24 Oktyabr 2021 00:52
2059
SİYASƏT
A- A+

İşıqlı gələcəyə yol açan Qələbə


Qafqaz tarixən igid, mərd insanların məskəni olub. Bu torpaqlarda hətta yeri gələndə düşmənə də alicənab münasibət göstərilib. Onun ləyaqəti alçaldılmayıb. Savaşı, adətən, döyüş meydanında aparmağa üstünlük verilib. Düşmənin tökdüyü nahaq qanın qisası meydanda alınıb. Mərd sərkərdələr həmişə çalışıblar ki, orduların üz-üzə gəlməsindən günahsız insanlara, qadınlara, uşaqlara, yaşlılara xətər dəyməsin. Silahını atıb aman istəyən düşmən əsgərinin belə həyatı bağışlansın. 

Müharibənin aparılması qaydaları ilə bağlı indi beynəlxalq konvensiyalarda müvafiq müddəalar təsbit olunub. Dövlətlər, ordular qarşısında müəyyən şərtlər müəyyənləşdirilib. Bütün bunların çoxu iki dünya müharibəsinin baş verdiyi ötən əsrdə bəşəriyyətin ümumi narahatlığı kimi formalaşıb. Amma bu müddəaların formalaşmasından yüz illər əvvəl də Azərbaycan sərkərdələri, Qafqazda hökmranlıq edən əcdadlarımız hərbi bu qaydalarla, əxlaq çərçivəsində aparardılar. Ən kəskin döyüşlərdə belə şərəf və ləyaqəti, comərdlik prinsipini öndə tutardılar. 
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində də Azərbaycan ulularımızın bu mənəvi mirasına sadiqlik göstərdi. Azərbaycan Ordusunun Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Ölkəmiz tətbiq etdiyi innovativ silahlarla XXI əsrin müharibəsini apardı və hərbi əməliyyatları dinc əhaliyə, mülki insanlara ziyan vurmadan necə həyata keçirməyin mümkünlüyünü bütün dünyaya göstərdi. Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri, Naftalanı və cəbhə xəttindən xeyli uzaq digər yaşayış məntəqələrimizi ağır artilleriya atəşinə tutan düşməndən fərqli olaraq eyni cür davranmadı. Halbuki ordumuzdakı müasir silahlarla bundan qat-qat artığını edə bilərdik. Bununla belə, Azərbaycan bu cür namərd davranışı özünə əsla rəva görmədi. İtkilərimizin qisası savaş meydanında alındı. Ordumuzun gücü qarşısında qaçıb canını qurtarmağa çalışan, silahını atıb təslim olan, əsir götürülən erməni hərbçilərinə də yaşamaq, öz yanlışlarını anlamaq şansı verildi. 44 günlük müharibə gedişində Ermənistan ordusunda on mindən çox fərarinin olması erməni cəmiyyətindəki, düşmən ölkənin ordusundakı dərin mənəvi-psixoloji sarsıntını göstərirdi. “Onlar görürdülər ki, bizim qabağımızda dura bilmirlər. Görürdülər ki, onların hakimiyyəti onlara yalan danışır, onları ölümə göndərir. 

Mənasız əməliyyatlar həyata keçirir ki, bu əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti faktiki olaraq qurban kimi verilir. On min fərarisi olan ordu, əlbəttə ki, müqavimət göstərə bilməzdi” - Azərbaycan Prezidenti İlham Əliyev müzəffər ordumuzun Vətən müharibəsinin ilk günlərində azad etdiyi Suqovuşandakı çıxışı zamanı belə dedi və Ermənistanın müharibə canilərini sərt şəkildə ifşa etdi. Vurğuladı ki, şanlı Azərbaycan Ordusu hərbi cinayətkarların qurduğu ordunu diz çökdürdü. Xaraktercə də, həyata keçirdiyi siyasətin dürüstlüyü, prinsiplərinə sadiqliyi etibarilə də əsl Qafqaz sərkərdəsinin ən gözəl xüsusiyyətlərini şəxsiyyətində bir araya gətirən Prezident İlham Əliyev Ermənistandakı bütün ünsürlərə üz tutaraq onları ağıllarını başlarına yığmağa, revanşist düşüncələrdən əl çəkməyə, özlərini yaxşı aparmağa çağırdı. Bununla da Ermənistanın keçmiş prezidenti Sarkisyan kimilərə ərənlik dərsi keçdi, uzun illər ərzində öz siyasi ambisiyaları üzündən milyonlarla insana olmazın iztirablar yaşatmış erməni cəlladlarının mənfur xislətini bir daha ortaya qoydu. 

 

Yalnız irəli

Sentyarın 27-də Ali Baş Komandanın Ordumuza hücum əmri bütün dünya azərbaycanlılarının illərdən bəri ürəklərində yaşatdıqları arzuya doğru başlanğıc oldu. Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi zamanı hərbi əməliyyatların elə ilk günündə əldə edilmiş nəticələr barədə bəzi təfərrüatları bölüşmüşdü: “Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi - Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik”.
Prezident İlham Əliyevin həmin müsahibəsində toxunduğu bəzi məqamlar Azərbaycan Ordusunun müharibənin başlanması gününə nə qədər yüksək peşəkarlıqla hazırlaşdığını, əməliyyat planının zərgər dəqiqliyi ilə idarə olunduğunu göstərir. Bu dövrdə döyüş əməliyyatları zonası yetərincə məhdud olduğundan hərbi əməliyyatların ümumən harada keçiriləcəyinin mütəxəssislər tərəfindən asanlıqla müəyyən edilməsi ehtimalı nəzərə alınıb və aparılan əməliyyatlar planına demək olar ki, hər gün düzəlişlər edilib. “... Çox fəal gündəlik iş gedirdi və bir sıra hallarda, - hərbi əməliyyatların gedişi indi artıq məlumdur, - bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün çox gözlənilməz olurdu”, - deyə dövlət başçısı müsahibəsində bildirirdi.
44 günlük Vətən müharibəsi gedişində Azərbaycan daha bir ordu korpusu formalaşdırmağa müvəffəq olub. Cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edilib, bütün zəruri silahlar və texniki vasitələrlə yüksək səviyyədə təminat aparılıb. Səfərbər edilmiş texniki imkanlar əks-hücum fəaliyyətinin daha səmərəli şəkildə həyata keçirilməsinə böyük kömək göstərib. Müharibənin ilk günlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumları qarşısında yaşanan qələbəliklər hamımızın yaxşı yadındadır. Bu, bir qürur mənzərəsi idi. Bütün Azərbaycan Vətən müharibəsi ovqatında idi. Zəfər ümidi, 30 illik münaqişənin donunun açılması, nisgilli yurdlarımızın azadlığına yolun görünməsi itkilərin ağrılarını ovundururdu. Azərbaycan insanı döyüş meydanında canını qurban vermiş hər şəhidimizin itkisinin bağrımızda açdığı yaralara daş basıb Qələbəyə doğru irəliləyirdi. Şəhidlərimizin qisasını döyüş meydanında almağa can atırdı. 

 

“Dəmir yumruq” yerindədir

Həmin günlərdə amansız düşmən bir vaxtlar Xocalıda mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri yenə davam etdirməkdə idi. 44 gün ərzində Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayon və şəhərlərimizi - Ağdamı, Ağcabədini, Beyləqanı, Daşkəsəni, Füzulini, Goranboyu, Tərtəri ağır silahlardan intensiv atəşə tuturdu. Cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər rayonlarımız, şəhərlərimiz atilleriya atəşinə məruz qalmışdı. Raketlərdən birinin Bakının yaxınlığında yerləşən Xızı rayonu üzərində zərərsizləşdirilməsi o demək idi ki, Ermənistan paytaxtımızı da raket hücumlarının hədəfi kimi götürübmüş. 
Amma bütün bunlara baxmayaraq, vətəndaşlarımız Ali Baş Komandanı, Ordumuzu bir an da olsun dayanmamağa, düşməni torpaqlarımızdan çıxarmağa, şəhidlərimizin qanını döyüş meydanlarında almağa çağırırdılar. Ermənistanın heç bir beynəlxalq norma tanımayan azğınlığına, mülki əhaliyə qarşı törətdiyi ağır hərbi cinayətlərə rəğmən Azərbaycan Vətən Müharibəsi döyüşlərində heç zaman mülki əhalini, onların yaşadığı obyektləri hədəfə almadı, beynəlxalq humanitar hüququn fundamental prinsiplərini ciddi şəkildə qorudu. 
Azərbaycan Vətən müharibəsində tətbiq etdiyi innovativ silahlarla dünyanın hərb tarixində də yeni bir səhifə açdı. Düşmənin yalnız hərbi hədəflərini məhv etməklə müharibəyə də humanizm gətirdi. Müasir silahların verdiyi imkanlarla cəmi bir neçə günün içində müharibənin taleyini həll etdi. “Dəmir yumruğ”un sərrast zərbələri ilə düşmənin zəhərli başını əzdi. Erməni qəsbkarlarının torpaqlarımızdan qaçıb getməkdən başqa əlacı qalmadı. Ermənistanın illərlə qurduğu istehkamlar, xaricdən cəlb etdiyi muzdlu əcnəbi döyüşçülər bir kara gəlmədi. Azərbaycan Ordusunun gücü qarşısında düşmən darmadağın oldu. Onun döyüş meydanına göndərdiyi hərbi texnikanın son dayanacaq yeri Bakıda yaradılmış Hərbi Qənimətlər Parkı oldu.
Ermənistan 44 günlük Vətən müharibəsi nəticəsində, demək olar ki, ordusuz qaldı. Ən əsası illərlə Ermənistan cəmiyyətində sabun köpüyü kimi şişirdilmiş saxta miflər havaya uçdu. Müharibə zamanı Ermənistan ordusunda on mindən çox əsgər fərarilik etdi. Əslində, onlar ən düzgün addımı atdılar. Öz siyasi ambisiyalarını təmin etməkdən ötrü hərbçiləri labüd ölümə göndərənlərin iradəsinə tabe olmaq istəmədilər. Azərbaycan Ordusunda isə 44 günlük Vətən müharibəsi gedişində bir nəfər də olsun fərarilik etmədi. Azərbaycanın hər bir əsgər və zabiti sona qədər şərəflə vuruşaraq tarixi qələbəyə canı-qanı ilə töhfələrini verdi. Bu da Azərbaycanda nə qədər yüksək vətənpərvərlik ruhuna malik nəslin yetişdiyini göstərir. 

 

Tarixi haqlarımıza nail olmuşuq

Dünyanın müxtəlif ölkələrində xeyli sayda münaqişə ocaqları var. Bu ocaqların olması kimlərəsə sərf edir. Hansısa xarici qüvvələr müəyyən maraqlarını təmin etməkdən ötrü bu münaqişə ocaqlarını yaradır və idarə edirlər. Bütün bunlar bəşəriyyətin əsrlərcə görə-görə gəldiyi acı reallıqdır. Dünyanın böyük güc mərkəzləri üçün kifayət qədər əhəmiyyətli bölgə olan Cənubi Qafqaz da bu bəladan xali deyil. İmperiyalar dağılanda, əfsus ki, onların ağır miraslarından biri məhz bu cür münaqişə ocaqları olur. Keçmiş SSRİ imperiyasının belə “qalıqları” ilə Azərbaycan da üzləşmişdi. On illər boyu danışıqlar aparılır, guya həll yolları axtarılırdı. Amma bütün bunların sadəcə baş qatmaqdan başqa bir şey olmadığını zaman sübuta yetirdi. İtirilən illərin əziyyətini sadə insanlar çəkdi. Təxminən 30 il sürən, sülh danışıqları ilə bu qədər müddətdə həll olunmayan münaqişəyə 44 günlük Vətən müharibəsi ilə yekun vuruldu. Bütün dünya gördü ki, qələbə arzusuna çatmaq üçün həm də güclü, qüdrətli olmalısan. Yeri gələndə, vuran əlinin zorunu da göstərməlisən. Düşmən “dəmir yumruğ”un gücünü duymalıdır. Anlamalıdır ki, rəqibi ondan daha güclüdür. Havadarlarının köməyi, güvəndiyi lobbi alverçilərinin dəstəyi onu bu zərbədən xilas etməyəcək. 
 Bu günlərdə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində Prezident İlham Əliyev Azərbaycanla barışıq, bütün qonşularla xoş münasibət tərəfdarı olanlara, Cənubi Qafqazda sülh, davamlı inkişaf, qarşılıqlı əməkdaşıq arzulayanlara ölkəmizin mövqeyini bir daha çatdırdı. Dövlət rəhbərimiz qeyd etdi ki, biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq: “Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik”.

 

Status yoxdur və hər kəs bu məsələni unutmalıdır

Prezident İlham Əliyev müsahibəsində Ermənistan rəhbərləri ilə danışıqlara, müzakirələrə açıq olduğunu vurğulayaraq bunun, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola biləcəyini qeyd etdi: “Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək”.
Azərbaycan Prezidenti ara-sıra müəyyən dairələr tərəfindən gündəmə gətirilən status məsələsi barədə də bir daha öz qəti möveyini bildirdi. Artıq Dağlıq Qarabağ adlı inzibati vahidin mövcud olmadığını, bu il iyulun 7-də Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı fərman imzaladığını və burada iki iqtisadi zonanın - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarının yaradıldığını, onların bütün bu ərazini əhatə etdiyini xatırlatdı. Vurğuladı ki, bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni Azərbaycan vətəndaşlardır: “Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.
Əgər Ermənistan tarixi səhvlərindən nəticə çıxarıb heç olmasa bundan sonra konstruktiv mövqe tutarsa, regionun təhlükəsizliyinə əsas təhdid mənbələrindən biri olaraq qalmazsa, Cənubi Qafqazı gözəl bir gələcək gözləyir.
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü və Azərbaycanın da fəal şəkildə dəstəkləyərək reallaşmasına çalışdığı regional əməkdaşlıq platforması bunun təminatçısıdır. Dövlətimizin rəhbəri İlham Əliyev hesab edir ki, belə bir platforma nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumilikdə bölgədə regional inkişafa xidmət edəcək: “Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.
Beləliklə, Azərbaycan Vətən müharibəsindəki parlaq qələbəsi ilə yaratdığı reallıqları daha da möhkəmləndirir. Bu reallığı düzgün qiymətləndirənlər ondan böyük faydalar qazanacaqlar. Müxtəlif pozucu əməllərlə regionun inkişafına mane olmaq istəyən bədxahlar isə, tarixi fürsətləri itirməklə ən böyük ziyanı özlərinə vurmuş olacaqlar. 

 

İradə ƏLİYEVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video