28 Oktyabr 2021 02:42
704
SİYASƏT
A- A+

İnamın və birliyin zəfəri

 

2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələri yenidən atəşkəs rejimini pozdular. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başlamalı oldu. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində dedi: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var”.

O gün dövlət başçısı xalqa müraciətinin sonunda  vurğuladı: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

O gündən Azərbaycan xalqı bir arzuda, bir ümiddə birləşdi...

Xalqımız otuz ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələrinin işğalında qalan vətən torpaqlarının nisgilini, nigaranlığını çəkirdi. Bu elə bir dərd idi ki, hər bir azərbaycanlının qürurunu incidir, ürəyini dağlayırdı. Artıq dostlarımız da, düşmənlərimiz də yaxşı bilirdilər ki, bu xalq öz ərazilərinin işğalı ilə heç vaxt barışmayacaq. Ən böyük təsəlli və ümid isə dövlət başçısı İlham Əliyevin bu fikirləri uca kürsülərdən səsləndirməsi idi: “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq”.

Otuz ilə yaxın məkrli və qəddar düşmən öz bəd niyyətindən əl çəkmədi. Buna baxmayaraq, Azərbaycan dövləti humanistlik göstərərək münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan etmişdi. Təəssüf ki, beynəlxalq təşkilatlar üzərlərinə düşən vəzifələri yerinə yetirə bilmədilər. Nəticədə erməni qəsbkarları çəkinmədən işğal altında saxladığı ərazilərimizi viran qoydu, bütün tikililəri, eləcə də tarixi-mədəni, dini abidələrimizi dağıtdı, yerlə-yeksan etdilər.

Azərbaycan dövləti illər boyu məqsədyönlü işlər görərək güclü ordu qurmağa müvəffəq oldu. Azərbaycan xalqı uzun illər Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözlədi. 2020-ci il sentyabrın 27-də cənab İlham Əliyev qismən səfərbərlik elan etdi. Ali Baş Komandanın bu əmrini böyük coşqu ilə qarşılayan Azərbaycan xalqı o anlardan torpaqlarımızı qısa müddətdə Ermənistan silahlı qüvvələrinin işğalından azad etmək üçün bir yumruq kimi birləşdi.

Erməni qəsbkarlarının otuz ilə yaxın davam edən işğalına 44 gündə - İkinci Qarabağ müharibəsində son qoyuldu. Bu 44 günün hər saatı, hər anı Azərbaycan tarixinə yazıldı.

Vətənin qəhrəman övladları ilk gündən könüllü ordu sıralarına yazılaraq cəbhəyə yollandılar. 44 gün davam edən döyüşlərdə iştirak etməyənlər, əlinə silah almayanlar da  özlərini Azərbaycanın əsgərləri bildilər. Hər bir azərbaycanlı cəbhədən gələn xəbərləri böyük həyəcan, ümid və inamla gözlədi.

Azərbaycan xalqı öz gücünə, dövlətinin qüdrətinə, ordusunun qələbəsinə inandı. Bu inam o qədər möhtəşəm və sarsılmaz idi ki, qarşısında düşmən tab gətirə bilməzdi. Yəni Ermənistan silahlı qüvvələrinin biabırçı məğlubiyyəti labüd idi.

Haqq yolunda döyüşdüyünə, ədalətli mübarizə apardığına əmin olan Azərbaycan Ordusu bu zəfərə layiq idi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən öncə də ordu quruculuğu işləri görüldüyünü diqqətə çatdırırdı. Dövlət başçısı çıxışlarının birində demişdi: “Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Prezident, Ali Baş Komandan İlham Əliyevin əminliklə, vüqarla söz açdığı Azərbaycan Ordusunun möhtəşəm gücünü yalnız biz deyil, bütün dünya İkinci Qarabağ müharibəsinin  ilk günlərindən gördü. Döyüşlərdə ən müasir silahlardan istifadə edən ordumuz sürətlə irəliləyərək, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan əsgəri öz torpağı uğrunda mərdliklə, qəhrəmancasına döyüşdü. Erməni əsgəri isə döyüş əməliyyatlarında  mövqelərini, hərbi texnikasını, silah-sursatını qoyub qaçdı. Prezident İlham Əliyev xalqa müraciətlərinin birində xüsusi olaraq qeyd etdi: “Döyüşlərin obyektiv müşahidə mənzərəsi var və istənilən hərbi mütəxəssis görə bilər ki, bu gün Azərbaycan Ordusu döyüş meydanında qələbə əldə edibdir. Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçılardır. Döyüş gedən torpaq onların torpağı deyil”.

Azərbaycan dövlətinin, xalqının gücünü düşmən də etiraf etmək məcburiyyətində qaldı. Ermənistanın müdafiə naziri David Tonoyanın ölkəsinin imzaladığı bəyanatı xəyanət kimi qiymətləndirənlərə cavabı belə oldu: “Biz çox böyük bir qüvvəyə - supersilahlı Azərbaycan Ordusuna qarşı vuruşduq. Məndən “bəs siz niyə silahlanmadınız” deyə soruşa bilərsiniz. Biz də silahlı idik, ancaq kəmiyyət və resurslar baxımından imkanlar qeyri-mütənasib idi”.

Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə reallaşdırdı.

İkinci Qarabağ müharibəsində bütün dünya Azərbaycan xalqının əzmini, ordumuzun döyüş qabiliyyətini gördü, vətənpərvər azərbaycanlıların milli birliyinin, öz Ali Baş Komandanını dəstəklədiyinin, onun ətrafında sıx birləşdiyinin şahidi oldu.

Qələbəmizin əsas şərti və mənbəyi xalqımızın həmrəyliyi, böyük inamla Ali Baş Komandanın ətrafında sıx birləşməsi, Azərbaycan Ordusunun məğlubedilməzliyi, hünəri və rəşadəti oldu. Bu birliyin qarşısında düşmən duruş gətirə bilmədi.

 

Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video