15 Avqust 2021 02:29
1095
İQTİSADİYYAT
A- A+

İndi dağ kəndləri təkcə təsərrüfat işlərinin başdan aşdığı yer deyil

 

Kənd turizmi qonaqlar üçün sərfəli istirahət, yerli camaat üçün gəlirli biznesdir

 

Ölkəmizin qərbində yerləşən Göygöl rayonu səfalı bölgələrimizdəndir. Rayon ərazisində 31 yerli əhəmiyyətli tarixi və memarlıq abidəsi var. Ancaq bu rayonun əsas özəlliyi unikal təbiət abidələri ilə zəngin olmasıdır.

Rayon ərazisində göllər tacı adlandırılan Göygölün ətrafında eyniadlı dövlət qoruğu yaradılmışdır. Ümumi sahəsi 7 min 131 hektar olan qoruqda əsrarəngiz təbiət incisi Göygöllə yanaşı, 10-a yaxın başqa göl də (Maralgöl, Qaragöl, Zəligöl, Ağgöl, Şamilgöl və s.) var. Zəngin flora və faunaya malik qoruqda müxtəlif bitkilər, nadir heyvan növləri, o cümlədən cüyür, xallı maral, dağ keçisi, boz ayı, dovşan, qaban, Qafqaz maralı və s. mövcuddur. Məhz buna görə də Göygöl rayonu turistlərin daim maraq göstərdiyi ərazidir. 

Səsli-küylü şəhər mühitindən uzaqlaşmaq, təbiətin qoynunda yerləşən kənd evlərində yaşayıb istirahət etmək, təmiz ərzaq məhsulları ilə qidalanmaq hər bir insanın arzusudur. Rayonun əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, mədəni-tarixi irsi, özünəməxsus mətbəxi, eləcə də sakinlərin yüksək qonaqpərvərliyi turistlərə bir arzuya  qovuşmaq imkanı verir.

Son illər aparılan genişmiqyaslı abadlıq və yenidənqurma işləri sayəsində rayonda kənd turizmi də sürətlə inkişaf etmişdir. Bu inkişaf rayon iqtisadiyyatını gücləndirməkdən əlavə, əhalinin gəlirlərini də artırmışdır. Təəssüf ki, pandemiya bu rayonda da turizmin inkişafına mane olmuşdur. Rayon icra hakimiyyətində dedilər ki, bu səbəbdən rayonda turizmin sürətli inkişafı bir qədər ləngimişdir. Son illər rayonda infrastruktur yenilənsə də, pandemiya səbəbindən insanların istirahət üçün bu bölgəyə üz tutması zəifləmişdir. Xüsusilə hər il Almaniyadan gələn turistlərin sayı hədsiz dərəcədə azalmışdır.

1819-cu ildə alman kolonistləri tərəfindən Helenendorf kimi əsası qoyulan Göygöl şəhəri açıq səma altında Avropa mədəniyyətinin izlərini yaşadan muzeyi xatırladır. Bu amil avropalılarda Göygölü görməyə böyük maraq yaradır. Bütün bunlar nəzərə alınaraq vaxtilə alman ailələrinin yaşadıqları evlər əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir edilmişdir. Odur ki, rayona gələn xarici turistlər içərisində almaniyalı qonaqlar daha çox olur. Onlar istirahətlərini səmərəli keçirməklə, vaxtilə burada məskunlaşan ata-babalarının həyat tərzi, məişəti, eləcə də mədəni irsi ilə yaxından tanış olmaq imkanı qazanırlar.

Göygöl rayonunda yaşı əsrlərlə ölçülən çoxlu sayda digər abidələr də var. Çaykənddə Ağ körpü, Qabriel kilsəsi, XII əsrə aid türbə, Gəncə çayı üzərindəki üçtağlı körpü, Anahid məbədi, birtağlı körpü, qala (XII əsr) və digərləri qonaqların  maraqla üz tutduqları abidələrdir. Bundan başqa, rayon ərazisində 31 yerli əhəmiyyətli abidə, 8 kurqan, nekropol və açıq düşərgə var. 1854-cü ildə almanlar tərəfindən inşa edilən Lüteran kilsəsi isə hazırda Tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərir. Muzeyin 2000-dən artıq eksponatı var.

Lakin bütün bunlarla yanaşı, turistləri özünə ən çox cəlb edən əsrarəngiz təbiətdir. Odur ki, son illər Göygölün kəndlərində qalıb istirahət etmək istəyən yerli və xarici turistlərin sayında nəzərəçarpacaq artım qeydə alınmışdır. Qonaqlar ekoloji cəhətdən saf və təmiz olan kəndlərə üz tutmağa üstünlük verirlər.

Göygöl rayonunun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 3724 metr yüksəklikdədir. Rayon şimalda Gəncə və Samuxla, şərqdə Goranboyla, cənubda Kəlbəcərlə, cənub-qərbdə Daşkəsənlə, qərbdə isə Şəmkirlə həmsərhəddir. 39 kəndi olan rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Əhali, əsasən, heyvandarlıq və əkinçiliklə məşğuldur. Lakin son illər rayon sakinlərinin bir qismi kənd turizmindən gələn gəlir hesabına da dolanışıqlarını təmin edirlər. Bunun əsas səbəblərindən biri ən ucqar kəndlərə yeni yolların çəkilməsi, su, qaz, enerji təminatında problemin olmamasıdır. İndi kənd sakinləri istər yerli, istərsə də xarici turistlərin qəbulunda heç bir çətinliklə qarşılaşmırlar. Əksinə, evlərini turistlərə kirayə verməklə yanaşı, onlara müxtəlif xidmətlər göstərərək əlavə qazanc götürürlər. Hətta turistlərin istəyi ilə onlara ekoloji cəhətdən təmiz ərzaq məhsulları da təklif edirlər.

Hazırda turizm mövsümünün qızğın vaxtıdır. Digər bölgələrdə olduğu kimi, Göygöl rayonunda da tez-tez yerli və xarici turistlərə rast gəlmək mümkündür. Kənd sakinlərinin əsas diqqəti evlərində qonaq saxladıqları turistlərə yüksək səviyyədə xidmət göstərməyə yönəlmişdir. Turistlər ən çox Göygölə yaxın ərazilərdə yerləşən kəndlərdə istirahət etməyə üstünlük verirlər. Aşıqlı, Yeni Zod, Toğanalı, Topalhəsənli, Üçbulaq, Mixaylovka, Şəhriyar və digər kəndlərdə dincələn turistlər həvəslə Göygöl Milli Parkının ərazisinə səyahətə çıxır, istirahətlərini təbiətin qoynunda keçirirlər.

Rayonda ən çox turist qəbul edən kəndlərdən biri də Aşıqlıdır. Gəncədən cəmi 10 kilometr məsafədə yerləşən kənddə turistlərin rahatlığı üçün hər cür şərait var. Yeni çəkilmiş geniş və rahat asfalt yolun kənarlarında bişirilən təndir çörəyi dağlarda bitən dərman bitkilərinin, müxtəlif meyvələrin, kənd məhsullarının satışı qonaqlara ayrı ləzzət verir. 2350 nəfər sakini olan kənddə 400-dən çox ev var. Kənd Hacıkənd və Göygölə gedən yolun üstündə yerləşdiyindən turistlər burada qalmağa daha çox üstünlük verirlər. Odur ki, kənd sakinləri hər il mövsümqabağı evlərini təmir etdirir, turistlər üçün rahatlıq yaradırlar. Çalışırlar ki, turistlər  növbəti dəfə də onların qonağı olsunlar.

Kənd sakini Lamiyyə Əliyeva deyir ki, turistlərin qəbulu üçün böyük imkanları var. Həyətində olan iki evdən birini hər yay turistlərə kirayəyə verir.  Eyni vaxtda 20 nəfəri qəbul edən ev sahibi bu imkanını bir qədər də artırmaq arzusundadır.

Turistlərin üz tutduqları kəndlərin sırasında Çaykənd və Toğanalı da var. Hər il bu kəndlərdə yüzlərlə ailə dincəlir. Əsasən fərdi yaşayış evlərində qalan qonaqlar yaradılan şəraitdən razılıq edirlər. Çaykənd sakini Elmir Rəcəbov deyir ki, hər il evində onlarca qonaq saxlayır. Turistlərə xüsusi qayğıkeşliklə yanaşır. Yeməkləri, içməkləri, eləcə də gəzintilərinin təşkili üçün lazımi diqqət və qayğı göstərir.

Toğanalı kəndi Göygölə yaxın olduğundan burada istirahət edənlərin sayı ildən-ilə artır. Bundan başqa, kənd çox səfalı yerdədir. Toğanalının ortasından keçən çay isə ayrı bir mənzərədir. Gur axan dağ çayının səsi insanların əsəblərinə rahatlıq, ürəklərinə sərinlik gətirir. Kəndin ətrafında “Cənnətməkan”, “Ağrıdağı”, “Gəncəbasar” və s. istirahət mərkəzləri fəaliyyət göstərsə də, yerli turistlər kənd turizminə daha çox üstünlük verirlər.

Göygölə gedən yolun yenidən qurulması da bölgəyə gələn turistlərin sayının artmasına imkan vermişdir. Üstəlik, yolun kənarındakı yöndəmsiz köşklər yığışdırılmış və infrastruktur müasirləşdirilmişdir. Ümumiyyətlə, rayonda turistlərin rahat istirahət etmələri üçün bütün infrastruktur yaradılmışdır. Odur ki, qonaqlar növbəti illərdə də buraya gəlmək istəyirlər.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video