28 Dekabr 2018 02:08
1308
SİYASƏT
A- A+

İnamlı, davamlı, təhlükəsiz inkişaf


İlham Əliyev 15 illik uğur salnaməsini Azərbaycana ziyan vurmaq istəyənlərə ən yaxşı cavab kimi qiymətləndirdi


"...Mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır... Həm də qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur”.

Bu fikirləri "Rossiya-24” telekanalına müsahibəsində səsləndirən Prezident İlham Əliyev tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın daxili və xarici uğurlarını həzm edə bilməyən qüvvələrin əsl xislətini göstərmiş oldu. Bir daha bəyan etdi ki, antiazərbaycançı qüvvələr hətta ölkəmizin xırda bir uğuruna belə kölgə salmaq, qara yaxmaq üçün istənilən çirkinliklərə əl atırlar.


Azərbaycanda heç bir sosial, siyasi təhdid yoxdur


Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Dövlət suverenlik və vətəndaşın təhlükəsizliyi məsələlərinə hər zaman çox həssaslıqla yanaşır. Bu səbəbdən də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb.

Yəqin ki, bu proses kimlərinsə xoşuna gəlmir və onlar ölkə vətəndaşlarının rahatlığını yalnız kənardan pozmağa çalışırlar. Daxildəki "beşinci kolon”un üzvləri də onlara "dəstək” verməklə çirkin niyyətlərini ortaya qoyurlar. Yalan, iftira dolu "donoslar” hazırlayıb beynəlxalq təşkilatlara yollayırlar. Ancaq bir qayda olaraq bunlar Azərbaycanın iştirak etmədiyi beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrdə ifadə olunur.

Bu gün dünya miqyasında ən sabit və uğurla inkişaf edən ölkələrdən biri sayılan Azərbaycana qarşı aparılan məkrli kampaniyalar heç vaxt ölkəmizin yüksələn nüfuzuna xələl gətirmir, əksinə, Azərbaycanın etibarlı tərəfdaşlarının sayı artır. Çünki həm böyük güclər, həm də inkişaf etməkdə olan ölkələr Azərbaycan reallıqlarından xəbərdardırlar. Respublikamızın Cənubi Qafqaz regionunda həyata keçirdiyi və birbaşa iştirakçısı olduğu beynəlxalq layihələr ölkəmizə həm siyasi, həm də iqtisadi dividendlər qazandırır.


Geosiyasi planda əhəmiyyəti artan ölkə


Dövlət başçısı son 15 ildə həyata keçirilən beynəlxalq layihələrdən - "Bakı-Tbilisi-Ceyhan”, "Bakı-Tbilisi-Ərzurum”, "Bakı-Tbilisi-Qars”, "Cənub qaz dəhlizi” layihəsindən, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərindən söz açaraq vurğulayıb ki, Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkəmiz daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var.

Buna görə də həmin kontekstdə enerji layihələrinin icrası baxımından Azərbaycan heç bir maneə hiss etmir. Əksinə, Azərbaycan qazı Avropa ölkələrinin enerji təhlükəsizliyini müəyyən dərəcədə təmin edəcəyinə görə ölkəmiz Avropa İttifaqı tərəfindən dəstək hiss edib.

Qeyd edək ki, hər il Bakıda "Cənub qaz dəhlizi” layihəsinin reallaşdırılması üzrə Məşvərət Şurası keçirilir. Bu layihədə Avropa İttifaqının üzvü olan bir neçə ölkə iştirak etdiyinə görə Avropa İttifaqı bu Məşvərət Şurası çərçivəsində hər zaman yüksək səviyyədə təmsil olunur.

"Cənub qaz dəhlizi” layihəsinə gəlincə, dörd mühüm müstəqil seqmenti ("Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP) olan bu layihənin üçü artıq reallaşıb və mayda "Cənub qaz dəhlizi”nin rəsmi açılışından sonra iyunda TANAP layihəsinin də açılış mərasimi keçirilib. Beləliklə, Azərbaycan Türkiyəyə, daha sonra isə Avropa bazarlarına daha böyük həcmdə qaz nəql etməyə başlayır.

Bu, əlbəttə ki, İlham Əliyevin qətiyyətli, tam müstəqil siyasətinin davamıdır. Ona görə ki, hələ 2007-ci ildə "Bakı-Tbilisi-Ərzurum” qaz kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycan Türkiyə bazarına qaz ixracat etməyə başlayıb. "Cənub qaz dəhlizi” isə Türkiyə bazarına qazın ixracını iki dəfə artırmağa, eləcə də qardaş ölkənin ətrafındakı dövlətlərin bazarlarına, sonra isə Qərbi Avropaya çıxmağa imkan verəcək. Bu da Azərbaycana milyardlarla dollar gəlir gətirəcək. Prezident İlham Əliyevin söylədiyi kimi, Azərbaycan artıq Avrasiyanın tamamilə yeni enerji xəritəsini yaradır.

Digər tərəfdən Azərbaycan yeganə ölkədir ki, həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinin layihələrinin hər ikisində iştirak edir. Bu layihələrə qoşulan ölkələrin sayı ildən-ilə artır. Son illərdə bu layihələr istiqamətində Azərbaycanda ən müasir nəqliyyat infrastrukturu - dəmir yolu, dəniz daşımaları, aviadaşımalar, 6 beynəlxalq aeroport, avtomobil yolları yaradılıb.


Bu il iqtisadiyyata 10 milyard dollar investisiya cəlb edilib


Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulduğunu, 15 il ərzində milli dəyərlərimizlə bağlı çox ciddi siyasət aparıldığını vurğulayan İlham Əliyev 2018-ci ilin düşərli il olduğunu da diqqətə çatdırıb.

Çünki bu il iqtisadiyyata 10 milyard dollar investisiya cəlb edilib. On bir ayın yekunlarına görə, Azərbaycanın qeyri-neft sənayesində 9 faizdən çox artım var. İnflyasiya 2 faizdən bir qədər çox olub, əhalinin gəlirləri 9 faizdən çox artıb, valyuta ehtiyatları xarici borcdan demək olar ki, 5 dəfə artıqdır. Yəni, lazım gələrsə, Azərbaycan bir il ərzində xarici borcunu ödəyə bilər.

Sosial sahəyə gəlincə, bu il 6 minə qədər məcburi köçkün ailəsi yeni evlər və mənzillərlə təmin olunub. Təxminən 30 minə yaxın insan, yəni, cəmiyyətin daha çox ehtiyacı olan hissəsinin nümayəndələri üçün il ərzində kiçik şəhər tikilib.

İlin əvvəlində 2018-ci ilin sürətli inkişaf ili olacağını söyləyən İlham Əliyevin həyata keçirdiyi siyasi-iqtisadi islahatların bəhrəsi göz önündədir. Son 11 ayın yekunları onu deməyə əsas verir ki, 2018-ci il ən uğurlu inkişaf ili kimi Azərbaycan tarixinə yazılacaq.


Azərbaycan iqtisadiyyatının transformasiyası prosesi bitir


Cənab İlham Əliyev qarşıdan gələn 2019-cu ili də dəyərləndirib. Azərbaycanın sosial-iqtisadi, mədəni və digər sahələrdə uğur qazanacağını vurğulayan dövlət başçısı bildirib ki, həyata keçirilən islahatların xeyli hissəsi özünü gələn il göstərəcək. Çünki artıq Azərbaycan iqtisadiyyatının transformasiyası prosesi bitir və iqtisadi inkişaf cəhətdən bütün planlar reallaşdırılacaq. 2019-cu ildə də Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzinə çevirmək üçün mühüm addımlar atılacaq. Həmişə olduğu kimi, bütün sosial proqramlar həyata keçiriləcək.

Bir sözlə, strateji hövsələ, dözüm, səbir və öz inkişafına diqqət Azərbaycanın 2019-cu ildəki seçimidir. Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan İlham Əliyevin yeni inkişaf konsepsiyası ilə daha böyük zəfərlərə doğru inamla addımlamaqdadır.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video