olmuşuq.

* Dəyişməyən düşməndir: faşist xislətli, yaşadığı yerləri xarabazara çevirən, öz tutduğu əraziləri xoşluqla boşaltmaq istəməyən.

* Yenə Ermənistan silahlandırılır, gizli, dolayısı və açıq şəkildə müdafiə olunur, beynəlxalq hüquq işləmir, ikili standartlar hökm sürür, erməni diasporu dəridən-qabıqdan çıxır.

* Kapitulyasiya sənədinə qol çəkib işğal ərazilərini tərk edərək evləri və meşələri yandırır, mal-qaranı qırır, havadarlarının yaxasını buraxmır, statusu qaytarmaq üçün məkrli planlar qurur, Laçın , Kəlbəcər və Şuşanın "itirilməsi ilə” heç cürə barışmaq istəmir, düşmənçilik və qisasçılıq niyyətindən əl çəkmir.

***

Dağlıq Qarabağ münaqişəsi davam edən dövrdə:

* 20 mindən çox Vətən övladını şəhid vermişik.

* 100 trilyon dollardan çox zərərə düşmüşük.

* 1 milyondan çox vətəndaşımız

30 ildən çox maddi və mənəvi əziyyət çəkib, bəziləri illərlə qeyri-insani şəraitdə yaşayıb, minlərlə azərbaycanlı dünyanı vaxtından əvvəl tərk edib.

* On illərlə müddətdə "torpağın itirmiş qorxaq millət” damğası ilə gəzmiş, sıxılmış, sınmış, gözükölgəli olmuşuq...

İstər-istəməz özünə sual verirsən:

Bütün bunlar niyə baş verdi?

Fəlakətdən vaxtında qurtarmaq olardımı?

Ən nəhayət, kimdir müqəssir?

Həm də:

* Biz heç zaman ermənidən qorxmamışıq, təkbətək döyüşlərdə həmişə onları məğlub etmişik.

* Erməni hücuma keçən kimi kəndləri boşaldıb qaçmamışıq, Xocalı soyqırımı da göstərir ki, sona qədər müqavimət göstərmişik.

* Vətən müharibəsindəki qələbəmiz isə bütün dünyaya göstərdi ki, biz ən yüksək səviyyədə müharibə aparmağı da, əlbəyaxa döyüşlərdə düşməni məhv etməyi də, ermənini diz çökdürərək təslim sənədinə qol çəkdirməyi də bacarırıq.

***

Nə vaxtlarsa jurnalistləri kəşfiyyatçılara bənzədirdilər.

Hadisələri başqalarına nisbətən daha əvvəl gördüklərinə, bəzi gizlinlərdən xəbər tuta bildiklərinə görə!

Bəli, peşə vəzifələrini icra edən jurnalistlər bəzi hadisələrin şahidinə çevrilir, yazıları isə qəzet səhifələrində, arxivlərdə, kitablarda uzun illər boyu "yaşayır”.

Mövzuda qaldırılan məsələləri və verilən sualları gördüklərim, şahidi olduqlarım və bildiklərim faktlar əsasında cavablandırmağa çalışacağam.

27 il bundan öncə baş verənlərə isə bu günün nəzərləri ilə baxsam da, həmin dövrdə "Həyat” və "Azərbaycan” qəzetlərində yazdığım (müharibə dövrü bu qəzetlərin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri olmuşam) yazılardan gətirdiyim parçalardan istifadə edəcəyəm.

Zaman dəyişsə də, haçansa baş verənlər, deyilənlər, edilənlər və yazılanlar dəyişməz olaraq qalır!

***

Erməni heç vaxt öz ağzı ilə hürməyib!

Erməni həmişə marıqda yataraq hücuma keçməyə fürsət gözləyib.

Erməni tarixi təbəddülatların sərt dəyişmələrində bizdən torpaq qoparmağı bacarıb!

Elə öz dövlətini də bizim torpaqların hesabına yaradıb.

Bəs niyə qırmızı imperiya çökməyə başlayanda, erməni "miatsum” deyə Dağlıq Qarabağ Muxtar Vilayətinə yiyə durmağa başlayanda sayıqlığımızı itirdik?

Axı Ulu Öndər Heydər Əliyev hadisələr başlayanda Ali Sovetdə (indiki Milli Məslis - B.S.) çıxış edərək gözümüzü açmaq istədi, bəlaya qarşı xüsusi konsepsiya hazırlayaraq onun əsasında mübarizə aparmağın vacibliyini söylədi! Təəssüf ki, salondakıların bəziləri ona qulaq asmaq istəmədilər və çox keçmədən bunun ağrı-acısını yaşadılar. Doğrudur, sonradan Ulu Öndərimizi Naxçıvandan geriyə yalvara-yalvara çağırdılar, xaos və anarxiyadan yalnız onun rəhbərliyi ilə çıxa, problemlərin yalnız onun göstərdiyi yolla həllinə nail olacaqlarını dərk etdilər!

Bəlkə də böyük rəhbəri eşitmədiyimizə görə Tanrı bizə bu cəzanı verdi!

Hər halda məğlubiyyətimizin səbəbləri çoxdur və indi, tarixi qələbəni qazandıqdan sonra bu haqda danışmaq, keçilən yolu təhlil edərək müəyyən nəticəyə gəlmək mümkündür.

***

Birinci Qarabağ müharibəsi 22 fevral 1988-ci ildə başladı. Həmin gün ağdamlı iki gəncin - Əli və Bəxtiyarın ermənilər tərəfindən öldürülməsi ilə ilk şəhidlərimizi verdik!

Qəzəblənmiş kütlə ermənilərin başına ağıl qoymaq üçün Xankəndiyə doğru yürüş edirdi. Əsgərana yaxınlaşanda düşmənin açdığı atəş onun bu münaqişəyə həm də silahlanaraq hazırlaşdığını göstərdi.

Həmin dövrdə Azərbaycana başçılıq edənlər - Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov Moskvanın dediyi ilə durub-oturur, müstəqil addım atmağa cürət etmirdilər. Mərkəz isə separatçılıq hərəkətlərinə qəti yox deməməklə, əslində erməni mövqeyi sərgiləyirdi. Məsələn, Qorbaçovun Yerevana göndərdiyi yüksək-çinli emissarlar orada "Dağlıq Qarabağ Ermənistana veriləcək” söyləyərək separatçıları qızışdırır, Bakıya gələnlər isə "Qarabağ Azərbaycanındır” deyərək bizi arxayınlaşdırırdılar.

SSRİ-ni dağıtmağa xidmət edən M.Qorbaçovun erməni diasporunun təşəbbüsü ilə qaldırılan və "Böyük Ermənistan” sərsəm ideyasına dəstək verən "miatsum hərəkatı”na hər cürə dəstəyi vardı (həm də havayı yox). Faktiki olaraq qırmızı imperiyanın çöküşü Qarabağ hadisələrindən başladı.

Bütün bu dərinlikləri o dövrdə Azərbaycana başçılıq edənlər qədərincə dərk edə, qarşısını ala bilmədilər.

Ulu Öndər Heydər Əliyev isə böyük siyasətdən kənarda idi.

Bu məqamda "KQB”-nin razılığı ilə müttəfiq respublikalarda eyni ssenari ilə "xalq cəbhələri” yaradılmağa başladı. Xalq cəbhələri "demokratiya” adı ilə etiraz aksiyaları keçirir, idarəetməni pozur, mitinq və piketlərlə iqtisadiyyatı çökdürürdülər.

Azərbaycanda da belə "cəbhə” yarandı və ozamankı Lenin meydanı onların ixtiyarına verildi.

Bu məqamda bir faktı da qeyd edək: 1988-ci ildə Sovet hökuməti elə zəif və gücsüz deyildi ki, kimsə, yaxud kimlərsə onun əleyhinə iş apara, mitinq keçirə, dövlətin müvafiq strukturları onun qarşısını ala bilməyə!

Üstəlik, Qazaxıstanın paytaxtı Alma-Atada və 1990-cı ilin 20 yanvarında (buna qədər isə Çexoslovakiya hadisələrində) hamı açıq-aşkar gördü ki, SSRİ maraqlarına təhlükə gördüyü məqamda utanıb-çəkinmədən dinc əhaliyə qarşı zor tətbiq edir, hətta belə halda ordunun da gücündən istifadə edir!

Əgər 1988-ci illərin mitinqlərində güc tətbiq olunmayıbsa, faktın özü dövlətin buna gizli razılığının təsdiqidir.

Xalqın meydana çıxma səbəbi isə demokratiya və aşkarlıqla, hətta "yenidənqurma” ilə bağlı deyildi.

İnsanlar mərkəzin ədalətsizliyinə, ermənilərin separatçı hərəkətlərinə, Ermənistan və Dağlıq Qarabağ ərazisindəki kəndlərdən azərbaycanlıların zorla qovulub çıxarılmasına etirazlarını bildirir, qəzəblərini ifadə edirdilər.

Azərbaycan Xalq Cəbhəsi yarananda onun tərkibi əsasən uğursuzlardan ibarət idi. Xalqın sevdiyi, hörmət etdiyi ağıllı elm adamları, ziyalılar aşkarda o qədər də görünmürdülər. Sonralar onları müxtəlif üsul və vasitələrlə bu qurumdan kənarlaşdırdılar.

Əsasən Elmlər Akademiyasının bazasında yaranmışdı. Bir qədər keçmiş "uğursuz laborantlar”, "müdafiə edə bilməyən çoxillik aspirantlar” aparıcı qüvvəyə çevrildilər. İqtidara gələndə dövlətdə "əsas postları” belələri tutdu. "Yağlı vəzifə” ala bilməyənlər isə AXC-dən qoparaq müstəqil partiya yaratdılar, müxalifətə keçdilər.

"Meydan hərəkatı” 20 Yanvar faciəsindən sonra Ulu Öndər Heydər Əliyevin təsiri ilə milli-azadlıq hərəkatına çevrildi.

Lakin AXC milli azadlıq hərəkatının gücündən və dalğalarından istifadə edərək hakimiyyətə gəlməklə əslində bu hərəkatı gözdən saldı, iqtidarda olduğu qısa bir dövrdə torpaqların işğalına, bir milyondan çox qaçqın və məcburi köçkün ordusunun yaranmasına, ölkədə xaos, anarxiya və özbaşınalığın baş alıb getməsinə, iqtisadiyyatın dağılmasına səbəb oldu!

Hətta xalqın arzu və tələbi ilə Ulu Öndər Heydər Əliyev yenidən ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycan bir dövlət kimi məhv olaraq əvvəlki tək kiçik xanlıqlara parçalanacaqdı!

1992-ci ilin martında Bakıda parlament çevrilişi yolu ilə A. Mütəllibovun hakimiyyətdən qovulması və AXC-nin iqtidara gəlməsi prosesində Şuşanı və Laçını müdafiə edən bir sıra hərbçilərin və zirehli texnikanın paytaxta gətirilməsi torpaqların müdafiəsini pozdu.

AXC-nin səriştəsiz iqtidarı isə erməni separatçılarının qalibiyyətinə münbit şərait yaratdı.

Aralıqda itirən xalq, işğala məruz qalan isə ərazilərimiz oldu!

Həmin dövrlərdə Qarabağdan Bakıya, Bakıdan isə Qarabağa baxanda görünən nə idi?

Qarabağlılar Bakıya baxanda gördülər ki, qorxaq və qətiyyətsiz A.Mütəllibov iqtidardan qovuldu, onun yerinə gələnlər isə:

* Prezident Ə. Elçibəy və baş nazir Pənah Hüseynov nəinki ömürləri boyu 3-5 işçisi olan bir "JEK”-ə müdirlik etməyiblər, heç "elmlər namizədi” dissertasiyasının da müdafiəsini bacarmayıblar;

* Dövlət katibi Əli Kərimli BDU-nun Hüquq fakültəsini bitirsə də, ən böyük vəzifəsi müxalifət qəzetinin şöbə müdirliyi olub;

* Xarici işlər naziri Tofiq Qasımov diplomatiyadan xəbərsiz, bu sahədə bir gün də işləməyən, heç bir dil bilməyən fizika müəllimidir.

* Daxili işlər naziri İsgəndər Həmidov keçmiş "OBXSS” işçisi (indi elə qurum və vəzifə yoxdur) olmaqla fəaliyyəti dövründə jurnalistləri döyüb maşının "bağajına” basmaq, tənqidi məqaləni zorla müəllifinə yedirtmək, Rusiyanın ölkədəki səfirinin "başına bir güllə çaxacağı” ilə hədələmək, Azərbaycanda "atom bombası” olduğunu söyləməklə gündəmi zəbt edirdi.

* Müdafiə naziri Rəhim Qazıyev xəyanətkar, Rusiyanın ozamankı müdafiə naziri Şapoşnikovun "dostu”, Şuşanın işğalından sonra "başına güllə çaxmaq” vədinə əməl etməyə kişiliyi çatmayan ortabab riyaziyyat müəllimiydi.

* Bu iqtidarın torpaqları müdafiə üçün yaratdığı ordu küçələrdən yığılaraq əllərinə avtomat verilib döyüşə göndərilən gənclərdən, yaxud həbsxanalardan buraxılaraq silahlandırılan keçmiş məhkumlardan ibarət idi.

İqtidarda olduqları on bir ay ərzində gördükləri işlərin hesabatını isə 25 may 1993-cü ildə verdilər.

Bu barədə bir qədər sonra...

O vaxtlar Qarabağda yaşayanlar nə görür, nə söyləyir, nə istəyirdilər?!

Bununla bağlı həmin dövrdə cəbhə bölgəsində yaşayan və çalışan hərbi müxbir kimi öz yazılarıma istinad edirəm: "Bu matəm sonuncudurmu?” məqaləsindən:

* "İki yüz min azərbaycanlı Ermənistandan qovulanda, yolda öldürülüb qırılanda yas tutmağı heç ağlımıza da gətirmədik. "Rəhbər”lərdən heç kim bu barədə dinib-danışmadı. "Milli ədavəti qızışdırmamaq”, "Bakıda sabitliyi pozmamaq”, "emosiyaları coşdurmamaq” üçün öz qəzetlərimizdə bu mövzuda "kəskin yazmaq” qadağan edilmişdi. "Daimi yaşayış yerini müvəqqəti tərk etmiş şəxslər” - qeyrətimiz bu ifadəyə çatırdı. "Köçkün”, "didərgin”, nəhayət, sonradan "qaçqın” sözünü işlətməyə icazə verdilər. Özümüz belə, özgələrinin isə vecinə də gəlmirdi ki, azərbaycanlılar zorla qovularaq ata-baba yurdlarından çıxarılır. Bunu açıb-ağartmaq onlara sərf eləmirdi. Beləliklə, indi cidd-cəhdlə yarmaq istədiyimiz informasiya blokadasını ən əvvəl özümüz yaratdıq özümüz üçün” ("Həyat” qəzeti, 3 mart, 1992-ci il).

* "Ən çox narahatlıq doğuran Əsgəran əməliyyatının baş tutmamasıdır. Əsgəran vaxtında alınsaydı, Xocalı faciəsi baş verməz, növbəti dəfə matəm saxlamazdıq. Görəsən Ağdamdakı silahlı dəstələrin birləşməsinə mane olan hansı gözəgörünməz qüvvədir? Niyə milli müdafiə qüvvələrinin döyüş hazırlığı yüksəldilmir? Bu gün Qarabağa bütün respublika maddi yardım göstərir (bəzən yardımın lazım olan yerə çatmaması başqa söhbətin mövzusudur). Ev-eşiyini, hər cür azuqəsini itirmiş adamlar üçün bu, son dərəcə qiymətlidir. Bəs nə vaxt Qarabağ bütün respublikadan HƏRBİ YARDIM görəcək? Axı Qarabağ Azərbaycanın bir parçasıdır və əslində müharibə Azərbaycan uğrunda gedir” (yenə orada).

"Azərbaycan” qəzetinin 28 iyul 1993-cü il nömrəsində dərc edilmiş "Müharibə ya qeyrətlə udulur, ya siyasətlə” yazımdan iki iqtibas:

* "Dörd ildə altı müdafiə naziri dəyişmişik, bizə qarşı kimlərin döyüşdüyünü bilsək də, öz tərəfimizdən müharibənin aparılmasını qeyri-peşəkarlara, hərbi işdən xəbəri olmayanlara etibar etmişik. Heç görün bu qədər generalı və Milli Qəhrəmanı olan xalq da bu qədər torpaq itirər? Kim vicdanına, qeyrətinə and içib ki, Qarabağı azad edəcək - inanmışıq. Kim Qurana əl basıb ki, buranı düşmənə verməyəcəyik - etibar etmişik! Özümüzdən çox başqalarına arxayınıq, istəyirik ki, kimsə bizim yerimizə gəlib düşməni məhv edib getsin. Biz də azad və suveren respublikamızda "kresloları” bölək! Unuduruq ki, hərənin öz niyyəti, öz məqsədi var! Ən qüdrətli dövlətlər belə iki cəbhədə müharibə apara bilməyiblər. O vaxt Almaniyanı məğlub etmək üçün müttəfiqlər birləşərək ikinci cəbhəni açmışdılar.

Azərbaycan isə beş ildir ki, iki cəbhədə vuruşur. Bakıda hakimiyyət uğrunda, Qarabağda isə torpaq uğrunda "ağır döyüşlər” gedir.

Bakı öz "havası” ilə nəfəs alıb yaşayır, Qarabağ isə od-alovun pəncəsində çapalayır. "Özfəaliyyət qaydasında” gedən bu müharibədə xalqın ən qeyrətli və mərd oğulları həlak olur”.

("Qeyrət və xəyanət” kitabı, səh.107-108)

* "Torpağı yad əllərə keçən, əsirlikdə yüzlərlə oğlu-qızı zillət çəkən, ev-eşiyini itirərək yaşamaq üçün heç nəyi olmayan bir xalqın küçələrdə demokratiya tələb etməsi gülüncdür!

İndi bütün siyasi partiyalar, cəmiyyət və hərəkatlar birləşib xalqı fəlakətdən qurtarmaq yollarını tapmaq əvəzinə hakimiyyətdən "öz paylarını” umurlar. İmperiyalar dağılsalar da, imperiyanı sevən qüvvələr yaşayırlar və onu yenidən başqa formada bərpa etmək üçün fürsət gəzirlər!” (yenə orada, səh. 109)

Ən nəhayət, daha iki sitat:

Biri 1994-cü ildə Bakıda, "Şərq-Qərb” nəşriyyatında çıxan "Qeyrət və xəyanət” adlı kitabımdandır:

* "Müharibənin başlandığı vaxtdan beş ildən artıq müddət keçsə də, onun dövlət səviyyəsində aparılması qətiyyən hiss olunmur. "Qarabağın xilası” - adı altında gündə bir siyasi partiya, hərəkat peyda olur. Müharibənin maliyyələşdirilməsində xalqa, ayrı-ayrı pullulara istinad edilir. Yaxud "Laçını laçınlılar”, "Şuşanı şuşalılar” və s. müdafiə, yaxud azad etməlidir fikrinə rəvac verilir. Dəstəbazlıq, mənəm-mənəmlik azarı sağalmaq bilmir. "Qarabağ kartı” ilə vəzifəyə gəlmək, siyasi kapital toplamaq istəyənlərin sayı və iştahası günbəgün artır. Xalq isə bundan əziyyət, olmazın məşəqqət çəkir. Nə qədər ağrılı və acınacaqlı olsa da, etiraf etməliyik ki, respublikada yeni bir zümrə - qaşqınlar ordusu yaranmışdır”. (səh.113)

İkincisi isə "Azərbaycan” qəzetinin 21 avqust 1993-cü il nömrəsində dərc olunmuş "Sən kimsən, qaçqın?!” adlı məqalədəndir:

* "Neyləməli, bizim xalq sadə qəlbli olub, unutqan olub, inanan olub! Amma qeyrətsizliyi özünə sığışdırmayıb. Bu inanmağının və qəlbigenişliyinin altını çəkməliydi. Elə çəkdi də! Ağıllı başçısı, uzaqgörən siyasətçisi olmadı. Siyasət aləmində ağ və qara rəngdən özgə çalarları seçmədi. Şirin nağıllara, dadlı xülyalara uydu. Elə bildi ki, meydanda yığışıb "A-zad-lıq!” deyib bağırmaqla azadlıq olur. Pərdə arxasındakı personajları, onların məkrli niyyətlərini irəlicədən görüb anlamadı. Bir də uydu "şirin-şəkər” nemətə” - vəzifə ehtirası, kreslo davası hər şeyi unutdurdu ona! Hətta Vətənin bütövlüyünü, torpaqların müqəddəsliyini də! İtirilən hər parça torpaq kimlər üçünsə "böyük kresloya doğru” bir addımı əvəz etdi. Vəzifə ehtirası alovlanıb gurladıqca, Vətən "kiçildi”, torpaq daraldıqca, sənin sayın, həmdərdlərin artdı, çoxaldı...”

Bu, xalqın həmin dövrün ictimai-siyasi, hərbi müstəvidə baş verən hadisələrinə və Azərbaycana başçılıq edənlərə verdikləri qiymətdir.

Bəs ölkədə idarəsizlik və xaos yaranmasında, torpaqların müdafiəsinin pozulmasında, diletant və xəyanətkar insanın müharibə dövründə müdafiə naziri təyin edilməsində birbaşa rolu və məsuliyyəti olan AXC iqtidarının komandası (komandanın hər bir üzvünün işinə və əməlinə onun rəhbəri birbaşa cavabdehlik daşıyır) özü-özünə hansı qiyməti verib?

Bunu 1993-cü ilin məşhur may konfransında "rəhbər şəxslərin” özlərinin etirafından öyrənmək, zənnimizcə, daha doğru olar.

İndi isə özünəqiymətə nəzər salaq:

Prezident Əbülfəz ELÇİBƏY:

"Respublikada talançılıq baş alıb gedir. Nizami demişkən, əgər oğurlanan maldan gözətçinin xəbəri yoxdursa, demək, gözətçinin orada əli var. Burada milis orqanıdır, prokuror orqanıdır və bir də məhkəmə orqanıdır. Burada oturan orqanların əli həmin cinayətdə var”.

***

"Rüşvət alanda milyonlarla dollar alırsınız, alırsan heç olmasa yüz minlərlə al, beş manat al, insafla al”

***

"Biz, doğrudan da, dövlətimizi itirəcəyik. İtirməyəcəyik, bu dövlət yenə də bir vaxt yaşayacaq. Amma biz qanın içində gedəcəyik”.

***

Dövlət katibi Əli KƏRİMLİ:

"Xalqın böyük narazılığına səbəb olan bir qüsurumuz da iqtisadi sahədə cinayətkarlığın baş alıb getməsidir. İqtisadi sahədə cinayətkarlıq elə bir vüsət alıb ki, dövlət əmlakının açıq-aşkar mənimsənilməsi, qeyri-qanuni yollarla xaricə satılması, həmin vəsaitin xaricdə saxlanılması və bir sözlə, dövlət əmlakının talan edilməsi adicə hala çevrilib”.

***

"İqtisadiyyatın bütün sahələrində cinayətkarlıq iri miqyas alıb və hətta ayrı-ayrı cinayət faktları göstərir ki, hüquq mühafizə orqanlarının da müəyyən vəzifəli şəxsləri daxil olmaqla, artıq dövlət orqanlarının daxilində müəyyən cinayətkar təbəqələr formalaşmaqdadır”.

***

"Bu gün Azərbaycanın maddi sərvətləri qaçaqmalçılıq yolu ilə talan olunur. Respublikanın on minlərlə iribuynuzlu mal-qarası, minlərlə texnikası və digər maddi sərvətləri sərhəddən qaçaqmalçılıq yolu ilə keçirilir. Bu, respublikanın iqtisadiyyatına sarsıdıcı zərbə vurur”.

***

"Respublikada bütövlükdə nəinki qan

unçuluq, hətta icra intizamı xeyli dərəcədə aşağıdır. Prezident fərman və sərəncamlarının icrası qənaətbəxş səviyyədə deyil. Bəzən elə ab-hava yaradırıq ki, qanunsuzluq, özbaşınalıq, hakimiyyətsizlik demokratiya ilə eyniləşdirilir. Çox təəssüf ki, hətta fərmanlar icra olunduğu təqdirdə belə istənilən nəticəni vermir. Qarşıya qoyulan nəticəyə nail olunmur”.

***

Baş prokuror İxtiyar ŞİRİNOV:

"Respublikada mafioz qüvvələr get-gedə güclənməkdə, baş qaldırmaqdadır. Belə qüvvələr müxtəlif fırıldaqla dövlət əmlakını çapıb talayır, iqtisadiyyata böyük zərbə vururlar. Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə böyük mafiya fəaliyyət göstərir”.

***

"1991-ci illə müqayisədə indi qeydə alınan cinayətlərin sayı böyük sürətlə - 43,8 faiz artaraq 22450 hadisəyə çatmış, ağır cinayətlərin sayı isə iki dəfədən çox artmış və 6009 belə cinayət hadisəsi qeydə alınmışdır”.

***

"Cinayət işlərinin qeydiyyatdan gizlədilməsi halları müəyyən edilmişdir. Qanunsuzluqların nəticəsidir ki, banditizmin 98, qəsdən adamöldürmənin 55,2, zorlamanın 52, dövlət əmlakının mənimsənilməsinin 61,8, soyğunçuluğun 79,7,quldurluğun 81,4 faizi açılmamış qalmışdır. Bu, prokuror nəzarətinin zəif olması deməkdir”.

***

"Respublikamızda rüşvətxorluğun belə tüğyan etməsi, bu cür baş alıb getməsi hüquq mühafizə orqanlarının özünün həmin hallara şərait yaratması nəticəsində baş vermişdi. Dövlət aparatında, hüquq mühafizə orqanları arasında rüşvətxorlar həddindən artıq çoxdur. Bunu açıq qeyd etmək lazımdır və biz hələ də belələrinə qarşı mübarizə aparmaqda zəiflik göstəririk. Nə qədər ki, dövlət aparatında sağlam əhvali-ruhiyyə yaratmamışıq, nə qədər ki, dövlət aparatında, o cümlədən hüquq mühafizə orqanlarında rüşvətxorları ifşa edib kənarlaşdırmamışıq, belə şərait davam edəcəkdir. Dövlət aparatı özü iflic vəziyyətindədir, daha doğrusu, özü rüşvətxorluqla məşğul olur. Ona görə də rüşvətxorluqla məşğul olan dövlət aparatı rüşvətxorluqla mübarizə apara bilməz və biz bu məsələnin həllini dövlətdən başlamalıyıq”.

***

Daxili işlər naziri Abdulla ABDULLAYEV:

"Cinayətkar əlaqələrin zorakılığı və qəddarlığı güclənir, silahlı formalarda cinayətkar terrorizm yayılır, iqtisadi sahələrin kriminallaşması davam edir, mütəşəkkil cinayətkarlığın və korrupsiyanın kriminal-siyasi təhlükəsi böyüyür...

***

Ədliyyə naziri İlyas İSMAYILOV:

"Cinayətkarlar öz içimizdədir. Ona görə də onun dağıdıcı qüvvəsi çox böyükdür. Ümumiyyətlə isə, ölkədəki cinayətkarlıqla bağlı mübarizədə biz heç nə edə bilməmişik. Cinayətkarlıq bizim fəaliyyətimizi üstələyir, bu, çox acı gerçəklikdir”.

***

"Hakimiyyətimiz dövründə rüşvətxorluq kommunistlərin dövründəkindən dəfələrlə çoxalıb. Bu, faktdır. Vəzifəli şəxslər içərisində təmizləmə aparılmalıdır”.

***

"İqtisadi sahədə böyük dağıntılar gedir. Guya ki, apardığımız "mübarizə” ilə əslində cinayətkarları cinayətlərə daha da həvəsləndiririk. Məhkəmələr, doğrudan da, işləmir. Bu sistemdə yoxlama aparmışıq, adamı dəhşət bürüyür. Adi fakt: məhkəmə prosesi olmadan hökm çıxardırlar. Bu, ən böyük biabırçılıqdır”.

Müzəffər Ali Baş Komandan İlham Əliyev hər dəfə yaşayış məntəqələrindən biri düşmən işğalından azad olunanda xalqa müraciət edirdi.

Bu müraciətdə xalqımıza şad xəbərin çatdırılmasının nikbin notları və təbriklə yanaşı, dərin təhlil və qiymətləndirmələr də olurdu.

Belə qiymətləndirmədən biri xalqımızın bu bəlaya düşməsində və torpaqların itirilməsində özünəməxsus "xidmətləri” olan AXC – Müsavat cütlüyü iqtidarının fəaliyyəti ilə bağlı idi.

Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqa 25 noyabr 2020-ci il tarixli müraciətindən parçalar:

* "İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı.

* "Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar”.

* "Kəlbəcər rayonunun işğal altına düşməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır”.

*"Onlardan hansı idarəçilik gözləmək olardı?! Onlardan hansı vətənpərvərlik gözləmək olardı?! Hansı peşəkarlıq gözləmək olardı?! Xarici işlər naziri. Heç bir dildə bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma bir güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri”.

* "Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar”.

* "Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? Ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, idarəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında ovaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər”.

***

Bütün Azərbaycan xalqının və Azərbaycanı yaxından tanıyanların yekdil bir qənaəti var: Əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycana Ulu Öndər Heydər Əliyev rəhbərlik etsəydi, nə vəziyyət gəlib bu həddə çatar, nə bu qədər ərazi itirilər, nə də bir belə şəhid verərdik!

Bəli, müdrik və uzaqgörən rəhbər, təcrübəli, iradəli və qətiyyətli, nüfuzlu, ən nəhayət, xalqın sevdiyi rəhbər xalqını və dövlətini tarixin sınaqlı dövrlərində bəlalardan qurtarmağa qadirdir.

Təsadüfi şəxslərin hakimiyyətə gəlməsi isə çox zaman faciə və fəlakətlə nəticələnir.

İnsanlar zülm və əzab çəkir, evsiz, işsiz, çörəksiz, ümidsiz qalır.

Dədə-baba torpaqlarından qovularaq düzlərə düşür, düşmənə qalan evləri isə yandırılıb - dağıdılaraq xarabazara çevrilir.

Ağdam Qarabağın mərkəzi, ən çox əhalisi olan rayonu, varlı-imkanlı yaşayış məntəqəsi idi. Bu müharibənin insanlara vurduğu maddi və mənəvi zərbələri onun timsalında daha aydın görmək mümkündür.

22 fevral 2015-ci ildə Ağdamın düşmən işğalından sonra salındığı ağır durumu ürək ağrısı ilə yazıb "Azərbaycan” qəzetində dərc etdirdiyim "Ruhlar şəhərinin sakinləri” yazısını yenidən diqqətinizə təqdim edirəm:

Bu şəhər o şəhərlərdən deyil!

Həm də o şəhərlərə bənzəyir.

Küçələri və səkiləri...

Evləri, meydanları, parkları...

Bazar və mağazaları...

Məktəbləri, uşaq bağçaları...

Qəbiristanlığı...

Hər şey var!

Amma küçələr dağılıb, səkiləri ot basıb...

Evləri və meydanları boşdur, parklarındakı ağaclar çoxdan quruyub, həyətlərdə adam boyundan uca qanqal, alaq otları bitib.

Bazarda, meydan və mağazalarda ins-cins gözə dəymir, mal alıb, mal satan görünmür.

Məktəbləri və bağçaları uşaq səsinə həsrət qalıb...

Daha qəbiristanlıqlarda "Yasin” oxunmur!

Bura Ağdamdır!..

Bura ruhlar şəhəridir!..

***

Ruhlara işıq və istilik gərək deyil!

Heç sökülüb dağıdılmış, xaraba qalmış evlərdə işıq yandırıb ocaq qalamaq da mümkün deyil!

Ruhlar yemək yemirlər!

Odur ki, bir zamanlar qaynayıb daşan, hətta "atom bombası belə satmağa” qadir olan Ağdam bazarına, bütün günü dolub-boşalan mağazalara ehtiyac yoxdur!

Məktəblilər böyüyüb döyüşçüyə, şəhidə, məcburi köçkünə, uşaqlar isə qaçqın şəhərciklərindəki yeni məktəblərdə oxuyan şagirdlərə çevriliblər.

Təkcə ölülərin "Yasin”ə ehtiyacı var!

Onlar Allah kəlamını eşitməkçün darıxırlar!

Bu aclığı isə yalnız ulu Tanrı özü, Onun sözü dəf edə bilər!

Ona yalvaraq!

***

Ruhlar şəhərinin öz qanunları var!

Bu qanunlar pozulmazdır!

Ruhlar bu şəhərin hüdudlarını tərk edə bilməzlər!

Ruhlar gördüklərini yadda saxlayır və heç zaman unutmurlar!

Sonradan bu şəhərin həndəvərinə gələrək bu yolda şəhid olanların ruhları da burada qalır!

Ruhlar qocalmırlar, güllə və mərmidən qorxmurlar!

Onlar insan bədənini tərk etdikləri vaxt necədirlərsə, eləcə də qalırlar!

Özlərinə xas tərzdə sevinir, kədərlənir və ağrıyırlar.

Eşidir, görür, qiymətləndirirlər!

Bunların arasında uşaq, qoca, qadın və keçmiş döyüşçülər var...

Şəhid sayıldıqlarından onlara əzab-əziyyət verilmir!

Onları bura bağlayan Vətən sevgisi, torpaq məhəbbətidir! Elə bilirlər ki, ruhlar şəhərinin hüdudlarını tərk etsələr, ermənilər həmişəlik bura yiyələnəcəklər. Odur ki, gecə-gündüz ayıq-sayıqdırlar!

Düşmən ruhlar buralara gələ, dolaşa bilməz! Burada güc silahla, kimin "arxalı” olması ilə ölçülmür!

***

Ruhun gücü onun müqəddəs dəyərlərə tapınmağındadır!..

Ruhun gücü onun torpağın əzəli və əbədi sahibi olmasındadır!

Ruhun gücü onun ədalətə və Tanrının böyüklüyünə, gec-tez haqlını müdafiə edəcəyinə inamındadır!

***

RUHLARIN KƏDƏRİ VAR!

Onların ailə üzvləri respublikanın bütün kənd və şəhərlərinə səpələniblər. Uzun müddət əziyyət və ehtiyac çəkiblər...

Çadırda, şəraitsiz yerlərdə yaşayıb, işsiz qalıblar...

İndi hər şey axarına düşüb. Övladları təhsil alıb, ailə qurub.

İndi dövlətin tikdirib təmir etdirdiyi evlərdə və mənzillərdə yaşayırlar.

Artıq hər şeyləri var.

Təkcə torpaq həsrəti çəkirlər!

Ruhlar qoyub getdikləri doğmalarını və əzizlərini daim görə bilmədiklərinə görə kədərlənirlər...

***

RUHLAR AĞRIYIRLAR!

Onların gözəl və abad şəhərləri, topdağıtmaz evləri xaraba və kimsəsiz qalıb.

Yadlar gəlib evləri talan edib daşıyır, dəmirini, daşını, taxtasını dinini və Allahını unudanlara satırlar!

Məscidlər dağıdılır, tarixi abidələr məhv edilir!

Bura gələn başqa millətin nümayəndələri nədənsə gördüklərini yox, onlara deyilənləri yazıb yayırlar!

Burada torpaqlar əkilmir, bağlar becərilmir.

Düşmən düşmənliyini davam etdirir!

***

RUHLARIN TƏSƏLLİSİ DƏ VAR!

Düşmən burada məskunlaşmağa qorxur!

Bilir ki, bu torpaq onunku deyil və haçansa yiyəsi gəlib ona sahib duracaq!

Heç düşmən istəsə də, məskunlaşmaq imkanı yoxdur!

Əvvəla, sayı azdır və azalmaqda davam edir.

İkincisi, tikib qurmaq, abadlaşdırmaq onun xislətinə xas deyil!

Üçüncüsü, əkib-becərməyə, tikib-qurmağa imkanı və vəsaiti yoxdur.

Erməni bayquş kimi xarabalıq sevir.

Ermənidə vətən hissi yoxdur, harada yaxşı yaşasa, oranı özünə "vətən” seçir.

***

RUHLAR SEVİNƏ BİLİRLƏR

Cəbhə xəttinin o tayında məskunlaşan, tikib-quran, əkib-becərən, düşmənə meydan oxuyan həmkəndlilərini görəndə!

Hər dəfə Azərbaycanın Mübariz İbrahimov və Fərid Əhmədov kimi igidlərinin təmas xəttini keçərək düşmən hərbçilərini gəbərtdiklərinin şahidinə çevriləndə!

Düşmən cəbhə xəttində təxribat törədərək vahimə yaratmaq istəyəndə özü ciddi tələfata uğradılaraq onlarca əsgəri leş-leşə söykənəndə!

Azərbaycan hərbçisi tərəfindən erməni vertolyotu vurularaq keçirdikləri təlim gülünc vəziyyətə salınmaqla burnu ovulanda!

Ruhlar nikbindirlər, ruhlar ümidlərini itirmirlər!

Ruhlar xaraba şəhərləri, dağıdılmış qəbiristanlıqları tərk etmək niyyətində deyillər!

Ruhlar tezliklə şəhərə qayıdacağımıza və onu yenidən, əvvəlkindən də yaxşı tikib quracağımıza inanırlar!..

***

Hərb dahisi Napoleonun maraqlı bir fikri var: "Sərkərdəsi şir olan qoyun sürüsü hər şeyə qadirdir. Sərkərdəsi qoyun olan şir dəstəsi heç nədir!”

Azərbaycan 20 min övladını şəhid versə də, torpaqlarını qoruya bilmədi!

Müxtəlif millətləri təmsil edən özünümüdafiə batalyonlarının və hərbi birləşmələrinin üzvləri şir kimi döyüşsələr də, canlarını qurban versələr də, istəklərinə çata bilmədilər.

Çünki bu orduya səriştəsizlər, naşılar, şəxsi maraqlarını hər şeydən üstün tutanlar başçılıq edirdilər.

Təqsir məğlub orduda yox, onu qələbəyə çatdıra bilməyən başçılarda idi!

Bəli, xalq həmin xalqdı!

Düşmən həmin düşməndi!

Onun havadarları yenə müdafiəsindədir!

Müdafiə mövqeləri isə ötən 30 ildə qat-qat gücləndirilmişdi!

Azərbaycan Ordusunda da yenə həmin cəngavər oğullar döyüşürlər.

Şir kimi, canlarını və qanlarını əsirgəmədən!

Amma bu dəfə qalib gəldilər!

Şərəfli qələbə qazandılar!

Düşməni diz çökdürdülər, torpaqlarımızdan qovdular!

Çünki Sərkərdəmiz də Aslan idi!

Xalqını, dövlətini, torpağını və əsgərini sevən əsl rəhbər!

Belə Ali Baş Komandanla fəxr etməyə dəyər!

Torpağı azad edərək ərazi bütövlüyünü bərpa etdi!

Azərbaycan Ordusunu bütün dünyada şöhrətləndirdi!

Xalqın üzərindən "məğlub” damğasını sildi!

"Məcburi köçkün” adını tarixin arxivinə verdi!

Azərbaycan vətəndaşını ən böyük istəyinə, ən müqəddəs arzusuna çatdırdı!

Eşq olsun belə Sərkərdəyə, Rəhbərə, Prezidentə!

İndi hamımız ona qoşularaq birlikdə və bir səslə, sevinc və vüqarla ucadan deyirik:

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!


Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM