10 Aprel 2021 00:40
1204
SİYASƏT
A- A+

İslam dünyası İlham Əliyevin Qələbəsini təqdir edir

 

Azərbaycan Ermənistanın işğal siyasətinə son qoymaqla həm də müsəlman aləminin mədəni-dini irsini xilas etdi

 

Dünyada geniş əks-səda doğuran İkinci Qarabağ müharibəsi Azərbaycanın torpaqlarını azad etməsi, Ermənistanın işğal siyasətinə son qoyulması ilə nəticələndi.  Bu savaş İlham Əliyevin siyasətçi kimi müdrikliyini, Ali Baş Komandan kimi qətiyyətini nümayiş etdirdi. Bu Zəfər xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin təcəssümü oldu.

 

Siyasi-diplomatik uğurun təntənəsi

 

44 günlük savaş həm  də Azərbaycanın siyasi-diplomatik uğurunun təntənəsi kimi tarixə düşdü.  Müharibə günlərində Azərbaycanı öz yolundan döndərmək üçün xarici təzyiqlərə cəhd göstərildi. Lakin İlham Əliyev siyasi uzaqgörənliklə, diplomatik peşəkarlıqla həmin cəhdlərin qarşısını aldı. Prezident Ermənistanın işğal siyasətinin dəstəklənməsinə yönəlmiş bütün beynəlxalq təşəbbüslərə qətiyyətlə sinə gərdi, onların reallaşmasına imkan vermədi.

Müharibənin əvvəllindən Fransa prezidenti açıq şəkildə Ermənistanın müdafiəsinə qalxdı, amma tezliklə gördü ki, İlham Əliyevə təzyiq etmək, Azərbaycanı öz yolundan çəkindirmək mümkün deyil. Bu gün artıq Fransanın bütün siyasi dairələri Azərbaycanın qalib olduğu müharibənin nəticələri ilə razılaşmağa məcburdurlar, çünki başqa yolları yoxdur.

Onu da xatırladaq ki, ötən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasından sonra Fransanın təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun həmsədr ölkələri tərəfindən TŞ Prezidentinin bəyanatının layihəsi hazırlanmış və razılaşdırılması üçün üzv ölkələr arasında yayılmışdı. Lakin bəyanatın layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən  822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almadığı üçün TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına üzv ölkələr tərəfindən rədd edilmişdi. O zaman bu bir daha sübut etmişdi ki, Prezident İlham Əliyevin xarici siyasət xətti zərgər dəqiqliyi ilə ölçülüb-biçilib və uzunmüddətli hədəflərə hesablanıb. 

 

Mütərəqqi xarici siyasətin təcəssümü

 

İkinci Qarabağ müharibəsində ayrı-ayrı dövlətlər də Azərbaycanın haqq səsini birmənalı şəkildə müdafiə etdi. Qardaş Türkiyə hələ əvvəldən bəyan etdiyi kimi, bu müharibədə Azərbaycana birmənalı dəstək verdi. Həmin dövrdə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Milli Müdafiə naziri Hulusi Akar dəfələrlə Azərbaycanda səfərdə oldular. Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç və Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım, Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidan da Azərbaycana səfər etdilər. Zəfər paradında isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi.

Türkiyə ilə yanaşı, Pakistan dövləti də Azərbaycana birmənalı dəstəyini ifadə etdi. Məlum olduğu kimi, Pakistan Ermənistanla işğalçılıq siyasətinə görə diplomatik münasibət yaratmayıb. Bunlardan başqa, Əfqanıstan, Ukrayna, İsrail də Azərbaycana dəstək ifadə etdilər.

Bu müharibədə Azərbaycanın haqq işini dəstəkləyən dövlətlərdən biri də İtaliya oldu. Vətən müharibəsi dövründə İtaliya Azərbaycanla həmrəy olduğunu göstərdi, bu ölkənin mediası əsl həqiqətləri obyektiv işıqlandırdı. İtaliyanın bir çox bələdiyyələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlığının daha da gücləndirilməsinə çağırış edən sənədlər qəbul etdilər. Bütün bunlar İlham Əliyevin mütərəqqi xarici siyasətinin göstəriciləridir.

 

İƏT Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədi

 

Uğurlu siyasi-diplomatik fəaliyyətin nəticəsidir ki, Azərbaycanın fəal iştirak etdiyi beynəlxalq təşkilatlar da ölkəmizin haqq işini qətiyyətlə müdafiə edirlər. Əvvəldə qeyd edildiyi kimi hələ oktyabr ayında Qoşulmama Hərəkatına üzv olan dövlətlər BMT TŞ-də Azərbaycanın maraqlarına cavab verməyən qətnamənin qəbulunun qarşısını almışdılar.

İslam Əməkdaşlıq Təşkilatı Dağlıq Qarabağ münaqişəsi zamanı ölkəmizin haqlı mövqeyini daim dəstəklədi. Təşkilatın bu məsələ ilə bağlı mövqeyi bütün platformalarda səsləndirildi. Bu mövqe 44 günlük Vətən müharibəsi dövründə də dəyişmədi. Bu, təkcə din birliyi ilə bağlı deyil, eyni zamanda Azərbaycanın haqlı mövqeyindən irəli gəlir. Bir neçə gün əvvəl İƏT-in Təmas Qrupunun üzvlərinin Gəncəyə və işğaldan azad olunmuş ərazilərə səfəri də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüratlardan bir daha aydın oldu ki, İslam Əməkdaşlıq Təşkilatı 30 ilə yaxın müddətdə Azərbaycana məxsus ərazilərin işğal altında qalmasını pisləyir.

Bu günlərdə Azərbaycana səfər edən İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin Prezident İlham Əliyevlə görüşdə qurumun bu mövqeyini bir daha ifadə etdi: “Cənab Prezident, bu böyük Qələbə münasibətilə Sizi təbrik edirəm. Bu, yalnız Sizin deyil, bizim də qələbəmizdir və biz çox xoşbəxtik. Mən Sizin liderliyinizi və səbir nümayiş etdirməyinizi təqdir edirəm. Siz 30 il ərzində torpaqların işğalı məsələsində təmkinlə davrandınız, bunun başqa bir ölkədə ola biləcəyinə inanmıram. Sizin məsələniz haqq işi idi - torpaqlar sizin idi, beynəlxalq hüquq tərəfinizdə idi, İslam Əməkdaşlıq Təşkilatı yanınızda idi və onun qətnamələri sizi dəstəkləyirdi”.

Ermənistanın işğalçılıq siyasəti yalnız Azərbaycana deyil, bütün müsəlman dünyasına qarşı yönəlmişdi. Çünki 30 ilə yaxın işğal dövründə Ermənistanın dağıtdığı və erməniləşdirilməsinə cəhd etdiyi bütün tarixi və dini abidələr həm də İslam irsinin tərkib hissəsidir. Bu baxımdan Azərbaycan erməni faşizminin qarşısını almaqla müsəlman dünyası qarşısında tarixi xidmət göstərdi. Təkcə özünün deyil, bütün İslam dünyasının dəyəri olan mədəni və dini irsi müdafiə etdi.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video