12 Fevral 2013 01:02
433
Təhsil
A- A+

İnnovativ təhsil mühitini ixtisaslı kadr potensialı formalaşdırır

 

Əvvəllər təhsil ocaqlarında fənlərin tədrisi və təlim-tərbiyə işləri əsas istiqamət sayılırdı. Ali məktəbləri pedaqoji ixtisas üzrə bitirənlərin ortabab biliyi və ciddi davranışı ayrılan dərs yükünün öhdəsindən gəlməyə imkan verirdi.

Bu, bir tərəfdən müəllim çatışmazlığı ilə şərtlənirdisə, digər tərəfdən də şagirdlərin xarici mühitlə əlaqələrinin çox aşağı səviyyədə və ya yox dərəcəsində olması ilə bağlı idi. Ortabab bilik sahibi olan müəllim də illər ötdükcə təcrübə yığır, öz fənni üzrə bilik və bacarığını artıra bilirdi. Müəllim, şagird üçün də məqsəd təxminən eyni idi - yaxşı dərs demək və yaxşı oxumaq, əlavə tələb edilən keyfiyyət isə tərbiyəli olmaq sayılırdı.

Ancaq zaman dəyişdikcə tələblər, təhsilə və təlimə münasibət də kökündən dəyişdi. Ötən zamanların prioritet istiqamətləri indiki təhsil dövrü üçün primitiv göründü. İndiki müəllim də, şagird də texnoloji dünyanın pəncərəsindən boylananda heç olmasa içəridəki işığın niyə yanıb-söndüyünün fərqində olmalıdır. Yeni dövr, yeni texnologiya müəllimdən də, şagirddən də elmə və təhsilə yeni yanaşma tərzi tələb edir. Bunun üçün vacib amillərdən biri  innovativ təhsil mühitinin formalaşdırılması, təhsilin maddi-texniki bazasının müasir standartlara uyğun şəkildə yaxşılaşdırılmasıdır.

Bu istiqamətdə həm regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı xətti, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə xeyli iş görülüb. Bu iş təkcə paytaxt təhsilinə qayğı ilə məhdudlaşmır, regionları da əhatə edir.

Kürdəmir rayonunda da təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib. Rayon təhsil şöbəsinin müdiri Tacəddin Novruzovdan aldığımız məlumata görə, son dövrlərdə rayonda müasir standartlara cavab verən 24 yeni məktəb binası tikilib istifadəyə verilib. Bu isə həmin məktəblərdə 7 mindən çox şagirdin bir növbədə təhsil almasına imkan yaradıb.

Hazırda rayonun Sor-sor, Qarasaqqal, Xırdapay, Sığırlı, Z.Əhmədov adına Şilyan kənd tam orta, Qarabucaq kənd ümumi orta məktəbləri üçün yeni binaların tikintisi davam edir. Yeni tədris ilində isə Cəyli, Köhünlü, Qaramahmudlu, Xəlsə kəndlərində yeni məktəb binalarının tikintisi nəzərdə tutulub. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, rayonun Çöl-Qubalı, Axtaçı-Qarabucaq kəndlərində yaşayan məktəb yaşlı uşaqlar hər gün qonşu kəndlərdəki Ərəbqubalı, Axtaçı kənd tam orta məktəblərinə getmək üçün uzaq məsafə qət etməli olurlar. Sığırlı və digər kəndlərdə də belə problem var. Həmin kəndlərdə məktəb tikilsə mövcud çətinliklər aradan qalxardı.

Şübhəsiz ki, yaradılan şərait təhsilin keyfiyyətinə birbaşa təsir edən amildir. Başqa sözlə, göstərilən fəaliyyət qazanılan nəticə ilə şərtlənir. 2012-ci ildə Kürdəmirin ümumtəhsil məktəblərini bitirmiş 1183 məzundan 463 nəfəri

(39%-i) ali məktəblərə qəbul edilmək üçün sənəd vermiş, onlardan 207 nəfəri (və ya sənəd verənlərin 44%-i) ali məktəblərə, 130 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Tələbə adını qazananlardan 13 nəfəri 500, üç nəfəri isə 600 baldan yuxarı nəticə göstərmişdir. Bu baxımdan bir çox məktəblərin (şəhər 1, 2, 3, 5, 6 nömrəli, Atakişili, Köhnəbazar, Yenikənd və digərləri) məzunları yüksək nəticələr qazansalar da, rayonun 15-ə qədər tam orta məktəbindən bir nəfər də olsa ali məktəbə daxil olmayıb. Çox təəssüfedici və düşündürücü haldır. Təhsil şöbəsindən onu da bildirdilər ki, bəzi məktəblərdən ali məktəbə daxil olmaq üçün heç ərizə verən də olmayıb. Yaradılan şəraitin, göstərilən dövlət qayğısının müqabilində çox acınacaqlı faktdır.

Müəyyən çətinliklərə baxmayaraq, nümunəvi şagirdlər də çoxdur. İstər müxtəlif fənlər üzrə olimpiadalarda, müsabiqələrdə, istərsə də hərbi-vətənpərvərlik oyunlarında, idman yarışlarında Kürdəmir məktəbliləri uğurla çıxış edirlər. Şəhər 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Leyla Cəbrayılova ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibəti ilə keçirilmiş  respublika inşa-yazı müsabiqəsində birinci yeri tutaraq, Təhsil Nazirliyinin mükafatına layiq görülmüşdür. Rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri Ramil Heydərov və Elşən Məmmədov iyun ayında yunan-Roma güləşi üzrə Dağıstan Muxtar Respublikasında keçirilmiş beynəlxalq turnirdə müxtəlif çəki dərəcələrində birinci yeri tutaraq xüsusi diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Bəlli həqiqətdir ki, indiki dövrdə kommunikasiya texnologiyalarından istifadə bacarığına yiyələnmədən geniş elmi dünyagörüşünə malik gənclərin yetişdirilməsi mümkün deyil. Bu istiqamətdə Kürdəmir Təhsil Şöbəsində də kompleks tədbirlər hazırlanaraq həyata keçirilir. T.Novruzovun verdiyi məlumata görə, 2009-cu ildən indiyə qədər rayon təhsil işçilərinin 90 faizdən çoxu İKT üzrə treninq kurslarından keçmişdir. Bu gün 502 ədəd kompyuter Kürdəmir məktəblilərinin istifadəsindədir. Əlbəttə, bu, işin bir tərəfidir. Digər məsələ isə ondan ibarətdir ki, şagirdlər kompyuterlərdən səmərəli istifadə qaydalarına əməl etməyi bacarsınlar.

2012-2013-cü dərs ilində rayonda fəaliyyət göstərən 58 ümumtəhsil məktəbində 15057 şagirdin təlim-tərbiyəsi ilə 1550 müəllim məşğul olur. Əlavə olaraq 13 ixtisas üzrə 71 müəllim üçün Təhsil Nazirliyinə sifariş verilməsinə baxmayaraq, indiyə kimi cəmi 44 nəfər ixtisaslı kadr göndərilib. Bu da tələbatdan azdır.

Unudulmamalıdır ki, innovativ təhsil mühitinin formalaşmasında, təhsil uğurlarının qazanılmasında ixtisaslı kadr potensialının əhəmiyyəti böyükdür. 

 

T.MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video