20:12 24 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:09 24.10.2021 256 il yaşayan insan
00:07 24.10.2021 Aman qocalıq
00:06 24.10.2021

Ən tez bu orqan qocalır


00:04 24.10.2021 Cavanlığın sirri
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

İnfeksiyanın yoluxma zənciri qırıla bilər

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:34 13.02.2021

 

Əhalinin 80 faizi peyvənd olunsa

 

2019-cu ilin son günlərində Çinin Uhan şəhərində aşkarlanan, qısa zaman ərzində bütün dünyaya yayılan koronavirus (COVID-19) 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edildi. İndiyədək  planetin 107 milyona yaxın sakini bu virusa yoluxub. Təhlükəli infeksiyadan ölüm hallarının ümumi sayı 2,4 milyona çatıb.

Bu dövrdə hər kəsi maraqlandıran bir məqam da virusun təbii, yoxsa süni şəkildə yayılması idi. Yeni koronavirusun mənşəyini öyrənmək məqsədilə ÜST mütəxəssisləri yanvarın 14-də Çinə yollanmışdılar. Onlar koronavirusun ilk dəfə yayıldığı bildirilən Uhan şəhərindəki dəniz məhsulları satılan bazarda məlumatlar toplamışdılar.

ÜST ekspertlərinin yeni növ koronavirusun yaranmasının qlobal elmi tədqiqatı çərçivəsində Uhanda həyata keçirdikləri həmin tədqiqat ötən gün başa çatıb.

Onlar mətbuat konfransı keçirərək çinli həmkarları ilə birgə tədqiqatın detallarını və onun ilkin nəticələrini açıqlayıblar. Alimlər yeni koronavirusun əmələ gəlməsinin dörd versiyasının öyrənilməsini qarşılarına məqsəd qoyublar: vəhşi heyvandan insana birbaşa ötürülmə, vasitəçi heyvandan ötürülmə, dondurulmuş ərzaq məhsulları vasitəsilə ötürülmə və laboratoriya sızmaları.

Ekspertlərin fikrincə, birincisi, əldə edilən məlumatlar virusun təbii yolla əmələ gəlməsi ehtimalını artırır. Onlar bildirirlər ki, laboratoriya sızmaları versiyasının ehtimalı çox cüzidir. Ona görə də bu versiyanın öyrənilməsini davam etdirməyə lüzum yoxdur. Bundan sonra iş qalan üç istiqamət üzrə aparılacaq.

Bütün hallarda COVID-19 bir ildən çoxdur bütün dünyanın qarşısını ala bilmədiyi problem olaraq qalmaqdadır. Virus sürətlə yayılmaqda davam etsə də, əksər ölkələr artıq pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya mərhələsinə qədəm qoyub. Ötən ilin dekabrından etibarən bir çox dövlətlər COVID-19-a qarşı peyvəndləmə işini həyata keçirir. Mütəxəssislər hesab edirlər ki, vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması üçün bütün ölkələrdə onun tətbiqi zəruridir.

Azərbaycanda isə müvafiq proses yanvarın 18-də start götürüb. Mərhələli şəkildə ölkəyə gətirilən vaksinlərin ilkin mərhələdə tibb işçilərinə, 65 yaşdan yuxarı insanlara, polis əməkdaşları və digər risk qruplarından olan şəxslərə vurulmasına başlanılıb. Artıq risk qrupunda olan tibb işçilərinin peyvəndlənməsi həyata keçirilir. İndiyədək tibb işçilərinin 70 faizinə peyvənd vurulub. Dörd gündür ki, yaşı 65-dən yuxarı olan vətəndaşların da koronavirus əleyhinə vaksinasiyası davam edir.

Azərbaycanda vaksinasiya dövlət hesabına və könüllülük prinsipi əsasında aparılır. Ölkəmizdə Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.

Nüfuzlu tibbi jurnal olan “The Lancet” “CoronoVAC” vaksini haqqında geniş məqalə dərc edib. Məqalədə COVID-19 virusuna qarşı başlanılan vaksinasiya prosesinin əhəmiyyətindən, “CoronoVAC” vaksinindən, onun uğurlu sınaqlarının müsbət nəticələrindən bəhs olunur. Bildirilir ki, gənclərlə müqayisədə 60 yaşlı və ondan yuxarı insanlar, xüsusilə də kəskin xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər virusu daha ağır keçirirlər və yaş artdıqca ölüm riski də artır. Bu səbəbdən COVID-19-un dünyada yayılmasının qarşını almaq üçün effektiv və təhlükəsiz vaksinlərin tətbiqi zəruridir.

“CoronoVAC” vaksininin COVID-19 əleyhinə inaktivasiya edilmiş peyvənd olduğu bildirilən məqalədə deyilir ki, virusa yoluxma riski yüksək olan 60 yaş və daha yaşlı şəxslərin vaksinə daha çox ehtiyacı var. Bu vaksin qeyd edilən yaş qruplarında olan şəxslərin təhlükəsizliyinin, dözümlülüyünün və immunogenliyinin artırılması üçün istifadə edilir.

“CoronoVAC” vaksini Çinin Hebey əyalətinin Renku şəhərində təsadüfi üsulla hər iki gözü kor olan insanlarda kliniki şəraitdə test edilib. Belə ki, vaksin 0-28 gün arasında 2 dozada əzələyə inyeksiya edilir. Vaksinasiya prosesində iştirak edən bütün tərəflər - tədqiqatçılar, həkimlər, laborantlar hamısı maskadan istifadə etməlidir. İlk dozadan sonra vaksinasiya olunan şəxsin vaksinə reaksiyası müşahidə olunur. Əvvəlcədən bütün iştirakçılarla razılaşdırıldığı kimi, 28 gündən sonra ikinci doza vurulur.

Məqalədə vurğulanır ki, 2020-ci ilin 22 may və 1 iyun tarixləri arasında birinci faza üzrə 72 nəfərin, 12-15 iyun tarixlərində isə ikinci faza üzrə 350 nəfərin üzərində sınaq vaksinlənmə həyata keçirilib. 28 gün ərzində hər hansı əks reaksiyaya rast gəlinməyib.

Araşdırmaların nəticələrinə əsasən, “The Lancet” jurnalı bildirir ki, adıçəkilən vaksin yaşlı şəxslərin dözümlülüyünə müsbət təsir edir və heç bir təhlükəsi yoxdur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) işçi qrupunun üzvü Vüsalə Yaşar deyib ki, peyvənd edilməkdən qorxanlar var və bundan daha çox xroniki xəstəliyi olanlar ehtiyat edirlər. Onlar çox vaxt əks-reaksiya yaranmasından və yaxud mövcud xəstəliklərinin kəskinləşməsindən çəkinirlər. Hətta həmin səbəbləri əsas gətirərək peyvənd olunmaqdan imtina edənlər də var: “Lakin peyvəndin üstünlüklərindən xəbərdar olanlar nəinki özlərini, hətta yaşlı ailə üzvlərini də bu prosesə cəlb edirlər. Hətta Parkinson xəstələrinə peyvənd edilməsi heç bir əks-təsirə səbəb olmayıb. Şəkərli diabeti olanlar da xüsusi risk qrupu sayılırlar və onların, eləcə də xroniki ürək-damar, tənəffüs sistemi xəstəlikləri olanların COVID-19-u daha ağır keçirə biləcəkləri ehtimal edildiyinə görə birincilər sırasında vaksinasiya olunmalıdırlar”.

V.Yaşarın sözlərinə görə, vaksinasiya yoluxma, ağırlaşma, ölümcül xəstəliklərdən qorunmaq üçündür. Məhz bu yolla təbii çiçək və digər xəstəliklərin kökü kəsilib. Bəzi infeksion xəstəliklərə qalib gəlməyin yeganə yolu vaksinasiyadır. İndi ölkəmizdə tətbiq edilən “CoronoVAC” peyvəndi inaktivdir, yəni orqanizmə qarşılaşa biləcəyimiz virusun modeli inyeksiya edilir. Həmin modeli immun sistemi tanıdığına və ona qarşı müdafiə silahı olduğuna görə, orqanizm virusla qarşılaşan zaman ona hazır olur: “Təəssüf ki, bəzi insanlar vaksinasiyadan sonra heç bir qorunma tədbirinə əməl etməyə ehtiyac olmadığını düşünürlər, lakin bu qətiyyən doğru deyil. Vaksinasiyanın qoruyuculuğu 60-90 faiz arasında dəyişir. Vaksinasiyadan sonra orqanizmdə yaranan anticisimlərin miqdarı fərdi xarakter daşıyır və yaranan müdafiə sisteminin nə qədər davam edəcəyi və qoruyacağı barədə məlumat yoxdur. Lakin indi istifadə olunan vaksinin qoruyuculuğunun etibarlılığına və uzun müddət davam edəcəyinə ümid böyükdür. Əgər əhalinin 70-80 faizinə həmin peyvəndlər vurulsa, infeksiyanın yoluxma zəncirini qırmaq mümkün olacaq. Tərəzinin bir gözünə COVID-19 xəstəliyi və onun ağırlaşmalarını, digər gözünə isə peyvəndin ehtimal olunan yan təsirlərini, yəni müvəqqəti qızartı, şişkinlik və başağrılarını qoysaq, əlbəttə ki, vaksinasiya daha doğru seçim olar”.

Vüsalə Yaşar qeyd edib ki, peyvənd üç həftə fasilə ilə iki dozada vurulur. Nəzərə almaq lazımdır ki, ilk iynə və yaxud ikinci inyeksiya ediləndən sonra dərhal orqanizmdə infeksiyaya qarşı qoruyuculuq yaranmır. Ümumiyyətlə, peyvənddən təxminən 56-60 gün keçəndən sonra virus infeksiyasına qarşı qoruyuculuq formalaşır. Ona görə də peyvənd olunanlar da mütləq əl gigiyenası, maska taxmaq və məsafə saxlamaq kimi qaydalara əməl etməlidirlər.

 

Xəyalə MURADLI,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM