11 Sentyabr 2021 00:54
1066
CƏMİYYƏT
A- A+

Jurnalistikanın təmizlənməsinə ciddi ehtiyac var

 

Neçə illər əvvəlin söhbətidir. Bir jurnalın redaksiyasında, eyni otaqda iki həmkar fərqli mövzularda məqalə yazırdıq. Başımız qarışıq olduğundan işə gələndən doğru-dürüst kəlmə kəsməmişdik.

Qapının səsinə başımızı qaldırdıq. Qonşu otaqda yerləşən saytın əməkdaşı olan gənc qız kandarda dayanmışdı. Salamsız-kalamsız respublikada hər kəsin çox sevdiyi əlli altı yaşlı Xalq artistinin vəfat etdiyini söylədi. Baxdıq qız gülür. Çaşıb qaldıq. Həmkarım təəccüblə soruşdu:

- Sən nəyə gülürsən?

- Çünki xəbəri birinci mən yazmışam, - dedi və getdi. Otağa sükut çökdü. Nəhayət, həmkarım fikirli-fikirli dilləndi:

- Nə günlərə qaldıq...

Amma mən indi bilirəm, əslində, işinin peşəkarı olan həmkarım da, mən də o zaman bu günlərə qalacağımızı tam təsəvvür edə bilməmişdik.

Azərbaycan jurnalistikası o günlərə qalıb ki, həmkarlarının yazılarını oxuyan, fikirlərini, məsləhətlərini, yeri gələndə iradlarını bildirənlər azaldı. Jurnalist adı ilə elələri meydana çıxdı ki, başqasının yazdıqlarını köçürüb öz imzasını qoymaqdan belə çəkinmədi. Vəziyyət o həddə çatdı ki, bəzən bir redaksiyanın əməkdaşının yazısında yol verdiyi yanlışlıq digər imzalarla da təkrarlanmağa başladı. Çünki bir-birindən köçürmək adı hal aldı. Jurnalistikanın qızıl qaydalarından biri  operativlikdir. Amma bu, məlumatları tələsik, dəqiqləşdirmədən təqdim etməyə əsas vermir.

Yaxud Şəbnəm Tovuzlunun, Ayanın, Rəqsanənin hamilə olduqlarını kim daha tez yazacaq, sonra da “ata axtarışı”na başlayacaq, kim ərindən küsüb, kim boşanıb, kimin ayaqqabısının, donunun qiyməti neçəyədir, hansı müğənni nə dedi, kim kimə sponsorluq edir... kimi xəbərlər KİV-in gündəmini zəbt etməli deyil. Əlbəttə, şoudan da yazmaq olar və yazılmalıdır. Ancaq belə mövzuları günlərlə müzakirəyə çevirmək və ya eybəcər şəkildə təqdim etmək, oxucunun, dinləyicinin, tamaşaçının diqqətini “mühüm xəbər” kimi bu cür məsələlərə yönəltmək doğru deyil. Hələ bu azmış kimi səhhətində problem yaranan, vəziyyəti ağırlaşan tanınmış sənətkarları o qədər “öldürüb” “dirildirlər” ki, sonunda ailələri, doğmaları dilə gəlib “bəsdirin” deyirlər.

Bir çox televiziya verilişlərinin aparıcılarının isə fikri-zikri qalmaqal salıb, şou yaratmaqdır. Elə vəziyyət yaranıb ki, tanımasan aparıcının müğənni, aktyor, aktrisa, yaxud jurnalist olduğunu müəyyənləşdirə bilməzsən. Çünki verilişlərinin mövzusu, özlərinin danışıq səviyyəsi, müsahiblərinə yanaşma tərzləri bir-birindən fərqlənmir. Aralarında yaxşı tanıdıqlarımız da var ki, iki cümləni ard-arda yaza, söyləyə bilmirlər, nə savadları, nə də öz üzərlərində işləmək, mütaliə etmək, öyrənmək həvəsləri var. Amma televeziya ekranlarından üzümüzə dirənirlər, ağızdolusu özlərini “jurnalist” adlandırırlar. Hələ bir hamıya məsləhət də verir, yol da göstərirlər.

Özünə, sözünə güvənən ziyalıların əksəriyyəti bu gün efirlərdən uzaq düşüblər. Çünki artıq bildilər ki, onları verilişlərə ziyalı sözü eşitmək üçün yox, haray-qışqırıq salmaq, şou yaratmaq, bir sözlə, reytinq qazanmaq üçün dəvət edirlər.

Televeziya kanallarında sosial problemlər deyil, məişət problemləri ictimailəşdirilir. Şəxsi münasibətlər, məhəlli xarakter daşıyan məsələlər müzakirəyə çıxarılır. Nəticədə, diqqəti ictimailəşdirilməsi gərəkli olan sosial problemlərə yönəltmək əvəzinə, tamaşaçı məişət səviyyəsinə endirilir. Etiraf etməliyik ki, belə verilişlərə baxanlar da çox olur. Amma həmin tamaşaçılar sanki serialın vaxtını gözləyirlər ki, görsünlər gəlinlə qayınananın, ərlə arvadın, anayla övladının, qonşuyla qonşunun münaqişəsinin sonu necə bitəcək.

Bu gün cəmiyyətdə təəssüf doğuran məsələlərdən biri də intihar statistikasının yüksəlməsidir. Hətta yeniyetmələr arasında da canına qıyanlar olur. Məişət zorakılığı nəticəsində ölüm halları artır. İnsanlar qətlə yetirilir, ailələr dağılır. Bu gün cəmiyyəti narahat edən bu məsələlərdən yazmalı, səbəblərini araşdırmalı, təhlil etməli olan KİV-in laqeydlik göstərdiyini deyə bilmərik. Ancaq intihar hadisələrinin detalınadək yazmaq, danışmaq, izah etmək yolverilməzdir. Çünki yayılan məlumatları görən, oxuyan auditoriya fərqlidir. Diqqət etməliyik ki, necə deyərlər, qaş düzəltdiyimiz yerdə, vurub gözü də çıxarmayaq.

Dövrümüzdə jurnalistlərin üzərinə düşən missiya daha da artıb. Sosial şəbəkələrdə, onlayn resurslarda yayılan xəbərlər cəlbedicidir. Digər tərəfdən operativ olmaq tələb olunur. Həmin xəbərlərin dəqiqləşdirilməsi üçün də vaxt lazımdır. Bu isə o deməkdir ki, müasir dövrün jurnalistləri daha dəqiq, operativ və peşəkar olmalıdırlar. Çox vaxt bunun əksini görürük. Media nümayəndələri öz üzərində çalışmır, xəbər hazırlayacağı, məqalə yazacağı sahəni öyrənməyə, informasiya toplamağa tənbəllik edir və ona görə də hadisələrdən uzaq düşürlər. Nəticələri isə göz qabağındadır. Təəccüblənirik, hirslənirik, öz aramızda isə xəcalət çəkirik ki, bu necə jurnalistdir, verdikləri sualın nə quruluşu düzgündür, nə də mahiyyəti anlaşılandır. Ancaq o media mənsubları Azərbaycan jurnalistikasına zənbillə düşməyiblər.

Azərbaycan jurnalistikasının bugünkü problemi naşı və savadsız suallar verən, yanlış informasiyalar yazan jurnalistlər olmamalıdır. Elə vəziyyət yaranmamalıdır ki, məmur jurnalistə irad bildirsin ki, səmimi deyirəm, sənin nə soruşduğunu heç anlamadım.

Son illər jurnalistikanın nüfuzdan düşdüyü söylənilir. Peşəkar jurnalistləri, bu sənətə böyük hörmət bəsləyənləri bu məqam narahat edir. Narahat olmağa isə, göründüyü kimi, çox böyük əsaslar var.

...Bu isə aylar əvvəlin söhbətidir. Xalq artisti Xuraman Qasımova etik qaydaları nəzərə alaraq adını çəkmədiyi bir jurnalistin onun barəsində hazırladığı müsahibəni dərc olunmazdan qabaq oxuyarkən keçirdiyi hisslərdən danışdı mənə:

- Yazdıqlarının içərisində yerli-yerin

də bircə cümlə yox idi. Aldım əlindən yazını cırdım. Dörd saat mən diktə elədim, o yazdı. Getdi. İndi o, işlədiyi redaksiyada məqaləni mən hazırlamışam deyəcək?

Məlumatın alınması, toplanması və yayılmasına məsul olan jurnalistdən hamı razı qalmaya bilər. Onun doğruları yazması, güzəştsizliyi narazılıqlara səbəb ola bilər. Ancaq hər bir halda bu peşə sahiblərinin cümlə qura bilməməkdə qınanılmaları acınacaqlıdır.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video