19 Avqust 2018 12:08
3219
Oxucu məktubları
A- A+

Kəndlərdə kifayət qədər iş var

 

1992-ci ildə Ermənistan silahlı qüvvələri Laçını işğal edəndə Tərtər rayonuna pənah gətirib İsmayılbəyli kəndində məskunlaşdıq. Dövlətin göstərdiyi qayğı nəticəsində özümüzə gün-güzəran qurduq. Tərtərlilərin qonaqpərvərliyi, xeyirxahlığı sayəsində isə onlara qaynayıb-qarışdıq. Fermer təsərrüfatı yaratmaq üçün Tərtər Rayon İcra Hakimiyyətinə müraciət edəndə hərtərəfli kömək göstərdilər. Artıq ilk zamanlar üzləşdiyimiz çətinliklər də arxada qalıb.

Taxıl toxumçuluğu fəaliyyətimizdə əsas istiqaməti təşkil edir. Bu il 102 hektar sahənin hər hektarından orta hesabla 53 sentner buğda götürdük. İndi taxılı təmizləyir, keyfiyyətli toxum hazırlayırıq. Müştərilərimiz də kifayət qədərdir. Çalışırıq ki, onların sifarişlərini layiqincə yerinə yetirək. Baramaçılıqla da məşğul oluruq. Keçən il 120 kiloqram, bu il 387 kiloqram barama təhvil vermişik. Bilirik ki, baramaçılıqda uğur qazanmağın əsas şərti bol və etibarlı yem bazasıdır. Bu məqsədlə 2016-cı ildə Çin Xalq Respublikasından gətirilmiş yüksək məhsuldarlığa malik 16,5 min ədəd tut tingi əkdik. İpəkqurdlarının yemləndirilməsində yeni bağın yarpaqlarından gen-bol istifadə etdik, yarpaq üçün bizə müraciət edənləri əliboş qaytarmadıq. Keçən il daha 4 min ədəd Çin tingi, 5 min yerli tut tingi əkmişik. Növbəti ildə bir  hədəfimiz də azı 500 kiloqram barama istehsal etməkdir.

Fəaliyyətimiz təkcə taxıl toxumçuluğu və baramaçılıqla məhdudlaşmır. Bu il 5 hektarda pambıq, 10 hektarda yonca, 1 hektarda kartof və 2  hektarda lobya əkib-becəririk. 3 hektar sahədən 6 tona yaxın keyfiyyətli noxud götürmüşük. Digər sahələrdən də bol məhsul gözləyirik. Bütün bu işlər arıçılıqla məşğul olmağımıza mane olmur. Artıq yaz balını süzmüşük. Ərazidə arılar üçün əlverişli yem bazası vardır. Tezliklə arı ailələri ikinci dəfə məhsul verəcəkdir.

Qazandığımız gəlir ailələrimizin firavan həyatını gen-bol təmin edir. Dediyim odur ki, kənddə yaşayanlar üçün iş həmişə var. Yetər ki, ürəyində təpər olsun.

 

Mirzə CÜMŞÜDOV,

Tərtər rayonu,  İsmayılbəyli kəndində fermer

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video