03 May 2020 00:20
1860
Səhiyyə
A- A+

İmmunizasiya uşaqların COVID-19 virusuna qarşı müqavimətini artırır


2020-ci il aprelin 20-26-sı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Avropa İmmunlaşdırma Həftəsi elan olunub. Azərbaycan da bu təşəbbüsə qoşularaq ötən həftə "İmmunlaşdırma həftəsi” keçirdi. Gəlin, peyvəndlərin körpələrin və uşaqların həyatına müsbət təsirini və immunizasiya nailiyyətlərinə diqqət yetirək.

Peyvəndləmə valideynlərin iki yaşa qədər körpələrini çox ciddi xəstəliklərdən qoruduğu ən yaxşı yoldur. Peyvəndlər vasitəsilə qarşısı alına bilən xəstəliklər (hepatit B, vərəm, polimielit, difteriya, göyöskürək, tetanus, B tipli hemofil infeksiyası, pnevmokok infeksiyası, qızılca, parotit və məxmərək) uşaqlar üçün, xüsusilə də erkən yaşlı körpələr və məktəbəqədər yaşda olan uşaqlar üçün çox ciddi, hətta ölümcül ola bilər. İmmunlaşdırma uşaqların bu xəstəliklərə tutulmaması üçün etibarlı təbii müdafiə vasitələrini inkişaf etdirməyə kömək edir.

Peyvəndlərin körpənizin bədənində xəstəliklərə qarşı qoruyucu antitellərin hazırlamasına kömək etməsi həftələr çəkə bilər. Daha yaxşı müdafiənin təmin edilməsi üçün bəzi peyvəndlərin bir neçə dozası, təkrari vaksinasiyası tələb olunur. Əgər körpələrinizin ciddi bir xəstəliyə məruz qalmayacağını düşünərək yalnız xəstəliyin yayılması zamanı peyvənd etdirsəniz, o zaman peyvəndin işləməsi üçün kifayət qədər vaxt olmaya bilər.

Xoşbəxtlikdən əksər valideynlər uşaqlarını peyvənd etdirməyə önəm verirlər. Bununla yanaşı, bəzən uşaqlar vaksinlərin hamısını almır və bu səbəbdən də tam qorunmuş olmurlar. Ona görə də uşaqların tövsiyə olunan peyvənd təqviminə uyğun bütün peyvənd dozalarını qəbul etmələri vacibdir. Bir peyvəndin bütün dozasını almamaq uşağı ciddi xəstəliklərə tutulmağa həssas edir, müdafiəsiz buraxır. Bunu nəzərə alaraq valideynlər uşaqların immunizasiya cədvəllərini bilməli və vaxtlı-vaxtında peyvəndləri etdirməlidirlər.

Qızılca peyvəndi qarşısı alına bilinən xəstəliklərə təsir göstərmək baxımından bir nümunədir. Qızılca hələ də dünyanın bir çox yerində yayılmış xəstəlikdir. Bu virus xəstəliyi yüksək yoluxuculuq qabiliyyətinə malikdir və o, peyvəndləşmə aparılmayan bir cəmiyyətdə asanlıqla yayıla bilir. Qızılca xəstəliyi kiçikyaşlı uşaqlarda çox ağır keçməklə sətəlcəm, ensefalit kimi fəsadlar verə və hətta ölümlə də nəticələnə bilər. Peyvəndlər ilə qarşısı alına bilən bəzi xəstəliklər, məsələn, göyöskürək və su çiçəyi bəzi ölkələrdə hələ də yayılır.

Uşaqlıq dövründə immunizasiya mühüm məsələdir, çünki bu, uşaqların potensial həyati təhlükəsi olan xəstəliklərə məruz qalmadan əvvəl onları immunitet ilə təmin edir. İmmunitet - orqanizmin xəstəliyin qarşısını alma qabiliyyətidir. Körpəniz doğulanda onun immun sistemi tam inkişaf etməmiş olur və buna görə də infeksiyalara daha çox məruz qalma riski var. Uşaqlar onları əhatə edən mühitdə hər gün minlərlə mikrobların təsirinə məruz qalırlar. Bu, yedikləri yemək, nəfəs aldıqları hava və ağızlarına qoyduqları şeylər nəticəsində olur. Körpələr bir çox mikroblarla mübarizə apara biləcək immun sistemi ilə doğulsalar da, bəzi xəstəliklər var ki, onların öhdəsindən gələ bilmirlər. Buna görə də onların immunitetlərini möhkəmlətmək üçün peyvəndlərə ehtiyac vardır. Vaksinlər xəstəliyə qarşı immunitetin etibarlı şəkildə inkişaf etdirilməsinə kömək edir və orqanizmin təbii müdafiəsi vasitəsilə infeksiyanın uşağınıza yoluxma riskini azaldır.

Uşağın immun sisteminin bəzi ciddi xəstəliklərin törədicilərini tanımağa və onlarla mübarizə aparmasına kömək etmək üçün peyvəndlərin tərkibində çox az miqdarda antigendən istifadə edilir. Antigenlər mikrobların bir hissəsi olub orqanizmin immun sisteminin işləməsinə səbəb olur. Uşağın güclü immuniteti varsa, zərərli mikroorqanizmlər ona asanlıqla yoluxa və xəstə edə bilməz.

Uşağın immun sistemini iki yolla gücləndirə bilərik: daha yaxşı qidalandırma və immunizasiya. Uşaqları düzgün və yaxşı qidalandırma infeksiyaların qarşısını almağa kömək edir. Məsələn, qızılca və ishal xəstəlikləri yaxşı qidalanan uşaqlarda yüngül formada keçir. İshal xəstəliyi yaxşı qidalanan uşaqlarda zəif qidalananlara nisbətən daha az olur. Uşaqların düzgün qidalanması üçün aşağıdakı beş qaydaya riayət olunmalıdır:

1. Körpə uşaqlara ən azı 18 ayına (yaxşı olar ki, 2 yaşına) kimi ana südü verilsin;

2. Altı aylığından başlayaraq körpələrə əlavə qidalar verilməli;

3. Əlavə qidalar verilərkən sıyığın və ya supun içərisinə zülal tərkibli qidalar (süd, yumurta, çəkilmiş ət, yaxud qara ciyər) daxil edilməli;

4. Altı aylığından sonra körpələrə hər gün qoruyucu qidaların verilməsinə başlanılmalıdır. Bunlar meyvə və tərəvəzlərdir ki, tərkibləri minerallar və vitaminlərlə zəngindir;

5. Kiçikyaşlı uşaqlara yemək gündə dörd dəfədən az verilməməlidir.

Uşaqların qidalanmasının yaxşılaşdırılması infeksiyanın qarşısını almağa kömək edir. İmmunizasiya məqsədilə uşağa vaksinlər verə bilərik. Qızılca, poliomielit, tetanoz, difteriya, göyöskürək, vərəm və s. qarşı faydalı vaksinlər mövcuddur. İshal kimi bir sıra digər xəstəliklərə qarşı isə vaksin yoxdur. Hazırkı pandemiyaya səbəb olan

COVID-19 virusuna qarşı hələ ki, vaksin mövcud deyil. Amma bütün dünyada alimlər tezliklə belə bir vaksin əldə etmək üçün intensiv çalışırlar.

Uşaq ömründə yalnız bir dəfə göyöskürək xəstəliyi keçirir və bir daha bu xəstəliyə tutulmur. Çünki uşağın orqanizmində göyöskürək çöplərinə qarşı antitellər və qazanılma immunitet yaranır. Antitellər qanda olan xüsusi zülallardır, xəstəliyə səbəb olan orqanizmlər və ya orqanizmlərin yaratdığı toksinlər (zəhərlər) ilə "mübarizə aparır”. Antitellər müvafiq mikroorqanizmlərə yapışır və onları məhv edir. Antitellər həm də toksinlərə yapışa bilir və zərər vermələrini dayandıra bilirlər. Antitellərin toksinlərlə mübarizə aparan xüsusi növü antitoksinlər adlanır. Fərqli bir növ antitel müəyyən bir orqanizm və ya toksinlə mübarizə aparır. Məsələn, qızılcaya qarşı olan antitellər yalnız qızılca virusu ilə mübarizə aparır, malyariya ilə mübarizə edə bilmirlər. Tetanusa qarşı antitoksinlər difteriyaya qarşı faydalı deyil. Buna görə də uşaqlara peyvənd təqvimində qeyd olunan bütün vaksinlər edilməlidir.

Uşaq qızılca xəstəliyinə tutularkən orqanizm qızılca virusuna qarşı xüsusi antitellər hazırlamağa başlayır və bu proses ömürlük davam edir. Nəticədə uşaq qızılca virusuna qarşı həssas olmur və bir daha yenidən qızılca xəstəliyinə tutulmur. Uşaq öz antitellərini yaratdıqda o, aktiv immunitetə malik olur. Uşaqlar iki yolla aktiv şəkildə immunitet qazana bilərlər: xəstəliyin özü ilə xəstələndikdə və ya ona həmin xəstəliyə qarşı vaksin verildikdə.

Peyvəndlərin uşaqlar üçün təhlükəsiz və təsirli olduğuna əmin olmaq üçün onlar ciddi sınaqdan keçirilir. Zərərli orqanizmlər fabrikdə böyüdülür və öldürülür (ölü vaksinlər), yaxud da zəiflədilir (canlı vaksinlər). Ölü vaksinlərin tərkibində ölmüş orqanizmlər və ya anatoksinlər (zərərləşdirilmiş bakterial toksinlər) olur. Göyöskürəyə qarşı vaksində ölü bakteriya vardır. Difteriya və tetanusa qarşı vaksinlərin tərkibi anatoksindən ibarətdir. Difteriya, göyöskürək, tetanusa qarşı olan AGDT vaksini ölmüş bakteriya və anatoksinin bir yerdə qarışığından hazırlanır. BCG (vərəm əleyhinə), poliomielit və qızılcaya qarşı peyvəndlər isə canlı vaksinlərdir. Vaksinlərin tərkibində olan mikroorqanizmlər zəif və ya ölü olduqları üçün zərər vermirlər. Uşağa bir peyvənd edildiyi zaman onun bədənində vaksinin tərkibindəki ölü və ya zəiflədilmiş zərərsiz orqanizmlərə qarşı antitellər hazırlanır. Bu zaman adətən heç bir simptom olmur, yaxud da yüngül simptomlar, məsələn temperaturun azacıq qalxması qeyd oluna bilər. Uşağın bədənində hazırlanan antitellər həmin xəstəliklərin törədicilərinə qarşı mübarizə aparır və beləliklə, onun xəstələnməsinin qarşısını alır. Uşaqda xəstəlik nəticəsində yaranan immunitet təbii aktiv immunitetdir. İmmunitet yaratmaq üçün peyvənd edildikdə isə süni aktiv immunitet meydana çıxır.

Poliomielit poliovirusun yaratdığı yüksək yoluxucu bir xəstəlikdir. Sinir sisteminə təsir edir və bir neçə saat ərzində iflicə və ya hətta ölümə səbəb ola bilər. Poliomielit əsasən 5 yaşınadək olan uşaqlara təsir göstərir. Poliomielit aşağıdakı ağır fəsadlara səbəb olur:

- Poliomielitə yoluxan hər 200 nəfərdən birində iflic inkişaf edir (əsasən ayaqlarda);

- İflic olmuş şəxslərin 5-10% -i virusun yaratdığı tənəffüs əzələlərinin iflici nəticəsində ölür.

Poliomielitin müalicəsi yoxdur, yalnız immunizasiya yolu ilə onun qarşısını almaq mümkündür. Təhlükəsiz və effektiv oral polio peyvəndi (OPV) vardır ki, ondan dəfələrlə istifadə edildiyi təqdirdə uşağı bütün ömür boyu poliomielitdən qoruyur. Tərkibində canlı bakteriyalar olan OPV vaksinləri ilk dəfə 1950-1960-cı illərdə meydana çıxmışdı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, OPV vaksinləri istifadə olunduğu gündən bəri dünyada poliomielit hallarının sayı 99% -dən çox azalmışdır. Halbuki 20 il bundan əvvəl poliomielit hər gün 1000 uşaqda iflicə səbəb olurdu. Hər il on minlərlə uşaq iflic keçirdiyinə görə əlil qalırdı.

2010-cu ildə 1349 uşaq iflic olmuşdur.

Alimlər müşahidə etmişlər ki, OPV vaksinləri alan şəxslərdə digər virus xəstəliklərinə yoluxma halları da xeyli azalmışdır. Onlar bu halı OPV vaksinlərinin viruslar əleyhinə güclü immunitet yaratması ilə izah edirlər. Günümüzdə qarşılaşdığımız pandemiya zamanı COVID-19 virusuna yoluxmuş uşaqlarda xəstəliyin çox yüngül formada keçməsinin səbəbinin bununla əlaqədar olduğunu ehtimal etmək olar.

Qeyd olunanlardan belə bir nəticə çıxara bilərik ki, uşaqların immun sistemini gücləndirmək hər bir valideynin əsas vəzifələrindən biridir.

Sevil QƏNBƏROVA,

Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının əməkdaşı, tibb elmləri namizədi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video