18 Avqust 2021 17:16
1416
SİYASƏT
A- A+

İtaliya mətbuatı Prezident İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi İtaliyanın “Kmetro0”, “Eurasianews” və “Agenzia Nova” kimi kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

AZƏRTAC-ın verdiyi xəbərə görə, “Prezident İlham Əliyev: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazırdırsa, bölgəyə sülh gələcək” sərlövhəli yazılarda qeyd olunur ki, “CNN Türk”ə müsahibəsində dövlətimizin başçısı Azərbaycanın ərazi bütövlüyünün bərpası və Ermənistanın hərbi işğalına son qoyulması üçün görülmüş tədbirlərdən, İkinci Qarabağ müharibəsi və onun nəticələrindən, müharibədən sonra bölgədəki vəziyyətdən, bölgədə uzunmüddətli sülhün təmini və buna nail olmaq üçün atılacaq addımlardan bəhs edib.

Yazılarda Prezident İlham Əliyevin müsahibədəki fikirlərinə geniş şəkildə istinadlar olunub.Habelə yazılarda Azərbaycan Prezidentinin müsahibəsində bir nömrəli hədəfin Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, bunun tarixi bir missiya olduğunu və bütün güclərin səfərbər edildiyini vurğuladığı qeyd olunub. “Bütün bu illər ərzində deyirdim ki, nəyin bahasına olursa-olsun biz torpaqlarımızı azad etməliyik və edəcəyik. Sadəcə olaraq, bunu düzgün anda etməli idik və etdik, səhvə yol verə bilməzdik. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə nəticəyə gətirib çıxardı. Xalqın barışmaz ruhu, əlbəttə ki, əsas amillərdən biridir. Çünki biz Qarabağı unutmadıq. Hətta Qarabağı görməyən və çadır şəhərciklərində doğulan uşaqlar da bir arzu ilə, bir amalla yaşayırdılar ki, getsinlər, öz torpağına qayıtsınlar. Ölümə gedənlər məhz onlar kimi minlərlə gənc olmuşdur”, - deyə məqalədə dövlətimizin başçısının sözlərinə yer verilib.

Məlumatlarda, həmçinin müsahibədə Prezident İlham Əliyevin Ordumuzun gücləndirilməsi, silah, texnika, təchizat məsələlərinin də əsas amillərdən olduğunu qeyd etdiyi vurğulanıb. “Son illərdə ən çağdaş texnologiyaya əsaslanan silahlar alındı və Ordumuzun peşəkarlığı artdı. Çünki silahlar, texnologiya, əlbəttə, bir çox məsələləri həll edir. Ancaq yerində torpağı alan, bayrağı sancan əsgərdir. Əgər o, döyüşə həvəslə getmirsə, heç bir silah sənə kömək edə bilməz. Bu amillər bizi Qələbəyə apardı”, – deyə Prezident İlham Əliyevin sözlərinə istinad edilib.

Yazılarda bildirilib ki, müsahibədə Azərbaycan Prezidenti ölkənin gecə-gündüz bu hədəfə doğru getdiyini və ona çatdığını bəyan edib. Bu xüsusda dövlətimizin başçısının fikirlərinə istinadən qeyd olunub: “İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir”.

Məlumatlarda dövlətimizin başçısının bölgədəki sülhə təhdidlərdən bəhs etdiyi və bu xüsusda qeyd olunub: “Ermənilər orada yüz minlərlə mina basdırıb. Müharibə başa çatandan sonra - 10 noyabr tarixindən bu günə qədər 150-dən çox mülki şəxs və hərbçi minaya düşərək ya həlak olub, ya da ki, öz sağlamlığını itirib. Ona görə minatəmizləmə işi getməlidir və gedir. Ermənistan bizə minaların xəritələrini də vermir və son mərhələdə verilən xəritələrin dəqiqliyi cəmi yüzdə iyirmi beş faizdir. Yəni, burada da özlərini qeyri-səmimi aparırlar. Biz insanların həyatını risk altına ata bilmərik. Ona görə azad edilmiş torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda indi həm minalardan təmizləmə işləri, eyni zamanda, infrastruktur işləri sürətlə gedir”.

Yazılarda Prezident İlham Əliyevin, həmçinin Rusiyadan gözləntilərin üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsi olduğunu vurğuladığı qeyd edilib: “Çünki bu üçtərəfli Bəyanatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri imzalamışlar və onların böyük qismi artıq gerçəkləşib. Amma bəzi məsələlər var ki, hələ də açıqdır. Gözləntimiz bundan ibarətdir. Rusiya Azərbaycanın qonşusu və Ermənistanın yaxın müttəfiqi kimi, əlbəttə, bu bölgədə xüsusi rol oynayır. Bu, təbiidir. Ümid edirik ki, Rusiya bundan sonra da bu bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməsin və uzunmüddətli sülhü təmin etmək üçün addımlar atsın. Eyni zamanda, bizim gözləntimiz odur ki, Rusiya Ermənistanı silahlandırmasın. Biz bu məsələni Rusiya tərəfinə çatdırmışıq. Bu, bizi narahat edir. Müharibə başa çatıb. Yəni, erməni xalqı da bu vəziyyətlə barışıb. Erməni rəhbərliyi də məğlubiyyətlə barışıb və Ermənistanda keçirilmiş son parlament seçkiləri bunu göstərdi. Tarixdə görünməmiş bir mənzərədir ki, məğlub edilmiş rəhbərlik, yenidən xalqdan səs alır. Belə olan halda, əlbəttə ki, Ermənistanı silahlandırmaq heç bir məntiqə sığmır. Biz hələ ki, bunu görmürük, müşahidə etmirik. Amma Rusiya tərəfindən bəzi açıqlamalar oldu. Bir neçə gün bundan əvvəl Rusiya müdafiə naziri Ermənistan müdafiə naziri ilə görüş zamanı söyləmişdir ki, Ermənistana Rusiya silahlarının göndərilməsi prosesi başlamışdır. Bu, çox narahatedici bir məsələdir”.

Dövlətimizin başçısının sözlərinə geniş yer verilən məqalərlərdəqeyd olunub ki, Prezident İlham Əliyev müsahibəsində Xankəndidə Rusiyanın sülhməramlı missiyasının nəzarəti altında olan ərazinin indi təhlükəsiz ərazi olmasını, eyni zamanda, Ermənistanla sərhəddə də vəziyyətin bəzən narahatlıq doğurduğunu, amma ümumilikdə sabit olduğunu bəyan edib. Azərbaycan Prezidenti deyib: “Ona görə, əlbəttə, biz istəyirik ki, Rusiya bu məsələdə bizim narahatlığımızı nəzərə alsın. Çünki nə qədər silahlar verilsə də, yenə də güclər nisbəti dəyişməyəcək. Çünki son 30 il ərzində Rusiya Ermənistana milyardlarla dollar dəyərində pulsuz-parasız silahlar verib, - onların bir qismi indi bizim Hərbi Qənimətlər Parkında dağılmış muzey eksponatları kimi sərgilənir,-buna baxmayaraq, Ermənistan ordusu tamamilə darmadağın edilib. Biz ordumuzun silahlanmasına nə qədər lazımdır, o qədər də vəsait ayıracağıq və bunu edirdik. Sadəcə, hesab edirik ki, artıq müharibə bitdi, buna ehtiyac yoxdur. Bölgənin yenidən silahlandırılması prosesinə biz təşəbbüskar olmamışıq və deyilik. Ümid edirik ki, digər tərəfdaşlar da buna uyğun addımlar atacaqlar”.

Habelə yazılarda dövlətimizin başçısının müsahibəsində Laçın dəhlizi ilə Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan bölgələrdə baş verən hadisələrin də izlənildiyini bildirdiyi qeyd edilib: “Xankəndiyə gedən avtomobillərin sayını dəqiqliyi ilə bilirik. Bu yaxınlarda bizim mətbuatda bu məsələ ilə bağlı açıqlama verildi, o cümlədən göstərildi ki, son bir ay ərazində - iyulun 11-dən avqustun 8-dək təqribən 5 minə yaxın insan Xankəndidən Ermənistan tərəfinə getdi və qayıtmadı. Yəni, oradan 20 min insan çıxdı və 15 min insan oraya girdi. Deməli, biz insanların sayına qədər bilirik”.

Məlumatlarda Azərbaycanla Ermənistan arasında sülhün şərtlərinə münasibətdə dövlət başçısının Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalanmasını istədiyini vurğuladığı bildirilib. “Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası, yəni, müəyyən edilməsi prosesi də başlasın. Ancaq bu günə qədər Ermənistandan müsbət cavab almamışıq. Belə görünür ki, Ermənistan buna hazır deyil, ya da bunun əleyhinədir. Mən söylədim ki, bu, böyük yanlışlıq olar və onlar özləri də peşman olacaqlar. Çünki biz bu təklifi masa üzərində əbədi saxlamalı deyilik. Əgər buna etiraz edirlərsə, açıq söyləsinlər ki, onlar Azərbaycanla sülh müqaviləsi imzalamaq istəmirlər. Belə olan halda biz də öz siyasətimizi buna uyğun şəkildə aparacağıq. Əgər Ermənistan buna hazırdırsa, əgər Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünü tanımağa hazırdırsa, onda əlbəttə ki, bölgəyə uzunmüddətli sülh gələcək. Biz bunu istəyirik və eyni zamanda, buna nail olmaq üçün indi konkret təkliflər də masa üzərindədir. Yolların açılması, Zəngəzur dəhlizinin yaradılması, bütün ticarət əlaqələrinin bərpası, yəni Cənubi Qafqazda uzun fasilədən sonra sülhün təmin edilməsi bizim maraqlarımıza cavab verir. Hesab edirəm ki, Ermənistanın da maraqlarına cavab verir. Çünki Zəngəzur dəhlizi onların da maraqlarına xidmət edəcək. Onlar da dəmir yolu ilə həm İranla, həm Rusiya ilə əlaqə yarada bilərlər. Bu günə qədər bu əlaqə yoxdur və onlar üçün də yeni fürsətlər ortaya çıxacaq”, – deyə Prezident İlham Əliyevin sözlərinə yer verilib.

Yazılarda Prezident İlham Əliyevin “Əlbəttə, bu dəhlizin açılması bir çox məqsədlərə, hədəflərə xidmət göstərir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bildiyiniz kimi, dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır” – deyə bildirdiyi qeyd olunur. Habelə, “Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Sadəcə olaraq, bir neçə gün bundan əvvəl orada bir müsbət fikir ortaya çıxdı ki, onlar da etiraz etmirlər. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik”, - kimi fikirlərinə yer verilib.

Məlumatlarda, həmçinin dövlətimizin başçısının Ermənistanda ifrat millətçilik, türkofobiya, azərbaycanofobiya, islamofobiyanın insanların və hakim dairələrin beyinlərini zəhərlədiyini, onların bunu istəsələr də, dilə gətirə bilmədiklərini vurğuladığı qeyd olunub. “Ermənistanda cəmiyyət və hakimiyyət təbii ki, indi çox çətin bir psixoloji durumdadır. Çünki onların otuz il ərzindəki ideoloji sütunları darmadağın edildi, mifologiya darmadağın edildi. Erməni ordusunun “müzəffər ordu” olmasını biz 44 gün ərzində yerlə bir etdik. Onların ərazi iddiaları məhv edildi”, - deyə Prezident İlham Əliyevin sözlərinə istinad edilib.

Yazılarda Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin Avrasiyasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilmə imkalarına münasibətdə “Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Mən bilirəm ki, Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Bu yaxınlarda Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişel Bakıda olarkən bu məsələ ilə bağlı biz geniş fikir mübadiləsi apardıq və onlar da təbii ki, bu layihəni çox dəstəkləyirlər”, – deyə qeyd etdiyi bildirilib.“Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Mən artıq dedim, onlar Rusiya və İranla bu dəmir yolu ilə bağlantı yarada bilərlər. Çünki Ermənistan-İran dəmir yolunun inşası bəlkə də 20 il müzakirə edilən bir məsələdir. Amma hələ ki, ortalıqda bir şey yoxdur. Çünki bu layihə təqribən ən azı 3 milyard dollar tələb edir. Ancaq Naxçıvan ərazisindən, - Naxçıvan ilə İran arasında artıq dəmir yolu xətti var, - istifadə edə bilərlər”, - deyə Prezident İlham Əliyevin sözlərinə yer verilib.

Bildirilib ki, Azərbaycan Prezidenti digər ölkələrin də bu təşəbbüsə qoşulacaqlarına ümid etdiyi və bu xüsusda “Biz bu formatı dəstəkləyirik və ümid edirik ki, digər ölkələr də buna qoşulacaqlar. Mən bilirəm ki, Gürcüstan tərəfi buna hazır deyil. Çünki Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər yoxdur. Bu, Gürcüstanın mövqeyidir, biz bu mövqeyə hörmətlə yanaşmalıyıq. Amma buna baxmayaraq, regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik. Bizə yeni müharibə lazım deyil”, – deyə qeyd etdiyi vurğulanıb.

Yazılarda habelə Prezident İlham Əliyevin Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının Azərbaycan cəmiyyətinə inteqrasiyasından bəhs etdiyi qeyd olunur. Dövlət başçısının“Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazidə yaşayan erməniləri biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq. Onların sayı o qədər də çox deyil. Dəqiq məlumata görə, 25 minin altındadır. Əlbəttə ki, onlar da Azərbaycan cəmiyyətinə inteqrə olunmalıdır. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkədir və burada bir çox xalqlar yaşayır, bir ailə kimi yaşayır, o cümlədən ermənilər də yaşayır. Bu gün Bakıda erməni də var”, – kimi sözlərinə istinad olunub.

Məlumatlarda Prezident İlham Əliyevin müsahibəsində Bakıda təmir edilmiş erməni kilsəsinə münasibətdə “O, şəhərin mərkəzində yerləşir və əgər oraya kimsə getsə görər ki, orada 5 minə yaxın erməni kitabı var. Amma bizim məscidlərimizə nə etdilər? Müqayisə üçün deyim ki, 60-dan çox məscidimizi yerlə bir etdilər. Ona görə bu gün Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq. Ümumilikdə Cənubi Qafqazda Azərbaycan, Gürcüstan, Ermənistan arasındakı üçtərəfli əlaqələrin yaradılması üçün ilkin addımlar atılmalıdır, biz buna hazırıq” – vurğuladığı bildirilib.

Yazılarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

 

https://kmetro0.it/2021/08/16/il-presidente-ilham-aliyev-se-larmenia-e-pronta-a-riconoscere-lintegrita-territoriale-dellazerbaigian-nella-regione-arrivera-la-pace/

https://www.eurasianews.it/2021/08/16/presidente-ilham-aliyev-larmenia-pronta-riconoscere-lintegrita-territoriale-dellazerbaigian-nella-regione-arrivera-la-pace/

https://www.agenzianova.com/a/611beff6c98c87.00765236/3568409/2021-08-16/azerbaigian-presidente-aliyev-pace-possibile-se-armenia-riconosce-l-integrita-del-paese

https://www.agenzianova.com/a/611bf005352305.03802553/3568410/2021-08-16/azerbaigian-presidente-aliyev-pace-possibile-se-armenia-riconosce-l-integrita-del-paese-2

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video