10 Avqust 2021 00:37
998
İQTİSADİYYAT
A- A+

Kəlbəcər yaylaqlarında sonuncu bal süzümünə başlanılıb

 

Kəlbəcər yaylaqlarına ilk dəfə köçürülmüş arıçılıq təsərrüfatlarında sonuncu bal süzümünə başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi pilot layihə çərçivəsində Kəlbəcər yaylaqlarına iyunun 7-də köçürülmüş arıçılıq təsərrüfatları artıq ikinci bal süzümünü həyata keçirirlər.

AZƏRTAC xəbər verir ki, arıçılar yaylaq dövrünün çox məhsuldar keçdiyini deyirlər. Onlar hər pətəkdən orta hesabla 30 kiloqram məhsul götürməyi hədəfləsələr də, məhsuldarlıq gözləntilərindən yüksək olub.

Kəlbəcərə köçürülmüş arı təsərrüfatlarından birinin sahibi Vahid Məmmədov deyir ki, 28 ildən sonra yenidən bu yerlərə qayıdıb: “Mən 50 pətək gətirmişəm. Bal süzümünü yekunlaşdırmaq üzrəyik. Pətək başına gözlədiyimizdən də yüksək məhsul əldə etmişik. Hər pətəkdən 45-50 kiloqram bal süzdük. Kəlbəcərin flora və faunası çox zəngindir. Yaylaqlarımızın bitki örtüyü, həmçinin meşə örtüyü çox zəngindir. Artıq mövsüm bitmək üzrədir. Olduğumuz yerdə bal mövsümü yekunlaşıb. Orta məhsuldarlıq pətək başına 30 kiloqram nəzərdə tutmuşduq, amma çox şükür, bizim 3-4 mərtəbəli pətəklərimizdə yetərincə bal oldu”.

Bal süzümü prosesi bir neçə mərhələni əhatə edir. Pətəklərdə yalnız arının növbəti mövsümədək qidalanmasına bəs edəcək miqdarda bal saxlanılır. Pətəklərdəki çərçivələrdən şan çıxarılaraq xüsusi qablara yığılır. Daha sonra yaylaq şəraitində qurulmuş xüsusi otaqlarda bal süzümü həyata keçirilir. Süzülmüş bal əvvəlcə iri çəlləklərə yığılır, daha sonra bankalara tökülərək qablaşdırılır.

Bu il Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə Kəlbəcər yaylaqlarına 3537 arı ailəsi köçürülüb. Öz təsərrüfatlarını Kəlbəcər yaylaqlarına köçürməyə razılıq vermiş təsərrüfatların əməkdaşlarına ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində müvafiq təlimlər keçirilib, onlara dislokasiya bölgəsində davranış qaydaları izah edilib. İlk arıçılıq təsərrüfatları yaylaqlara iyunun 7-də Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində, birbaşa yerli bölmələrin iştirakı ilə köçürülüb. Bu təsərrüfatlarda artıq ikinci bal süzümü davam edir.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynov söhbət zamanı bildirdi ki, Kəlbəcər yaylaqlarında sonuncu bal süzümü mövsümü başlayıb. Yaylaqlarda bal süzümü yekunlaşmaq üzrədir. “Kənd Təsərrüfatı Nazirliyi pilot layihəni həyata keçirən zaman arıçılıq təsərrüfatlarının yaylaqlara köçürülməsindən bal süzümünə qədər bütün mərhələlərdə monitorinq keçirib. Nazirliyin heyvandarlığın təşkili və monitorinqi şöbəsi, həmçinin digər şöbələr monitorinq prosesinə cəlb olunublar. Monitorinqin nəticələri bizi sevindirir. Pilot layihə həyata keçirilən zaman qarşımızda nəzəri hədəflər vardı. Bu gün bal süzümü həyata keçirilən təsərrüfatlarda aparılan monitorinqlər göstərir ki, məhsuldarlıq gözləntilərin çox üzərindədir. Bu, həm çəki, həm də keyfiyyət baxımından belədir. Bal süzümü prosesinin tam başa çatması ilə yaylaqlarda arıçılığın ən əsas dövrünün başa çatdığını elan etmək olar. Çünki artıq çəmənlərdə nektar kütləsi azalıb, arıların işləməsi üçün kifayət qədər nektar kütləsi yoxdur”, - deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, bu il Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər yaylaqları ilə yanaşı, Laçın yaylaqlarına da arıçılıq təsərrüfatları köçürülüb. Laçının Qorçu, Oğuldərə və digər kəndlərinə, ümumilikdə, 531 arı ailəsinin köçürülməsi təmin edilib. Laçın yaylaqlarında bal süzümünə avqust ayının ikinci yarısında başlamaq nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video