17:35 16 Aprel 2021
ONLINE XƏBƏR LENTİ
Zəfər qoxulu payızım...
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnformasiya savaşının sərkərdəsi

ANA SƏHİFƏ / SİYASƏT
00:26 31.03.2021

 

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından tanıtdı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Aradan aylar, illər, onilliklər, qərinələr keçəcək, lakin bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq, keçmişimizin qürur mənbəyi kimi daha gözəl gələcəyimizi qurmağa kömək edəcək.

 

Heç bir dövlət başçısı müharibə zamanı bu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib

 

Elmi və siyasi-ictimai fəaliyyətim boyu daim mətbuatla sıx təmasda olmuşam. 50 ildən artıqdır ki, kütləvi informasiya vasitələrində məqalələrlə, müsahibələrlə çıxış edirəm. Jurnalist olmasam da, bu peşə mənə yaxın, doğma, həm də tanışdır. Çoxillik mətbuat təcrübəmə söykənərək bu məqalədə Prezident İlham Əliyevin müharibə günlərində verdiyi müsahibələr kontekstində Ermənistana, onun havadarlarına və dünya erməniliyinə informasiya savaşında  da qalib gəlməsindən bəhs edəcəm. 

44 günlük İkinci Qarabağ müharibəsi dövründə Prezident İlham Əliyev 30-a yaxın xarici KİV-ə müsahibə verdi. Bu müsahibələrdə dövlət başçısı Azərbaycanın haqlı mövqeyini, müharibənin başlanma səbəblərini sistemli şəkildə, siyasi uzaqgörənliklə auditoriyanın diqqətinə çatdırdı. Məhz bu müsahibələr Azərbaycanın informasiya savaşında da qələbəsini təmin etdi.

Prezident İlham Əliyevin müsahibə verdiyi xarici KİV-in arasında Rusiyanın “Rossiya-1,  “Pervıy”, RBK televiziya kanalları, “Ria Novosti”, “TASS” və “İnterfaks” agentlikləri, Türkiyənin “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV, “A Haber”  televiziyaları,  Fransanın “Sky News”,  “France 24” televiziyaları, “Figaro” qəzeti,  Almaniyanın ARD televiziyası, Yaponiyanın “Nikkei” qəzeti, ABŞ-ın “Fox News” televiziyası, İtaliyanın Rai-1 televiziyası və  “La Repubblica” qəzeti, İspaniyanın EFE informasiya agentliyi, habelə dünyada yüz milyonlarla izləyiciləri olan “Əl-Cəzirə”, “Əl-Ərəbiyə”,  “Euronews”,  “CNN International”, “BBC News” televiziya kanalları kimi tanınmış media orqanları var.

Qətiyyətli,  nüfuzlu siyasi rəhbərə və dövlət başçısına beynəlxlaq marağın yüksək olması təbiidir. Bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Bu baxımdan İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.

Prezident İlham Əliyev fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu müsahibələrin əhəmiyyəti barədə deyib: “Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.

Müsahibələrin hamısını diqqətlə oxuyaraq əsasən üç istiqamətdə qruplaşdırdım: Qərb KİV-inə verilən müsahibələr, Türkiyə televiziyalarına verilən müsahibələr, Rusiya KİV-inə verilən müsahibələr.

 Aydın oldu ki, əksər Qərb KİV-nin əməkdaşları Prezident İlham Əliyevə ünvanladıqları suallar zamanı erməni lobbisinin sifarişlərini yerinə yetiriblər. Bəzi KİV-in suallarının tamamilə eyniyyət təşkil etməsi, bəzi sualların daha çox ittihama bənzəməsi, bəzi suallardan düşmənin məğlubiyyət ruhunun hiss olunması, bəzi suallarda Azərbaycana qarşı ənənəvi qarayaxmaların yer alması göstərirdi ki, bu sualların sifarişləri dünya erməniliyindən və erməni lobbisindən gəlir.

İlk olaraq Qərb ölkələrini təmsil edən KİV-ə müsahibələri zamanı Prezident İlham Əliyevin erməni yalanlarına vurduğu tutarlı zərbələr, Azərbaycan həqiqətlərinin bu KİV vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılması barədə bəhs etmək istəyirəm.

 

Azərbaycanı müharibəyə birinci başlamaqda ittiham etmək cəhdi baş tutmadı

 

Başlayaq Azərbaycana qarşı ittihamlardan. Bu müsahibələrlə tanış olarkən görürük ki, həmin KİV müharibəni birinci hansı tərəfin başlanması məsələsinə aydınlıq gətirmədən suallarında birbaşa Azərbaycanın hücum edən tərəf olduğunu bildirirlər. Məsələn, ABŞ-ın “Fox News” televiziya kanalının əməkdaşının ilk suallarından biri belədir: “Bir çox məlumatlara görə, sentyabrın 27-də - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin Sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?” Eyni məzmunlu sualı  Fransanın “Figaro” qəzeti ünvanlayır: “Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz və bu hərbi hücumun siyasi məqsədləri nədir?”

Yəni göründüyü kimi, jurnalist aldığı təlimata uyğun olaraq sual vermədən birbaşa ittihama keçir və məqsəd bu həssas və incə məsələdə “fürsət” tapıb Azərbaycanın İkinci Qarabağ müharibəsində hücum edən tərəf olduğunu “dünyaya göstərməkdir”. Amma İlham Əliyev tədbirli və hazırlıqlı siyasətçidir. Jurnalistin ona bu cür suallar verib “istədiyi” cavabı alması mümkün deyil. Ona görə Prezident İlham Əliyev “Fox News” televiziyasının əməkdaşını bu barədə suala cavabının ilk cümləsindən  məyus edir: “Sentyabrın 27-də döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27-də hücuma keçən Ermənistan olmuşdur və məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi”.

“Figaro” qəzeti də bu suala istədiyi cavabı ala bilmir: “Biz sentyabrın 27-də Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər və hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur”.

 

Ölkəmizi dünyaya xristian dininin düşməni kimi tanıtmaq planı da iflasa uğradı

 

Bu müsahibələrdə Azərbaycana Şuşadakı kilsəyə raket zərbəsi endirilməsi məsələsi ilə də bağlı qara yaxılmasına cəhd edildi. Lakin Prezident İlham Əliyev Qərb KİV-inin bu cəhdlərinin qarşısını müdrikcəsinə, faktlarla aldı. Məlum olduğu kimi, müharibə günlərində Şuşadakı kilsəyə raket zərbəsi endirilmişdi. Lakin araşdırmalar, raket zərbəsi nəticəsində kilsənin binasına dəyən ziyan və daxili interyerinin vəziyyəti  göstərirdi ki, bu hadisə əslində Ermənistanın özü tərəfindən törədilib və məqsəd Azərbaycana qara yaxmaqdır. Amma Qərb KİV-inin əməkdaşları Azərbaycan Prezidentindən ordumuzun belə bir zərbəni endirib-endirmədiyini soruşmurdular və birbaşa ittihamla çıxış edirdilər.

Azərbaycanı mülki erməni əhalini atəşə tutmaqda ittiham edən “Sky News” televiziyasının müxbiri deyirdi: “Lakin Siz regionun paytaxtı olan Stepanakertə qarşı elə bunu edirsiniz. Siz bunu Şuşaya qarşı edirsiniz, hansı ki dünən bir yox, iki dəfə atəşə tutulmuşdur. Oradakı kilsəyə iki dəfə zərbə vurulmuşdur və açıq-aydın idi ki, orada mülki şəxslər və jurnalistlər özlərinə sığınacaq tapmışdılar”. Yaxud “BBC News” televiziyası: “Prezident Əliyev, dinə gəldikdə, Ermənistanda kilsəyə hücum olub”. “France 24” televiziya kanalının da bu barədə sualı məzmunca o birilərindən fərqlənmirdi: “Bəs Dağlıq Qarabağdakı kilsələrin bombardman edilməsi görüntüləri barədə nə deyə bilərsiniz? Əlbəttə ki, onlar hərbi hədəflər deyil”.

Cənab İlham Əliyev bu sualların hamısını dəqiqliklə cavablandırdı. Elə bu cavablarla dünya erməniliyinin Azərbaycan haqqında yaratmaq istədiyi “qeyri-sivil dövlət təsəvvürü elə ilk cəhddə iflasa uğradı. Dünya erməniliyi kilsə məsələsində Azərbaycanı dünyaya xristian dininin düşməni kimi tanıtmaq istəyirdi. Amma elə ilk addımda onların bu riyakar planı uğursuzluğa düçar oldu. “France 24” televiziya kanalına müsahibəsində İlham Əliyev bütün dünyaya əsl həqiqətləri çatdıraraq dünya erməniliyinin bütün iddialarını darmadağın etdi: “Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər”. 

 

Bizim tərəfdə xarici muzdlu döyüşçülərin olduğunu deyənlər heç bir sübut və dəlil ortaya qoya bilmədilər

 

Azərbaycana ünvanlanan başqa bir ittiham respublikamızın guya xarici ölkələrdən muzdlu döyüşçüləri cəlb etməsi barədə idi. Bununla da məqsəd Azərbaycanın terrorçu təşkilatlarla əməkdaşlıq etdiyini göstərmək idi. Bu məsələni hətta Fransa Prezidenti E.Makron da iddia etmiş, lakin ortaya bir fakt qoya bilməmişdi. Ümumiyyətlə, Fransa Prezidentinin hərbi əməliyyatların başladığından bəri tutduğu mövqe və verdiyi bəyanatlar bu ölkənin münaqişənin nizamlanması prosesindəki beynəlxalq mandatına zidd olmaqla neytral vasitəçilik missiyasının tələblərinin kobudcasına pozulması idi. Makronun heç bir diplomatik və vasitəçilik missiyasına cavab verməyən mövqeyi həm də Fransada qarşıdan  gələn seçkilərlə bağlıdır və bu ölkədə yaşayan erməni diasporunun səslərinin qazanılmasına hesablanıb. Bu baxımdan Makron müharibə günlərində vasitəçiliklə deyil, seçki kampaniyası ilə məşğul oldu, Azərbaycana qarşı ittihamlarla çıxış etməklə Fransadakı erməni seçicilərinin səsi uğrunda mübarizə apardı.

Azərbaycanın II Qarabağ müharibəsində muzdlu döyüşçülərdən istifadə etməsini iddia edənlərdən birincisi də E.Makron olmuşdu. Lakin o, bu məsələdə aşağı səviyyəli sarı mətbuatın yaydığı feyk xəbərlərə istinad etmiş və heç bir fakt göstərə bilməmişdi. Sarı mətbuatın məlumatının Fransa kimi dövlətin başçısının dilindən səslənməsi isə bu ölkəyə başucalığı gətirmədi.

Prezident İlham Əliyevin xarici KİV-ə müsahibələri zamanı bu məsələni ilk dəfə ötən il oktyabrın 9-da “CNN International” televiziya kanalı gündəmə gətirmişdi. Təsadüfi deyil ki, jurnalistin ilk sualı da bu mövzuda idi. Hər bir jurnalistin ən böyük silahı faktdır. Amma “CNN International” kanalının bu barədə sualının məzmunundan göründü ki, jurnalist heç bir fakta istinad etmir və yalnız proseslərdən ümumiyyətlə kənarda olan Ermənistan prezidentinin sözlərinə əsaslanır: “Mən Ermənistan prezidenti ilə danışdım və o, mənə dedi ki, bu münaqişə əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənir. Çünki Türkiyə Azərbaycana açıq şəkildə dəstək göstərir. Üstəlik, o, mənə dedi ki, Türkiyə öz zabitləri, generalları, muzdluları, terrorçu cihad döyüşçüləri ilə Dağlıq Qarabağda döyüşmək üçün Azərbaycana minlərlə adam gətirib. Türkiyə öz hərbi gücü ilə guya müəyyən beynəlxalq logistik strukturları qorumaq üçün orada olduğunu deyir. Azərbaycanda hazırda hər hansı bir türk qüvvələri və ya türk avadanlığı varmı?”

Prezident İlham Əliyev suala cavab verməklə həm də dolayısı ilə kanalın şayiə yaydığını söylədi. Azərbaycanın heç bir xarici hərbi qüvvədən istifadə etmədiyini birmənalı şəkildə bildirən Prezident İlham Əliyev eyni zamanda vaxtilə Ermənistanın Azərbaycan ərazilərini xarici havadarlarının köməyi ilə işğal etdiyini bildirərək jurnalisti fakt qarşısında qoydu və həm də dünya ictimaiyyətini bir daha bu barədə məlumatlandırdı. “Bəli, türk avadanlığı var. Türk qüvvələri yoxdur. Səmimi desəm, Ermənistan prezidentinin dünyaya mesaj ünvanlamaq üçün CNN vasitəsilə şayiə yaymaq məqsədilə bu imkandan istifadə etməsi məni təəssüfləndirir. Mən bunu başqa cür adlandıra bilmirəm, çünki sizin mənə təqdim etdiyiniz kimi, onun dedikləri, mən onun dediklərini görməmişəm, lakin mənim sizdən eşitdiklərim tamamilə yanlışdır, bu, yanlış informasiyadır. Türkiyə bizə dəstək göstərir, lakin bu, siyasi dəstəkdir, bu, diplomatik dəstəkdir. Bu dəstək olmasaydı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır” ifadəsi ilə bu çox açıq mövqe olmasaydı, çox güman ki, bu gün Ermənistan öz məqsədinə nail olmuş olardı. Bu da münaqişənin coğrafiyasının genişlənməsi və mümkün qədər çox ölkənin bu münaqişəyə cəlb olunmasından ibarətdir ki, bu ölkələr döyüş meydanında onlara kömək etsinlər. Mən həmçinin Ermənistanın prezidentinə 1990-cı illərin əvvəlində Ermənistan bizim torpaqları işğal etdikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan tərəfindən “Azərbaycana kimsə kömək edir” demək tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik” cavabından sonra jurnalist bir daha Azərbaycanı muzdlulardan istifadədə ittiham edə bilmədi.

Azərbaycanda türk silahlarının olmasına gəldikdə isə Prezidentin cavabı olduqca müdrik oldu. Bəli, Azərbaycanda  təkcə türk silahları yox, həm də rus, İsrail, Belarus, Ukrayna silahları var  və həmin silahları Azərbaycan onları Ermənistandan fərqli olaraq hansısa dövlətdən hədiyyə kimi yox, pulla alır.

 Fransanın “Figaro” qəzeti də Prezident İlham Əliyevlə müsahibədə heç bir fakta söykənmədən Azərbaycanı xarici döyüşçülərdən istifadədə ittiham edirdi: “Türkiyənin müdaxiləsini və Türkiyədən müxalif Suriya döyüşçülərini qəbul etməklə Siz yerli bir münaqişənin regional bir müharibəyə çevrilməsindən qorxmursunuz?” Lakin Prezident İlham Əliyev bəyan etdi ki, bu barədə iddia edənlər tərəfindən heç bir dəlil təqdim olunmamışdır və bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir: “Əvvəla, Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər. Deməli, bu, birincisi. İkincisi, Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var. Biz hətta tam səfərbərlik belə elan etməmişik. Bizə döyüşdə əlavə insan lazım olsa, biz daha çoxlarını çağırarıq. Odur ki, bu, Azərbaycanı təcavüzkar kimi təqdim etmək üçün daha bir cəhddir və həmçinin onlara döyüş meydanında qalib gələn Azərbaycan Ordusunun potensialını azaltmaq üçün Ermənistanın cəhdidir”.

Göründüyü kimi, jurnalist həm də Türkiyə hərbçilərinin də döyüşlərdə iştirak etdiyini iddia edir. 44 günlük müharibə günlərində Azərbaycan Türkiyənin siyasi və mənəvi dəstəyini gördü. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Bu ölkənin siyasi və hərbi rəhbərliyi birmənalı və qəti şəkildə, həm də sərt üslubda Azərbaycanı dəstəkləyən bəyanatlar verdilər.  Bu baxımdan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı Vətən müharibəsinin gedişində daha da möhkəmləndi, daha sarsılmaz oldu. Bütün dünya bir daha Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının şahidi oldu.

Türkiyənin Azərbaycanı dəstəkləməsi ayrı-ayrı siyasi dairələr və erməni təəssübkeşləri tərəfindən qısqanclıqla qarşılanırdı. Çünki bu gün güclü Türkiyənin beynəlxalq məsələlərdə iştirakı və qətiyyətli mövqeyi göz önündədir. Buna görə də Türkiyənin Azərbaycana güclü siyasi dəstəyi bəzi dairələr tərəfindən narahatlıqla qarşılanırdı. Bu, “France 24” televiziya kanalının sualında da özünü büruzə verdi. “Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib ki, Türkiyənin hərbi iştirakı mövcuddur və bu da münaqişənin beynəlmiləlləşdirilməsinə gətirib çıxara bilər.  O, bu məsələdə səhv edir?”, - deyə kanalın jurnalisti sual verirdi. Prezident İlham Əliyevin dəqiq və konkret cavabı isə jurnalistin bu məsələdə iddialarını davam etdirməsinin qarşısını aldı. “Bəli, o, bu məsələdə səhv edir. Türkiyənin hərbi iştirakı daha bir feyk xəbərdir. Türkiyənin hərbi iştirakı yoxdur. Biz Türkiyə istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik, bu, doğrudur. Lakin biz Rusiya istehsalı olan hərbi avadanlıqlardan, İsrail istehsalı olan hərbi avadanlıqlardan, digər ölkələrin istehsalı olan hərbi avadanlıqlardan istifadə edirik. Bunu pulsuz əldə edən Ermənistandan fərqli olaraq biz bu hərbi avadanlıqları alırıq. Siyasi müstəvi istisna olmaqla, Türkiyə heç bir halda prosesdə iştirak etmir. Burada Türkiyə qoşunları yoxdur. Türkiyənin F-16-ları buradadır, lakin onlar burada birgə hərbi təlimdən sonra qalıblar. Yeri gəlmişkən, ötən il biz hava qüvvələri də daxil olmaqla, Türkiyə ilə 10 birgə hərbi təlim keçirmişik. Bu il pandemiya səbəbindən biz cəmi 2 təlim keçirdik. Belə alındı ki, hərbi təlimdən sonra bu toqquşma baş verdi. Beləliklə, biz F-16-ları yerdə saxlamağı qərara aldıq və onlar yerdədir, havada deyil”, - deyə İlham Əliyev bildirdi.

“France 24” televiziya kanalının Fransanın xarici işlər nazirinin heç bir fakta əsaslanmayan sözlərinə əsaslanan eyni məzmunlu sualını  “CNN International” televiziyasının jurnalisti də Prezident İlham Əliyevə ünvanlamışdı. “Sky News” televiziya kanalının da müxbiri “Fransızlar və ruslar deyirlər onlarda kəşfiyyat məlumatı var ki, Sizin cəbhə xəttində suriyalı muzdlulardan istifadə olunur. Siz bunu qəti şəkildə inkar edirsiniz?” - deyə sual etmişdi. Bütün bunlar bir daha göstərir ki, Qərbin adıçəkilən KİV Prezident İlham Əliyevlə müsahibədən əvvəl ermənipərəst siyasi dairələrdən aldıqları eyni məzmunlu sifarişləri yerinə yetiriblər.

 

Prezident İlham Əliyevə verilən bir çox suallarda dünya erməniliyinin keçirdiyi qorxu hissi açıq şəkildə görünürdü

 

Bu müsahibələrdə görünən başqa bir məqam dünya erməniliyinin keçirdiyi qorxu hissinin açıq şəkildə görünməsi idi. Bu demək olar ki, bütün müsahibələrdə İlham Əliyevə müharibənin nə qədər çəkəcəyi, o cümlədən Azərbaycanın şərtləri barədə verilən suallardan aydın görünürdü. Lakin bu sualları verərkən jurnalistlər Azərbaycanı öz ərazilərini işğaldan azad edən ölkə kimi deyil, sanki başqa bir dövlətin torpaqlarını zəbt edən tərəf kimi göstərməyə çalışırdılar.  Məsələn, “BBC News” televiziyasının müxbiri İlham Əliyevin şərtlərini ultimatum kimi şərh edərək sual verir: “Siz bir ultimatum verirsiniz, Siz deyirsiniz ki, onlar bütün bu əraziləri qaytarmağa razılaşmalıdır və yalnız sonra danışıqlar ola bilər. Bu danışıqlar üçün böyük bir ilkin şərtdir”. Prezident İlham Əliyev danışıqlar prosesindən xəbəri olmayan jurnalistin sualını təmkinlə cavablayır: “Xeyr, heç də belə deyil. Çünki mənim dediyim əsas prinsiplərə əsaslanır və əsas prinsiplərdə Dağlıq Qarabağın ətrafındakı ərazilərin boşaldılması çox aydın qeyd olunub. Bu, Ermənistan üçün çox aydın mesajdır. Əfsuslar olsun ki, Ermənistan Minsk qrupunun həmsədrləri və əvvəlki Ermənistan rəhbərliyi tərəfindən işlənib hazırlanmış əsas prinsiplərlə razılaşmadı. Bu əsas prinsiplərdə deyilir ki, onlar birinci mərhələdə işğal olunmuş 5 rayonu boşaltmalıdırlar, ikinci mərhələdə isə 2 rayonu boşaltmalıdırlar. Lakin beş rayondan dördü artıq azad edilib. Əgər onlar bunu etsələr, Ağdamın bir hissəsini, Kəlbəcəri və Laçını nə vaxt boşaldacaqlarını açıq bəyan etsələr, biz dayanarıq”.

Növbəti bir sualda jurnalist sanki Ermənistanın nümayəndəsi kimi danışır: “Lakin Siz Dağlıq Qarabağ üzərində nəzarəti güc yolu ilə ələ keçirsəniz, Sizin də eynilə eyni şeyi törədəcəyinizlə bağlı qorxular var. Ermənistan öz insanlarının etnik təmizləməyə məruz qalacağından çox ciddi qorxduğunu ifadə etmişdir”. O cümlədən “Dağlıq Qarabağ üzərində nəzarəti ələ keçirsəniz, həqiqətən də, bir erməninin Dağlıq Qarabağda qalacağını və Azərbaycan qanunları ilə yaşayacağını gözləyirsiniz?”, “Ermənilər də, əlbəttə, iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar”, “Burada, Azərbaycanda yaşayan ermənilərlə bağlı. Bizə verilən məlumata görə, onların çoxu qorxu içində yaşayır, ermənilər kimi açıq tanınmağı istəmədiklərinə görə soyadlarını dəyişiblər. Dağlıq Qarabağdakı ermənilər özlərinin təhlükəsiz olacaqlarına necə əmin ola bilərlər ki?” kimi suallar isə əslində beynəlxalq ictimaiyyətdə Azərbaycan dövlətinin imicinə qarayaxmaq məqsədi güdürdü.

Müharibə günlərində dünya erməniliyini və erməni təəssübkeşlərini qorxudan başqa bir məsələ Qarabağ ermənilərinin taleyi idi. Ona görə müharibənin ilk günündən onlar Qarabağ ermənilərinin etnik təmizlənməyə məruz qalması barədə hay-həşir salmışdılar. Dünya erməniliyinin  Azərbaycan barədə yanlış təşəvvür yaratmaq cəhdi Prezident İlham Əliyevə ünvanlanan suallarda öz əksini tapdı. Suallara diqqət yetirək. “CNN International”: “Azərbaycan hökuməti torpaqları geri götürsə, onlar etnik təmizləməyə məruz qala bilərlər”. Fransanın “Figaro” qəzeti: “Mən xatırlayıram ki, 1990-cı illərin əvvəllərində Bakıda antierməni poqromları var idi. Ona görə də ermənilər inanmırlar, deyirlər ki, yaşaya bilməzlər, Azərbaycan ərazisində yaşamaq üçün, həyatları üçün qorxurlar”. Almaniyanın ARD televiziyası: “Bu insanlar Sizin hərbi əməliyyatlara, dedikləri kimi, etnik təmizləməyə məruz qalırlar?”. “BBC News”: “Onda Siz Dağlıq Qarabağda erməni vətəndaşlara qarşı heç bir etnik təmizləmənin aparılmayacağına dair mütləq zəmanət verirsiniz?”

 

Ardı var

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü, 

Milli Məclisin deputatı



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM