04 May 2021 00:46
9182
CƏMİYYƏT
A- A+

İlk şəhid qadın hərbçi

 

Kürəyində daşıdığı yaralı əsgərlə bir yerdə həlak olan Arəstə Baxışova şəhidlərin şəhid bacısına çevrildi

 

...10 yaşlı Zəhra ilə 11 yaşlı Mərdana öz yaşlarını vermək olmur.

Elə bil, simalarını, gözlərini uşaqlıq tərk edib, vaxtından əvvəl böyüyüb hər ikisi.

Zəhra “anam həmişə mənə bildirirdi ki, sən mənim fəxrimsən, səninlə fəxr edirəm”, - deyə xatırlayır: “İndi də mən anamla fəxr edirəm, fəxr edirəm ki, Vətən yolunda şəhid olub”.

 

Günaha yazılmayan yalan

 

Mərdan anası ilə son dəfə telefonla danışdığını yada salır: “Tez-tez özü zəng edirdi. Bir neçə gün zəngi gəlmədi, mən də zəng elədim ona, cavab vermədi. Sonra zəng eləyib dedi ki, bacına yaxşı bax. Nənəni incitmə, sözünü eşit, dərslərinizi yaxşı oxuyun. Səsi birtəhər gəlirdi, xəstə kimi. Soruşdum, dedi yaxşıyam”.

Nənəsi deyir ki, Mərdan gələn hər kəsə anası ilə son söhbətini danışır: “Soruşsalar da, soruşmasalar da bunu danışır. Elə bil o iki-üç cümlənin içindəki hansısa həqiqəti tapmağa, anlamağa çalışır. Duyub ki, anası ona yaxşı olduğunu yalan deyib. Bəlkə də balam onda can üstdə olub, vidalaşıb oğlu ilə, ona görə səsi elə gəlirmiş. Mərdan da bunu duyub”.

Arəstənin uşaqlarıdır Mərdanla Zəhra, indi nənələri ilə yaşayırlar...

Söhbət Vətən müharibəsinin ilk hərbiçi xanım şəhidi Arəstə Baxışovadan gedir...

Arəstə sözünün mənası nizamlı, qaydasında və bəzək-düzəkli deməkdir. Atası bu adı ona verəndə nizamlı əsgər olacağını bilmirdi. Bilmirdi ki, adı ilə qızının taleyini də yazmış olur.

 

Naz-qəmzəli uşaqlıq

 

Arəstə Baxışova 1989-cu il mayın 4-də Xaçmazda sadə ailədə anadan olub. Atası Kərim Baxışov Çernobıl qəzasının xilasedicilərindən biriydi. Əlillik dərəcəsi vardı, veteran idi. Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi işləyirdi. Anası Məktubə isə evdar qadın olub.

Bu sadə, öz zəhmətləri hesabına dolanan ailədə 3 uşaq böyüyürdü. Anası Məktubənin dediyinə görə, Arəstə iki qardaşın bircə bacısı kimi çox naz-qəmzəli, ərköyün böyümüşdü. Atası onu oğlanlarından fərqləndirib əzizləyirdi.

Qardaşlarına da həmişə tapşırırdı ki, siz ikisiniz, bacınız isə təkdir, həmişə onda gözünüz olsun. İki qardaşın bir bacısı gərək həyatda heç vaxt, heç nədən əziyyət çəkməsin.

Arəstənin naz-qəmzəli həyatı çox da uzun çəkmir. Cəmi 4 yaşı olanda Çernobılın fəsadlarını canında artıq daşıya bilməyən atası dünyasını dəyişir.

O gündən Arəstə də indi onun taleyini təkrar edən övladları kimi böyüyür. Daha onun nazını əvvəlki kimi çəkən olmur. Üç uşağın bütün qayğısı, xərci, ailənin problemləri zərif çiyinlərinə tökülən ana uşaqları əzizləməyə nə vaxt tapır, nə də ovqatı olur. Birtəhər çörəkpulu qazanıb uşaqlarını böyüdür.

 

Arzuların cığırı ilə...

 

Arəstə orta məktəbi yaxşı oxuduğu üçün ali təhsil almaq arzusunda idi, amma buna anasının maddi imkanı çatmayacağını anlayırdı. Böyük arzularını içində boğan qız Biləcəri qəsəbəsindəki Şuşa şəhər 3 saylı məcburi köçkün məktəbində orta təhsilini başa vurur. Anası dolanışıq üçün axtara-axtara gəlib çıxdığı Biləcəridə yaşadıqları yerə ən yaxın məktəb ora idi. Taleyin gərdişidir, görünür. Arəstəni taleyi özü Qarabağla bağlayıbmış. Həyatda heç vaxt, heç nə təsadüfdən olmur, hər təsadüf mütləq bir zərurətdən yaranır.

Məktəbi başa vurandan sonra o, Azərbaycan Dövlət Pedaqoji Kollecin İngilis dili fakültəsinə qəbul olur. Təhsil illərində yaxşı oxuyur. Əvvəlki arzusu Tibb Universitetinə qəbul olunub hərbi həkim olmaq olsa da, buna çatmağa imkanı olmadığından fikrindən daşınır. Kolleci bitirəndə isə anasına deyir ki, mən hərbiyə getmək istəyirəm.

Arəstə Baxışova kolleci bitirib Silahlı Qüvvələrin Baş Klinik Hospitalına statist kimi işə düzəlir. İşləyə-işləyə kursa gedib tibb təhsili də alır. Kursu başa vurandan sonra isə onu Beyləqandakı “N” saylı hərbi hissəyə operator vəzifəsində işləməyə göndəriblər.

Anası bildirir ki, “Bilmirəm atasının forması onun ağlında qalmışdı, yoxsa nə idi, qızın hərbi formaya xüsusi marağı vardı”.

 

“Şəhid olacamsa, demək, taleyimdir”

 

Buna qədər Arəstə ailə qurmuşdu, artıq iki övladı da vardı. Ailə həyatı uğurlu olmadığından ayrılıb, övladları ilə anasının yanına qayıtmışdı.

Beyləqanda hərbi hissədə işləməyə gedəndə anasına deyir ki, uşaqları sənə həvalə edirəm. Anası deyir ki, “bala, sənin iki balan var, hərbçi olmaq qadın işi deyil”. Arəstə isə razılaşmır, “ana, tale nə yazıbsa, o da olacaq”, - deyir.

Vətən müharibəsi başlayanda isə anasına zəng edib müharibəyə könüllü yazıldığını bildirir: “Əgər şəhid olacamsa, taleyimdir demək, bununla yalnız fəxr etmək lazımdır”.

 

“Hamınızın bacısıyam”

 

Arəstənin vəzifəsi yaralı əsgərlərə ilk tibbi yardım göstərib onları döyüş bölgəsindən uzaqlaşdırmaq imiş. Onlarla yaralı əsgər onun göstərdiyi düzgün ilk tibbi yardım sayəsində həyatda qalıb, bu gün ailəsinə qovuşub.

Onun yardım göstərdiyi bir əsgər qanaxmadan, yaxud hospitala vaxtında çatdırılmadığından dünyasını dəyişməyib. Bunu anasına Arəstənin çiyinlərində atəş altından çıxarılan silahdaşları deyiblər.

Azərbaycan Ordusunun çavuşu, hərbi feldşer Arəstə Baxışovanın cəsurluğu döyüş yoldaşlarının hamısının dilində əzbərdir. Əsasən Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib.

“Hamınızın bacısıyam, çiynimə götürdüyüm qardaşı atəş altından yalnız sağ-salamat çıxartmalıyam”, - deyirmiş. Oktyabrın 23-də Qubadlı uğrunda döyüşlərdə növbəti dəfə yaralı əsgəri döyüş meydanından çıxaranda aldığı güllə yarasından şəhid olur.

Kürəyinə alıb daşıdığı yaralı əsgərlə bir yerdə...

 

Dastana çevrilən ömür

 

Arəstə Baxışova Biləcəridəki Şəhidlər məzarlığında sevdiyi torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Masallıda yaşayan heykəltaraş Balayev qardaşları Arəstə Baxışovanın büstünü hazırlayıblar. Şəhidin haqqında mahnı da yazılıb. Xalq öz qəhrəmanlarını belə yaşadır.

İndi Arəstə Baxışovanın da bütün Vətən müharibəsinin şəhidləri kimi, ruhu şaddır. Uğrunda qurban getdikləri Qarabağ işğaldan azad edilib.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video