17 Oktyabr 2021 00:28
2767
SİYASƏT
A- A+

İnkişafın Azərbaycan modeli

 

Dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü qeyd edən Azərbaycan Respublikasının iqtisadiyyatın bütün sahələri üzrə kompleks islahatlar həyata keçirərək pandemiya şəraitində müvazinətini qoruyub saxlaması və nəzərəçarpacaq nəticələrə imza atması, ilk növbədə, möhkəm bazisə söykənən inkişaf modeli ilə şərtlənir. Başqa sözlə, respublikamızın müstəqillik illərində nail olduğu inanılmaz iqtisadi nailiyyətlərin milli inkişaf modeli ilə bağlılığı bu gün aksiom kimi qəbul edilir.

 

Uğurlu antiböhran konsepsiyası

 

1993-cü ildə yeni ictimai-iqtisadi formasiyaya keçidin çətinliklərini yaşayan Azərbaycanın hansı iqtisadi modelə üstünlük verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər irəli sürülurdü. Fəqət, xalqımızın Ümummilli Lideri Heydər Əliyev hansısa dövlətin təcrübəsinin olduğu kimi milli iqtisadiyyata köçürülməsini düzgün saymayaraq bu prosesdə milli resurslarla yanaşı, xalqın mentalitetini, tarixi ənənələrini, inkişaf yolunun özəlliklərini də ciddiliklə nəzərə almışdır.

Əminliklə demək olar ki, Azərbaycanın milli iqtisadi inkişaf modeli bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də onun sərbəst inkişaf etmək imkanında respublikamızda daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması ölkə iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Azərbaycanda da təbii sərvətlərin çoxluğu və müxtəlifliyi, respublikanın son dərəcə əlverişli coğrafi mövqeyi, əhalinin yüksək təbii artımı, məşğulluq siyasətinin səmərəli təmin edilməsi milli iqtisadiyyatın hərtərəfli inkişafını zəruri edir. Məsələn, hazırda Azərbaycanda istehsal edilən məhsullar əsasən daxili istehlak tələbini ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına kəskin təsirini minimuma endirir.

Azərbaycanın qlobal böhrandan maksimum az itki ilə çıxan ölkələrdən olması həm də onun müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Respublikamızın maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillər sırasındadır. Azərbaycanın dünya maliyyə institutlarına öz kapitalı, fond aktivləri və qiymətli kağızları ilə fəal inteqrasiya etməməsi də ölkəni qlobal böhrandan hifz edir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın qlobal böhrandan az ziyan çəkməsinin səbəblərinə toxunarkən, haqlı olaraq respublikamızın milli maraqlara əsaslanan iqtisadi siyasət yeritdiyini xüsusi önə çəkmişdir: “Bəzi hallarda Azərbaycanda maliyyə sektorundakı müəyyən konservativ meyillər beynəlxalq maliyyə qurumları tərəfindən tənqid edilirdi. Bəzən bizə tövsiyə olunurdu ki, inteqrasiya meyillərinə daha da sürətlə qoşulaq, beynəlxalq ticarət qurumlarına inteqrasiya edək. Ancaq bizim mövqeyimiz bütün zamanlarda çox ehtiyatlı idi. Çünki Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır. Bəzi başqa ölkələr kimi, biz xarici yardımlardan asılı deyilik. Bizim böyük, zəngin neft-qaz yataqlarımız, əlverişli coğrafi mövqeyimiz var. Artıq çox müasir və möhkəm enerji və nəqliyyat infrastrukturumuz var. Biz neft gəlirlərindən səmərəli istifadə etməklə iqtisadiyyatımızı böyük dərəcədə şaxələndirə bilmişik və Azərbaycanda iqtisadi artım sürəti bunun bariz nümunəsidir. Ona görə biz beynəlxalq iqtisadi əməkdaşlıq məsələlərinə həmişə öz mövqeyimizdən yanaşmışıq”.

 

İnsan amilini önə çəkən sosialyönümlü siyasət

 

Respublikamızın milli iqtisadi inkişaf modelinə xas mühüm cəhət yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Bu siyasət təkcə sosial amillərlə bağlı olmayıb, həm də neft gəlirlərindən məqsədyönlü istifadə strategiyasına əsaslanır. Başqa sözlə, hökumət iqtisadiyyatın birqütblü inkişafına - “Holland sindorumu”na yol verməmək üçün neftdən əldə olunan gəlirləri digər sahələrin inkişafına, ilk növbədə, davamlı inkişafa zəmin yaradan infrastruktur layihələrinin gerçəkləşdirilməsinə yönəldir.

Bazar iqtisadiyyatı yolunu seçmiş istənilən dövlətin müstəqil yaşaması və inkişafı prosesində orta təbəqənin - iqtisadi inkişaf və sabitliyin təminatçısı sayılan sahibkarlar sinfinin müstəsna rolunu nəzərə alan Ümummilli Lider Heydər Əliyev milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun iştirakını vacib saymışdır. 1997-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafı (1997-2000-ci illər) Dövlət Proqramı” əhəmiyyətinə, aktuallığına və miqyasına görə milli sahibkarlığın inkişafında yeni mərhələnin başlanğıcı olmuş, bu sahədə dövlət siyasətinin başlıca prinsiplərini müəyyənləşdirmişdir.

Ümummilli Lider Heydər Əliyevin 10 sentyabr 2002-ci il tarixli “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət qayğısı haqqında” və 28 sentyabr 2002-ci il tarixli “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” fərmanlarında isə dövlət qurumları ilə sahibkarlıq subyektləri arasında dərin kök salmış və həllini gözləyən bir sıra ciddi problemlər tam açıqlığı ilə göstərilmiş, onların qarşısının alınması üçün kompleks islahatlar aparılmışdır. Bütün bu tədbirlərin nəticəsi kimi 1996-2003-cü illərdə Azərbaycanın bütün həyati əhəmiyyətli sahələrində dinamik inkişaf və tərəqqi təmin edilmiş, ümümi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 75 faizə yüksəlmişdir.

Ümummilli Lider Heydər Əliyevin xalqın rəyinə əsaslanmaqla gerçəkləşdirdiyi müdrik və uzaqgörən siyasətini XXI əsrin başlanğıcında layiqincə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev son 18 ildə Azərbaycanın müstəqil dövlət kimi bölgədə və dünyada layiqli yerini tapmasını, regional liderliyini təmin etmişdir. Bu müddətdə ölkədə iqtisadi inkişafın təmini istiqamətində həyata keçirilmiş tədbirlər özünün sistemli və ardıcıl səciyyə daşıması ilə diqqəti çəkir.

Ötən illərdə keçid dövrünü geridə qoyan respublikanın iqtisadi inkişafı son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə əsas məqsədlərdən biri də milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Son 18 ildə dövlət başçısının imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bu məqsədlərə nail olunması üçün rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, innovativ iqtisadiyyatın formalaşdırılması, sənayeləşmə siyasətinin sürətləndirilməsi, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi, intensiv metodların tətbiqinin daha da genişləndirilməsi və digər tədbirlər nəzərdə tutulur.

Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən Azərbaycan hökumətinin daha çox diqqət yetirməsi vacib olan problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” ilk fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ baza rolunu oynamışdır.

Hər bir ölkənin davamlı inkişafının mühüm göstəricilərindən biri də onun strateji valyuta ehtiyatlarının həcmidir. Bu baxımdan ötən illərdə büdcənin artım dinamikası ölkədəki makroiqtisadi sabitliyin mühüm göstəricisi kimi diqqət çəkir. Hazırda ölkəmizin strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarına yüksəlmişdir. Pandemiyanın davam etməsinə baxmayaraq, ölkəmiz son bir ildə də yüksək makroiqtisadi göstəricilərə imza atmış, regionda həyata keçirilən transmilli layihələrdə aparıcı rol oynamış, dövlət proqramlarını uğurla icra etmişdir. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir.

Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə “Aqrolizinq” Səhmdar Cəmiyyətinin yaradılması, gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” fərman bu baxımdan mühüm sənədlərdən biri olmuşdur. Belə bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, eyni zamanda süründürməçilik hallarının aradan qaldırılması sahəsində, sözün əsl mənasında, inqilabi dəyişikliklərə yol açmışdır. Bu məqsədlə fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının “bir pəncərə” - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır.

 

Qeyri-neft sektoru Azərbaycanın inkişafında lokomotivə çevrilir

 

İnvestisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmışdır. Güzəştli kreditlərin istifadəsi qaydalarına edilmiş dəyişikliklər iri və uzunmüddətli investisiya layihələrinin, həmçinin kiçik sahibkarlığın güzəştli şərtlərlə maliyyələşdirilməsi imkanlarını genişləndirmiş, güzəştli kreditlər üzrə müddətin maksimum həddi 10 ilədək, məbləği isə 10 milyon manatadək artırılmışdır.

Son illər müəyyən çətinliklərə əzmlə sinə gərərək fəal antiböhran tədbirlərini reallaşdıran Azərbaycan bu gün bölgədə iqtisadi inkişaf və inteqrasiyanı təşviq edən lider dövlət statusunu qoruyub saxlayır. Realist siyasətçi kimi yeni dövrün çağırışlarını düzgün dəyərləndirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusən də 2015-ci ilin əvvəlindən həyata keçirdiyi antiböhran tədbirləri sistemliliyi və ardıcıllığı ilə diqqəti çəkir. Antiböhran tədbirlərinin ana xəttini yenə də sahibkarlıq fəaliyyətinə mane olan süni maneələrin aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri təşkil edir. Dövlət başçısı hesab edir ki, hazırkı dövrdə bir tərəfdən, yaranmış vəziyyətin ölkəyə mənfi təsirinin qarşısını almaq üçün çevik tədbirlər həyata keçirilməli, digər tərəfdən də, prioritet sahə hesab olunan qeyri-neft sektorunun daha sürətli inkişafını təmin etmək üçün əlavə təsirli mexanizmlər işə salınmalıdır.

Dövlət başçısı İlham Əliyevin son 18 ildə imzaladığı bir sıra dövlət proqramları qeyri-neft sektorunun möhkəmləndirilməsini, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılmasını, infrastrukturun yeniləşdirilməsini təmin edən kompleks sənədlər olmaqla yanaşı, bölgələrdə özəl sektorun və sahibkarlığın inkişafına təkan vermişdir. 2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illəri əhatə edən regional inkişaf proqramları bu baxımdan xüsusi əhəmiyyət kəsb etməklə, regionlarda intibah mərhələsinin əsasını qoymuş, sahibkarlığın yüksəlişinə zəmin yaratmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu antiböhran strategiyası respublikamızın yaranmış yeni iqtisadi və siyasi şəraitə uyğun olaraq neftdən asılı olmayan, ixracyönümlü, dayanıqlı inkişafına etibarlı zəmin formalaşdırır. 2014-cü ilin ortalarından etibarən dünya iqtisadiyyatını iflic edən qlobal böhran dalğası qarşıya qoyulmuş məqsəd və vəzifələrin həyata keçirilməsi prosesində Azərbaycana tormozlayıcı amil olmamışdır. Böhranın ən pik mərhələsi sayılan 2015-2016-cı illərdə respublikamız üçün müəyyən çətinliklər yaransa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər səmərə vermiş, nəticədə bir çox makroiqtisadi parametrlər üzrə inkişafa nail olunmuşdur.

Həyata keçirilmiş təşkilati-hüquqi, qanunverici və institusional islahatların ana xəttini sahibkarlar sinfinin dəstəklənməsi yolu ilə qeyri-neft sektorunun inkişafı və idxal-ixrac əməliyyatlarında balansın təmin edilməsi, ümumən makroiqtisadi dayanıqlılığın qorunması təşkil etmişdir. Bu məqsədlə son illərdə sahibkarlıq fəaliyyəti üçün lisenziya və icazələrin sayının və ödənilən rüsumların məbləğlərinin dəfələrlə azaldılması; icazələrin verilməsi prosedurlarının sadələşdirilməsi, o cümlədən bu sahədə elektron portalın yaradılması; sahibkarların hüquqlarının qorunması məqsədilə apellyasiya şuralarının yaradılması; ölkə ərazisindən tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipinin tətbiq olunması; ölkədə investisiyaların təşviqinin artırılması məqsədilə 7 il müddətində vergi və gömrük güzəştlərinin verilməsi; idxal-ixrac əməliyyatları zamanı gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə elektron gömrük xidmətlərinin daha da genişləndirilməsi; dövlət satınalmalarında təkmilləşdirmələrin aparılması, dövlət orqanlarında sahibkarların müraciətlərinin birbaşa cavablandırılmasını həyata keçirən, məlumatlandırma və məsləhət xidmətləri göstərən çağrı mərkəzlərinin yaradılması reallaşdırılmışdır.

Son 5 ildə iqtisadi islahatların elmi şəkildə həyata keçirilməsi məqsədilə yaradılmış mühüm qurumlar sırasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Maliyyə Sabitliyi Şurasının, Turizm Şurasının yaradılmasını xüsusi qeyd etmək lazımdır. Bu qurumların yaradılmasında məqsəd ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərmanı isə keyfiyyətcə yeni mərhələdə iqtisadi inkişafı stimullaşdırmaq və böhranın mənfi təsirlərini aradan qaldırmaq məqsədi daşıyır. Fərmanla iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına dair strateji yol xəritələrinin təsdiq olunması həm də qlobal böhrandan çıxış yollarını özündə ehtiva edir. Konkret olaraq “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” ölkəmizdə sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması üçün yaxşı imkanlar açmışdır. Sahibkarlığın inkişafı məqsədilə həyata keçiriləcək kompleks tədbirlər sistemini özündə ehtiva edən sənəddə islahatların konkret istiqamətləri də əksini tapmışdır.

2018-ci ildə keçirilmiş prezident seçkilərindən sonra aparılan sistem xarakterli islahatlar - hökumətin tərkibinin yenilənməsi, insan amilinin sosial-iqtisadi islahatların əsas prioritetinə çevrilməsi, ən əsası, 2020-ci ildə ərazilərimizin erməni işğalından azad edilməsi sosial-iqtisadi və innovativ inkişaf sahəsində yeni vəzifələr müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2020-ci il tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” sərəncamı, ilk növbədə, “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsinin hazırlanmasını nəzərdə tutur. Sərəncamla strategiyanın hazırlanması prosesinə qabaqcıl beynəlxalq təşkilat və ixtisaslaşmış məsləhətçi şirkətlərin, aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının cəlb olunması tapşırılmışdır.

Sərəncam bundan sonrakı 5 ildə ölkə qarşısındakı əsas hədəf və vəzifələrin açıq müzakirə və dinləmələr əsasında müəyyənləşdirilməsinə, bu zaman cəmiyyətin sosial gözləntiləri və istəklərinin nəzərə alınmasına imkan verir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hökumət qarşısında 5 mühüm istiqamətdə islahat, layihə və tədbirlərin reallaşdırılması vəzifəsi müəyyənləşdirilmişdir: 1) Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; 2) Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; 3) Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; 4) İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;  5) Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bunlar yeni dövrdə modernləşmə prosesinin sürətləndirilməsi üçün strateji əhəmiyyətə malik istiqamətlərdir. Ümumilikdə, sosial rifah səviyyəsinin davamlı artımı məqsədilə yüksək, dayanıqlı, inklüziv və özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətləndirilməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini perspektiv üçün qarşıda duran əsas vəzifələr sırasındadır. Sənəddə davamlı və yüksək iqtisadi artım baxımından adambaşına düşən milli gəlirin artırılması; yüksək gəlirli iş yerlərinin yaradılması; şaxələndirmə və qeyri-neft sektorunun inkişafı tədbirlərinin davam etdirilməsi; yerli və xarici sərmayələrin təşviqi; şəffaf özəlləşmə strategiyasının həyata keşirilməsi; kapital və sığorta bazarının inkişafı və digər mühüm məsələlər nəzərdə tutulur.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi şəffaflığa xidmət edən tədbirlərin davam etdirilməsini vacib məsələ kimi müəyyən etmişdir. Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini tapmalıdır.

 

Yeni geosiyasi reallıq ölkənin iqtisadi inkişaf potensialını gücləndirib

 

Azərbaycan Vətən müharibəsində şanlı qələbə qazanmaqla uzun illər ərzində qeyri-qanuni şəkildə istismar olunan ərazilərinin aqrar-sənaye, ekoloji, hidroloji potensialını bərpa etmək imkanı qazanmışdır. Münaqişənin uğurlu həlli Azərbaycanın dövlət büdcəsinə daxilolmaların zamanla artmasına, o cümlədən sosial-infrastruktur layihələrinə daha çox maliyyənin ayrılmasına, insanların rifah halının yüksəldilməsinə imkan verəcəkdir. Müharibənin başa çatması, regionda dayanıqlı sülhün əldə olunması Azərbaycana xarici investisiya axınını daha da gücləndirəcək, xüsusən də işğaldan azad edilmiş ərazilərdə biznes üçün əlverişli imkanlar açılacaqdır.

Azərbaycan özünün ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına Zəngəzur dəhlizi vasitəsilə quru yolu əldə edəcəkdir. Bu, Naxçıvan MR-in blokadadan çıxması, onun iqtisadi potensialının güclənməsi, ümumən türk dünyasının yeni kommunikasiya-nəqliyyat imkanları qazanması deməkdir. Yaranmış yeni geosiyasi vəziyyət regionun əsas ölkələri - Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, İran və Ermənistan arasında (3+3 formatda) yeni kommunikasiyaların formalaşdırılmasına yaxşı perspektivlər açmışdır.

İşğaldan azad edilmiş ərazilərdə yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində atılan addımlar - Fizuli-Şuşa yolunun inşası, eləcə də Füzuli, Zəngilan və Laçın rayonları ərazisində yeni beynəlxalq hava limanlarının təməlinin qoyulması regionun tranzit-kommunikasiya əhəmiyyətinin daha da yüksəldilməsi baxımından əhəmiyyətlidir. Reallaşdırılması nəzərdən keçirilən Horadiz-Ağbənd, Zəngilan-Naxçıvan və Naxçıvan-Türkiyə dəmir yolu layihələri təkcə Azərbaycan üçün deyil, Rusiya, İran və Ermənistan üçün də mühüm əhəmiyyətə malikdir.

Zəngəzur dəhlizi eyni zamanda Rusiya Federasiyasının Türkiyəyə Gürcüstandan kənar yeni avtomobil və dəmir yolu marşutu əldə etməsinə imkan yaradacaqdır. Zəngəzur dəhlizinin reallaşması regionda yeni geosiyasi və geoiqtisadi reallıqlar yaratmaqla, din, dil, kök bağları eyni olan türkdilli ölkələri bir-birinə daha qırılmaz tellərlə bağlayacaqdır. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri eyni zamanda ağır sosial-iqtisadi durumda olan Ermənistan üçün də əlavə imkanlar açacaqdır.

Horadiz-Ağbənd dəmir yolu xəttinin inşasına başlamaqla Azərbaycan Zəngəzur dəhlizinin reallaşması istiqamətində praktiki işlərə start vermişdir. Ümumi uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti strateji əhəmiyyətə malikdir. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Bakı-Tbilisi-Qars xəttindən sonra Azərbaycanı Türkiyə ilə birləşdirəcək ikinci dəmir yolu şəbəkəsi olacaqdır.

Azərbaycan bununla postmüharibə dövründə regional əməkdaşlığın inkişaf etdirilməsində maraqlı tərəf olduğunu bir daha nümayiş etdirir. Eyni zamanda rəsmi Bakının mövqeyi həm də bundan ibarətdir ki, bölgənin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi üçün nəqliyyat layihələri xüsusi rol oynayır.

Respublikamız işğaldan azad edilmiş ərazilərindəki təbii sərvətlərindən, qızıl, mis, əhəng, mineral, termal sular və s. ehtiyatlarından istifadə edərək iqtisadiyyatını daha da inkişaf etdirəcəkdir. Ərazilərimizin işğaldan azad edilməsi Azərbaycanın su, torpaq və meşə ehtiyatlarının bərpasını və səmərəli istifadəsini təmin edəcəkdir. İşğal edilmiş ərazilərdəki Suqovuşan və Xudafərin su anbarlarının su ehtiyatlarından səmərəli istifadə Azərbaycanın suvarma və içməli su problemlərinin həllini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, aqrar sektorun, heyvandarlığın inkişafında yeni mərhələ yaranacaqdır.

Pandemiya ilə bağlı dünya iqtisadiyyatında tənəzzül və resessiya proseslərinin dərinləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2021-ci lin müvafiq dövründə yüksək artım templəri nümayiş etdirir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında ölkədə 47 milyard 262,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Qeyd olunan dövr üçün uğurlu iqtisadi göstəricilərdən biri də əhalinin hər nəfərinə düşən ÜDM-in 4 720,8 manat, qeyri-neft sektoru üzrə artımın 5,3 faiz təşkil etməsidir. 2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 1,4 mlrd. ABŞ dolları təşkil etmiş, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 316,7 milyon ABŞ dolları və ya 30,5 faiz artmışdır.

2021-ci ildə dünyada sənaye artımının 3,5 faiz olacağı proqnozlaşdırıldığı halda, Azərbaycanda qeyri-neft sənayesinin 16,4 faiz təşkil etməsi, ilk növbədə, regionlarda yaradılmış yeni sənaye məhəllələri və parklarının fəaliyyəti ilə şərtlənir. Aparılan davamlı islahatlar qeyri-neft sənayesinin, ümumilikdə, qeyri-neft sektorunun inkişaf drayverinə çevrilməsinə zəmin yaradır. İlin birinci yarısında inflyasiyanın cəmi 4,3 faiz təşkil edərək Mərkəzi Bankın müəyyənləşdirdiyi dəhlizə müvafiq olması, neftin yüksək qiymətləri nəticəsində dövlət büdcəsində profisitin yaranması, strateji valyuta ehtiyatlarının dövlətin xarici borcunu altı dəfəyədək üstələməsi, idxal-ixrac əməliyyatlarında müsbət saldonun yaranması makroiqtisadi sabitlik üçün fundamental əsaslar sayıla bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına əsasən, 2021-ci ilin birinci yarısında Azərbaycanda iqtisadi artım templəri beynəlxalq təşkilatların proqnozlarını xeyli dərəcədə üstələmişdir. Respublikamız 2021-ci ildə “Doing Business” hesabatında 34-cü yerdən 28-ci yerə, “İqtisadi azadlıq indeksi” hesabatında 44-cü yerdən 38-ci yerə, “Qlobal kibertəhlükəsizlik” hesabatında 55-ci yerdən 40-cı yerə yüksəlmişdir.

Ötən illərdə gömrük sahəsində aparılmış islahatlar - “Yaşıl Dəhliz”, “Avtomatlaşdırılmış Gömrük Sistemi” və “Bir pəncərə” elektron sisteminin yaradılması, gömrük bəyannamələrinin elektron qaydada qəbulu, gömrük rüsumları və vergilərinin elektron formada ödənilməsi Azərbaycanda ticarət prosedurlarının sadələşdirilməsinə imkan yaratmışdır.

“Dünya İnvestisiya Hesabatı - 2020”-də göstərilir ki, Azərbaycan postsovet məkanında Rusiya və Qazaxıstanla birlikdə ən çox xarici sərmayə cəlb edən ölkələrin üçlüyündədir. Bu isə, ilk növbədə, biznes mühitinin liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlarla şərtlənir. Dünyanın əsas iqtisadi beyin mərkəzlərindən sayılan İrs Fondunun hazırladığı “İqtisadi Azadlıq İndeksi 2021” hesabatında Azərbaycanın mövqeyi 6 pillə yaxşılaşaraq 172 ölkə arasında 38-ci yerdə qərarlaşmışdır. Ölkəmiz iqtisadi azadlıq üzrə mümkün 100 baldan 70,1 bal toplamışdır. Bu, Azərbaycanda iqtisadi fəaliyyət azadlığı üçün geniş imkanların olduğunu bir daha təsdiqləyir.

Bir sıra beynəlxalq maliyyə qurumlarının, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankından sonra “Fitch” reytinq agentliyinin də Azərbaycan üçün açıqladığı proqnozlar qənaətbəxşdir. Agentlik bu il Azərbaycanda valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə artımını proqnozlaşdırır. Qurumun hələ may ayında Azərbaycanın reytinqi üzrə “BB+” proqnozunu “mənfi”dən “stabil”ə yüksəltməsi ölkəmizin pandemiyaya və ötən il neftin qiymətlərinin azalmasına dayanıqlığını əks etdirir. “S&P Global Ratings” reytinq agentliyi isə növbəti yarımillik baxışdan sonra Azərbaycanın yerli və xarici valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləmiş, uzunmüddətli reytinqlər üzrə proqnozu “stabil” saxlamışdır.

Təhlillər göstərir ki, ölkəmizdə sosial təminatın güclənməsi məqsədilə dövlət büdcəsindən ayrılan xərclərin miqdarı artan xətt üzrə inkişaf edir. Bu, bir daha təsdiqləyir ki, ölkədə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam məhz xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın daha qüdrətli ölkəyə çevrilməsidir. Bu, əslində, Azərbaycan Prezidenti İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas məqsədidir.

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadi nəzəriyyə kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video