21:20 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İşlər asan, xidmət şəffaf, vətəndaş məmnunluğu yüksək

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:49 01.08.2021

 

Prezident İlham Əliyevin bir il öncə açılışını etdiyi Balakən  “ASAN xidmət” Mərkəzi ötən müddətdə 100 min vətəndaşın müraciətini qəbul edib

 

Azərbaycanın dilbər guşələrindən biri olan Balakən rayonundayıq. Əsrarəngiz təbiəti, flora və faunası - xurması, alması, armudu, qoz-fındığı ilə məşhur olan, zəhmətsevər insanların əməyi ilə gündən-günə yüksələn, şöhrətlənən, füsunkar gözəlliyi ilə gələnləri valeh edən Balakən bu gün özünün bəxtəvər günlərini yaşayır. Səfərimizin məqsədi isə bir ildir ki, burada balakənlilərlə yanaşı, Zaqatala və Qax rayonlarının da əhalisinə operativ xidmət göstərən “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanşlıqdır.

 

Ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir

 

Balakən regional “ASAN xidmət” Mərkəzi ötən il iyulun 29-da Prezident İlham Əliyevin iştirakı ilə açılıb. Mərkəzin tikintisinə 2018-ci ilin noyabrında başlanılıb. Tikinti işləri 2020-ci ilin iyulunda başa çatıb. Bir hektara yaxın ərazidə inşa olunan dördmərtəbəli mərkəzin tikinti sahəsi 4153 kvadratmetrdir.

17 avqust 2020-ci il tarixdən fəaliyyətə başlayan mərkəzdə Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşla yanaşı, ölkə üzrə ərazi məhdudiyyəti olmadan bütün vətəndaşlara xidmət göstərilir.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyir ki, mərkəzdə dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir. Fəaliyyət göstərdiyi bir il müddətində Balakən regional “ASAN xidmət” Mərkəzində 100 minə yaxın müraciət qeydə alınıb.

Onu da qeyd edək ki, şimal-qərb zonasında bir neçə “ASAN xidmət” mərkəzi fəaliyyət göstərdiyi üçün Balakəndə bu xidmətin açılışı nəzərdə tutulmurdu. Ancaq Prezident İlham Əliyevin göstərişi ilə bu rayonda da yeni mərkəz açıldı. Bu, sayca ölkəmizdə 20-ci mərkəz oldu.

Bunu dövlət başçısı açılış mərasimində “ASAN könüllüləri” ilə keçirdiyi görüşdə də söyləmişdi: “Əvvəlki mərhələdə burada “ASAN xidmət” mərkəzinin tikintisi nəzərdə tutulmurdu. Çünki şimal-qərb zonasında artıq bir neçə mərkəz var. Adətən, birinci mərhələdə hər bir mərkəz dörd, beş, altı rayonun əhalisini əhatə edir. Bu mərkəzdə isə cəmi üç rayon əhatə olunur - Balakən, Zaqatala və Qax. Bir daha demək istəyirəm ki, bu mərkəz mənim xüsusi tapşırığım əsasında inşa edilib. Artıq balakənlilərin sərəncamına gözəl bir mərkəz verilibdir”.

 

Operativlik, şəffaflıq prinsipləri hər zaman prioritetdir

 

Mərkəzin inzibati binası fərqli xarici üslubu ilə yanaşı, daxili interyeri, genişliyi, son dərəcə təmizliyi ilə də ilk andan insanda xoş ovqat yaradır. Mərkəzə daxil olarkən diqqəti çəkən ilk məqam dezinfeksiya qaydalarına ciddi əməl edilməsi olur. Xüsusi aparatla hərarət yoxlanılır, əllər spirtlənir. Məlumat mərkəzində xidmət göstərən əməkdaşlar tibbi maskadan istifadə etməklə bir-birindən aralı dayanırlar.

Elə ilk addımından şəffaf və operativ xidmət məkanına düşdüyünü başa düşən vətəndaşı girişdə gülərüz və mehriban personal qarşılayaraq ilk lazım olan informasiyanı verir. Vətəndaşların sənədlərini yoxladıqdan sonra onlara hansı xidmət üçün müraciət etməli olduqlarını aydınlaşdırırlar. Beləcə, hər kəs asanlıqla istənilən xidmətdən yararlana bilir. Və təbii ki, vətəndaşın mərkəzin inzibati binasına daxil olmasından başlayan bütün proseslər koronavirus təhlükəsi səbəbindən sosial məsafənin gözlənilməsinin tələblərinə əməl edilməklə həyata keçirilir.

Vətəndaşların qəbulu işi sektorunun baş mütəxəssisi Şəhriyar Əliyev deyir ki, fəaliyyət göstərdikləri bir il müddətində vətəndaş məmnunluğunun təmin olunması, hər kəsə operativ xidmət göstərilməsi prinsiplərinə sadiq qalıblar: “Əlimizdən gələni edirik ki, vətəndaşlar xidmətimizdən məmnun qalsınlar. Əməkdaşlar yorulmadan, təmkinlə hər bir vətəndaşı dinləyir, onlara istiqamət verirlər. Operativlik, şəffaflıq prinsipləri qorunmaqla bütün proseslər uğurla icra edilir. İşimizi sevirik və “ASAN xidmət” əməkdaşları olmağımızla qürur duyuruq”.

Mərkəzin daxilində vətəndaşların istirahəti üçün nəzərdə tutulmuş “ASAN kafe” fəaliyyət göstərir. Uşaqların əyləncəsi üçün əyləncə guşəsi də mövcuddur.

Ümumiyyətlə, “ASAN xidmət” mərkəzləri vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif sahələri əhatə edir və insanlar tərəfindən çox xoş qarşılanır. Mərkəzə müraciət edən vətrəndaşlarla etdiyimiz söhbətlər zamanı da buna şahidlik edirik.

Rayon sakini Tələt Hüseynov deyir ki, əvvəllər çox çətinliklər çəkiblər, amma son bir ildə işləri çox asanlaşıb: “Rayonumuzda belə xidmət yox idi. Banklarda, poçtlarda növbə gözləyirdik. İndi nə işimiz oldu, bu mərkəzə gəlib tez bir zamanda həll edirik. Bank işim var idi. Cəmi 10 dəqiqə çəkdi. Sağ olsun Prezidentimizi ki, Balakəndə də “ASAN xidmət” Mərkəzi açdı və bizə çox böyük kömək etdi. Çox məmnunuq”.

Ağsaqqal Alı Namazov “Azərişıq” ASC-yə müraciət etmək üçün xidmətə baş vurub. O, mənzilin elektrik enerjisi ilə təminatı məsələsini rahatlıqla həll edib xoş təəssüratlarla buradan ayrılırdı: “Mənzilimizə elektrik xəttinin çəkilməsi, sayğacın quraşdırılması ilə bağlı müraciət etmişdik. Çox rahat şəkildə həll olundu. Dövlət rüsumunu ödədik, sənədlərimizi hazırlayıb verdilər. Əvvəllər bütün günü növbələrdə qalırdıq, hərdən süründürməçilik olurdu. Sağ olsun Prezidentimiz, bizi bu problemlərdən qurtardı. Hər kəs burdan ayrılanda Prezident İlham Əliyevə alqış edir. Çünki xalq rahat yaşayanda hər şey asan, hər iş qaydasında olur”.

Nürəddin Mehdiyev isə ümumvətəndaşlıq pasportunun dəyişdirilməsi üçün xidmətə müraciət edib. Rayon sakini hesab edir ki, ölkəmizdə “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması ilə, həqiqətən, inqilabi yenilik reallaşıb. Hər kəs bu xidmətdən razılıq edir: “Hələ eşitməmişəm ki, bir insan “ASAN xidmət”dən narazılıq etsin. Əvvəllər pasport, şəxsiyyət vəsiqəsi alanda günlərlə gözləyirdik. Bəzən sənədləri vaxtında vermirdilər. Vaxt itkisi olurdu. Amma indi hər iş çox asanlaşıb. İçəri daxil olanda səni gülərüzlə qarşılayırlar, istiqamət verirlər, rahat şəkildə sənədləri təqdim edib istənilən xidmətdən yararlana bilirsən. Vallah, bundan yaxşı xidmət olmaz. Adam “ASAN xidmət” mərkəzinə gələndə sanki istirahət edir”.

 

“ASAN könüllüləri” - Azərbaycan gəncliyinin siması

 

Burada işçilərin hamısı, demək olar ki, gəncdir. Bu da, həqiqətən, Azərbaycan gəncliyinin simasıdır. Son illərdə minlərlə gənc “ASAN xidmət”də çalışıb, təcrübə qazanıb. Könüllülər hərəkatı da məhz “ASAN xidmət” mərkəzlərində başlayıb.

Fəalliyət dövründə Balakən “ASAN xidmət” Mərkəzində 151 könüllü çalışıb. Bunlardan 128-i məzun, 23-ü cari könüllüdür. Bundan başqa, məzun könüllülərdən 1 nəfər “ASAN könüllü” təşkilatının nümayəndəsi kimi, 2 nəfər “Yaşıl ASAN”ın nümayəndəsi kimi, 5 könüllü isə “Master-2” pilləsində fəaliyyətlərini davam etdirir.

Gənclərdən Aytac Balagözova artıq bir ildir ki, bu mərkəzdə fəaliyyət göstərir. Baş mütəxəssis deyir ki, bu mərkəzdə çalışmaq ilk növbədə onun həyatında dönüş yaradıb. Həmçinin bir il ərzində vətəndaşlarla xoş ünsiyyətdə olmaq, həm də könüllü kimi xidmət göstərmək onlara həyat təcrübəsi qazandırıb: “Əvvəllər Balakəndə belə mərkəzin açılmasına çox ehtiyac var idi. Çünki rayon sakinləri digər ərazilərdəki xidmətlərə müraciət etmək məcburiyyətində qalırdılar. Bu da həm vaxt itkisi, həm də əlavə xərclərin yaranmasına səbəb olurdu. İndi vətəndaşlar bir mərkəz daxilində problemlərini asanlıqla həll edir və xidmətdən məmnun qalırlar. Bu xidmətin bir parçası olmaq bizim üçün qürurvericidir ki, vətəndaşlara yardım edirik, onlara operativ xidmət göstəririk”.

Aytac Balagözova xidmətin açılışı zamanı Prezident İlham Əliyevin gənclərlə keçirdiyi görüşdə də çıxış edib. Deyir ki, indi də həmin görüşü xatırlayanda sevincindən gözləri yaşarır: “Bu elə bir hissdir ki, sözlə ifadə edə bilmirəm. Dövlət başçısını yaxından görmək, ünsiyyətdə olmaq çox qürurvericidir. O gün mənim həyatımın ən yaddaqalan günüdür. Hər xatırlayanda gözlərim dolur. Çünki belə bir görüş hər adama nəsib olmur. Cənab Prezident çıxış etdi, Azərbaycan gəncliyinin bugünkü fəaliyyətini çox yüksək qiymətləndirdi. Bu da bizi, həqiqətən, çox fərəhləndirdi və daha da məsuliyyətli, operativ işləməyimizə stimul verdi. “ASAN könüllü”sü, həm də “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi Prezident qarşısında söz verdim ki, dövlətimizin inkişafı naminə qazandığımız təcrübədən yararlanaraq əlimizdən gələni etməyə çalışacaq və vətəndaşlarımıza layiqincə xidmət göstərəcəyik. Bu gün xoşməramlı missiyamızı uğurla davam etdiririk və işimizlə qürur duyuruq”.

Nurlan Telliyev isə yeni könüllüdür. Bir aydır ki, könüllü kimi fəaliyyət göstərən Nurlanın sözlərinə görə, bu qısa müddətdə kifayət qədər təcrübə toplaya bilib. Deyir ki, könüllü kimi vətəndaşlara kömək göstərmək, onların sənədlərinin qaydaya salınması işində yardımçı olmaq və buna görə xoş sözlər eşitmək ona əlavə impuls verir: “İnsanlar üçün ərizələr yazırıq, digər sənədlərinin hazırlanmasına yardım göstəririk, ünsiyyət qururuq. Bunların hamısı gələcək karyeram üçün çox önəmli proseslərdir. Çox sevincliyəm ki, 18 yaşımda mən də “ASAN könüllü”süyəm”.

Gülçin İbrahimova da könüllüdür. Öz işindən çox razıdır və burada könüllü kimi çalışmaqdan çox məmnundur: “Çünki insanlara kömək etmək böyük savabdır. Bizlər də gənc yaşımızda belə xoş işlərlə məşğul olduğumuz üçün sevinirik, həm də təcrübə toplayırıq. Bacardığımız bütün işlərlə vətəndaşlara yardım edirik, onların işlərinin asanlaşması prosesində kömək göstəririk. İndi bizim həm insanlarla ünsiyyət qurmaq bacarığımız, həm də dostlarımızın sayı artıb”.

Göründüyü kimi, gənclər böyük həvəslə, qürurla vətəndaşların xidmətindədirlər. Bu günün “ASAN könüllü”sü sabahın baş mütəxəssisi, peşəkar kadr potensialı hesab olunur. Belə gənclərimizin sayı getdikcə çoxalmaqdadır.

Bir ildir fəaliyyət göstərən Balakən “ASAN xidmət” Mərkəzi gülərüz kollektivi və könüllüləri ilə vətəndaşların xidmətindədir. Bu mənzərəyə şahidlik etmək bizdə də xoş təəssüratlar yaratdı və bir yaşı tamam olan mərkəzin kollektivinə uğurlar arzulayaraq kompleksdən ayrıldıq.

 

İctimai xidmətlər sahəsində inqilabi dəyişiklik edən Azərbaycan brendi

 

Ümumiyyətlə, sirr deyil ki, Prezident İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik sayılır. Eyni zamanda bu, yeni davranış qaydalarının tətbiq edilməsi deməkdir.

Əvvəllər xidmət sektoru problemli sahə idi. Həm pozuntular olurdu, həm diqqətsizlik, həm də vətəndaşlara bir çox hallarda hörmətsizlik edilir, laqeyd münasibət göstərilirdi. Vətəndaşlar onlara çatacaq sənədləri, arayışları günlərlə, həftələrlə ala bilmirdilər, yaxud da ki, onlardan nə isə qanunsuz tələblər olurdu. Ona görə də Prezidentin söylədiyi kimi, ictimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi sahəyə çevirdi, eyni zamanda, cəmiyyətdəki münasibətlərə müsbət təsir göstərdi.

İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan və 2013-cü ildə 5 mərkəz, 2 səyyar avtobusla xidmətə başlayan “ASAN xidmət” 2021-ci ildə 20 xidmət mərkəzi, 1 qatar və 10 səyyar avtobusla fəaliyyətini davam etdirir.

Hazırda ölkəmizdə 20 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Prezidentin də söylədyi kimi, Azəbaycanın intellektual məhsulu olan bu mərkəzlər vətəndaş məmnunluğuna xidmət edir. Artıq Azərbaycan həm də intellektual məhsulunu ixrac etməkdədir.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM