16:21 04 Mart 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İTMİŞ ÜMİDLƏR QAYIDACAQMI?!

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 22.01.2021

 

Yarımçıq qalmış missiya

 

KİV DDF getdi, yerinə MEDİA gəldi!

Loqotipində “dövlət” sözü (KİV DF) olmasa da, dövlətin vəsaiti ilə işləyərək dövlət tapşırıqlarını icra edən bu qurumun sonu ürəkaçan olmadı...

Biz, jurnalistlər buna yalnız təəssüflənə bilərik...

Belə sonluq həm də o deməkdir ki, qurum üzərinə qoyulan vəzifələri tam yerinə yetirmədi, bəslənən ümidləri sonadək doğrultmadı!

Bu gün bu barədə danışan, tənqid edən, “yeni faktlar” söyləyən, “ifşa edən” çoxdur!

Onların sırasına qoşulmaq fikrində deyilik!

Əksinə, ifrata varanlarla bəzi hallarda razılaşmırıq.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə yaradılmışdı, dövlətin ayırdığı vəsaitlə (heç də az olmayan vəsaitlə) fəaliyyət göstərirdi. Özünün təsdiq edilmiş Nizamnaməsi də vardı.

Fond dövlətin xoş məramından, mətbuat və söz azadlığına qayğısından, jurnalistlərin sosial vəziyyətinin yüksəldilməsinə kömək niyyətindən meydana gəlmişdi!

Özü də az iş görmədi!

Həm də qanun əsasında fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 31 iyun 2008-ci ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” bütün bu məqamları, habelə xeyirxah və xoş niyyətləri özündə dolğun əks etdirən bir sənəddir.

Yenə də öz qüvvəsindədir!

Konsepsiyanın mükəmməl və müasir tələbləri əks etdirən özünəməxsus fəlsəfəsi də vardır.

Əvvəla, mətbuat və söz azadlığının möhkəmlənməsinə və inkişafına kömək edir.

İkinci, dövlətin müstəqil mətbuata, onun iqtisadi cəhətdən güclənməsinə yardım göstərir.

Üçüncüsü, jurnalist peşəkarlığının yüksəlməsinə şərait yaradır.

Dördüncüsü, jurnalistlərin yaradıcılığı ilə bahəm sosial vəziyyətinin yaxşılaşmasına da dəstək verir.

Ən nəhayət, iki mühüm məqam: əvvəla, bu yolla dövlət mətbuatın problemlərinin həllində yaxından iştirak edir, ikincisi, bu halda KİV-in işinə qarışmır, onlara öz iradəsini qəbul etdirməyə çalışmır!

Belə ki, dövlət öz siyasətini, marağında olduğu və daim mətbuatda işıqlanmasını istədiyi mövzuları konsepsiyada on doqquz istiqamətdə ifadə etmişdir. Həmin istiqamətlərdən istədiyini seçən qəzet uyğun layihə hazırlayır, müsabiqəyə təqdim edir, qalib gəldiyi halda maliyyələşdirilərək müəyyən dövr ərzində mövzunu səhifələrində işıqlandırır.

Bir daha vurğulayırıq: qəzet öz layihəsi (dövlətin ona verdiyi layihə yox) əsasında fəaliyyət göstərərək müəyyən vəsait qazanır!

Həm də bu qayda müstəqil mətbuata şamildir. Rəsmi dövlət qəzeti və iqtidar qəzetləri belə maliyyələşmədən kənardadırlar.

Digər təəssüf doğuran məqam isə, obrazlı desək, vannadakı çirkli su ilə bərabər çimizdirilmiş uşağın tullanmasıdır.

* Uzun illər boyu çoxsaylı qəzetlər dövlət vəsaiti hesabına maliyyələşdirilib;

* Yaradıcılıq müsabiqələrində jurnalistlər qalib gələrək müəyyən məbləğdə pul mükafatları alıblar;

* Çoxsaylı jurnalistlərə dövlət hesabına tikilib təmir edilmiş mənzillər verilib və bunun hesabına kirayədən və darısqallıqda yaşamaqdan yaxası qurtaranlar, övladlarını evləndirmək imkanı qazananlar, ən əsası, şəxsi əmlaka sahib olanlar az olmayıb.

Dünyanın heç yerində belə hal yoxdur!

Bu, Azərbaycan Prezidenti cənab İlham Əliyevin səxavətinin, biz jurnalistlərə qayğısının nəticəsidir!

Biz jurnalistlər ona müraciət edəndə xahişimizi cavabsız qoymadı, dəfələrlə mənzil tikintisi üçün vəsait ayırdı.

Hətta söz verdi ki, həmin ərazidə jurnalist şəhərciyi yaradılacaqdır və vədinə həmişəki kimi əməl etməkdədir!

O başqa məsələdir ki, konsepsiyanı gerçəkləşdirəndə, keçirilən müsabiqələrdə, mənzil bölğüsündə üzgörənliyə, sui-istifadəyə, ədalətsizliklərə yol verilib!

Baiskarlar qanun qarşısında cavab verəcəklər!

Digər vacib məsələ isə bu xeyirxah işlərin davam etdirilməsi, KİV-in maliyyə müstəqilliyi qazanaraq ayaqda durmalarının təmin edilməsi, mətbuatın hazırda heç də az olmayan problemlərinin dövlətin dəstəyi əsasında həllidir!

Başqa sözlə, ölmüş ümidlərin dirçəlməsidir!

 

BARƏSİNDƏ “ÖLÜM HÖKMÜ” VERİLƏN QƏZET

 

Həsən bəy Zərdabi 146 il bundan qabaq xalqına xidmət etmək üçün qəzet açdı, savadsızlığa, cəhalətə qarşı mübarizə apardı, millətini maarifləndirdi.

Eyni zamanda Azərbaycan Milli Mətbuatının ənənə və prinsiplərini də yaratdı, inkişaf etdirdi, bizə miras qoyub getdi.

O dövrdə milləti savadlandırmaq, gözünü açmaq, məktəbi, elmi təbliğ etmək, qızları oxutmaq, dilin təmizliyini qorumaq və s. milli maraqlara daxil olan məsələlər sayılırdı.

İndi isə qəzetlər yoxa çıxmağa başlayıb!

Daha doğrusu, qəzet “keçmiş” sayılaraq barəsində “ölüm hökmü” çıxarılıb!

Deməli, onunla birgə milli mətbuatın ənənə və prinsipləri də yox olacaq!

Bu gün təkcə ideoloji mübarizə yox, əslində həm də müharibə gedir. Və əgər Prezidentimiz informasiya müharibəsində də qalib gəlməsəydi, Vətən müharibəsindəki qələbəmiz bu qədər möhtəşəm və etibarlı olmazdı!

Yaxşı, qəzetləri bağlayaq, qoy yox olub getsinlər! Bəs sonra bu boşluğun yerini kim və nə dolduracaq?

Sosial şəbəkələrdəki anti-Azərbaycan çıxışlar, şər, böhtan, kimlərinsə maraqlarına xidmət edən yazılar?

Unutmayaq, haradasa yaranan boşluq heç zaman boş qalmır!

Ondan istifadə etməyi bacaranlar tapılır!

***

Daha bir vacib məqam: qəzet günün tarixini yazır, sonra bu günlər aylara və illərə çevrilir...

Baş verənlər yaddaşlardan silinsə də, qəzet səhifələrində yaşayır!

Müstəqillik dövrü möhtəşəm hadisələrlə zəngindir. Əslində Ermənistan-Azərbaycan müharibəsində zəfərimiz əsrlərlə gözlədiyimiz qələbədir! İndi isə Qarabağın dirçəldilməsi prosesi gedir.

Tariximizin qızıl səhifələri, bu dövrdə qəbul edilən qərarlar, görülən işlər olduğu kimi gələcək nəsillərə də çatdırılmalıdır!

İndiyədək şahidi olduğumuz məqamlar göstərir ki, elektron medianın arxivi etibarlı və əhatəli deyil!

Sosial şəbəkələr isə arxivsizdirlər!

Qəzetləri yoxa çıxarsaq, arxivimiz, tariximiz nə ilə zənginləşəcək?

Bu məqamı da nəzərdən qaçırmamalıyıq.

 

VƏSAİT XƏRCLƏNSƏ DƏ, MƏQSƏDƏ NAİL OLUNMADI

 

Bəli, KİV DDF uzun illər boyu fəaliyyət göstərdi, dövlətin ətək-ətək pulu xərcləndi!

Qəzetlərin maliyyə durumu yaxşılaşdımı?

Jurnalistlərin əməkhaqları yüksəldimi?

Jurnalist peşəkarlığı artdımı?

Üçüncü təəssüfümüz isə budur ki, bunların heç biri baş vermədi!

Yenə yanlışlıqlar:

Konsepsiyanın fəlsəfəsinə görə öz oxucu auditoriyası olan, qəzet bazarında yer tuta bilən qəzetlərə sistemli dövlət yardımı göstərilməli idi ki, onlar sıradan çıxmasınlar, gələcəkdə ayağa qalxaraq özlərini maliyyələşdirə bilsinlər.

Məntiqlə belə qəzetlərin sayı on doqquzdan çox olmamalı idi.

Əvvəla, on milyon əhalisi olan Azərbaycana çoxlu sayda qəzet gərək deyil! Ən əsası isə, dövlət sifarişi on doqquz istiqamətdə əhatə olunmuşdur. KİV DDF-də isə onların sayını artıraraq otuzu keçmişdilər! Hətta qəzetləri “dərəcələr”ə bölərək ödənilən qrantların sayını artırmış, bu hesaba yeni qəzetləri “dövlət himayəsinə” almışdılar.

Ən maraqlısı isə budur ki, “ikinci dərəcəli” qəzetlər cərgəsinə üslubca başqalarından fərqlənən, səhifələrində daha çox orijinal materiallara yer verən, müstəqillik dövrünün ilk illərindən nəşrə başlayan və bəlli oxucu auditoriyası olan “Ədalət”, “Şərq” və “525-ci qəzet” ləri də salmış, onları “aşağı qrup”a keçirmişdilər.

Başqa bir gerçəklik:

Qəzetlərin ölümə məhkum edilməsi subyektiv düşüncə və mülahizələrdən irəli gəlir!

Hazırda dünyanın heç bir yerində, heç bir dövlətin tanınmış, uzun illər boyu çıxan qəzetləri bağlanmayıb!

Çünki hər qəzetin, televiziya və saytın öz oxucu auditoriyası mövcuddur.

Diqqətçəkən bir məqam: 44 günlük müharibə dövründə Ali Baş Komandan İlham Əliyevdən müsahibə almağa gələn KİV arasında bir sıra ölkələrin tanınmış qəzetləri də vardı!

Bəli, televiziya müsahibələri müsahibə mavi ekranda səsləndirilən müddətdə yaşayır.

Elektron resurslarındakı müsahiblərin ömrü bir gündür.

Qəzetdə gedən müsahibələri isə istənilən vaxt oxumaq, vacib məqamların altından xətt çəkmək, deyilən fikirlərin üzərində bir daha düşünmək mümkündür!

Onlar həm də arxivlərdə qalaraq gələcək nəsillərə də çatır!

Qəzetlərin öldürülməsi jurnalistikanın janrlarının da ölüb getməsinə səbəb olacaqdır!

İnternet saytları əsasən informasiya (demək olar ki, bütün saytlar eyni gündə eyni informasiya verir, fərqlilik cüzi hiss olunur), bir də “telefon müsahibələri” verməklə məşğuldur.

Bu tip materiallarda jurnalist sənətkarlığı, redaktə məsələləri hiss olunmur, Azərbaycan dilinin zənginliyi, şirinliyi duyulmur.

Geniş analitik yazılara, araşdırma materiallarına, oçerk, zarisovka, reportaj, hesabat, korrespondensiya, epistolyar janrlara təsadüfi hallarda, bəlkə də heç rast gəlməzsən.

Saytlar məlumatlandırırlar!

Qəzetlər isə həm də maarifləndirirlər!

Jurnalist peşəkarlığı qəzetlərdə formalaşır, dilin təmizliyi qəzetlərdə qorunur!

Ən əsası, dövlət siyasətinin özəyi qəzetlərdə saxlanılır. Burada hər şey aydın və konkret qoyulur, nala-mıxa vurmaq mümkün deyildir!

İndi gəlin qəzet itkisi ilə birgə baş verəcək digər itkilərimizi də hesablayaq!

Bəlkə kimlərsə bunlardan hali deyillər!

Amma zamanı keçdikdən sonra gec olur!

Biz də unutmayaq, itirilənlərin hamısını təzədən dala qaytarmaq, yaxud bərpa etmək mümkün olmur!

 

QEYRİ-ADİ PEŞƏNİN AŞAĞI ƏMƏKHAQQI

 

Bu gün özünə jurnalist adı qoyanlar həddindən çoxdur!

Səbəbi aydındır: “baş redaktor” kimisə işə qəbul edib ona qəzetin, saytın, yaxud informasiya agentliyinin və s. vəsiqəsini verirsə, dərhal həmin adam dönüb olur “jurnalist”.

İxtisas təhsili olmayanlar (belələri isə həddindən çoxdur) jurnalistika üzrə ali təhsil almağın vacib olmadığını söyləyirlər.

Çünki onlar 4-6 il ərzində universitetlərdə tələbələrə nə öyrədildiyindən, hansı bilgilərin verildiyindən xəbərsizdirlər!

Həm də jurnalist olmaq üçün təkcə bilikli olmaq azdır, xüsusi istedadın da mövcudluğu vacibdir!

Jurnalist əməyi də asan, sadə əmək deyildir!

Bu əməyə ən doğru, ən dolğun, ən ədalətli qiyməti Ulu Öndər Heydər Əliyev verib: “Jurnalist əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir”.

Bu, “qeyri-adi” əməyi, “zəhmətli”, “çox səylər göstərilməsini”, “cəsurluq, hünər, fədakarlıq” tələb edən əməyi ağırlıq dərəcəsinə uyğun şəkildə dəyərləndirmək də gərəkdir!

Sadə şəkildə ifadə etsək, jurnalistlərin əməkhaqları da peşəyə uyğun gəlməklə, yüksək olmalıdır!

Dünyanın bütün ölkələrində vəkil, həkim və jurnalist əməyi ən yüksək qiymətləndirilən əmək növünə şamil edilir.

Bəs bizdə necədir?

Başqalarını deyə bilmərəm, uzun illərdir ki, “Azərbaycan” qəzetində müxbir ölkə üzrə orta əməkhaqqının “aşağı hissəsi” həcmində əmək-haqqı alır.

Səbəb çox sadədir: redaksiya özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərir.

Bu gün isə əməkhaqqının artırılma yox, aşağı salınma ehtimalı daha çoxdur!

Əsas səbəb isə respublika üzrə ümumidir: qəzetlərin maliyyə, deməli, həm də peşəkarlığın yüksəldilməsi ilə bağlı problemlərinin heç biri həll edilməyib!

Əksinə, bu sahədə dövlət siyasətində əyintilərə yol verilməsi vəziyyəti daha da ağırlaşdırıb, demək olar ki, dalana salıb!

 

QAZANMAQ İMKANI YOXDURSA...

 

Bazar iqtisadiyyatı şəraitində qəzetlərin yaşamasının birinci şərti reklam bazarının mövcudluğudur!

Təəssüf doğuran məqam budur ki, indiyədək ölkədə qəzetlər üçün reklam bazarı formalaşdırılmamışdır. Bir neçə dəfə bununla bağlı məsələ qaldırılsa da, Mətbuat Şurası dəfələrlə təşəbbüs göstərsə də, heç bir real nəticəyə nail olunmamışdır!

Müqayisə üçün deyək ki, televiziyaların reklam bazarı aşıb-daşır.

Gün ərzində hər bir özəl kanal özünün hazırladığı verilişlərdən çox reklam rolikləri fırladır. Gizli reklamlar isə artıq mavi ekranın atributuna çevrilmişdir.

Qəzetlərə isə belə imkan yaradılmayıb!

Həm də nəinki reklam bazarı, üstəgəl...

***

Başqa bir təəssüf doğuran hal odur ki, hələ sovet dövründən yaradılmış qəzet yayımı və satışı sistemi tamamilə dağıdılmış, daha doğrusu, məhv edilmişdir!

Qəzet oxumaq bir vərdişdir.

Sovet dovründə və müstəqilliyin ilk illərində qəzet insanların həyatına daxil olmuşdu.

Hər gün səhərimiz qəzet oxumaqla başlayır, axşamlar isə mavi ekrandan gündəlik yenilikləri öyrənirdik.

Tənqid etdiyimiz sosializm dövründə nəinki rayon mərkəzlərinə, hətta ən ucqar kəndlərə belə gündəlik qəzet çatdırılırdı!

Bircə gün qəzetin gecikdirilməsi “fövqəladə hal” sayılırdı.

Dövlət bunula həm ideologiyasını təbliğ edər, həm də informasiyanı öz maraqları baxımından yönləndirərdi.

İndi nəinki kəndlərə (bunu ağlına gətirən də yoxdur), heç rayon mərkəzlərinə belə gündəlik qəzet vaxtlı-vaxtında çatdırılmır!

Heç kəs də buna görə məsuliyyət daşımır!

Qəzetini vaxtında almayan oxucu ona niyə abunə yazılmalıdır?!

Yaxud qəzet satışını götürək.

Hesabla çoxmilyonlu paytaxt şəhəri bunun üçün münasib yerdir. Amma...

Əvvəlcə köhnə köşklərin şəhərin görünüşünü pozduğunu söylədilər...

Sonra təzə köşklər düzəldərək sahibini dəyişdilər...

Axırda şəxsi maraqlar bu sahənin evini yıxdı!

Mətbuat yayımı ilə məşğul olmaq üçün qəzet bazarına girənlər əlavə xərc çəkmədən, nəqliyyat-paylama mexanizmi yaratmağa vəsait yatırmadan çox qazanc götürmək yolunu tutdular.

Köşklərdə qəzet tapmayan oxucular isə əllərini ondan üzdülər...

Beləliklə, qəzet oxumaq vərdişi öz yerini əl telefonunda “qurdalanma” vərdişinə verdi.

Bu, hamı üçün asan, əlçatan və daha ucuz sayılır!

Dövlətin maraqları baxımından yanaşdıqda isə yox!

Yalan, şər, böhtan, qeyri-dəqiq “fakt”lar mobil telefonla “qədəm qoyduğumuz” yerlərdə, sosial şəbəkədə istənilən qədərdir.

Dövlət isə bəzən “5-ci kolon”un yaydığını təkzib etmək, həqiqəti vətəndaşlarına çatdırmaq üçün günlərlə çalışmalı olur.

Bir vaxtlar Prezident İlham Əliyev paytaxtdakı qəzet köşklərini “mini bazar” adlandırmışdı.

Onlar zahirən yenilənsələr də, mahiyyətcə əvvəlki kimi qalıblar.

“Qəzet köşkü”ndə qəzetdən başqa hər şey satılır.

Hətta onların arasında ziyanlıları da vardır!

Əgər redaksiyanın pul qazanmaq imkanı hər yerdən kəsilibsə, qəzeti necə yaşatmaq, əməkdaşlara hansı mənbədən əməkhaqqı vermək olar?!

Bu gün ictimai rəyin yaranmasında qəzetlərin iştirak etmədiyini söyləyənlər də var! Şübhəsiz, ictimai rəyin necə formalaşması, hansı maraqlara xidmət etməsi vacib məsələdir. Təəssüf ki, burada da problemsiz ötüşə bilmirik. Düşmənlərimizin mövcudluğu, informasiya təhlükəsizliyinin təmin olunmasının zəruriliyi məqamında bu məsələni başlı-başına qoymaq olmaz! Halbuki indiki gərgin şəraitdə onun formalaşmasında subyektiv məqamlar, xüsusən sosial şəbəkədəki “kütləvi təpkilər” heç də az rol oynamır.

Qınaq mexanizmi isə demək olar ki, işləmir.

Altıncı təəssüf doğuran məsələ odur ki, hər kəs hər şeydə özünü haqlı sayır.

Kim nə deyir və yazırsa, onun “obyektiv həqiqət”, “ədalətli qərar və mövqe” olduğunu zənn edir.

Çox nadir hallarda insanlar doğru olmadıqlarını, haqsızlıq etdiklərini boyunlarına alırlar.

Düz sözə, haqlı irada reaksiya yox dərəcəsindədir!

Tənqid obyekti ən yaxşı halda deyilənləri qulaqardına vurur, susmaqla yola verir!

Qara məni basınca prinsipi ilə şivən qoparanlar, hücuma keçənlər də az olmur!

Dövlət maraqları və prinsipləri isə belə gərgin anlarda daha diqqətlə və peşəkarlıqla qorunmalıdır!

İlbəil qəzetlərin abunəsi azalır, satışı başlı-başına buraxılır, oxucular print-mediadan getdikcə uzaqlaşırlar...

Bura qədər deyilənləri yekunlaşdırsaq nə görürük:

* əgər reklam bazarı yoxdursa;

* qəzet köşkləri “çax-çux”la məşğuldursa;

* jurnalistlərin əməkhaqqı artmırsa;

* redaksiyaların maddi-texniki bazarı yaxşılaşmırsa;

* yaradıcı heyətin həvəsləndirilməsi mümkün deyilsə;

Deməli, nə peşəkarlıq yüksələcək, nə də vəziyyət düzələcək!

Geriləmə davam edəcək, qəzetlərə “ölüm hökmü” verənlər məqsədlərinə nail olacaqlar!

Bu gün milli jurnalistikanın vətənpərvər, savadlı, istedadlı, peşəkar, xalqı və dövləti qəlbən sevən insanlara daha çox ehtiyacı var!

Lakin normal əməkhaqqı alaraq ailəsini yaxşı yaşada bilməyən savadlı və bilikli insanlar bura üz tutarlarmı?!

Vaxt var idi ki, hətta qəzet nəşri sahəsində çalışan texniki işçilər - linotipçilər (yığıcılar) və mürəttiblər (səhifələyicilər) öz övladlarını bu sahəyə gətirir, orta məktəbi qurtaran kimi şagird sifətində işə qəbul etdirərək ardıcıllarına çevirirdilər.

Çünki bilirdilər ki, dərəcələri artdıqca əməkhaqları da artacaq, iş yerində növbəyə duraraq mənzil alacaq, ailələrini normal dolandıracaqlar.

İndi isə heç bir jurnalist öz övladının jurnalist olmasına razı olmur!

 

DÖVLƏT BAŞÇISI FƏRMAN İMZALAYIB

 

Mətbuatla bağlı dövlət siyasətində yol verilmiş əyintiləri aradan qaldırmaq, söz azadlığının qorunub saxlanması sahəsində problemlərin tez bir zamanda və uğurlu həllinə nail olmaq üçün dövlət başçısı İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalamışdır. Bu mühüm tarixi sənəddə belə bir addımın atılmasının vacibliyi də qeyd olunmuşdur: “Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır”.

 Bu mötəbər sənəddə səhvlərin, yanlışlıqların, nöqsanların qısa müddətdə aradan qaldırılaraq problemlərin həlli yolunda başlıca istiqamətlər də müəyyənləşdirilmişdir. Belə ki, nəzərdə tutulan islahatların həyata keçirilməsi yeni yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə həvalə olunmuşdur. Agentliyin təsdiq olunmuş nizamnaməsində çap mediasının ən ağrılı problemlərinin çözümü istiqamətləri də konkret şəkildə göstərilmişdir.

Bir neçə maddəni diqqətə çəkirik:

3.1.3. media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tətbirlər görmək;

3.1.5. jurnalistlərin peşəkarlıqlarının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək;

3.1.6. medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görmək;

3.1.17. çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər görmək.

Tamamilə doğru və dəqiqdir!

Lakin nizamnamədəki vəzifələrin gerçəkləşdirilməsinə MEDİA-nın gücü və imkanı çatacaqmı?!

Qəzetlərin tirajı elə bir səviyyəyə enib ki, tezliklə bəziləri redaksiyanı saxlamaq və işçilərin elə də yüksək olmayan əməkhaqlarını ödəmək qabiliyyətini itirəcəklər!

Çıxılmaz vəziyyəti önləmək üçün lap qısa müddətdə print-medianın ən böyük problemləri həllini tapmalıdır!

Başqa sözlə:

* çap mediası üçün reklam bazarı yaradılmalı;

* qəzetin ölkə ərazisində yayımı qaydaya salınmalı;

* sərbəst satış təmin edilməli, qəzet köşklərinin öz təyinatları üzrə işləməsinə nail olunmalı;

* dövlət büdcəsi hesabına nazirlik və komitələrdə nəşr olunan, yalnız müəssisə maraqlarına xidmət edən qəzet və jurnalların mövcudluğuna əncam çəkməli;

* “mətbuat xidməti” adı altında bütün idarə, təşkilat, qurum və s. yaradılan, əslində jurnalistlər üçün keçilməz maneəyə çevrilən “hasar”ın mövcudluğu zərurətinə yenidən baxılmalı;

* qəzet kağızının və çap texnologiyasında keyfiyyətin yüksəldilməsi təmin edilməli;

* jurnalistlərin əməkhaqqının artırılması üçün real şərait formalaşdırılmalıdır!

Yeni qurum qısa müddətdə bu problemlərin icra mexanizmini yarada və işə sala biləcəkmi?!

Allahdan arzu edək ki, bacarsın!

Biz də daim ona dəstəkçi olmağa hazırıq!

***

Bəlkə təzədən velosiped kəşf etmək fikrinə düşməyək! Qonşu ölkələrin, məsələn, Türkiyə və Rusiyanın sınaqdan çıxmış təcrübəsindən - qəzetlərin səhmdar cəmiyyətə çevrilərək özəl holdinqlərə birləşdirilməsi metodundan istifadə edək?

 

BALIQ TUTA BİLƏCƏYİKMİ?!

 

Sözümüzün əvvəlinə qayıdırıq: KİV DDF getdi, MEDİA gəldi!

Ümidlər çoxdur!

Hamı hər şeyin dəyişəcəyini, səhvlərin düzəldiləcəyini, ölmüş ümidlərin dirçəldiləcəyini gözləyir!

Dövlət arxamızdadır, bəs qədər vəsait ayırır, mətbu sözə yüksək dəyər verir!

Yeni MEDİA-nın da qarşısına mühüm vəzifələr qoyulub. Üzərinə düşən məsuliyyət isə daha çoxdur!

Hələlik gözləyirik!

COVID-19 da bir yandan mane olmaqdadır...

Ümid bir çörəkdir ümidsizlərə...

Yaponlar ac adamlara yemək üçün balıq vermirlər!

Onlara balıq tutmağı öyrədirlər...

KİV DDF balıq payladı!

MEDİA balıq tutmağa şərait yarada biləcəkmi?

Bütün hallarda uğurlar diləyirik!

 

Bəxtiyar SADIQOV



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM