08:30 11 May 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Kim desə dünyadan doydum, yalandı...

ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
00:34 04.04.2021

 

Yazının sərlövhəsindəki bu misranı Aşıq Əhmədin ömrünün son vaxtlarında yazdığı bir şeirindən götürmüşük. Ustad az qala doxsan il yaşadı. Ömrü boyu sazın, sözün sehrindən ayrılmadı. Əli qələm tutmayanda sinədən dedi.

...Bir gün eşitdim ki, yatağa düşüb. Gedib ona baş çəkdim. Hal-əhval tutub, “necəsən, ay aşıq” deyə soruşdum. O, özünə məxsus yarıciddi-yarızarafatla “necə olacam, üzü payıza gedirəm. Deyəsən payızın soyuğuna bir şey qalmayıb...” dedi.

Söhbətimizin kədərli ovqatını dəyişmək üçün dil-ağız elədim, ürək-dirək verdim. O isə öz düşüncələrində idi. Başını qatdığı bircə şey vardısa, o da əlindəki təsbeh idi, bir də qəlbində yaşatdığı, özü ilə ömür yoldaşı olduğu xatirələr...

Onun titrək səsi aramızdakı sükutu pozdu. “Yaxşı gəlmisən” dedi. “Daha əlim sözümə baxmır, heç nə yazıb-poza bilmirəm. Qələm-kağız götür, bir-iki vəsiyyətim var, deyim yaz”. Yanımda bloknotum vardı. Amma özümlə gətirdiyim diktofonu açdım. Özünü cəmlədi, ürəyindəki misraları dilə gətirdi:

 

Qoca dünya hey boşalıb-dolandı,

Dünyaya gəldiyim xeyli zamandı.

Şər-pislikdən uzaq olun, amandı,

Kim desə dünyadan doydum, yalandı.

 

Bu gözəl dünyadan daim zövq alın,

Yaxşılıq qalacaq dünyada, bilin.

Yetimə-yesirə siz həyan olun,

Gedirəm, a dostlar, salamat qalın.

 

Əhməd deyir: ya rəiyyət ol, ya da şah,

Bu dünya heç kimə qalmaz, ey vallah.

Dostlar, sizə and verirəm, siz Allah,

Biri-birinizdən muğayat olun.

 

Zülmətdə işıq

 

Əməkdar Mədəniyyət işçisi Aşıq Əhməd Rüstəmov 100 il bundan əvvəl - 1920-ci ildə Kürdəmirin Carlı kəndində anadan olub. Atası Ədil bəy Məşədi Rüstəm oğlu yaşadıqları Kür çayı bölgəsində varlı adamlardan olub. Bu var-dövlət Ədil bəyə ata-babasından miras qalmışdı. Beşqovaq bağı, Əncil bağı, İydəli qoruq, Çərövüş, Böyük Ağ çalanın bir hissəsi Əhmədin atası Ədil bəyin torpaqları olub.

Aşıq Əhməd söhbətinə əlavə edib dedi:

- Atamın Şıx təpəsində mal-qara üçün qışlağı, Kürün o tayında - Xəlifə gölü ətrafında lobya, küncüt, darı, sılıf əkmək üçün torpaq sahələri vardı. İndi baxın görün belə bir xeyrül-əməl sahibinin son aqibəti necə oldu?! 1924-cü ildə vəzifə başına keçənlər atamı “xalq düşməni” adıyla qollarını bağlayıb at döşündə kənddən Kürdəmirə aparanda elə yarı yoldaca, qamışlıqda güllələyib öldürdülər. Sonra da bütün var-dövlətini yığıb apardılar. Özümüzü də evdən bayıra atdılar. Bizə tək bir camış, bir dənə də inək verdilər, vəssalam... Novruz bayramında heç bir şey tapmayan anam pəncərəmizdəki qanovuz pərdəni qoparıb ondan mənim üçün bir köynək tikdirib geyindirdi. Cibimə arpa qovurğası töküb (buğda hər adamda olmurdu) bağdakı çal-çağır məclisinə apardı. Mənə tapşırdı ki, qovurğanı xəlvət ye, heç kəs bilməsin ki, arpa qovurğası yeyirsən.

Tez-tez səsi titrəyən, ah çəkib kövrələn, yalnız əlindəki təsbehə güc verən həmsöhbətim keçdiyi həyat yolunu ardıcıllıqla yada salmağa çalışırdı:

- 1930-cu ildə ibtidai məktəbə qəbul edildim. Çəkdiyim məşəqqətlərə, yaşadığım həyatın ağırlığına baxmayaraq şeirə, sənətə böyük maraq göstərirdim. Əlimə saz götürüb ilk dəfə elədiyim toy bizim Carlı kəndində Nəsir adlı bir oğlanın toyu olub. Ondan sonra anam məni həmkəndlimiz balabançı, həm də saz çalmağı bacaran Əli dayının yanına apardı. O, mənə Ordubadi gözəlləməsini, Qobustan pişrolarını, “Kərəmi” ni, Osmanlı havalarını çaldırdı, oxutdu, oynatdı. Beləliklə, əsl sənətə qədəm qoymağa başladım... Sevdiyim sənət mənim qaranlıq həyatımda parlayan işıq oldu.

 

Sənət aləminə layiqli töhfələr

 

Aşıq Əhmədin yaradıcılığı musiqi aləmi ilə sıx bağlı idi. Mən bunu deyəndə bir çox aşıq və müğənnilərin, xanəndələrin repertuarını nəzərdə tuturam. Onlar aşıq Əhmədin şeirlərinə, qoşmalarına, hətta qəzəl üslubunda yazılmış nümunələrinə böyük həvəslə müraciət etmişlər. Unudulmaz müğənni Rəhilə Həsənovanın ifasında aşıq Əhmədin “Gəlsin” rədifli qoşması necə də gözəl səslənirdi. Həmin lent yazısı Azərbaycan Radiosunun “Qızıl fond”unda saxlanılır. Təkcə bu deyil, Aşıq Əhliman Şirvanlının, Aşıq Ağamurad Mərzəngəlinin və digər sənətkarların repertuarında Aşıq Əhmədin şeir və qoşmaları geniş yer tutur və bu gün də toylarda, məclislərdə, el şənliklərində böyük fəxrlə səsləndirilir. Aşıq Əhmədin ustad Aşıq Şakirin vəfatına həsr etdiyi qəzəl tipli şeirləri bu gün də dillər əzbəridir.

         

Sənətkar ehtiramı

 

Aşıq Əhmədlə bağlı düşüncələr məni xəyalən ötən tarixi günlərə apardı. O günlərə ki, Ümummilli Lider Heydər Əliyev hər dəfə Kürdəmirə gələndə onu ilk qarşılayanların önündə ustad Aşıq Əhməd də olurdu. Yadımdadır, belə görüşlərin birində sinəsində saz Ulu Öndərin qarşısında dayanan Aşıq Əhməd həmin fərəhli anlarda bu misraları söylədi:

Əhməd deyir, nursan Azərbaycana,

Sənə bənzər Heydər doğmaz hər ana,

Qüdrətinlə yaraşıqsan cahana,

Fikrin bənzər Peyğəmbərə, rəhbərim!

Xoş gəlmisən, Kürdəmirə, rəhbərim!

 

Aşıq Əhməd şeirini deyəndən sonra özünün bir neçə şeirlər kitabını xatirə olaraq sevimli rəhbərə təqdim etdi. Sənətə və sənətkara həmişə yüksək dəyər verən Ulu Öndər ustadın ona hədiyyə etdiyi kitabları özünə məxsus xoş təbəssümlə qəbul etdi.

...Aşıq Əhmədlə son görüşümüzdə o, mənə bir şəkil verdi. Dedi Saday bəyin şəklidir - qazamatda olanda  çəkilib. Bu o Saday bəydi ki, ömrünün axırınacan başının dəstəsi ilə azadlıq uğrunda çar hökumətinə, sonralar da sovetlərə qarşı mübarizə aparıb, elə bu yolda da canını qurban verib...

Mən şəkli ondan alıb çox maraqla baxdım və minnətdarlıq hissi ilə dedim: “Aşıq, çox sağ ol ki, bu tarixi şəkli indiyəcən qoruyub saxlamısan...”

Ustad Aşıq Əhmədlə bu söhbətimizdən 12 il keçib. O, 2008-ci ildə dünyasını dəyişdi, amma sənətinin izi, əziz xatirələri qaldı.

 

Tofiq Abdullayev,

jurnalist

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM