30 Dekabr 2020 12:53
941
Mədəniyyət
A- A+

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlər müzakirə olunub  

İşğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı məsələlərin müzakirəsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yanında yaradılan İctimai Şuranın videokonfrans formatında görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərlinin sədrliyi ilə işğaldan azad edilmiş ərazilərdə yerləşən abidələrin qorunması və bərpası ilə bağlı yaradılan İctimai Şuranın üzvləri ilə videokonfrans formatında təsis görüşü təşkil edilib. Görüşdə işğaldan azad edilmiş ərazilərdə yerləşən mədəni irs nümunələrinin Ermənistan Respublikası tərəfindən dağıdılması, mənimsənilməsi və vandalizmə məruz qalması, dağıdılmış daşınmaz tarix və mədəniyyət abidələrinin vəziyyətinin qiymətləndirilməsi və bərpası ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

Videokonfrans iştirakçılarını salamlayan Azad Cəfərli işğaldan azad edilmiş ərazilərimizdə yerləşən daşınmaz tarix və mədəniyyət abidələri, onların əhəmiyyəti və Ermənistan Respublikasının dağıdıcı və vandalizm aktları nəticəsində məhv edilmiş və mənimsənilmiş abidələrimizin hazırkı vəziyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyini təmsil edən nümayəndələr abidələrin və mədəniyyət müəssisələrinin ilkin inventarlaşdırılması məqsədilə monitorinqlərə başlayıb. Aparılan ilkin monitorinqlər zamanı 177 tarix-mədəniyyət abidəsinə, tarixi, memarlıq və arxeoloji əlamət daşıyan obyektə, habelə 368 mədəniyyət müəssisəsinə baxış keçirilib. Monitorinqlər zamanı mədəniyyət müəssislərinin və abidələrin əksəriyyətinin dağıdıldığı, mənimsənildiyi və vandalizm aktlarına məruz qaldığı aşkar edilib. Hazırda monitorinq davam edir.

Azad Cəfərli Şuşa şəhərində də ölkə başçısının müvafiq tapşırığına əsasən inventarlaşdırma işləri aparıldığını diqqətə çatdırıb və daha sonra bu məqsədlə Şuşa şəhərinə ezam edilmiş Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru Telman Kərimliyə söz verib.

Telman Kərimli Şuşa şəhərində yerləşən abidələrin ümumi vəziyyəti barədə məlumat verərək qeyd etdi ki, şəhər ərazisində yerləşən bir çox abidə tamamilə məhv edilmiş, mənimsənilmiş, bəzi abidələr isə memarlıq quruluşu, bədii estetik görkəmi dəyişdirilərək yararsız hala salınmışdır. Azərbərpa Elmi-Tədqiqat Layihə İnstitutu MMC-nin direktoru abidələrə dəyən zərərin qiymətləndirilməsi, həmçinin onların gələcək bərpası üçün hazırda aparılan işlərin əhəmiyyətindən danışıb.

Daha sonra söz “Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri, Şuşa şəhərinə ezam olunmuş nümayəndə heyətinin üzvü Faiq İsmayılova verilib. O, çıxışında işğaldan azad edilmiş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin qorunması, təbliği və bərpası ilə bağlı işlərin həyata keçirilməsində vətəndaş cəmiyyətinin, elm dairələrinin və bu sahənin fəallarının iştirakının əhəmiyyətindən danışıb.

Sonra söz videokonfrans iştirakçılarına verilib. Memarlıq və İncəsənət İnstitutunun dosenti Rahibə Əliyeva, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Şəhla Xəlili, Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, arxeoloq-alim Səfər Aşurov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədli, “İrs” jurnalının baş redaktoru Musa Mərcanlı və digərləri çıxış edərək abidələrin qorunması və bərpası ilə bağlı təkiflərini, ideyalarını diqqətə çatdırıblar.

Çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, Qarabağda tarixi abidələrin bərpasına təcrübəli mütəxəssislərin cəlb olunması, Şuşanın unikal tarixi-mədəni simasının qorunması istiqamətində fəaliyyətə hər kəs töhfə verməyə hazırdır. Bu cür görüşlərin təşkilini yüksək qiymətləndirdiklərini qeyd edən İctimai Şura üzvləri buna görə təşəkkür ediblər. Üzvlər tərəfindən təqdim olunacaq məlumatların vahid bir elektron mühitdə cəmlənməsi təklifi irəli sürülüb. Dövlət Xidmətinin rəis müavini, rəis vəzifəsi səlahiyyətlərini icra edən Azad Cəfərli həmin elektron mərkəzin yaradılmasını vacib hesab etdiyini bildirib. Bununla əlaqədar saytın yaradılması ilə bağlı işlərin icrasının Dövlət Xidməti tərəfindən həyata keçiriləcəyi qeyd olunub.

Videokonfransa yekun vuran Azad Cəfərli iştirakçılara fəallığa görə təşəkkürünü bildirib. O, İctimai Şura üzvləri ilə görüşlərin davamlı bir platforma ehtiva etdiyini diqqətə çatdırıb və bununla əlaqədar görüşlərin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video