12:10 07 May 2021
ONLINE XƏBƏR LENTİ
00:49 07.05.2021

Azərbaycanın xilaskarı


Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İspaniya jurnalında Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən bəhs edən məqalə dərc olunub
 
ANA SƏHİFƏ / SİYASƏT
14:00 15.04.2021

 İspaniyanın böyük oxucu kütləsinə malik “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalında “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Qarabağ Azərbaycandır!” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın əsrlərboyu Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasətinin davamı olaraq, XX əsrin 80-ci illərinin sonlarından etibarən erməni silahlı qüvvələrinin Azərbaycana qarşı yönəlmiş hərbi təcavüz aktının ölkəmizin ərazisinin 20 faizinin işğalı, azərbaycanlı mülki əhaliyə qarşı müharibə və insanlıq əleyhinə cinayətlər törətdiyi, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü ilə nəticələndiyi bildirilib.

BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı, qurumun Baş Assambleyası tərəfindən 2008-ci ildə qəbul edilmiş 62/243 saylı qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu bir daha təsdiqlənib, işğalçı Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub.

“Diplomacia Siglo XXI” yazır ki, Ermənistan beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının qətnamələrinə, eləcə də bir sıra digər beynəlxalq və regional təşkilatlar çərçivəsində qəbul olunmuş sənədlərə məhəl qoymadan Azərbaycan ərazilərinin işğal altında saxlanılmasını davam etdirib, işğal edilmiş ərazilərdə qanunsuz iqtisadi və digər fəaliyyətlər, qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirməklə, bu ərazilərdə Azərbaycanın milli sərvətlərini talayıb, regionun demoqrafik vəziyyətini dəyişməyə yönəlmiş siyasət həyata keçirib.

Bildirilir ki, Azərbaycana qarşı təcavüz aktı törətmiş Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı status-kvonu saxlamaq olub. Belə ki, 2020-ci il iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Ermənistan-Azərbaycan sərhədində yerləşən Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhədinin pozulmasına cəhd edərək, ölkəmizə qarşı təcavüz aktı törədib. Ermənistanın hərbi təxribatının məqsədlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik Azərbaycan ərazisindən keçən enerji infrastrukturunu, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına atmaq olub.

Bununla yanaşı, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini yenidən kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycanın mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutaraq, ölkəmizə qarşı növbəti hərbi təcavüzə əl atıb.

Jurnal qeyd edir ki, Ermənistan beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları və onlara Əlavə protokolların müddəalarını kobud şəkildə pozaraq, hərbi təxribat zamanı mülki əhalini məqsədli şəkildə hədəf seçib, Ermənistan silahlı qüvvələri tərəfindən Ermənistan ərazisindən və işğal olunmuş Azərbaycan ərazilərindən cəbhə bölgəsindən kənarda yerləşən, mülki əhalinin sıx məskunlaşdığı Gəncə, Bərdə, Mingəçevir, Beyləqan, Goranboy, Göygöl, Tərtər, Zərdab, Xızı və Abşeron əraziləri ballistik raket atəşinə tutulub. Ermənistan tərəfinin törətdiyi müharibə cinayətləri nəticəsində aralarında azyaşlı uşaqlar və qadınlar olmaqla, 101 azərbaycanlı mülki şəxs həyatını itirib, 423 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirib.

Xüsusi olaraq vurğulanır ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən döyüşlərdə - Vətən müharibəsində şanlı Qələbə qazanaraq, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərini, o cümlədən Azərbaycan musiqisinin beşiyi olan qədim Şuşa şəhərini işğaldan azad edib.

Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını özündə şərtləndirən Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən 2020-ci il 10 noyabr tarixində imzalanmış Birgə Bəyanata uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin dekabrın 1-dən Azərbaycanın Ağdam, Kəlbəcər və Laçın rayonlarından çıxarılması təmin edilib, beləliklə, bütün Azərbaycan ərazisində Azərbaycanın suverenliyi bərpa olunub.

Ermənistan qoşunları və əhalisi Azərbaycan ərazilərini tərk edən zaman yaşayış məskənlərini, habelə ağ fosfordan istifadə edilməklə meşələri yandıraraq, fauna və floranı məhv edərək növbəti dəfə Azərbaycana qarşı ekoloji cinayətlər törədib, qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir nümunələrin Ermənistana daşınması, işğal olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni irsinin, memarlıq abidələrinin talan edilməsi ilə vandalizm aktları və urbisid həyata keçiriblər.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən sosial-iqtisadi infrastruktura, tarixi-mədəniyyət və dini abidələrinə, ətraf mühitə, fərdi və çoxmənzilli yaşayış evlərinə külli miqdarda vurulmuş maddi zərər beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və Ermənistanın məsuliyyətə cəlb olunaraq, Azərbaycan tərəfinə təzminatın ödənilməsinin təmin edilməsi məqsədilə beynəlxalq tribunala müraciət ediləcək.

İkinci Qarabağ müharibəsi başlayan andan etibarən Türkiyə Respublikasının Azərbaycan dövləti və xalqına göstərdiyi siyasi və mənəvi dəstək 2020-ci il dekabrın 10-da Bakı şəhərində keçirilib, Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında da öz təzahürünü bir daha tapıb. Zəfər paradında Azərbaycan Ordusuna məxsus ən müasir hərbi texnikalarla yanaşı, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrindən qənimət götürülmüş hərbi texnikaların bir qismi də nümayiş etdirilib, iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi marşı baş tutub.

Zəfər paradında çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində əldə olunmuş şanlı Qələbəni tarixi hadisə kimi qiymətləndirib, bu Zəfərin Azərbaycan Respublikasının tarixinə qızıl hərflərlə yazıldığını bildirib.

Qeyd edilir ki, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinin azad edilməsi ilə regionda sülh və sabitlik bərqərar olub, Ermənistan tərəfindən vandalizmə məruz qalmış Azərbaycan torpaqları yeni quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Məqalədə diqqətə çatdırılır ki, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ifadəsinin istifadə edilməsi üçün bundan sonra heç bir əsasın olmadığını, bu şanlı Qələbə ilə Qarabağın Azərbaycanın tərkib hissəsi olmasının bir daha təsdiqləndiyini vurğulayıb.

Dövlətimizin başçısı İlham Əliyevin Vətən müharibəsi dövründə söylədiyi “Qarabağ Azərbaycandır!” ifadəsinin Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq, tarixi Zəfərin əldə edilməsində mənəvi dəstək, tükənməz ruh yüksəkliyinin şüarı, təcəssümü kimi qəbul olunduğu xüsusi olaraq vurğulanır.

Nəfis tərtibata malik “Diplomatiya XXI əsr” jurnalı İspaniyada böyük oxuyucu kütləsinə və xüsusi nüfuza malik olmaqla yanaşı, Latın Amerikası ölkələrinin dövlət qurumları arasında da geniş yayılır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM