12 Sentyabr 2021 00:34
1061
İQTİSADİYYAT
A- A+

Kəndli çəkdiyi zəhmətin bəhrəsini dərir

 

İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Üzü payıza doğru aqrar sektorda yığım dövrü başlayır. Amma kəndli bir tərəfdən yetişdirdiyi məhsulu yığırsa, eyni zamanda gələcək məhsul üçün hazırlıq görür.  

Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə ənənəvi sahələrin dirçəldilməsi üçün görülən tədbirlər, o cümlədən istehsalçılara dövlət dəstəyinin verilməsi öz müsbət nəticələrini verir. Belə sahələrdən biri də çəltikçilikdir.

Ağdaş rayonunda havaların quraq keçdiyi bir şəraitdə 652 hektar sahədə çəltik yetişdirilib. Biçin üçün hələlik sahələrə 2 kombayn çıxarılıb. Rayondakı fermerlər və fiziki şəxslər məhsulun tez və itkisiz yığılması üçün bütün qüvvələrini səfərbər ediblər.

Çəltik bu il rayonun 14 icra nümayəndəliyində əkilib. Xüsusilə Orta Ləki, Aşağı Ləki, Hapıtlı, habelə Kürqırağı ərazilər olan Pirəzə, Kotavan və bir sıra digər icra nümayəndəliklərində bol məhsul yetişdirilib. Yerli bazarlarda alıcısı çox olan düyünün istehsalında torpaq mülkiyyətçiləri maraqlıdırlar. Təsadüfi deyil ki, su təminatı yaxşı olan ərazilərdə əkin sahələri ildən-ilə artır. Həmin ərazilərdə hər hektardan 30-35 sentner məhsul götürülür ki, bu da çəltik yetişdirən fermerlərə  yaxşı gəlir gətirir.

Ucarda da cari mövsüm hər hektardan 33 sentnerdən çox çəltik gözlənilir. Rayonda çəltik biçininə başlanıb və qısa vaxtda 85 hektar sahənin məhsulu yığılıb. Builki mövsümdə rayonda 630 hektarda çəltik yetişdirilib.

Bölgədə, əsasən, yerli sortlardan olan “Ağ mirvari” və “Haşımi” yetişdirilir. Bir sıra ərazilərdə, xüsusilə Əlikənd, Boyat, Ənvər Məmmədxanlı icra nümayəndəliklərində sahələrdən bol məhsul götürülür. Ötən il hər hektardan 31,9 sentner məhsul əldə edən fermerlər və fiziki şəxslər cari mövsüm məhsuldarlığın 33 sentnerdən çox olacağı qənaətindədirlər.

Tərtər rayonunda isə pambıq yığımına hazırlıq işləri başa çatıb. Rayonda kənd təsərrüfatı texnikaları hazır vəziyyətə gətirilib, digər zəruri aqrotexniki və təşkilati tədbirlər həyata keçirilib. Yaxın günlər sahələrdə defolyasiya işlərinə başlanılacaq. Rayonda sahələrin 90 faizindən çoxunda pambığın kombaynlar vasitəsilə yığılması nəzərdə tutulur. Yığıma 13 kombayn, 63 traktor, 126  qoşqu, 5 yükləyici, 11 çiləyici cəlb ediləcək.

Amma Kürdəmirdə ciddi hazırlıqdan sonra pambıq yığımına artıq start verilib. Rayonda 2501,9 hektarda pambıq yetişdirilib. Bütün ərazilərdə, xüsusilə daha çox pambıq yetişdirilən Şilyan, Qarasu, Muradxan, Sor-Sor, Karrar və bir sıra kəndlərdə yığıma daha mütəşəkkil başlanılıb. İlk gündən sahələrə 50-dən çox işçi qüvvəsi cəlb olunub. Bu il məhsulun 90 faizinin pambıqyığan maşınlarla yığılması nəzərdə tutulub. Hazırda tarlalar defolyasiya edilir. Məhsul yığımı üçün 14 pambıqyığan maşın start vəziyyətindədir.

Qeyd edək ki, ötən il hər hektardan 28,7 sentner məhsul götürən pambıqçılar cari mövsümdə məhsuldarlığın 30 sentnerdən çox olacağı qənaətindədirlər.

Balakən rayonunun torpaq mülkiyyətçiləri isə 2008 hektarda tərəvəz əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 1637,9 hektar sahənin məhsulu yığılıb, 23 min 305 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 142,3 sentnerdir.

Mövsümün əvvəlindən indiyədək rayonda 12 min 27 ton xiyar, 4593 ton pomidor, 44 ton kələm, 3017 ton yaşıl lobya, 1196 ton baş soğan, 879 ton sarımsaq və digər tərəvəz məhsulları istehsal olunub.

Təsərrüfatlarda kartof və bostan bitkilərinin yığımı artıq başa çatıb. Fermerlər cari mövsüm sahələrdən 5955 ton kartof, 4181 ton bostan məhsulları yığıblar.

Məlumdur ki, məhsul istehsalında yüksək artıma nail olmaq üçün məhsuldar  toxum növləri lazımdır. Odur ki, son dövrlər fermer və fiziki şəxslər bu məsələyə xüsusi diqqət yetirirlər. Məsələn, cari il Gədəbəydə yüksək məhsuldarlıqlı 4 yeni növ kartof sortu əkilib. “Çənlibel”, “Uğur”, “Turan” və “Vaqif” sortlarının özəlliyi ondadır ki, onlar daha məhsuldardır. Bu kartof növlərinin, əsasən, dağlıq ərazidə, dəmyə şəraitində yetişdirilməsi nəzərdə tutulur.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video