22:56 20 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
17:04 20.04.2021 Məşhur A68 aysberqi əridi
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İxrac idxalı 5 milyard dollar üstələyir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:42 20.09.2018

Güclü iqtisadiyyata malik olan müstəqil Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir


Bizim kifayət qədər böyük imkanlarımız var, həm iqtisadi imkanlarımız, maliyyə resurslarımız. Bu il biz öz valyuta ehtiyatlarımızı əhəmiyyətli dərəcədə artıracağıq. Səkkiz ayın yekunları da çox müsbətdir.
Bizim ixracımız əhəmiyyətli dərəcədə artıb və ixrac idxalı təqribən ən azı, 5 milyard dollar səviyyəsində üstələyir. Bu da iqtisadi sabitliyə, manatın məzənnəsinin möhkəm səviyyədə saxlanmasına xidmət edir və bizə imkan verir ki, bundan sonra da bir çox önəmli layihələri icra edək. Bütün bunları biz öz hesabımıza edirik. Biz güclü iqtisadiyyata malikik və bu gün Azərbaycan dünya miqyasında özünü ən yüksək səviyyədə təqdim edir.
Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 18-də Biləsuvar rayonunun Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun açılışında söyləmişdi. Azərbaycanın hər bir rayonunda quruculuq-abadlıq işlərinin aparıldığını, rayonların inkişafına böyük sərmayə qoyulduğunu vurğulayan dövlət başçısı qeyd etmişdi ki, görülən işlər ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edir.


Regional inkişaf proqramlarının töhfələri


Son 15 il ərzində regional inkişaf proqramlarının icrasının nəticələri göz önündədir. Azərbaycan regionları demək olar ki, artıq güc amilinə çevrilib.
Prezident İlham Əliyevin elmə əsaslanan yeni iqtisadi konsepsiyası respublikanın sosial-iqtisadi inkişafı prosesində dinamizmi və məqsədyönlülüyü təmin edib, qarşıda duran vəzifələrin həllinə real imkanlar açıb və cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırıb.
Regionların sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayan İlham Əliyev hər il bölgələrə səfərlər edərək verdiyi tapşırıqların icrası ilə yerində tanış olur, əhali ilə görüşüb onları narahat edən məsələlərlə maraqlanır. Öz tapşırıq və tövsiyələrini verən dövlət başçısı səfər başa çatdıqdan sonra narahatçılıq doğuran məsələlərin həll edilməsi ilə bağlı müvafiq fərman və sərəncamlar imzalayır. Prezidentin Ehtiyat Fondundan müvafiq vəsaitlər ayrılır.
İlham Əliyevin yeni iqtisadi siyasəti dərin elmi-nəzəri əsaslara, praktik reallığa əsaslanmaqla, respublikanın bütün sahələrdə davamlı inkişafına xidmət edir. Təkcə bir fakta nəzər yetirmək kifayətdir. Əgər bir vaxtlar şəhər və rayonlarımız təbii qaz və elektrik enerjisinə həsrət qalırdısa, bu gün Babadağın ətəyindəki ucqar Lahıcda da mavi qaz şölələnir. Bu, həqiqətən, Azərbaycanın qüdrətinin nümayişidir.


Rahat, təhlükəsiz yollar, maneəsiz hərəkətin təmini


Son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də yol infrastrukturudur. Ölkəmizdə yol tikintisi geniş vüsət alıb. Bu il Dövlət İnvestisiya Proqramında ən azı, 600 kəndin yolunun əsaslı təmir olunması nəzərdə tutulub və yenidən qurulur. O cümlədən, magistral yolların salınması, onların ən yüksək standartlara çatdırılması prosesi də gedir.
Azərbaycan həm də "Şimal-Cənub” və "Şərq-Qərb” nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə, bu işə öz mühüm töhfəsini verir. Müstəqil Azərbaycan xarici sərmayə cəlb etməklə, həm də Avrasiyanın nəqliyyat xəritəsinin yenidən formalaşmasında yaxından iştirak edir. Ölkəmizin bu uğurlarını dəyərləndirərkən cənab İlham Əliyev deyib ki, beynəlxalq bazarlara və dənizə çıxışı olmayan bir ölkənin Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi tarixi nailiyyətdir.
Bu gün ölkəmizdə yol-nəqliyyat infrastrukturunun tamamilə yenidən qurulması və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Regionların, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yol ayırıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsir göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir.
Bundan başqa, Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən, Azərbaycanı digər ölkələrlə bağlayan əsas magistral yolların müasir səviyyəyə çatdırılması istiqamətində də mühüm layihələr həyata keçirilir.
Yeni inşa edilən yollardan biri də Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoludur. Sentyabrın 18-də dövlət başçısının açılışında iştirak etdiyi yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Xatırladaq ki, indi "köhnə yol” adlandırılan mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idi. Yəni yeni yolun istifadəyə verilməsi ilə Bakıdan Astaraya gedən yol təxminən 40 kilometr qısalır.
Magistral yol "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir və yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək.
Dövlət başçısı respublikanın cənub bölgəsinə səfəri zamanı həmçinin Biləsuvarda 20 mindən çox nəfərin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Zəhmətabad-Bəydili-Xırmandalı-Əliabad avtomobil yolunun və Masallıda 32 min nəfərin yaşadığı 22 yaşayış məntəqəsini birləşdirən Şatıroba-Hişkədərə-Miyankü-Kubin-Birinci Səmidxanlı-Xallıcalı-Eminli- Məmmədxanlı avtomobil yollarının açılış mərasimlərinə qatılıb.


Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan sənayesi


Prezident İlham Əliyevin dünya ölkələrinin qabaqcıl təcrübəsinin ölkəmizə gətirilməsi, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emal, infrastruktur sahələrinin yaradılması istiqamətində verdiyi tapşırıqlar Azərbaycan iqtisadiyyatının daha da şaxələnməsini təmin edib, eləcə də xarici investisiyaların ölkəmizə cəlb edilməsi üçün möhkəm təməl yaradıb.
Son 15 ildə Azərbaycan iqtisadiyyatına 250 milyard dollar investisiya yatırılıb. Dövlət başçısının yeni iqtisadi konsepsiyasına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının artırılması üzrə kompleks tədbirlər görülüb.
Xüsusilə sənayenin müxtəlif sahələrinin inkişafına böyük diqqət göstərilir. Bu da təsadüfi deyil. Çünki sənaye iqtisadiyyatın aparıcı sahələrindəndir. Uğurla həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq ölkədə yüzlərlə müasir sənaye müəssisəsi yaradılıb.
Bütün bunların nəticəsində daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi isə genişlənib. İndi ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənayenin, həmçinin qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin məşğulluğunu artırmaq məqsədilə nəhəng sənaye parkları və məhəllələri yaradılır. Regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişafı, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması baxımından bu cür sənaye parklarının və məhəllələrinin müstəsna əhəmiyyəti var. Bu obyektlər sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi və məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından da müstəsna rol oynayır.
Bu məqsədlə dövlət başçısının müvafiq sərəncamları ilə Neftçala, Masallı, Sabirabad və Hacıqabulda sənaye məhəllələrinin yaradılması qərara alınıb. Artıq Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə verilib. Məhəllədə "Xəzər” avtomobil zavodu, balıq yemi, plastik məmulatlar, suvarma sistemləri, polietilen suvarma boruları, kağız stəkanlar və hazır içkilər istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə və 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Hacıqabul Sənaye Məhəlləsinin bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Sabirabad Sənaye Məhəlləsinin tikintisi üçün hazırlıq işləri aparılır.


5 milyon 230 min manat dəyərində 10 layihə


Təşkili işləri başa çatdırılan Masallı Sənaye Məhəlləsinin sentyabrın 18-də İlham Əliyevin iştirakı ilə açılış mərasimi olub. Bu məhəllə İlham Əliyevin 2016-cı il iyunun 13-də imzaladığı sərəncama əsasən yaradılıb.
Ümumi sahəsi 10 hektar olan məhəllədə tikinti işlərinə ötən ilin iyulunda başlanıb. Sənaye məhəlləsində dövlət vəsaiti hesabına lazımi infrastruktur, o cümlədən 2,5 MVt gücündə elektrik enerjisi təchizatı, gücü saatda 25 kubmetr olan sutəmizləyici qurğu qurulub. Sahibkarlıq subyektləri tərəfindən 5 milyon 230 min manat dəyərində 10 layihə təqdim edilib. Artıq reallaşdırılan bu layihələr çərçivəsində 200 yeni iş yeri açılıb. Sənaye məhəlləsində müxtəlif mebel və onların hissələrinin istehsalı üzrə 5 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına ümumilikdə 3,5 milyon manatdan çox investisiya yatırılıb.
Məhəllənin inzibati binasında toplantı və təlimlərin keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. Binada iclas otağı, müasir ofis sahələri, "Startup”lar üçün ofislər, sərgi-satış mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və digər sahələr var. Binada, eyni zamanda, sahibkarlara sığorta, bank və mühasibatlıq, hüquq məsləhətləri xidmətləri göstəriləcək. Sahibkarlara dəstək məqsədilə sənaye məhəlləsinin bütün ərazisi pulsuz internetlə təmin olunub. Digər sənaye məhəllələrində olduğu kimi, Masallı Sənaye Məhəlləsinə də sahibkarlar tərəfindən böyük maraq göstərilir.
Burada həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin "Kiçik və Orta Biznesin Dostu” (KOB) Mərkəzi də fəaliyyət göstərəcək. Gələcəkdə ölkənin digər şəhər və rayonlarında da sahibkarlara dəstək məqsədilə yaradılacaq "Kiçik və Orta Biznesin Dostu” mərkəzlərinin fəaliyyəti yeni kiçik və orta biznes sahələrinin yaranmasına, kiçik və orta sahibkarlığın inkişafı vasitəsilə regionun potensialının reallaşdırılmasına yönələcək.
Beləliklə, bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən olan sənayeləşmənin sürətləndirilməsi prioritet sahə elan olunub və bu istiqamətdə irimiqyaslı layihələrin icrası davam etdirilir. Müasir sənaye məhəllələrinin yaradılması həm də ölkəmizin iqtisadi potensialını nümayiş etdirir, iqtisadi gücümüzü artırır.
Masallı Sənaye Məhəlləsinin açılışında dövlət başçısı vurğuladı ki, ölkəmizdə sənayeləşmə ilə bağlı siyasət uğurla davam etdirilir. Təkcə onu demək kifayətdir ki, bu ilin 8 ayında ölkəmizin qeyri-neft sənayesi təxminən 11 faiz artıb. Bu isə görülən işlərin bəhrəsidir.


Prezident Ehtiyat Fondundan 12 milyon manat vəsait ayırdı


Bütün bunlar Azərbaycanın son 15 ildə iqtisadi baxımdan çox uğurla inkişaf etdiyini təsdiqləyən faktorlardır. Bu müddət ərzində iqtisadiyyat, yəni, ümumi daxili məhsulun 3,2 dəfə artması isə dünya miqyasında rekord göstərici hesab olunur.
Dövlət başçısı respublikanın cənub bölgəsinə səfəri zamanı gələn ilin əvvəlində regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramının qəbul ediləcəyini də diqqətə çatdırdı: "Ona görə sakinləri narahat edən məsələlər mütləq məruzə edilsin, bizə göndərilsin ki, növbəti proqramda bugünə qədər həll olunmayan bütün məsələlər öz əksini tapsın”.
Prezident səfərin sonunda yenə də sakinləri narahat edən məsələlərin məruzə edilməsini tapşırdı və elə həmin gün 5 sərəncam imzaladı.
Dövlət başçısının imzaladığı sərəncama əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (81 km) - Biləsuvar avtomobil yolunun yenidən qurulması məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 3 milyon manat ayrıldı.
Digər iki sərəncam Masallı rayonunda abadlıq-quruculuq işlərinin aparılmasına və suvarma sistemlərinin yaxşılaşdırılmasına aiddir. Belə ki, rayonda 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Prezidentin Ehtiyat Fondundan "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1 milyon manat, şəhərdə abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Masallı Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrıldı.
İlham Əliyev həmçinin Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Prezidentin Ehtiyat Fondundan Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon, şəhərdə istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manatın ayrılması ilə bağlı daha iki sərəncam imzaladı.
Beləliklə, dövlət başçısı Masallı və Biləsuvar şəhərlərində tikinti-quruculuq işləri, sosial infrastruktur layihələrinin davam etdirilməsi məqsədi ilə Prezidentin Ehtiyat Fondundan ümumilikdə 12 milyon manat vəsait ayırdı. Bu da Azərbaycan Prezidentinin regionların sosial-iqtisadi inkişafına xüsusi önəm verdiyini, bütün məsələləri daim diqqət mərkəzində saxladığını bir daha təsdiqləyir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM