03 Sentyabr 2021 00:39
4186
Mədəniyyət
A- A+

İlk Azərbaycan operettasının müəllifi

 

O, milli musiqi mədəniyyəti tariximizə adını əbədi yazdırmış sənətkarlardan biridir. Əsərləri Azərbaycan musiqi sənəti xəzinəsinin ən dəyərli nümunələrindəndir. Görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri Zülfüqar Hacıbəylinin xidmətləri unudulmazdır.

...1884-cü ildə dünyaya göz açdığı şəhər hələ qədim zamanlardan musiqi ənənələri ilə tanınıb. Zülfüqar Hacıbəyli kiçik yaşlarından Azərbaycanın mədəni mərkəzlərindən biri olan, “Qafqazın konservatoriyası” adlandırılan Şuşada bənzərsiz səsə malik musiqiçilərin, xanənəndələrin ifasını dinləyərək böyüyüb. Bu əsrarəngiz şəhərin musiqi mühiti onu da öz cazibəsinə salıb. O zamanlar Şuşada musiqi məclisləri təşkil edilərdi. İştirak etdiyi həmin məclislər də Zülfüqar Hacıbəyli üçün unudulmaz olub. O, zəngin Azərbaycan xalq musiqisini dərindən öyrənib.

Zülfüqar Hacıbəyli yaradıcılığa mahnı janrı ilə başlayıb. XX əsrin ilk onilliklərində dillər əzbəri olan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Həmin illərdə qədim Azərbaycan musiqi sənəti yeni ənənələrlə zənginləşməkdəydi. XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik hesab olunurdu. Belə bir vaxtda Zülfüqar Hacıbəylinin qardaşı, görkəmli ictimai xadim, publisist, dramaturq, pedaqoq Üzeyir bəy Hacıbəyli nəinki Azərbaycanda, Yaxın Şərqdə ilk operanı - “Leyli və Məcnun”u bəstələyib. Operanın 1908-ci ildə yazılması, səhnəyə qoyulması mədəni hadisəyə çevrilib.

Zülfüqar Hacıbəylinin adı isə musiqi sənətimizdə ilk Azərbaycan operettası olan “50 yaşında cavan” əsərinin müəllifi kimi qalıb. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi hesab edilir. Mətni və musiqisi Zülfüqar Hacıbəyli tərəfindən yazılan əsər üçpərdəli və dördşəkillidir. Operettanın ilk tamaşası 1911-ci ilin aprelində Tiflis şəhərində Gürcü Zadəganları Teatrında təqdim olunub. “50 yaşında cavan” sonralar Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

1911-ci ildə Zülfüqar və Üzeyir bəy Hacıbəyli qardaşlarının rəhbərliyi ilə opera-operetta artistləri truppası yaranıb. Truppaya dövrün məşhur artistləri daxil olub. Repertuarlarında Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyaları, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operası, “Evliykən subay” musiqili komediyası olub. Bakıda, eləcə də Qafqazın bir sıra şəhərlərində tamaşalar göstəriblər. Qastrol səfərlərində truppanın çıxışları böyük alqışlarla qarşılanıb. Sonralar bu truppanın yerinə “Türk aktyorları ittifaqı” yaradılıb.

Zülfüqar Hacıbəylinin 1915-ci ildə bəstələdiyi “Aşıq Qərib” operası da ictimai-mədəni həyatda böyük maraqla qarşılanıb. Xalq rəvayəti əsasında yazılan operanın librettosu Üzeyir bəy Hacıbəylinindir. Əsər musiqişünasların qənaətincə, Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirib. Zülfüqar Hacıbəylinin yaradıcılığında mühüm yer tutan “Aşıq Qərib” operasının səhnəyə yolu asan olmayıb. Ancaq opera Azərbaycan ictimaiyyətinin diqqətini çəkib. Əsər 1916-cı il mayın 13-də Hacı Zeynalabdin Tağıyevin teatrında tamaşaya qoyulub. Dövri mətbuatda tamaşa barədə geniş yazılar dərc olunub.

1917-ci ildə Zülfüqar Hacıbəyli “Üç aşıq və ya Məlikməmməd” adlı fantastik süjetə malik operanın səhnəyə qoyulmasına səy göstərib. Bunun üçün xüsusi geyimlər də hazırlatdırıb. Amma sovet hökumətinin təzyiqi nəticəsində əsərin tamaşaya qoyulması mümkün olmayıb.

“Kölə qadınların rəqsi” adlı simfonik pyesini 1932-ci ildə bəstələyib. “Kölə qadınların rəqsi” əsəri müəllifə böyük şöhrət gətirib. 1935-ci ildə oğlu, məşhur dirijor və bəstəkar Niyazi  ilə Cəfər Cabbarlının eyni adlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə - “Almaz”a musiqi yazıb.

1937-ci ildə ölkədə repressiya qasırğası qopur. Bu siyasi bəla Hacıbəylilər nəslindən də yan keçmir. Nəslin istedadlı övladları doğma yurduna həsrət qalır. Vətəndə olanlar da daim təşviş, səksəkə içərisində yaşayıb, sağlamlıqlarını itirirlər.

Sonra İkinci Dünya müharibəsi başlayıb. Müharibə Azərbaycana da kədər, qüssə, səfalət gətirib. O ağır illərdə Azərbaycanın gələcəyini düşünən sənətkarlar yazıb-yaradıblar.

Qarşılaşdığı ziddiyyətli münasibətlərə, haqsızlıqlara, ədalətsizliklərə mərdliklə dözən Zülfüqar Hacıbəyli milli musiqimizin inkişafında bacarığını  əsirgəməyib. O, musiqi sənətində xidmətlərinə görə 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülüb.

Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəylinin rolu böyükdür. Ümumiyyətlə, onun yaradıcılığı çoxşaxəlidir. Zülfüqar Hacıbəyli “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan”, “On bir yaşlı arvad”, “Evliykən subay” musiqili komediyalarının, “Kölə qadınların rəqsi” simfonik əsərinin, xalq çalğı alətləri orkestri üçün bəstəkar Fikrət Əmirovla birgə hazırladığı “Cəngi” və başqa əsərlərin müəllifidir. Zülfüqar Hacıbəylinin son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Ölüm onu böyük həvəslə yaradıcılıqla məşğul olduğu bir vaxtda haqlayıb. Zülfüqar Hacıbəyli 1950-ci il sentyabrın

30-da Bakı şəhərində vəfat edib. Altmış altı il ömür sürmüş bəstəkarın “Nüşabə” və “Üç aşıq və ya Məlikməmməd” əsərləri yarımçıq qalıb...

Musiqi sənətimizin inkişafında onun mənsub olduğu nəslin nümayəndələrinin müstəsna xidmətləri var. Azərbaycan dirijorluq sənətinin inkişafı Zülfüqar Hacıbəylinin oğulları - Niyazi və Çingiz Hacıbəylilərin adı ilə bağlıdır.

Zülfüqar Hacıbəyli sonradan böyük şöhrət qazanan bir çox musiqiçinin ustadı olub, onların incəsənətdə formalaşmasına böyük təsir göstərib. Kiçik qardaşları Üzeyir bəy və Ceyhun bəyin, oğlanları Maestro Niyazinin və Çingizin, eləcə də  Müslüm Maqomayevin, Hüseynqulu Sarabskinin, Hüseyn Ərəblinskinin yaradıcılığına onun danılmaz təsiri olub.

 

Z.FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video