02 May 2021 00:43
1070
SİYASƏT
A- A+

Keçmiş hərbi xunta Paşinyana qarşı qiyama hazırlaşır

 

Növbədənkənar parlament seçkiləri fonunda Ermənistanda keçmiş hərbi xuntanın hakimiyyətə qarşı daha da aktivləşdiyi müşahidə edilir. Sarkisyan-Koçaryan koalisiyası indi əsas diqqəti Nikol Paşinyan iqtidarına qarşı təhqir və iftira kampaniyası üzərində cəmləşdirib.

Sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryanın son açıqlamaları da bunu təsdiq edir. S.Sarkisyan “ArmNews” telekanalının efirində rejissor və “Hakimiyyət” filminin ssenari müəllifi Mqer Mkrtçyana müsahibəsində Paşinyan iqtidarını açıq şəkildə təhqir edib: “Ermənistanın indiki hakimiyyəti çoban itləri deyil, çaqqaldırlar”. 

Nikol Paşinyanın komandasını çaqqallara bənzədən Sarkisyan sözügedən müsahibəsində 2018-ci ilin aprel hadisələrindən danışıb, eyni zamanda istefası və digər mövzular barədə sualları cavablandırıb. Baş verənlərə görə Paşinyan və komandasını ittiham edib.

Ermənistanın digər eks-prezidenti Robert Koçaryan da Paşinyanın səriştəsiz olduğunu bildirib və qeyd edib ki, bu halda heç bir ağlı başında olan şəxs Ermənistana yatırım etməyəcək: “Bank sistemini dağıtdılar, biznesmenləri təqib və təhdid etməyə başladılar. Bir təklif kifayətdir ki, investisiyaların üzərindən xətt çəkilsin. Baş nazir deyəndə ki, hər biznesmenə Milli Təhlükəsizlik Xidmətinin bir əməkdaşı nəzarət edəcək, bu, investorun psixologiyasını sıfır səviyyəsində anlamaq deməkdir. Bu cür axmaqlığı düşünmək belə çətindir”.

Göründüyü kimi, seçkiöncəsi separatçıların dəstəyini alan koalisiyanın sərt formada müqavimət göstərməsi gözlənilir və bu da Ermənistanda qarşıdurmanın dərinləşməsi deməkdir. Əsas niyyət hakimiyyətə qarşı müqavimət və itaətsizlik təşkil etmək, bununla xaotik durumun yaradılmasına nail olub, qiyam təşkil etməklə güc yolu ilə hakimiyyəti qəsb etməkdir. Məhz belə vəziyyət siyasi gərginliyin daha da yüksələcəyini göstərir.

Paşinyan isə hərbi xunta təmsilçilərinin yenidən həbsə atılması üçün hüquqi müstəvidə onlara qarşı cinayət təqibini davam etdirir. Bunun ardınca hakimiyyət təhlükəli hesab etdiyi digər müxalif fiqurları da inzibati yolla sıradan çıxarmağa hazırlaşır.

İndiki halda söhbət Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, müxalif olan Vətən Partiyasının sədri Artur Vanetsyandan gedir. Siyasətçinin vəkili Lusine Saakyan bildirib ki, Vanetsyan istintaqa cəlb olunub. Onun sözlərinə görə, Vanetsyan Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsinə çağırılıb.

MTX-nin sabiq rəhbəri ermənilərin Şuşada uğradıqları ağır məğlubiyyətlə bağlı ittiham olunur. Bildirilib ki, müharibə zamanı Vanetsyan və başçılıq etdiyi silahlı dəstə Şuşadakı mövqelərini özbaşına tərk edib. Hesab edilir ki, bu yolla seçkilərə qədər Vanetsyan sıradan çıxarılacaq. Bu da Nikol Paşinyan və komandasının qalibiyyət şanslarını daha da artırır.

Bu arada məlum olub ki, seçkilərdən sonra baş nazir vəzifəsinə parlamentin sədri Ararat Mirzoyanın namizədliyinin irəli sürüləcəyi barədə müxalif mediada yayılan məlumatlar  əsassız imiş. Ermənistanda parlamentin hakim “Mənim addımım” fraksiyası bəyan edib ki, onlar Nikol Paşinyana alternativ axtarmır. Milli Məclisin spikeri Ararat Mirzoyan da hakim fraksiyanın baş nazir postuna namizədinin məhz Paşinyan olacağını bildirib. Paşinyan istefa verdikdən sonra komandası baş nazir vəzifəsinə yenidən onun namizədliyini verib.

Parlamentdə ikinci böyük fraksiya olan “Çiçəklənən Ermənistan” partiyasını təmsil edən İveta Tonoyan  bildirir ki, onun partiya yoldaşları artıq seçki hazırlığına başlayıblar və seçkiqabağı kampaniyanı partiyanın lideri Hagik Tsarukyan şəxsən koordinasiya edir. Tonoyan vurğulayıb ki, “Çiçəklənən Ermənistan” fraksiyasının qəti əmin olduğu proqram var: “Partiya 20 iyun seçkisinə Tsarukyanın başçılıq etdiyi siyahı ilə gedir və partiyanın qələbəsi məhz onun baş nazir olması ilə nəticələnməlidir”.

Müxalif “Maariflənmiş Ermənistan” fraksiyası isə bildirib ki, hələlik heç bir sürpriz olmayacaq və təşkilat baş nazir vəzifəsinə namizəd irəli sürməyəcək. “Azatutyun” radiosu qeyd edir ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu günlərdə məhz bu iki partiyanı Paşinyanı vəzifəsində saxlamaq üçün iqtidarla qanunsuz sövdələşməyə girməkdə ittiham etmişdi. Ter-Petrosyan bəyan etmişdi ki, konstitusiyaya görə Paşinyan vəzifəsindən istefa verdikdən sonra həmin vəzifənin icraçısı kimi qala bilməz.

Bu arada Ermənistan hökuməti seçki kampaniyasına maneçilik törədilməsinə qarşı məsuliyyəti sərtləşdirib. Bununla əlaqədar Cinayət Məcəlləsinə düzəlişlər edilməsi haqqında qanun layihəsi qəbul olunub. Bu qanunvericilik təşəbbüsü ilə hakim “Mənim addımım” fraksiyasından Vaaqn Ovakimyan çıxış edib. O bildirib ki, bundan sonra seçkiyə maneçilik törədilməsinə qarşı cəza daha sərt olacaq: “Yadınızdadırsa, inqilaba qədər seçki vaxtı hansısa qruplar müxalifətin təşviqat kampaniyasına maneçilik törətməyə çalışırdılar. Onlar bunu etsələr də, cəzasız qalırdılar. Yeni normalara görə siyasi baxışlarından asılı olmayaraq, istər müxalifət olsun, istərsə də iqtidar, təşviqat kampaniyasına mane olmaq istəyənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar”.

Qanuna düzəlişdə belələri üçün 6 aydan 1 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Seçki təşviqatına mane olarkən zorakılıq və ya təhdidə əl atanlar 6 il müddətinə azadlıqdan məhrum edilə bilərlər. Seçicilərin maddi cəhətdən ələ alınması cəhdlərinə görə isə 5 ilədək həbsxana cəzası nəzərdə tutulur.

Hakimiyyət əmindir ki, qanuna düzəlişlər qarşıdan gələn erkən seçkilərə əhəmiyyətli dərəcədə təsir göstərəcək. Müxalifət isə bəyan edir ki, bütün bunlar hakimiyyətin inzibati metodlarla prosesi öz lehinə dəyişdirmək cəhdlərindən başqa bir şey deyil. 

 

Elçin CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video